Məhkəmə qərarları › İş №2(3-6)-611/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-611/2026

27.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-611/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Əsgərova İradə Ağaraz qızının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: «zərərin məbləğinin düzgün müəyyən edilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:

1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Əsgərova İradə Ağaraz qızı Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa-Əlizadə (Ç.İldırım) küçəsi ev 2B ünvanında (abonent kodu: 100472100220000) istehlakçı kimi təbii qazla təmin olunur.

2. *************** nömrəli abonent kimi qeydiyyata olan Əsgərova İradə Ağaraz qızına məxsus saldoya əsasən, istehlakçının qalıq və aktlar üzrə 2016-cı ilin sonu üçün 172.80 manat, 2017-ci ilin sonu üçün 737.60 manat, 2018-ci ilin sonu üçün 2031.60 manat, 2019-cu ilin sonu üçün 1026 manat, 2020-ci ilin sonu üçün 3542.40 manat, 2021-ci ilin sonu üçün 1530 manat, 2022-ci ilin sonu üçün 3015.36 manat borc hesablanmışdır. Bundan başqa 2020-ci ildə abonentə 2778.70 manat olmaqla cəmi 12055.75 manat borc hesablanıb.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Əsgərova İradə Ağaraz qızı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh Istehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 12055,76 (on iki min əlli beş manat yetmiş altı qəpik) manat borcun *************** saylı abonent kodundan silinməsi, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manatın Cavabdeh Istehsalat Birliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

4. İddiada göstərilib ki, iddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi İstixana Komb. ev 22 m 3ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa-Əlizadə (Ç.İldırım) küçəsi ev 2B ünvanında yaşayır. Həmin ünvanda abonent kodu 100472100220000 onun adınadır. Abonent kodu üzrə ona yüksək məbləğdə borc hesablandığından, bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Ona təqdim edilmiş abonentin saldosundan da aydın olur ki, barəsində əsassız olaraq müxtəlif illər üzrə cərimələr yazılmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilərək Cavabdeh İB tərəfindən 2017-ci ilin iyun ayından 2022-cü ilin avqust ayınadək tərtib edilmiş aktlar üzrə *************** nömrəli abonent Əsgərova İradə Ağaraz qızına hesablanmış 11882.96 (on bir min səkkiz yüz səksən iki manat doxsan altı qəpik) manat borcun silinməsi; hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 (üç yüz) manat vəkil xərci Cavabdeh İB-dən tutularaq iddiaçı Əsgərova İradə Ağaraz qızına ödənilməsi; iddia tələbinin ##.##.2016-cı il tarixli ******* nömrəli akta əsasən hesablanmış 172.80 manat borcun silinməsi hissəsində təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə ilk öncə iddia tələbinin 04.2018-ci il tarixli akta əsasən abonentə hesablanmış borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya məxsus saldodan iddaçıya 2018-ci ilin aprel ayında 164.20 manat qalıq və aktlar üzrə borc hesablandığı müəyyən edilsə də, sözügedən borcun hesablanmasına dair akt və ya hər hansı bir digər sənəd cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin akta münasibətdə təmin edilməlidir. Bundan sonra, məhkəmə iddia tələbinin ******* nömrəli, ##.##.2022-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 298.08 manat borcun və ******* nömrəli, ##.##.2022-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 725.76 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlar 2022-ci ilin bir may tarixindən sonra tərtib edildiyindən və iddiaçının həmin aktlara əsasən məsuliyyətə cəlb edilməsini təsdiq edən hər hansı bir sənəd olmadığından iddia tələbi həmin aktlara münasibətdə də təmin edilməli, ****** nömrəli, ##.##.2022-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 298.08 manat borcun və ******* nömrəli, ##.##.2022-ci il tarixli akta əsasən iddiaçıya hesablanmış 725.76 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbi üzrə qeyd edilmiş 05.2016-ci il tarixindən 03.2022-ci il tarixinədək tərtib edilmiş aktlara əsasən hesablanmış cərimənin silinməsi hissəsinə münasibət bildirərək qeyd edib ki, sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktın düzgünlüyünə şübhə yaradır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda istehlakçı tərəfindən ikinci dəfə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, abonent Əskərova İradə Ağarza qızının təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində cavabdeh tərəfindən tərtib edilmiş ilk akt olan ##.##.2016-cı il tarixli ******* nömrəli akta əsasən hesablanmış 172.80 manat borc istisna olunmaqla digər aktlar üzrə hesablanmış borc məbləği silinməlidir. Bundan başqa iddiaçı iddia ərizəsinin məzmununda cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin may ayında 2778.70 manat borcun hesablanmış olduğu qeyd edilsə də, həmin borca dair hər hansı bir tələb olmadığından məhkəmə sözügedən borca münasibət bildirmir. Bundan başqa, məhkəmə iddia tələbinin 300 manat vəkil xərcinin tutlması hissəsinə münasibət bildirərək qeyd edib ki, iddia tələbi sözügedən hissədə əsaslı olduğundan iddiaçının məhkəməyə müraciət etməsi üçün çəkmiş olduğu xərc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edib göstərir ki, iddiaçının Gasrepdən çıxarışından məlum olur ki, onun ödənişlərində 2011-2020 (doqquz il ərzində) cəmi 6 manat 30 qəpik ödəniş həyata keçirmişdir. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Əsgərova İradə Ağaraz qızı və cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13.9. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 3. Öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Maddə 18.1. Dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddə 18.2. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

12. Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 5.2 (## #### 2023-cü ilədək olan redaksiya). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bənd 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (* nömrəli əlavə). Bənd 6.5 (## #### 2023-cü ilədək olan redaksiya). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Bənd 6.5 (## #### 2023-cü ildən qüvvədə olan redaksiya). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər, eləcə də işlə bağlı verilmiş mütəxəssis rəyi qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməklə həmin hissədə qismən təmin edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından, eləcə də verilmiş mütəxəssis rəyinə əsasən birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmayıb.

20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mübahisələndirilən hissədə iddanın faktiki hallar tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından haqlı sayılır.

21. Mülki iş hazırki apellyasiya icraatında olarkən məhkəmə tərkibi hesab etdi ki, həqiqətin müəyyən edilməsi məqsədilə mülki iş üzrə Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyindən mütəxəssis (ekspert) rəyi alınmalıdır.

22. Düzdür, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri ## #### 2023-cü ilədək qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir.

23. Bu baxımdan, iddiaçının sayğacdan kənar qazdan istifadə edib-etməməsi, etdiyi halda ## #### 2023-cü ilədək analogiya üzrə iddia olunan ünvanında (başqa abonent ünvanı varsa ayrı qeyd etməklə) olan qaz işlədicilərinin sayı əgər olubsa, istifadə dövrü və ödədiyi məbləğlər nəzərə alınaraq qaz paylayıcısına ehtimal olunun vurulmuş zərərin həqiqi miqdarı hesablanmalıdır.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının e-*(*-*)-***/**** saylı, ## #### 2026cı il tarixli mütəxəssis rəyinin verilməsi barədə qərardadına əsasən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş *-**-*-*/*-****/**** saylı, ## ##### 2026-cı il tarixli rəydə qeyd edilmişdir ki: 1-ci sual üzrə: Daxil olan sənədlərin təhlili Əsgərova İradə Ağaraz qızı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa-Əlizadə (Ç.İldırım) küçəsi ev 2B ünvanında qazdan qanunsuz istifadə edilməsini tam təsdiq etmir. Lakin abonent saldosunun təhlili qazdan qanunsuz istifadə halını inkar etmir. 2-ci sual üzrə: 2020-ci ilin may ayından Əsgərova İradə Ağaraz qızının abonent saldosuna daxil edilmiş 2778,70 manat 2017-2020-ci illərdə qazdan qanunsuz istifadəyə görə hesablanmış dəymiş ziyan məbləğlərinin ödənilməmiş hissəsidir. 3-6-cı suallar üzrə: 2023-cü ilin ## #### tarixinədək istifadəçi tərəfidən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. ... Daxil olmuş sənədlərdə sözügedən yaşayış evində 2016-2022-ci illərdə aşağıda sadalanan qaz qurğularından istifadə olunduğunu göstərilmişdir: - 1 ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi; - 1 ədəd dəmir soba; - 1 ədəd qənaətli su qızdırıcı. Qanunuvericiliyin tələbini analogiya kimi qəbul edərək əvvəlki dövrlərə aid etsək, 2016- 2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə itirilmiş qazın həcmi cəmi 6046,80 manat təşkil edə bilər. Tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfidən heç bir ödəniş edilmədiyini nəzərə alsaq, qanunsuz qoşulma halında ondan tutula biləcək məbləğ 1919,60 manat ola bilər.

25. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## ##### 2026-cı il tarixli rəyində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının e-*(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərardadınının nəticə hissəsinin 5-ci bəndində mütəxəssis(ekspert, mühəndis) qarşısında qoyulmuş suala cavab verilmədiyindən, eləcə də 2016-2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə itirilmiş qazın həcminin cəmi 6046,80 manat təşkil edə biləcəyi, həmçinin tərtib edilmiş aktlar əsasında iddiaçı tərəfidən heç bir ödəniş edilmədiyini nəzərə alsa, qanunsuz qoşulma halında ondan tutula biləcək məbləğin 1919,60 manat ola biləcəyi kimi ziddiyyətli məbləğlər qeyd olunub.

26. Bununla əlaqədar, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## ##### 2026-cı il tarixli rəyində Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa-Əlizadə (Ç.İldırım) küçəsi ev 2B ünvana dair 2017-ci ilin iyun ayından 2022-cilin avqust ayına kimi tərtib edilmiş aktlar üzrə hesablanmış və məhkəmənin sildiyi 11882,96 manat sayğacdan kənar təbii qazdan istifadəni təsdiq edirsə həqiqətən sayğacdan kənar qazdan istifadə etməsi nəticəsində qazpaylayıcıya 11882,96 manat zərər vurub-vurmaması aydınlaşdırılmamış qalmışdır.

27. Məhz bu hallara aydınlıq gətirilmədən iş üzrə həqiqətin müəyyən edilməsi və düzgün nəticəyə gəlinməsi mümkün olmadığıdan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının e- *(*-*)-***/**** saylı, ## #### 2026-cı il tarixli əlavə mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul edilmiş və həmin qərardada əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən verilmiş *-**-*-*/*-****/**** saylı, ## #### 2026-cı il tarixli rəydə qeyd edilmişdir ki: 1-3-cü suallar üzrə: 2023-cü ilin ## #### tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir "Qazdan istifadə Qaydaları"nın 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan Cavabdeh İB tərəfindən 2017-2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə iddiaçıya hesablanan borc məbləğinin düzgünlüyünə rəy vermək mümkün deyil. Lakin qanunvericiliyin bu tələbini analogiya kimi qəbul edərək əvvəlki dövrlərə aid etsək 2017-2022-ci illərdə qazdan qanunsuz istifadəyə görə itirilmiş qazın həcmi aşağıdakı kimi hesablana bilər. Cavabdeh İstehsalat Birliyi tərəfindən abonentin iştirakı ilə ##.##.2025-ci il tarixdə aparılan qaz qurğularının müayinəsi sözügedən yaşayış evində aşağıda sadalanan qaz qurğularından istifadə olunduğunu göstərilmişdir: - 1 ədəd PQ-3 markalı məişət tipli qaz plitəsi; - 1 ədəd kombi tipli 24 kvt gücündə su qızdırıcı - 1 ədəd qənaətli su qızdırıcı. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə "Qazdan istifadə Qaydaları"nın 6.5-ci, 6.5-1-ci və 6.5-3-cü bəndlərinə əsaslanaraq, iddiaçının fərdi yaşayış hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-3 məişət tipli qaz plitəsi üçün-1 x 0,9 m³ x 12 saat x 30 gün =324 m³; 1 ədəd kombi tipli 24 kvt gücündə su qızdırıcı üçün - 1 x 2,6 m³ x 12 saat x 30 gün=936 m³; 1 ədəd qənaətli su qızdırıcı üçün - 1 x 1.5 m³ x 12 saat x 30 gün= 540 m³; Cəmi 1800 m³ təşkil edə bilər. Yay ayları üzrə aylıq qaz sərfiyyatı: Yay aylarında aylıq qaz sərfiyyatı 324 m³ + 540 m³ = 864 m³ təşkil edə bilər. Bu qayda ilə illər üzrə sərf edilə biləcək qazın miqdarı kimi ola bilər 2017-ci il üzrə: 1 qış ayı x1800 m³ +1 yay ayı x 864 m³ = 2664 m³ 2018-ci il üzrə: 5 qış ayı x1800 m³ +6 yay ayı x 864 m³ = 14184 m³ 2019-cu il: Yanvar-aprel ayları üzrə 3.5 qış ayı x1800 m³ +0.5 yay ayı x 864 m³ = 6732 m³ Noyabr-dekabr ayları üzrə 1.5 qış ayı x1800 m³ +0.5 yay ayı x 864 m³ = 3132 m³ 2020-ci il üzrə: 4qış ayı x 1800 m³ = 7200 m³ 2021-cı il dekabr ayı üzrə:- 1qış ayı x 1800 m³ = 1800 m³ 2022-ci ilin yanvar aprel ayları üzrə:2 qış ayı x 1800 m³ +2 yay ayı x 864 m³ = 5328 m³; Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarının istehlak tariflərini nəzərə almaqla həmin illər üzrə itirilmiş qazın dəyəri: 2017-ci il üzrə: 1700 m³ x 0.10 manat+ 964 m³ x.20 manat = 362,80 manat 2018-ci il üzrə: 1700 m³ x 0.10 manat+ 11513 m³x20 manat = 2666,80 manat 2019-cu il Yanvar-aprel ayları üzrə: 1700 m³ x 0.10 manat + 3952 m³ x 0.2 manat = 1176,40 manat Noyabr-dekabr ayları üzrə: 3132 m³ x 0.20 manat= 626,80 manat 2020-ci il üzrə: 2200 m³ x 0.10 manat + 3704 4 m³ x 0.20 manat = 960,80 manat 2021-cı il üzrə: 1200 m³ x 0.12 man +276 m³ x 0.20 man = 199,20 manat 2022-ci ilin yanvar- avqust ayları üzrə 1200 m³ x 0.12 man +1300 m³ x 0.20 man +2828 m³ x 0.25 manat = 1111 manat olmaqla cəmi 7103,80 manat təşkil edə bilər. Abonent saldosunun təhlili Əsgərova İradə Ağaraz qızı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi Ağa-Əlizadə (Ç.İldırım) küçəsi ev 2B ünvanda yerləşən fərdi yaşayış evində (abonent kodu 101204603210000) 2017-ci ilin iyun ayından 2022-ci ilin avqust ayına kimi qazdan istifadəyə görə cəmi 23.70 manat (2019-cu ildə 13,70 manat, 2021-ci ildə 10 manat) ödəniş edilmişdir. Hesabat Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*) nömrəli qərardadına uyğun olaraq iddiaçının ünvanında olan qaz işlədicilərinin həqiqi sayı və növü müəyyən edilməklə aparıldığından, X3 Agentliynin Bakı Filialının *-**-*-*/*-****/**** saylı, ## ##### 2026cı il tarixli rəyində 3-6-cı sualların cavabında göstərilən "Azəriqaz İB tərəfindən tərtib edilmiş aktlarda göstərilən qaz cihazlarına görə aparılmış hesabat etibarsız hesab edilir.

28. Məhkəmə tərkibi vurğulayır ki, maddi zərər vurulması üçün təqsirli olaraq mülki hüquq pozuntusu törədilməli zərərçəkən şəxs bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Cavabdeh şikayətində iddiaçının təbii qazdan qeyri-qanuni istifadə etdiyini göstərsə də, buna dair iş materialında bu halı təsdiqləyən yalnız “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar, dəymiş ziyanın bərpasına dair tələbnamələr işdə mövcud olmuşdur. İşdə olan bu aktlar üzrə cəmi tələb edilən məbləğ hesablanmışdır. Cavabdehin əməkdaşları tərəfindən həqiqətən mübahisəli ünvanda akt tərtib edilmişdirsə ən azından bunun mötəbərliliyi üçün video çəkilişlər də edilə bilərdi. Nə qədər təəcüblü olsa da cavabdehin əməkdaşları “qanunsuz qoşulma faktını” aşkar edilməsinə dair aktlar tərtib edir, lakin qanunvericiliyin tələbinə və vəzifə təlimatlarına uyğun olaraq sayğacdan kənar qeyri-qanuni hesab etdikləri qaz xəttini dərhal ləğv etmir və bu barədə aktda qeyd aparmır yaxud sonradan ləğv etdiklərinə dair də məhkəməyə heç bir sübut təqdim etmir. Yalnız təqdim etdikləri aktda yaxud dəymiş ziyanın bərpasına dair tələbnamədə görüləcək tədbir kimi “sayğacdan kənar əlavə xətt ləğv edilsin, dəymiş ziyan hesablanıb ödənilsin” qərarının olması qanunsuz qoşulmanı yaxud onu ləğv etməni təsdiq etmir. Lakin həqiqətən qanunsuz qoşulma faktı və bunun qaynaqla kəsilməsi prosesi videoyazı vasitəsilə qeydə alına bilərdi və bu zaman həmin aktların mötəbərliliyi də əhəmiyyət kəsb edərdi. Amma cavabdeh tərəfdən nədənsə bu video yazı aparılmamışdır, hər hansı bir mötəbər sübut mövcud deyil, apellyasiya şikayətinə də bu barədə hər hansı bir sübut əlavə edilməmişdir.

29. Bundan əlavə, cavabdehin tərtib etdiyi təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz iddiaçının saygaca müdaxilə etməsini yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabdeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. Tələb edilən zərər məbləğində abonent sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə edirdisə və bu aktlara əsasən qeyd olunan məbləğdə zərər vurulduğunu görürdüsə, bu vaxta qədər “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsinin imperativ tələbinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı olaraq qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmaq, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edib həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli olduğu halda qanundan irəli gələn bu vəzifəsi üzrə hansı səbəbdən tədbir görmədiyinin yaxud qaz sərfiyyatına görə hazırkı iddiayadək zərər və borc tələb etməməsinin səbəblərini də göstərmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür.

30. Göstərilənlərə baxmayaraq, apellyasiya baxışı zamanı iddiaçının 2017-ci ilin iyun ayından 2022-ci ilin avqust ayına kimi qazdan istifadəyə görə cəmi 23.70 manat ödəniş etdiyi mütəxəssis rəyinə əsasən təsdiq olunur. Üstəlik cavabdeh iddiaçının 2011-2020-ci il (doqquz il) ərzində cəmi 6 manat 30 qəpik ödəniş həyata keçirdiyini qeyd edib. Bu halların heç birini təkzib edəcək sübutu iddiaçı məhkəməyə təqdim etməyib. Başqa sözlə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni uzun illər təbii qazdan istifadə etməsi ilə əlaqədar göstərilənlərdən artıq ödəniş etməsinə dair mötəbər sübut təqdim etmir.

31. Apellyasiya baxışı zamanı da iddiaçı dəfələrlə məhkəmə iclaslarına dəvət olunsa da iştirak etmədi yaxud məlum olmayan səbəblərə görə etmək istəmədi. Bu cür vəziyyətdə uzun illər təbii qazdan istifadə etdiyi halda istehlak etdiyi qazın dəyərinin ödəməməsinin səbəblərini izah etmək istəməməsi iddiasının tam əsaslı olduğunu təkzib edən hal kimi qiymətləndirilir. Əks halda apellyasiya baxışında iştirak edib bu məsələlərə aydınlıq gətirmək istəməməsinin ağlabatan bir izahı olmalı idi. Ancaq iddiaçı nə məhkəmə iclaslarına gəlir, nə də apellyasiya şikayətinə münasibət bildirir. Buna görə də iş üzrə alınmış mütəxəssis rəyində göstərilənlər mötəbər hesab edilməli və silinməli borcun məbləği azaldılaraq(12055,76 - 7103,80=4951,96) 4951,96 (dörd min doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat müəyyən edilməlidir.

32. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi silinməli borcun məbləğ hissəsində dəyişdirilməli və silinən məbləğ 4951,96 (dörd min doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsi silinməli borcun məbləğ hissəsində dəyişdirilsin və silinən məbləğ 4951,96 (dörd min doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçı Əsgərova İradə Ağaraz qızına rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən isə kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar