Məhkəmə qərarları › İş №2(3-6)-651/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-651/2026

08.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-651/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi cəlb edilməklə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun silinməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi cəlb edilməklə “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ##.##.2020-ci il tarixli **/****-*****-* saylı rəyə əsasən sayğacın klapanı sınıqdı sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.

2. “Azəriqaz” İB-nin ##.##.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.160 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ərzaiyə baxış zamanı ünvanda təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar edilib.

4. İş materiallarında olan “Azəriqaz” İB-nin ##.##.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 54.432 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, əraziyə baxış zamanı ünvanda təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar olunub.

6. “Azəriqaz” İB-nin ##.##.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 4.536 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır.

7. İddiaçı məxsus *************** saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2020-ci ilin iyun ayı üzrə 216 manat, 2021-ci ilin dekabr ayı üzrə 1.205,25 manat, 2022-ci ilin noyabr ayı üzrə 6.531,84 manat və 2022-ci ilin dekabr ayı üzrə 544,32 manat, cəmi bu dövrdə 8.497,41 manat hesanlanmış borcu mövcud olmuşdur.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, # ### 2022-ci il tarixdən etibarən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan ##.##.2022-ci il tarixə qədər “Azəriqaz” İB tərəfindən tərtib edilmiş 3 akt əsasında cavabdehə hesablanmış 1.421,80 manat borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil. ##.##.2022-ci il tarixdən sonra tərtib edilmiş 3 akt üzrə hesabatlar qanunvericiliyin tələblərinə əməl edimədən aparıldığına görə həmin aktlar üzrə hesablanmış 7.090,32 manat məbləğində dəymiş ziyan abonentdən tələb edilə bilməz Dəymiş ziyanın məbləği kimi iddiaçının abonent hesabına daxil edilmiş borc məbləğlərindən heç bir ödəniş olmamışdır İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 1 (abonent kodu: 100913800600020) ünvanı üzrə ona yazılmış 7.751,25 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, ünvan 1 (abonent kodu: 100913800600020) mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzildə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya o sayğaca müdaxilə etmişdir və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu gördü. Ona yazılmış borc qanunsuz və əsassızdır

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı (abonent kodu: 100913800600020) cavabdeh “Azəriqaz” İB tərəfindən hesablanmış 2020-ci ilin iyun ayı üzrə 216 manat, 2022-ci ilin noyabr ayı üzrə hesablanmış 6.531,84 manat borcun 4.532,84 manat hissəsi, 2022-ci ilin dekabr ayı üçün hesablanmış 544,32 manat borc, cəmi 5.293,16 manat borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X2).

12. Məhkəmə qeyd etmişdir ki, abonentə 2020-ci ilin iyun ayı üzrə 216 manat, 2021-ci ilin dekabr ayı üzrə 1.205,25 manat, 2022-ci ilin noyabr ayı üzrə 6.531,84 manat və 2022-ci ilin dekabr ayı üzrə 544,32 manat borc hesablanmışdır. Bu borclardan 2020-ci ilin iyun ayı üzrə 216 manat – sayğaca müdaxiləyə görə hesablanmışdır. Cavabdeh təşkilat iddiaçının sayğaca müdaxilə etməsinə dair sübutlar təqdim etmədiyinə görə 2020-ci ilin iyun ayı üzrə 216 manat borc silinməlidir. 2020-ci ilin iyun ayı istisna olmaqla, digər aylarda borc kənar xəttin olmasına görə hesablanmışdır. Abonentin kənar xətdən istifadə etməsi iş materialları ilə öz təsdiqini tapır. Buna görə də iddia qismən təmin edilərək, ona hesablanmalı borc müəyyən edilməlidir. Belə ki, kənar xəttə görə 2021-ci ilin dekabr ayında abonentə 1.205,25 manat borc hesablanmışdır. Cavabdeh təşkilat 3 ayda bir dəfə yoxlama aparmalı olduğundan, hesabat 90 gün üzrə gündəlik 12 saat istifadə müddətinə hesablanmalıdır. Abonentin saldosundan görünür ki, onun tərəfindən işlədilən cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd radiator və 1 ədəd su qızdırıcısı (QSQ) vardır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd radiator 1.5 m3 və 1 ədəd su qızdırıcısı üçün 1.4 m3 saatlıq qaz sərfi hesablanmalıdır. (24x90x1,2 m3=2.592 m3 , 24x90x1.5 m3=3.240 m3 , 24x90x1.4 m3=3.024 m3 ). Bununla da sərfiyyat 8.856 m3 təşkil edir. Bunun dəyəri 1.999 manat təşkil edir. (ilkin limitlə bağlı 1.200 m3 üçün 144 manat, ikinci limitlə bağlı 1.300 m3 üçün 260 manat, qalan sərfiyyat olan 6.356 m3 üçün 0,25 qəpik məbləğindən hesablanmaqla 1.589 manat məbləği, 144 + 260 + 1.589 = 1.999 manat). Hesablanmış borc daha az olduğundan, bu borc olduğu kimi saxlanılır, iddia bu hissədə təmin edilmir. Daha sonra abonentə 2022-ci ilin noyabr ayı üçün 6.531,84 manat borc hesablanmışdır. Yuxarıda qeyd olunduğu qaydada üç aylıq dövr üzrə 1.999 manat sərfiyyat məbləği (8.856 m3 ) əsas götürülərək, bu məbləğin yazılmış borcla fərqi (6.531,84-1.999=4.532,84) 4.532,84 manat borc silinməli; qalan borc olduğu kimi qalmalıdır. Daha sonra abonentə 2022-ci ilin dekabr ayı üçün 544,32 manat borc hesablanmışdır. Bu borc daha əvvəl 2022-ci ilin noyabr ayı üzrə hesablanmış 3 aylıq müddətə daxil olduğundan silinməlidir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB tərəfindən 2020-ci ilin iyun ayı üzrə hesablanmış 216 manat, 2022-ci ilin noyabr ayı üzrə hesablanmış 6.531,84 manat borcun 4.532,84 manat hissəsi, 2022-ci ilin dekabr ayı üçün hesablanmış 544,32 manat borc, cəmi 5.293,16 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

13. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, 26-cı maddələrinə,“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü, 2qazdan istifadə qaydaları haqında” Nazirlər Kabinetinin Qərarının 1.3-cü, 1.4-cü, 4.1-ci, 4.2-ci, 4.8-ci, 6.5-1-ci, 6.5-2-ci, 6.5-3-cü bəndlərinə, Azərbaycan Respublikası Taarif Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayətində göstərilmişdir ki, başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsinin əsaslarından hesab olunması, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər və s. bu kimi zərərin tələb edilməsi dair müddəaları görmək olar. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndiyimiz qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir Belə ki, iş materiallarında yer almış və tərəfimizdən təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda 1-ci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Göründüyü kimi maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmiş qətnamə heç vaxt qanuni və əsaslı ola bilməz

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2-ci bəndinə əsasən, 4.2-ci bənd. Qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bənd. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bənd. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bənd. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bənd. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun:

Maddə 13.8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

20. Maddə 13 (8-1-ci bəndi 2022-ci ilin may ayından qüvvədə olan) Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları Bənd 5.1. Paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Cavabdeh tərəfindən apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilən hissəsi mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı işin halları baxımından “Azəriqaz” İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.

28. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Hazırki halda isə cavabdeh qurum tərəfindən qeyd edilənlərə riayət edilməmişdir.

29. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi nə akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə də bir nüsxəsini isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən abonent hesabına hesablanmış borc da əsaslı hesab edilməməklə silinməlidir.

30. Abonentə 2020-ci ilin iyun ayı üzrə 216 manat, 2021-ci ilin dekabr ayı üzrə 1.205,25 manat, 2022-ci ilin noyabr ayı üzrə 6.531,84 manat və 2022-ci ilin dekabr ayı üzrə 544,32 manat borc hesablanmışdır. Bu borclardan 2020-ci ilin iyun ayı üzrə 216 manat – sayğaca müdaxiləyə görə hesablanmışdır. Cavabdeh təşkilat iddiaçının sayğaca müdaxilə etməsinə dair sübutlar təqdim etmədiyinə görə 2020-ci ilin iyun ayı üzrə 216 manat borc silinməlidir. 2020-ci ilin iyun ayı istisna olmaqla, digər aylarda borc kənar xəttin olmasına görə hesablanmışdır. Abonentin kənar xətdən istifadə etməsi iş materialları ilə öz təsdiqini tapır. Belə ki, kənar xəttə görə 2021-ci ilin dekabr ayında abonentə 1.205,25 manat borc hesablanmışdır. Cavabdeh təşkilat 3 ayda bir dəfə yoxlama aparmalı olduğundan, hesabat 90 gün üzrə gündəlik 12 saat istifadə müddətinə hesablanmalıdır. Abonentin saldosundan görünür ki, onun tərəfindən işlədilən cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ- 4), 1 ədəd radiator və 1 ədəd su qızdırıcısı (QSQ) vardır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd radiator 1.5 m3 və 1 ədəd su qızdırıcısı üçün 1.4 m3 saatlıq qaz sərfi hesablanmalıdır. (24x90x1,2 m3=2.592 m3, 24x90x1.5 m3=3.240 m3, 24x90x1.4 m3=3.024 m3). Bununla da sərfiyyat 8.856 m3 təşkil edir. Bunun dəyəri 1.999 manat təşkil edir. (ilkin limitlə bağlı 1.200 m3 üçün 144 manat, ikinci limitlə bağlı 1.300 m3 üçün 260 manat, qalan sərfiyyat olan 6.356 m3 üçün 0,25 qəpik məbləğindən hesablanmaqla 1.589 manat məbləği, 144 + 260 + 1.589 = 1.999 manat). Hesablanmış borc daha az olduğundan, bu borc olduğu kimi saxlanılır, iddia bu hissədə təmin edilmir. Daha sonra abonentə 2022-ci ilin noyabr ayı üçün 6.531,84 manat borc hesablanmışdır. Yuxarıda qeyd olunduğu qaydada üç aylıq dövr üzrə 1.999 manat sərfiyyat məbləği (8.856 m3) əsas götürülərək, bu məbləğin yazılmış borcla fərqi (6.531,84- 1.999=4.532,84) 4.532,84 manat borc silinməli; qalan borc olduğu kimi qalmalıdır. Daha sonra abonentə 2022-ci ilin dekabr ayı üçün 544,32 manat borc hesablanmışdır. Bu borc daha əvvəl 2022-ci ilin noyabr ayı üzrə hesablanmış 3 aylıq müddətə daxil olduğundan silinməlidir.

31. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçı İddiaçı barəsində tərtib edilmiş aktlar əsasında 5.293,16 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olduğundan abonent hesabından silinməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı omuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Həmçinin kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin özünə aid edilməlidir.

33. Hazırkı iş üzrə iddianın qiyməti (silinməsi tələb edilən məbləğ) ümumilikdə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar