Məhkəmə qərarları › İş №2(3-6)-626/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-626/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-626/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı İsmayıl qızının cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “sığorta ödənişi olaraq pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh Şirkəti Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, apellyatorun nümayəndəsi Nümayəndə və iddiaçı İddiaçı İsmayıl qızının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş ona ödənilməli olan sığorta pulu olaraq 2.665,50 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçünü dövlət büdcəsinə ödədiyi dövlət rüsumunun əvəzi olaraq 47 manat, onunla cavabdeh Sığorta Şirkəti arasında yaranmış mülki mübahisə ilə bağlı aldığı hüquqi yardıma görə vəkilə çəkdiyi xərcin əvəzi olaraq 325 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə (hazırkı iş üzrə tərəf olmayan) “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “xxxxnə” əsasən **-PU-*** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobil həmin MMC tərəfindən iddiaçının istifadəsinə verilmiş və həmin vaxt, MMC, avtomobilin sahibi olaraq “xxxx” ASC ilə ##.##.2022-ci il tarixli “xxxx” müqavilə bağlayaraq avtomobili bütün risklərdən 5 il müddətinə sığortalamışdır. Bununla bağlı olaraq “xxxx” ASC tərəfindən MMC-yə *********** nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir. “Sığorta şəhadətnaməsində” qeyd edilmişdir ki, iddiaçı və onun əri (hazırkı iş üzrə tərəf olmayan) X1 həmin avtomobili idarə etməyə səlahiyyətləri olan şəxslərdir. İddiaçı, onunla MMC arasında bağlanmış “xxxx” üzrə ödəməli olan məbləği MMCyə tam ödədiyi üçün avtomobil ##.##.2023-cü il tarixdə iddiaçının mülkiyyətinə keçirmiş və avtomobilə yeni, yəni **-MD-*** dövlət qeydiyyat nişanı verilmişdir. MMC bu barədə “xxxx” ASC-yə ##.##.2023-cü il tarixdə müvafiq məktub göndərmiş və “Sığorta şəhadətnaməsində” zəruri dəyişikliyin edilməsini xahiş etmişdir. 2024-cü ilin dekabr ayında “xxxx” ASC ləğv edilmiş və hazırkı iş üzrə cavabdeh Sığorta Şirkəti həmin ASC-nin hüquqi varisi olmuşdur. Yuxarıda qeyd edilən “Sığorta müqaviləsində” nəzərdə tutulmuş sığorta müddətində, yəni ##.##.2025-ci il tarixdə avtomobil qəzaya uğramış və istismara yarasız vəziyyətə düşmüşdür. “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən avtomobil müayinə olunmuş və bu zaman müəyyən edilmişdir ki, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.665,50 manat məbləğində vəsait tələb olunur. İddiaçı, ona həmin məbləğdə sığorta ödənişinin edilməsi ilə bağlı Sığorta Şirkətinə müraciət etsə də, Şirkət, ##.##.2025-ci il tarixli məktubla bundan imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, sığorta predmeti olan avtomobilin mülkiyyətçisi dəyişdirildiyi üçün sığorta ödənişinin verilməsi qeyri-mümkündür. İddiaçı hesab edir, cavabdeh Sığorta Şirkəti avtomobilin yeni mülkiyyətçisi, dövlət qeydiyyat nişanının dəyişməsi və faktiki istifadəçi barədə əvvəlcədən məlumatlı olmuş, buna baxmayaraq müqaviləyə xitam verməmiş, riskin dəyişməsi ilə bağlı etiraz hüququndan istifadə etməmiş və sığorta münasibətlərini davam etdirmişdir. Belə olan halda Şirkətin sığorta ödənişinin edilməsindən imtinası əsassız hesab edilməli və 2.665,50 manat məbləğində pul Şirkətdən onun xeyrinə tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, Sığorta Şirkətinin qanunsuz hərəkəti nəticəsində iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək, bunun üçün 47 manat məbləğində dövlət rüsumu ödəmək, Şirkətlə onun arasında yaranmış mülki mübahisə ilə bağlı hüquqi yardım almaq və bu məqsədlə vəkilə bağladığı müqavilə üzrə 325 manat məbləğində pul ödəmək məcburiyyətində qalmışdır ki, həmin xərclərin əvəzi də cavabdeh Şirkətdən tutularaq iddiaçıya ödənilməlidir. b) iddia tələbinə dair cavabdehin münasibəti haqqında məlumat

3. Cavabdeh Sığorta Şirkəti iddia tələbinə qarşı yazılı etiraz verərək, bildirmişdir ki, iddia ərizəsində göstərilən sığorta müqaviləsi Şirkət ilə “xxxx” MMC arasında bağlanmış və həmin MMC müqavilədə “xxxx şəxs” kimi göstərilmişdir. Avtomobilin sonradan özgəninkiləşdirilməsi nəticəsində əvvəlki sığortalının sığorta marağı aradan qalxmışdır. İddiaçı hazırda həmin avtomobilin mülkiyyətçisi olsa belə, sığorta müqaviləsində dəyişiklik edilmədiyindən və Sığorta Şirkətinin ayrıca razılığı alınmadığından iddiaçının sığorta ödənişi tələb etmək hüququ yaranmamışdır. Avtomobilin özgəninkiləşdirilməsi barədə Sığorta Şirkətinə lazımi qaydada məlumat verilmədiyindən və müqaviləyə müvafiq dəyişiklik edilmədiyindən sığorta ödənişindən imtina olunması qanuni olmuşdur. Buna görə də, iddia əsassız hesab edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

4. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Sığorta Şirkəti ilə avtomobilin əvvəlki mülkiyyətçisi olmuş “xxxx” MMC arasında bağlanmış “xxxx” müqaviləyə əsasən verilmiş “Sığorta şəhadətnaməsində” avtomobili idarə etməyə səlahiyyəti olan şəxs kimi iddiaçının adı göstərilmişdir. Sonradan həmin avtomobil MMC tərəfindən iddiaçıya satılsa da, avtomobilin faktiki istifadəçisi dəyişməmişdir. MMC avtomobilin mülkiyyətçisinin dəyişilməsi, bununla bağlı isə avtomobilin dövlət qeydiyyat nişanın dəyişilməsi haqqında Sığorta Şirkətinə ##.##.2023-cü il tarixli məktubla məlumat vermiş və “Sığorta şəhadətnaməsində” müvafiq dəyişikliyin edilməsini xahiş etmişdir. Belə olan halda müəyyən edilir ki, Sığorta Şirkətinin sığorta ödənişinin iddiaya ödənilməsindən imtinası əsassız olmuşdur. Başqa sözlə, iddia əsaslıdır. d) apellyasiya şikayəti və ona etiraz barədə məlumat

6. Cavabdeh Sığorta Şirkəti həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam şəkildə rədd edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın məzmunu ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd olunmişdur ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “xxxx” MMC tərəfindən göndərilmiş ##.##.2023-cü il tarixli məktub MMC ilə Sığorta Şirkəti arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi və iddiaçının yeni “sığortalı şəxs” qismində tanınması üçün əsas ola bilməz. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

8. Apellyatorun - cavabdeh Sığorta Şirkətinin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. İş materiallarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, hazırkı iş üzrə iddiaçı, onunla (hazırkı iş üzrə tərəf olmayan) “xxxx” MMC arasında bağlanmış “xxxxnə” əsasən **-PU-*** dövlət qeydiyyat nişanlı, “xxxx” markalı avtomobil həmin MMC-dən istifadəsinə qəbul etmişdir.

12. “xxxx” ASC ilə “xxxx” MMC arasında ##.##.2022-ci il tarixdə bağlanmış “xxxx” müqaviləyə əsasən, MMC, avtomobilin sahibi olaraq həmin avtomobili könüllü olaraq bütün risklərdən 5 il müddətinə sığortalamışdır. Bununla bağlı “xxxx” ASC tərəfindən MMC-yə *********** nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir.

13. “Sığorta şəhadətnaməsində” qeyd edilmişdir ki, iddiaçı və onun əri (hazırkı iş üzrə tərəf olmayan) X1 həmin avtomobili idarə etməyə səlahiyyətləri olan şəxslərdir.

14. İş materiallarından və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan görünür ki, iddiaçı, onunla MMC arasında bağlanmış “xxxx” üzrə ödəməli olan məbləği MMC-yə tam ödədiyi üçün avtomobil ##.##.2023-cü il tarixdə iddiaçının mülkiyyətinə keçirmiş və avtomobilə yeni, yəni **-MD-*** dövlət qeydiyyat nişanı verilmişdir.

15. “xxxx” MMC tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, MMC, həmin avtomobilin iddiaçının mülkiyyətində keçməsi və bununla bağlı avtomobilin dövlət qeydiyyat nişanının dəyişilməsi haqqında ASC-yə məlumat vermiş və onunla ASC arasında bağlanmış müqavilədə müvafiq dəyişikliyin edilərək, “sığortalı” və “xxxx” şəxs kimi iddiaçının qeyd edilməsini xahiş etmişdir.

16. İnternet resurslarından görünür ki, “xxxx” ASC ##.##.2024-cü il tarixdə ləğv edilmiş və hazırkı iş üzrə cavabdeh Sığorta Şirkəti həmin ASC-nin hüquqi varisi olmuşdur.

17. İş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, “xxxx” ASC, onunla “xxxx” MMC arasında bağlanmış “xxxx” müqavilədə nəzərdə tutulmuş “sığortalı” və “xxxx” şəxsin dəyişdirilməsi haqqında MMC-nin müraciətini rədd etməmiş, həmin müraciət ilə razı olmamasını MMC-yə bildirməmiş və bununla yanaşı hərəkətsizlik göstərərək belə bir dəyişikliyi həyata keçirməmişdir.

18. “xxxx” ASC-nin hüquq varisi olan cavabdeh Sığorta Şirkəti də ləğv edilmiş ASCnin “xxxx” MMC-nin ona ünvanladığı müraciəti ilə razı olmamasını təsdiq edə biləcək cavab məktubunu məhkəmələrə təqdim etməmişdir.

19. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “xxxx” ASC-nin nümayiş etdirdiyi hərəkət və hərəkətsizlik “xxxx” MMC-nin ona etdiyi müraciətlə razı olması kimi qiymətləndirilməlidir.

20. Belə olan halda qəbul edilməlidir ki, iddiaçı, yuxarıda qeyd edilən “xxxx” müqavilə üzrə “sığortalı” və “xxxx” şəxs hesab olunur.

21. Həmin müqavilə əsasında verilmiş “Sığorta şəhadətnaməsində” görünür ki, sığorta müddəti ##.##.2022-ci il tarixdə başlayır və ##.##.2027-ci il tarixdə bitir.

22. İş materiallarından müəyyən edilir ki, sığorta müddətində, yəni ##.##.2025-ci il tarixdə iddiaçıya məxsus avtomobil qəzaya uğramış və istismara yarasız vəziyyətə düşmüşdür.

23. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli “Qüsur aktından” görünür ki, həmin avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 2.665,5 manat (ehtiyat hissələrinin alınması üçün 1.768 manat, görüləcək işlərin qiyməti 897,5 manat) vəsait tələb olunur.

24. İşdə olan məktublardan görünür ki, iddiaçı, ona həmin məbləğdə sığorta ödənişinin edilməsi ilə bağlı cavabdeh Sığorta Şirkətinə müraciət etsə də, Şirkət, ##.##.2025-ci il tarixli məktubla bundan imtina etmiş və imtinanı onunla əsaslandırmışdır ki, sığorta predmeti olan avtomobilin mülkiyyətçisi dəyişdirildiyi üçün sığorta ödənişinin verilməsi qeyri-mümkündür.

25. İşin müəyyən edilmiş və hazırkı qətnamənin 19-cu və 20-ci bəndlərində qeyd edilən hallarını nəzərə alan Məhkəmə bildirir ki, cavabdeh Sığorta Şirkətinin imtinası əsassızdır. Çünki Sığorta Şirkəti “xxxx” ASC-nin hüquqi varisi olaraq ASC-nin tələblərini (aktivlərini) qəbul etməklə yanaşı ASC-nin öhdəliklərini (passivlərini) də qəbul etmişdir və öhdəlikləri icra etmədikdə buna görə mülki məsuliyyət daşımalıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

26. Göstərilənləri və iş üzrə tərəflər arasındakı mülki mübahisənin könüllü sığorta münasibətlərindən yaranmasını nəzərə alan Məhkəmə qeyd edir ki, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə görə, sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər (maddə 2.; hissə 2.). Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir (maddə 2., hissə 3.).

27. Yuxarıda qeyd edilən “Sığorta şəhadətnaməsində” görünür ki, yol-nəqliyyat hadisəsi Şəhadətnamədə sığorta riski kimi və bu kimi hadisənin baş verməsi ilə bağlı sığorta ödənişinin “Sığortaçı” tərəfindən “Sığortalıya” (“xxxx şəxsə”) ödənilməsi nəzərdə tutulmuşdur.

28. Buna görə də qeyd edilənləri və “xxxx” MMC tərəfindən verilmiş və hazırkı qətnamənin 23-cü bəndində qeyd edilmiş ##.##.2025-ci il tarixli “Qüsur aktını” nəzərə alan Məhkəmə hesab edir ki, iddia əsaslıdır və Rayon Məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızıdır. g) apellyasiya baxışının nəticəsi

29. Beləliklə də apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Buna görə də Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün apellyator tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki məhkəmə baxışının predmeti olan iddianın qiyməti 2.665,50 manatdır. MPMin 402-ci maddəsinin mənasına görə isə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 119, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh Şirkəti Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar