Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-681/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı iş üzrə Açar sözlər: əsassız hesablanmış borcun silinməsi Hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar y/m ünvanında yerləşən fərdi yaşayış evi iddiaçı İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla cavabdeh Cavabdeh İstehsalat Birliyi (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə *************** nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsi (PQ-4)(1/1) istifadə edilir. Cavabdehin əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan qeyriqanuni, sayğacdan kənar istifadə edilməsi əsası ilə ##.##.2021-ci il tarixli, ******* nömrəli və ##.##.2024-cü il tarixli, ******* nömrəli (ümumilikdə 2 akt) aktlar tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilkdə 3.340,80 manat məbləğində maddi zərər hesablanaraq, iddiaçının abonent hesabına daxil edilmişdir. Qeyd edilən aktlar cavabdehin nümayəndələri tərəfindən imzalanmış, eyni zamanda aktlarda iddiaçının aktları imzalamaqdan imtina etdiyi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 4.150,80 manat məbləğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar y/m ünvanında yerləşən fərdi evdə (abonent kodu: 100474200300130) ailə üzvləri ilə birlikdə yaşayır. Həmin evdə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama aparılarkən akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, guya o sayğaca müdaxilə etmiş və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklənmiş puldan tutulmaların olduğunu görmüşdür. Yazılmış borcun qanunsuz və əsassız olduğunu hesab edir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(011)-5819/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar y/m ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: 100474200300130) hesablanmış ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə 1.252,20 manat, ##.##.2024-cü il tarixli, ******* nömrəli akt üzrə 2.073.60 manat, cəmi 3.325,80 manat məbləğində borcun silinməsi cavabdeh Cavabdeh İByə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmiş, cavabdeh Cavabdeh İB-dən 53 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin xeyrinə tutulmuşdur (hakim Abbasova İlahə Namiq Kamal qızı).
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən borcun məbləği 4.150,80 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 3.325,80 manat hesablandığı təsdiq edilir. Bununla yanaşı mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2021-ci il tarixli, ******* saylı və ##.##.2024-cü il tarixli, ******* nömrəli aktlarda sayğacdan kənar xətt aşkarlandığı qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən təbii qazın qanunsuz istehlak edilməsinin, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 3.325,80 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Bağlar y/m ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: 100474200300130) ##.##.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1.252,20 manat və ##.##.2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 2.073,60 manat, cəmi 3.325,80 manat məbləğində borc silinməlidir.
6. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumunun 53 manat hissəsinin əvəzi tutularaq dövlət büdcəsinə ödənilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1-ci, 77.1-ci, 89.1-ci, 107-ci, 115.0.1ci, 119.1-ci, 124.1-ci, 185.5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü, 18-ci, 26-cı, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci, 9.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.6-4.9-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə, Cavabdeh İBnə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, məhkəmə əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçıya aid olan 100474200300130 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. İddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qaz paylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən iddiaçı İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Cavabdeh İstehsalat Birliyi isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 6-2-ci maddəsinin 1-ci hissəsinə əsasən qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür; 6-2-ci maddəsinin 3-cü hissəsinə əsasən istehlakçı tərəfindən qaz qurğuları, qaz xətləri və tüstü bacalarında, habelə havalandırma və havadəyişmə xətlərində nöqsan və (və ya) pozuntular aşkar edildikdə istehlakçının müraciəti əsasında təkrar müayinə qaz paylayıcısı tərəfindən 3 (üç) iş günündən gec olmayaraq aparılmalıdır. İstehlakçı təkrar müayinə üçün il ərzində 1 (bir) dəfədən çox müraciət edərsə növbəti müayinə ödənişli keçirilir. Ödənişin məbləği qaz paylayıcısı ilə istehlakçı arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Müayinə nəticəsində texniki xidmətin göstərilməsi zərurəti yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən edilmiş tədbirlər görülməlidir; 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəssinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz; 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir; 6.5-1-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; əvvəlki dövrün orta gündəlik qaz sərfi; istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınır; 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır; 6.5-4-cü bəndinə əsasən qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, iddia qismən təmin edildiyindən, qətnamə yalnız iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv edilməsinə və iddianın rədd edilməsinə, habelə həmin hissədə qətnamənin dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
22. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi üzrə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni birləşmə (xətt) vasitəsi ilə istifadə edilməsi əsası ilə cavabdeh tərəfindən ##.##.2021-ci il tarixdə əvvəlki 90 günü (##.##.2021 – ##.##.2021) və ##.##.2024-cü il tarixdə əvvəlki 360 günü (##.##.2023 – ##.##.2024) əhatə edən 2 ədəd akt tərtib edilmişdir. Həmin aktlar üzrə qəbul edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”lərə əsasən ümumilikdə 3.340,80 manat məbləğində cərimə (zərər) hesablanaraq, iddiaçının abonent hesabına daxil edilmişdir.
24. Məhkəmə kollegiyası ilk öncə ##.##.2024-cü il tarixli aktla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa (artıq qüvvədən düşmüşdür) ##.##.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bu Qanunun 13-cü maddəsinə yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir (##.##.2022-ci il tarixdə qüvvəyə minmişdir). Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.
25. Lakin cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə akt tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktın bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan həmin akt və onun əsasında qəbul edilmiş tələbnamə üzrə hər hansı məbləğdə zərərin ödənilməsinin tələb edilməsini qeyri-mümkün edir və bu sənədlər üzrə hesablanmış 2.073,60 manat borcun qeyd edilən əsasla silinməsini şərtləndirir.
26. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanunun 6-2-ci maddəsinin tələbləri baxımından qaz paylayıcısının işçiləri ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Həmin maddəyə bu məzmunlu dəyişiklik ##.##.2022-ci il tarixdə edilmiş, ##.##.2022-ci il tarixdə isə qüvvəyə minmişdir. Müddət etibarı ilə həmin akt qeyd edilən dəyişikliklər qüvvəyə mindikdən təxminən 2 ilə yaxın müddət keçdikdən sonra tərtib edilmişdir. Lakin belə bir müayinə aktının mövcud olması da müəyyən edilmir. Bu da öz növbəsində cavabdeh tərəfindən ümumiyyətlə belə bir müayinənin aparılmadığını təsdiq edir. Bu baxımdan hüquqi nəticə etibarı ilə cavabdeh ##.##.2024-cü il tarixdə qanunsuz qoşulma halını müəyyən edərkən, artıq qeyd edilən Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirləri görməli idi.
27. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, bu sahəni tənzimləyən qanunvericiliyin, o cümlədən “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin tələblərinə uyğun olaraq, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli akt tərtib edildikdən sonra zəruri hesab edilən aidiyyəti hərəkətlər yerinə yetirilməmiş, digər tərəfdən tərtib edilmiş aktlarda vurulmuş zərərin həcminin (məbləğinin) düzgün hesablanması da həyata keçirilməmişdir. Nəticə etibarı ilə cavabdeh öz mülahizəsinə əsasən bu akt əsasında hesablanmış zərər məbləğini bilavasitə iddiaçının abonent hesabına daxil etmişdir. Bu səbəbdən cavabdeh tərəfindən tərtib edilmiş həmin akt və onun əsasında qəbul edilmiş tələbnamə (qərar) mövcud vəziyyətdə hər hansı mötəbərliyə malik deyil və iddiaçıya məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə iddiaçıdan tələb edilə bilməz.
28. Məhkəmə kollegiyası ##.##.2021-ci il tarixli aktla bağlı qeyd edir ki, iddiaçı nəinki bu aktların əhatə etdiyi tarixlər ərzində, hətta ümumiyyətlə həmin ünvan üzrə təbii qazdan sayğacdan kənar, qeyri-qanuni xətt vasitəsi ilə istifadə edilmədiyini, aktların qanunsuz tərtib edildiyini və həmin aktlar əsasında qəbul edilmiş tələbnamələr üzrə cərimə məbləğinin əsassız olaraq hesablandığını iddia edir və hesablanmış məbləğin silinməsini tələb edir.
29. Həmin akt ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək dövrü əhatə edir. Lakin iddiaçının evinə aid abonentin saldo məlumatlarında həmin evdə təbii qazla işləyən 1 ədəd 4 gözlü qaz plitəsinin olduğu göstərildiyi halda, ##.##.2021-ci il tarixli tələbnamədə (qərarda) itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 3 cihaz, o cümlədən dəmir soba üzrə hesablanmış və bu zaman hər bir cihazın orta günlük iş rejimi 24 saat götürülmüşdür. Halbuki, abonent saldosunda göstərilməyən digər 2 cihazın (QSQ və Dəmir soba) həmin evdə olmasının hansı qaydada müəyyən edildiyi və qış aylarından fərqli olaraq yay aylarında dəmir sobanın 24 saat istifadə edildiyinin hansı qaydada aşkar edildiyi aydın deyil. Belə ki, bu dövrün sentyabr və oktyabr ayları ilin isti (yay) və nisbətən isti aylarına təsadüf edir. Hamıya da məlumdur ki, ilin bu dövründə dəmir sobanın, nəinki günlük iş rejiminin 24 saat üzrə, ümumiyyətlə 1 dəqiqə belə, hətta ödənişsiz əsaslarla da istifadə edilməsinə hər hansı ehtiyac olmur. Qaz plitəsinin isə təyinatına görə (qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur), həmçinin təhlükəsizlik baxımından 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil. Eyni qaydada, QSQ-nin də fasiləsiz şəkildə, yəni 7/24 saat istifadə edilməsi qeyri-mümkündür.
30. Digər tərəfdən abonentin saldo məlumatlarına əsasən həmin dövr ərzində iddiaçı tərəfindən təbii qazdan istifadə edilməsi məqsədi ilə müxtəlif məbləğlərdə, o cümlədən 2021-ci ilin oktyabr ayında 25 manat məbləğində pul ödənilmişdir. İddiaçının həmin dövr ərzində bu məbləğdən artıq məbləğdə təbii qazdan istifadə etməsi müəyyən edilmir. Bununla bağlı cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilmir. Təqdim edilmiş sübutlar isə həmin aktın əhatə etdiyi dövr ərzində iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi qənaətinə gəlmək üçün əsas yaratmır. Belə ki, iddiaçı akt və onun əsasında qəbul edilmiş tələbnamə ilə yanaşı məhkəməyə fotoşəkillər də təqdim etmişdir. Lakin bu fotoşəkillər ##.##.2021-ci il tarixdə gecə saat 00:43-də və 00:45-də çəkilmişdir. İlk şəkildə iddiaçıya məxsus olması hər hansı göstəricisi ilə sübuta yetməyən darvazanın üst künc hissəsi və onun üzərindən keçən xətt əks olunmuşdur. Lakin bu xəttin işıq naqili və ya hər hansı digər, o cümlədən təbii qazdan sayğacdan kənar istifadə edilməsi məqsədi ilə çəkilmiş xətt olmasını müəyyən etmək mümkün olmur. Digər şəkilə əsasən isə iddiaçıya məxsus olan sayğac yaxın məsafədən çəkilmiş və bu qaydada da əks olunmuşdur. Bu şəkildən də sayğaca müdaxilə edilməsi müəyyən edilmir. Qeyd edilənlər öz növbəsində bu aktın və onun əsasında tərtib edilmiş tələbnamənin mötəbərliyini istisna edir və bu sənədlər əsasında hesablanmış borcun silinməsini şərtləndirir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmuşdur. Apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
32. Məhkəmə kollegiyası vurğulayır ki, yoxlanılan hissədə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(011)-5819/2025 saylı qətnaməsi cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti üzrə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh İstehsalat Birliyinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.