Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-661/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)- 253/2026 nömrəli qərardadından Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi nümayəndəsi-vəkili Vəkil “torpağa dair sərəncamda ata adının müəyyən edilməsi faktı”na dair (maraqlı şəxs - Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı ərazi idarəsi) ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)- 253/2026 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmışdır. Həmin qərardaddan Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Mülki Prosessual Məcəllənin 149 və 152-ci maddələrinin tələblərinə tam olaraq əməl etmiş, ərizəsinə lazım olan bütün sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına münasibətdə qeyd edir ki, vətəndaşlar itirilmiş sənədlərə münasibətdə hansısa təsdiqedici sənədləri məhkəməyə təqdim etməlidir. Lakin Ərizəçi məsələsinə münasibətdə isə bu tələbin əsas gətirilməsi normanın düzgün tətbiq edilməməsi hesab edilməlidir. Həmçinin, məhkəmə ərizənin geri qaytarılmasına səbəb olan faktiki halı düzgün qiymətləndirməmişdir. Sərəncamda ata adının səhv yazılması hamı tərəfindən açıq şəkildə görülən yanlışlıqdır, bu halın sübuta ehtiyacı yoxdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)- 253/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Ərizəçi nümayəndəsi-vəkili Vəkil tərəfindən məhkəməyə ərizələr daxil olmuşdur. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, ərizəçi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1998-ci il tarixli, 2193 nömrəli sərəncamında ata adının səhvən “Əli” əvəzinə “Alı” olması faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin ərizəçi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başcısının xx.xx.1998-ci il tarixli, 2193 nömrəli sərəncamında ata adının səhvən “Əli” əvəzinə “Alı” olması faktının müəyyən edilməsini xahiş etsə də, həmin sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməsi, həmçinin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndində qeyd olunur ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl sözügedən sənədi vermiş orqana, həmçinin mülkiyyət hüququnun qeydə alınmasını həyata keçirən aidiyyəti quruma müraciət etməli, yalnız həmin qurumlar tərəfindən müvafiq sənədin verilməsindən (və ya düzəliş edilməsindən) və müvafiq uyğunsuzluğa görə hüquqların qeydə alınmasından imtina olunduğu halda məhkəməyə müvafiq faktın təsdiq edilməsi ilə bağlı ərizə ilə müraciət etməli olmasına dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; eyni zamanda həmin Məcəllənin 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, hazırkı ərizə bu qaydaya riayət edilmədən məhkəməyə təqdim edildiyindən geri qaytarılmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Məhkəmə Kollegiyası hesab edir ki, şikayətə baxan birinci instansiya məhkəməsinin Suraxanı rayon İcra Hakimiyyətinin və mülkiyyət hüququnun dövlət qeydiyyatını həyata keçirən qurumun imtinası hazırkı hüquqi əhəmiyyətli faktın təsdiqi ilə bağlı ərizənin mümkünlük şərtlərinin qiymətləndirilməsi baxımından mütləq olması barədə mövqeyi əsaslıdır. Belə ki, bu sənədlər əsasında imtinanın əsasları nəzərə alınmaqla ərizəçinin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi müəyyən edilə bilər. Həmçinin qanunvericiliyin tələbləri nəzərə alınmaqla ərizəçinin qeyd etdiyi yanlışlığın Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən düzəldilməsi mümkündür və eyni zamanda hüquqların dövlət qeydiyyatını həyata keçirən qurum fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina etməməlidir. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, yanlışlığın düzəldilməsi ilə bağlı inzibati orqanın mövqeyini imtina məktubları əsasında müəyyən edilməli və bu sənədlər əsasında imtinanın əsaslılığını qiymətləndirməli olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılarkən, mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Şikayətin dəlilləri isə qərardadın ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e- 2(5-103)- 253/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(5-103)- 253/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-661/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-661/2026
23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver