Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-699/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: beh müqaviləsinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş vəsaitinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ######## 2025- ci il tarixli beh müqaviləsinin etibarsız hesab edilməsi və iddiaçı tərəfindən cavabdehə ödənilmiş 2000 (iki min) manat pulun və məhkəməyə dövlət rüsumu olaraq ödənilən 40 (qırx) manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında ## ######## 2025-ci ildə Gəncə prospekti 249A ünvanında yerləşən 12 mərtəbəli binanın 6-cı mərtəbəsində 1-ci blokda yerləşən ümumi sahəsi 75,2 kv.m. olan iki otaqlı ** saylı mənzili 135.000 manata almağa razılaşıblar. Bununla bağlı həmin tarixdə öz aralarında beh müqaviləsi bağlayıblar və iddiaçı cavabdehə 2000 (iki min) manat "beh" adı ilə pul ödəyib. Lakin sonradan iddiaçı mənzili yaxından araşdıranda məlum olub ki, mənzilin sahəsi sənəddə göstərilənlərlə eyni deyil, azdır. Üstəlik mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Bundan sonra iddiaçı cavabdehə müraciət edərək ödədiyi 2000 manat məbləği geri tələb edib. Lakin cavabdeh həmin məbləği ödəməkdən imtina edib. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Göründüyü kimi cavabdehin mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün onun ## ######## 2025-ci ildə daşınmaz əmlak barədə sərəncam vermə hüququ yox idi.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025ci il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş vəsaitinin geri qaytarılması" tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqaviləni bağlamazdan əvvəl mənzilə baxış keçirmiş və müqavilədə qeyd olunan 75,2 kv.m sahə ilə razılaşaraq imza atmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən müqavilənin mühüm əhəmiyyətli yanılma və ya aldatma təsiri altında bağlanması sübut olunmayıb. Həmçinin məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlaka dair beh müqaviləsinin notarial qaydada bağlanmaması onu etibarsız etmir. Belə ki, iddiaçı mənzilin çıxarışının hələ olmadığını əvvəlcədən bilirdi. Mənzilə dair podrat müqaviləsi olsa da, cavabdehin adına çıxarış yox idi. Və belə olduğu halda beh müqaviləsi notarial qaydada bağlanıla bilməzdi. Həmçinin, beh müqaviləsi mülkiyyət hüququnu əmələ gətirən alqı-satqı müqaviləsi deyil, gələcəkdə müqavilə bağlamaq niyyətini təsdiq edən və icranı təmin edən bir müqavilədir. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı müqavilənin etibarsızlığını həmçinin mənzilin "Çıxarış"ının olmaması ilə əsaslandırmışdır. Lakin iddiaçının özü məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, evin çıxarışının olmamasından şifahi məlumatı var idi. Onun bilə-bilə bu şərtlərlə beh verməsi sonradan bu faktı müqavilənin etibarsızlığı üçün əsas kimi gətirməsini hüquqi baxımdan əsassız edir və vicdanlılıq prinsipinə ziddir. Göründüyü kimi, iddiaçı tərəfindən öhdəliyin icrasından imtina edilməsi cavabdehin təqsiri və ya mənzilin gizli qüsurları ilə deyil, iddiaçının şəxsi mülahizələri ilə bağlıdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən əqdin etibarsızlığı ilə bağlı maddi hüquq normaları düzgün təfsir etmədən tətbiq edilib. Hazırki iddiada mübahisələndirilən beh müqaviləsinin qüsurluluğu (etibarsızlığı) ilə bağlı bir neçə arqumenti sadalansa da, əsas arqument həmin müqavilənin qanunda nəzərdə tutulan formasına əməl edilməməsi, yəni müqavilənin notarial qaydada bağlanmaması arqumenti idi. Çünki əqdin notarial qaydada təsdiq edilməsi ilə bağlı qanunvericiliyin məcburi tələbinə əməl edilməməsi əqdi əhəmiyyətsiz əqdə çevirir. Belə halda əqdin mübahisə edilən etibarsızlığı ilə bağlı arqumentlər əhəmiyyətini itirir. Çünki, əvvəla əqd yalnız bir əsasla etibarsız hesab edilə bilər. İkincisi, əgər əqd puçdursa, yəni əhəmiyyətsizdirsə, onun mübahisələndirilib-mübahisələndirilməməsinin heç bir önəmi qalmır. Belə halda əqdin mübahisələndirilməsində, yəni əqdin etibarsızlığını irəli sürmək məsələsində vicdanlılıq prinsipinin gözlənilib-gözlənilməməsinin araşdırılmasına da zərurət qalmır. Belə iddialar, həmçinin hazırkı iddia Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə əsassız varlanma nəticəsində əldə olunmuş əmlakın geri qaytarılması tələbinə çevrilir. Şəxsin başqa şəxsin əsassız varlanması nəticəsində itirdiyi əmlakı geri tələb etməsi hüquqdan sui-istifadə hesab edilə bilməz. Göründüyü kimi birinci instansiya məhkəməsinin hakimi qanunvericiliyin etibarsızlıqla müddəalarını düzgün anlamamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. İddiaçı İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh Cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
- 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); - 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; - 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir; - 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir; - 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; - 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; - 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər; - 347.2-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; - 347.2.3-cü maddəsinə əsasən tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir; - 347.3-cü maddəsinə əsasən, əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir; - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər; - 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir; - 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir; - 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır; - 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
- 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materiallarında olan payçı Cavabdeh ilə icraçı “xxxx” Mənzil Tikinti Kooperativi arasında bağlanmış *** nömrəli, ##.##.2019-cu il tarixli müqaviləyə əsasən, "İcraçı" Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində Rəssamlıq Akademiyasının əməkdaşlarının mənzil şəraitini yaxşılaşdırmaq məqsədi üçün inşa etdiyi yaşayış binasının Blok 1, altıncı mərtəbəsində, ümumi sahəsi 75,2 kv.m olan, 2 (iki) otaqlı, ** saylı mənzili bu müqavilədə nəzərdə tutulan şərtlərlə "Payçı" ya satmağı, "Payçı" isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı yaşayış sahəsinin dəyərini ödəməyi öz öhdəsinə götürür.
16. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, “İcraçı” satdığı yaşayış sahəsini müqavilədə nəzərdə tutulmuş müddətdə (18 təqvim ayından gec olmamaq şərti ilə) "Payçı"ya verməli, "Payçı" isə müqavilə ilə müəyyən olunmuş müddətdə yaşayış sahəsinin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməlidir.
17. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Müqavilənin 1.1-ci maddəsində göstərilən yaşayış sahəsini, ümumi sahəsi 75,2 kv.m olan mənzilin kv.m qiyməti tərəflərin razılığı ilə 550,00 AZN, cəmi 41360,00 (qırx bir min üç yüz altmış) AZN məbləğində müəyyən edilmişdir. Mənzillərin və qeyri-yaşayış sahələrinin satışı onların tikintisinin əhatə etdiyi ümumi sahənin kv.m-ə uyğun hesablanır.
18. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, "Payçı" müqavilə ilə nəzərdə tutulmuş yaşayış sahəsinin ümumi dəyərini ilkin ödəniş qaydasında müqavilə bağlanan vaxt, 30 %-i həcmində ödəməyi öhdəsinə götürmüşdür.
19. İş materiallarında olan “xxxx” MTK tərəfindən verilmiş ** nömrəli, ##.##.2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh ** saylı mənzil üçün 41360 (qırx bir min üç yüz altmış) manat vəsait ödəmişdir.
20. İş materiallarında olan “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-də Rəssamlar Akademiyasının əməkdaşları üçün inşa edilən yaşayış binasının 1-ci blokunun 6-cı mərtəbəsində 75,2 m² olan 2 (iki) otaqlı ** №-li ona məxsus olan mənzilin dəyəri tam ödənilib, MTK-ya borcu yoxdur.
21. İş materiallarında olan beh verən İddiaçı (alıcı) ilə beh alan Cavabdeh (mülkiyyətçi) arasında “Megapolis Estate” Daşınmaz Əmlak Agentliyində bağlanmış ##.##.2025-ci il tarixli beh haqqında razılaşma müqaviləsinə əsasən, “Beh alan” mülkiyyət hüququ ilə ona məxsus olan Gəncə prospekti “xxxx” MTK, ev 249A ünvanda yerləşən 12 mərtəbəli binanın 6-cı mərtəbəsi, 1-ci blokunda yerləşən ümumi sahəsi 75,2 kv.m olan 2 otaqlı ** nömrəli mənzili 135.000 (bir yüz otuz beş min) manata Beh verənə satmağı, "Beh verən" isə həmin əmlakı almağı öz öhdəsinə götürür.
22. Həmin müqavilənin 2-ci bəndinə əsasən, tərəflər arasında alqı-satqı müqaviləsi ## ####### 2025-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməli, rəsmiləşdiyi gündən etibarən 1 ay təqvimindən gec olmayaraq yeni alıcıya təhvil-təslim edilməlidir. Alqı-satqı müqaviləsinin başlanğıcını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə "Beh verən" "Beh alan"a AR Mülki Məcəlləsinin 491 və 492-ci maddələri əsasında 2.000 (iki min) manat məbləğində beh verir, “Beh alan” isə həmin məbləği qəbul edir.
23. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, göstərilən beh məbləğinin 50%-i “Megapolis Estate” Daşınmaz Əmlak Agentliyinin xəzinəsində alqı-satqı müddətinədək saxlanılır. Saxlanılan beh alqı-satqı bitdikdən sonra komisiyya haqlarından çıxılır. Beh müaviləsi alıcı və satıcı tərəfindən pozulduqda, şirkətin xəzinəsində saxlanılan beh, göstərilən vasitəçilik xidmətin haqqı kimi vasitəçi şirkətin balansından çıxarılmır, istəkdən aslı olaraq növbəti xidmətin balansına ötürülür.
24. Həmin müqavilənin 3-cü bəndinə əsasən, "Beh verən bu razılaşmanın 2-ci bəndində göstərilən tarixədək alqı-satqıdan imtina etsə və ya alqı-satqı müqaviləsi həmin tarixədək "Beh verən"in təqsirindən rəsmiləşməsə, "Beh alan" behi qaytarmır və beh onda qalır.
25. Həmin müqavilənin 4-cü bəndinə əsasən, əgər bu razılaşmanın 2-ci bəndinə göstərilən tarixədək "Beh alan" alqı-satqıdan imtina etsə və ya alqı-satqı müqaviləsi həmin tarixədək "Beh alan" təqsirindən rəsmiləşməsə, "Beh alan" "Beh verən"a behin iki mislini ödəməyi öhdəsinə götürür.
26. Həmin müqavilənin 5-ci bəndinə əsasən, tərəflərdən hər biri göstərdiyi vasitəçilik xidmətinə görə "Vasitəçi"yə alqı-satqı müqaviləsi rəsmiləşdikdə bu razılaşmanın 1-ci bəndində göstərilən qiymətinin alıcı 1%-i, yəni 1300 manatı, satıcı 1%-ni yəni 1300 manat məbləğində komissiya haqqını, alqı-satqının baş tutmayacağı təqdirdə isə bu razılaşmanın 2.1-ci bəndində göstərilən beh məbləğini xidmət haqqını “Megapolis Estate” Daşınmaz Əmlak Agentliyinin xəzinəsinə ödəməyi öhdəsinə götürür.
27. İş materiallarında olan ## ######## 2025-ci il tarixli qəbzin surətindən görünür ki, X1 adından (Rusiya Federasiyasından) Cavabdeh adına 2000 manat məbləğində pul köçürülməsi həyata keçirilmişdir.
28. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə Cavabdeh arasında “Megapolis Estate” Daşınmaz Əmlak Agentliyində bağlanmış ##.##.2025-ci il tarixli beh haqqında razılaşma müqaviləsinə əsasən, cavabdeh ona məxsus olan Gəncə prospekti “xxxx” MTK, ev 249A ünvanda yerləşən 12 mərtəbəli binanın 6-cı mərtəbə, 1-ci blokunda yerləşən ümumi sahəsi 75,2 kv.m olan 2 otaqlı ** nömrəli mənzili 135.000 (bir yüz otuz beş min) manata iddiaçıya satmağı, iddiaçı isə həmin əmlakı almağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən, tərəflər arasında alqı-satqı müqaviləsi ## ####### 2025-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməli, rəsmiləşdiyi gündən etibarən 1 ay təqvimindən gec olmayaraq yeni alıcıya təhvil-təslim edilməlidir. Alqısatqı müqaviləsinin başlanğıcını təsdiq edən və icrasını təmin etmək məqsədi ilə iddiaçı cavabdehə 2.000 (iki min) manat məbləğində beh vermişdir. Hazırda iddiaçı cavabdehlə aralarında bağlanmış beh müqaviləsinin etibarsız hesab edilməsini və onun tərəfindən cavabdehə beh olaraq ödənilmiş 2000 manat vəsaitin geri qaytarılmasını tələb edir.
29. Birinci instansiya məhkəməsi tərəflər arasında mübahisəni yuxarıda göstərildiyi kimi həll etmişdir.
30. İddiaçının apellyasiya şikayətində göstərdiyi əsas dəlil ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli beh müqaviləsi notarial qaydada təsdiqlənməmiş və buna görə etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi isə qanunvericiliyin etibarsızlıqla bağlı müddəalarını düzgün anlamamışdır.
31. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə razılaşmır və birinci instansiya məhkəməsinin mövqeyini kifayət qədər əsaslandırılmış və əsaslı hesab edir.
32. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli mənzilin dövlət reyestrindən çıxarışı yoxdur. İddiaçı mənzilin çıxarışının olmaması barədə məlumatı olmuş və könüllü olaraq mənzilə dair beh müqaviləsi bağlamışdır. Onun bilə-bilə bu şərtlərlə beh verməsi sonradan bu faktı müqavilənin etibarsızlığı üçün əsas kimi gətirməsini hüquqi baxımdan əsassız edir və vicdanlılıq prinsipinə ziddir. İddiaçı tərəfindən öhdəliyin icrasından imtina edilməsi cavabdehin təqsiri və ya mənzilin gizli qüsurları ilə deyil, iddiaçının şəxsi mülahizələri ilə bağlıdır.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
34. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mənzilə dair çıxarış olmadığına görə beh müqaviləsi notarial qaydada bağlanıla bilməzdi. Lakin daşınmaz əmlaka dair beh müqaviləsinin notarial qaydada bağlanmaması onu etibarsız etmir. Həmçinin, beh müqaviləsi mülkiyyət hüququnu əmələ gətirən alqı-satqı müqaviləsi deyil, gələcəkdə müqavilə bağlamaq niyyətini təsdiq edən və icranı təmin edən bir müqavilədir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş vəsaitin geri qaytarılması" tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov