Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-638/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4703/2025 saylı, 28 noyabr 2025ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMMC xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MTK ilə X8 arasında bağlanmış çoxmənzilli evin idarəedilməsi haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyəti əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Tələbin güzəştinə dair xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X8 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarə edənə güzəşt edir, idarə edən isə güzəşti qəbul etməsinə razılığını bildirir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2012-ci il tarixdən Cavabdeh adına qeydə alınmışdır. İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi İddiaçı MMMC-yə xx.xx.2025-ci il tarixinə kimi borcu ümumilikdə 1.350 manat məbləğdə borcu vardır. Arayışa əsasən, borcun 828,80 manat hissəsi tələbin güzəştinə dair müqaviləyə 1 saylı Əlavəyə əsasən, 428,40 manat xx.xx.2024-cü ildən xx.xx.2025-ci il tarixədək olan borc, 40 manat hissəsi damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı (20 ay x 2 manat) olaraq hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(04)- 3244/2025 nömrəli qətnaməsinə əsasən iddiaçılar X19, X26, X1, X9, Cavabdeh, X6, X22, X11, X2, X3, X16, X13, X14 cavabdeh İddiaçınə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cəlb edilməklə ümumi yığıncağın qərarlarının etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarış və qeydiyyat şəhadətnaməsinin ləğvi tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Hazırda İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kommunal xidmət haqqı borcunun eləcə də vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 38 (otuz səkkiz) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.391 manat əsas borc, vəkil xidməti olaraq ödənilmiş 400 manat məbləğdə pul və 38 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə İddiaçı MMMC qeydiyyata alınmışdır. Yeni yaranan cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı MMMC-yə həvalə olunub. Amma buna baxmayaraq cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllə, ev 92A ünvanında yerləşən mənzilin mülkiyyətçisi kimi İddiaçı MMMC-yə ümumilikdə 1391 manat məbləğdə borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4703/2025 saylı, 28 noyabr 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 1.391 manat borc, vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat, 38 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.829 manat məbləğdə pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi ilə bağlı vəzifəsini icra etməyən cavabdeh iddiaçıya olan borcunu ödəməlidir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir və çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. Hazırkı halda İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır. İddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərə görə hesablanmış borcla bağlı müvafiq sübutlar, adı çəkilən təsis yığıncağının qərarı, əvvəlki dövr üzrə tələbin güzəştinə dair müqavilə, maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən etirazının dəlillərinin bir qismi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasının qanunsuz olması ilə bağlıdır ki, bu məsələ hazırkı mübahisənin predmeti deyil. MMMC yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğin əsaslarının müəyyən olmaması barədə dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, borcun məbləği ilə bağlı müvafiq sənədlər iş materiallarına iddiaçı tərəfindən əlavə edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarı barədə məlumatların sahə mülkiyyətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 45.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. İş materiallarında xx.xx.2025-ci il tarixində keçirilməsi iddia edilən ümumi yığıncaqda qəbul edilmiş qərarlar və səsvermənin nəticələri barədə məlumat ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılmasını təsdiq edən heç bir sübut yoxdur, məhkəmə bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. Ləğv edilməli və MMMC yaradılmalı olduğu halda, bunu etməməklə inzibati xəta törədərək idarəetmənin şübhəli şəkildə fərdi sahibkar X5 verməklə sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq, bu hesabatlılıqdan irəli gələn öhdəliklərdən yayınmaq sxeminə əsaslanmaqla qaldırılan iddia əsassızdır. Göründüyü kimi MTK ləğv edilməli və ya MMMC-yə çevrilməli olduğu halda bunu etməməklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan idarəetmə barədə hər hansı bir qərar qəbul etməsi qanunsuzdur, xx.xx.2024-cü il tarixinə qədər binanın idarə edilməsinə dair MTK-nın hər hansı bir qərarı hazırkı iddianın əsasında dura bilməz. "xxxx" MTK-nın cari hüquqi statusu, ləğv edilib-edilməməsi, təşkilatı hüquqi formasını dəyişib-dəyişməməsi barədə xronoloji ardıcıllıqla müvafiq sübutlar əlavə edilməklə məlumatların təqdim edilməsi barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. İddiaçının damofon-videomüşahidə sistemi üzrə xidmət haqqı tələbinin heç bir hüquqi əsası yoxdur. Bu vəsaitin hansı əsasla və məhz hansı hüquqi əsasla aylıq 2 manat ödənilməsi qeyri müəyyəndir. İddia bu hissədə də tamamilə əsassızdır və rədd edilməldir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. “Yasamal-71" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı tərəfindən təsdiqlənmiş 2024-cü və 2025-ci il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat, "xxxx" Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin təftiş komissiyasının (müfəttişinin) mövcud olub-olmanması barədə məlumat, təftiş komissiyasının (müfəttişinin) 2024-cü və 2025-ci il üçün üçün cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi və maliyyə fəaliyyəti haqqında və mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatı təqdim edilmədən qərar qəbul edilməsi əsassız və qanunsuzdur. Hazırkı iş üzrə bildirilməlidir ki, məhkəməyə müvafiq vəsatət verilsə də, sakinlər qarşısında heç bir hesabatlılığın mövcud olmaması şəraitdə bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh qanunvericiliyin tələblərinə uyğun prosedur və rəsmiləşdirmə qaydalarına uyğun olan heç bir sübut təqdim etməmişdir. MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün tələbi də əsassızdır ilk növbədə qeyd edir ki, MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərarı özüözlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. MMMC iddia ərizəsinə “Yasamal-71" MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarını əlavə etmişdir. Bildiririk ki, nə qərarın qəbul edildiyi iclasdan, nə də ki, qərarın qəbulundan sonra qərarın mövcudluğundan xəbərləri olmamışdır və onlara çoxmənzilli binanın sahə mülkiyyətçisi qismində bu barədə heç bir məlumat verilməmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixində keçirilməsi iddia edilən iclasdan öncə məlumatlandırmaya dair heç bir sübut yoxdur. Ümumi yığıncağın keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar mövcud deyil. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. "xxxx" MTK ilə X8 arasında bağlanmış “çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin müddəti qanunvericiliyin tələblərinə cavab vermir. "xxxx" MTK ilə X8 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin 3.1.-ci bəndinə əsasən müqavilə xx.xx.2016-cı tarixində başlamış və xx.xx.2030-cu ildə bitməlidir. Göründüyü kimi müqavilə 14 il müddətinə bağlanıb. Halbuki, bu müddət ən çox 5 il ola bilərdi. Göründüyü kimi, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi onun qüvvəsi xx.xx.2021-ci ildə bitmiş olmalıydı. Belə olan halda da, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə xx.xx.2021-ci il tarixindən sonrakı dövrü üçün hüquqi nəticə yarada bilməzdi. Göstərilənlərə əsasən hesab edir ki, müqavilənin hüquqi əsasının olmaması, məqsədinin heç də sakinlərə xidmət etmək olmaması əsası ilə yanaşı, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə, xx.xx.2021-ci il tarixindən sonrakı dövrü üçün o tətbiq edilə bilməzdi. Ümumiyyətlə MMMC onun tərəfindən irəli sürülmüş xx.xx.2024-сü il tarixindən əvvəlki dövr üçün tələb üzrə subyektiv tələb hüququna malik əsl iddiaçı deyil. Onun kommunal xidmətlərin göstərilməsinə dair nə, "xxxx" MTK ilə, nə gizli şəkildə pərdələnmiş formada MTK-nı təmsil edən X8 ilə, nə də MTK tərəfindən yaradılmış MMMC ilə müqaviləsi yoxdur. Əgər belə bir müqaviləsi olsa idi belə xx.xx.2021-ci il tarixindən sonrakı dövrü üçün o tətbiq edilə bilməzdi. MTK tərəfindən yaradılmış MMMC isə ona belə müqavilə bağlamaq təklifini ümumiyyətlə etməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli iclasının keçirilmə qaydaları pozulmuşdur. MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qəbul edilmiş qərarın lehinə 643 nəfər səs verib. Lakin, əlavə edilmiş siyahıda 317 imza var və onlardan da yalnız 92-si mənzil mülkiyyətçisi, qalan 225 imza isə cəmi 3 nəfər qaraj sahibinə (X20 90 səs, X17 90 səs və X18 45 səs) aiddir. Belə çıxır ki, qərar natamamdır və sakinlərin ödənişlərini bir neçə nəfər qaraj sahibi müəyyən edir. Hazırkı iş üzrə 3 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda yetərsay təmin edilməmiş qalır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbuledilmədiyi dövür üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil, qanuni ümumi yığıncaqda müəyyən edilməmiş 0.30 manatla haqqın hesablanması üçün heç bir hüquqi əsas yoxdur. Hazırkı iş üzrə iddaçının iddia tələbi 1391 manatdan ibarətdir. Bu iddianın qiymətidir və dövlət rüsumu məhz bu məbləğdən hesablanmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu və vəkil xərci isə iddianın qiymətinə daxil olmamaqla məhkəmə xərcidir və iddianın qiymətinin hesablanmasında və bundan da irəli gələrək dövlət rüsumunun hesablanmasında nəzərə alınmamalıdır. İddiaçı 38 manat dövlət rüsumu ödəmişdir və məhkəmə də məhz bu məbləği əsas götürərək məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid etmişdir ki, bu da yanlışdır. İddiaçı vəkilə ödədiyini iddia etdiyi 400 manat vəsaiti tələb edir. İlk növbədə qeyd edilməlidir ki, MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində olmamışdır. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Hazırkı iddianın vəkil iştirakı olmadan iddiaçının əmək müqaviləsi üzrə işçisi olan nümayəndəsi tərəfindən verilməsi faktının özü, bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından sadə və birtipli olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını göstərir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır Tətbiq edilən hüquq: Mülki Məcəllə: 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Mənzil Məcəlləsi: 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir. 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: .... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. ... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012- 2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. İddiaçı MMMC həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına kommunal xidmətlər göstərir. İstinad edilən normalara əsasən müəyyən edilir ki, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir və çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Hazırda da çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi ilə bağlı vəzifəsini icra etməyən cavabdeh iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərə görə hesablanmış borcla bağlı müvafiq sübutlar, adı çəkilən təsis yığıncağının qərarı, maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin cavabdehdən tutulmalı olan borcun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92A, 277 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixinə kimi (sentyabr ayı daxil deyil) ümumilikdə 1.350 (min üç yüz əlli) manat məbləğində borcu vardır. Borcun yaranması əsası: sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 (otuz qəpik) manat, 1 ay üçün: 24.12 manat, (80,40 X 0.30-24.12 manat), mənzilin sahəsi: 80.40 kvadrat metr 828.80 AZN – tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavə, 38-ci sıra; 428,40 AZN - İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək; damofon-videomüşahidə sistemi üzrə aylqı xidmət haqqı: 2 manat: 20 ay üzrə 40 manat borc yaranıb; Ümumi borcun hesablanması: 828,80 + 428.40 + 40 = 1350 manat. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarında olan maliyyə arayışından borcun məbləği 1.350 manat göstərilsə də, müəyyən edilmişdir ki, bu borc 1297,2 (828,80 + 428.40 + 40) manat təşkil edir. Belə ki, mənzilin sahəsinin 80.40 kv.m olması cavabdeh tərəfindən mübahisələndirilmir, xidmət haqqının 0,30 manat nəzərə alınmaqla aylıq xidmət haqqının 24.12 manat müəyyən olunması, İddiaçı MMMC-nin fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək 482,40 manat təşkil edir. Lakin iddiaçı həmin dövr üzrə məbləği məhz 428.40 manat göstərdiyindən və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbləri baxımından Məhkəmə Kollegiyası hesab edir ki, 01 yanvar 2024-cü il tarixdən 01 sentyabr 2025-ci il tarixədək 428,40 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavəyə əsasən 828,80 manat məbləğində tələbini isə Məhkəmə Kollegiyası əsaslı hesab etmir. Tələbin bu hissəsi onunla əsasladırılır ki, tələbin güzəştinə dair 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi X8 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyriyaşayış sahələrinin idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMCyə güzəşt etmişdir. Mülki Məcəllənin tələbin güzəşti ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir (maddə 193.2), tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur (maddə 198.2). Lakin hazırkı halda tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır. Yəni, tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də Məhkəmə Kollegiyası qeyd edir ki, yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz və bu hissədə iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Tələbin domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmaqla pul vəsaitinin tutulması barədə hissəsini də Məhkəmə Kollegiyası əsassız hesab edir. Belə ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və tərəflər arasında bağlanmış müqavilə yoxdur. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, adətən domofon video müşahidə xidməti göstərən hüquqi şəxslə mənzil mülkiyyətçisi arasında bu xidmətin göstərilməsi barədə müqavilə bağlanılır və xidmət haqqı hər bir sahə mülkiyyətçisi tərəfindən həmin hüquqi şəxsə ödənilir. Apellyasiya şikayətinin digər dəlilləri isə əsassız olmuşdur. Belə ki, cavabdeh ona məxsus mənzildə yaşamaqla həmin mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasına iddiaçı tərəfindən göstərilən kommunal xidmətlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə haqq ödəmək öhdəliyi daşıyır. Lakin o, heç bir əsassız səbəb olmadan göstərilən kommunal xidmətlərə görə ödəməli olduğu haqqı ödəməkdən yayınaraq, mənzil qanunvericiliyi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Bu qərarda əks olunmuş hüquqi mövqeyə əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, nəinki müqavilənin olmadığı, hətta sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması belə onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir, mənzil qanunvericiliyinə əsasən bu xərclər ümumi yğınıcağın qərarı ilə müəyyən edilir və sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir. Həmçinin cavabdehin dəlilləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasının qanunsuz olması ilə bağlıdır ki, bu məsələ hazırkı mübahisənin predmeti deyil. MMMC yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Belə ki, hazırkı mübahisənin predmeti xidmət haqqının ödənilməsi ilə bağlıdır, ümumi yığıncağın qərarları hazırkı iş üzrə araşdırmanın predmeti ola bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan tələbin təmin olunduğu hissədə mütənasiblik və ağlabatanlıq meyarları nəzərə alınmaqla hüquqi yardıma görə ödənilmiş 400 manat pul vəsaitindən tutulmalı olan pul vəsaitinin məbləği 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 350 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4703/2025 saylı, 28 noyabr 2025-ci il tarixli qətnaməsi Cavabdeh tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 428,40 (dörd yüz iyirmi səkkiz manat, qırx qəpik) manat məbləğində pul tutulsun. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin 50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz