Məhkəmə qərarları › İş №2(3-6)-724/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-724/2026

03.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-724/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin və Cəfərov Namiq Şamil oğlu oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-7342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Sovxoz yaşayış massivində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00141) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2021-ci il tarixli akt əsasında yazıbmış 885,60 manat, 30 aprel 2021-ci il tarixli akt əsasında yazıbmış 295,20 manat 31 may 2021-ci il tarixli akt əsasında yazıbmış 194,40, 31 yanvar 2022-ci il tarixli akt əsasında yazıbmış 2008,80, 31 mart 2022-ci il tarixli akt əsasında yazıbmış 1468,80 manat və 29 aprel 2022-ci il tarixli akt əsasında yazıbmış 734,40 olmaqla ümumilikdə 5587,20 manat məbləğində əsassız borcun silinməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Sovxoz yaşayış massivində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. xx.xx.2022-ci il tarixdə sözügedən ünvanda qaz sayğacının quraşdırılmasma baxmayaraq təmir işləri ilə əlaqadar orada yaşamaq mümkün olmamışdır. Bir neçə gün bundan əvvəl iddiaçı həmin evə köçmüş, evə köçdükdən sonra smartkarta vəsait yükləmək istədikdə ona məlum olmuşdur ki, smart kart bloklanmışdır. Bu barədə Birliyə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, guya o, 2021-2022-ci illərdə həmin ünvanda təbii qazdan qeyriqanuni (sayğacsız) istifadə etmişdir. Buna görə 31 mart 2021-ci il, 30 aprel 2021-ci il 31 may 2021-ci il, 31 yanvar 2022-ci il, 31 mart 2022-ci il və 29 aprel 2022-ci il tarixlərdə akt tərtib edilmiş iddiaçıya itirlmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə yuxarıda göstərilən tarixlərdə tərtib olunmuş aktlara müvafiq olaraq 885,60 manat, 295,20 manat, 194,40 manat, 2008,80 manat, 1468,80 manat, 734,40 manat, olmaqla ümumilikdə 5587,20 manat məbləğində əsassız borc yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, həmin ünvanda yaşayış olmadığı üçün qazdan istifadə etmək zərurəti yaranmamışdır. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan ona əsassız olaraq 5587,20 manat məbləğində borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnamədə) iddiaçıya məxsus ünvanda istifadədə olan qaz cihazlarının adı, onaların saatlıq sərfıyyatı göstərilmiş orta günlük iş rejimi göstərilməklə hesabat aparılmışdır. Lakin reallıqda həmin cihazların sözügedən ünvanda olması və saatlıq qaz sərfıyyatmm aktlarda göstərildiyi kimi olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Başqa sözlə Birliyin əməkdaşları yaşayış olmayan ünvanda reallıqda mövcud olmayan cihazlara görə sərfıyyat hesablamışdırlar. Göründüyü kimi Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. “Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur

3. Xətai Rayon Məhkəməsinin 2(011)-7342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim – Sahibə Hacıyeva) ilə iddianın qismən təmin edilməsi, “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2022- ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli aktlara əsasən Bakı şəhər, Xəzər rayonu, Binə Sovxoz sahəsində yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00141 olan) üzrə abonent İddiaçı hesablanmış 4626,4 (dörd min altı yüz iyirmi altı manat, qırx qəpik) manat borcun Cavabdeh tərəfindən silinməsi, Cavabdehndən 66,26 (altmış altı manat, iyirmi altı qəpik) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi,iİddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

4. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, 1-ci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Qeyd edilir ki, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Birliyə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına onlar tərəfindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. Odur ki, qətnamənin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

7. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

8. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyriqanuni istifadə edir.

9. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyriqanuni istifadə edir.

10. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyriqanuni istifadə edir.

11. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız istifadə edir.

12. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız və qeyri-qanuni istifadə edir.

13. “Təbii X2nın pozulması haqqında” ******* saylı xx.xx.2022- cı il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız və qeyri-qanuni istifadə edir.

14. Abonent saldosundan görünür ki, iddiaçıya 2021-ci il tarixə 1375,20 manat və 2022-ci il tarixə 4212 manat məbləğində borc hesablanmışdır. Habelə saldodan görünür ki, iddiaçıya sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır.

15. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji X1 tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İstifadə edilən qaz qurğularının xüsusiyyətlərinin (növü, maksimal saatlıq qaz sərfi) müəyyən olunması məqsədilə qeyd olunan ünvanda baxış keçirilməsi üçün materiallarda olan telefon nömrəsi (***-***-**-**) ilə xx.xx.2025-ci il tarixində əlaqə saxlanılsa da, mənzil sahibinin rayonda olması, mənzildə kimsənin olmaması səbəb göstərilərək baxış üçün şərait yaradılmamış, yalnız xx.xx.2025ci il tarixində yerində baxış keçirilməsi mümkün olmuşdur. Baxış zamanı qaz qurğuları tarix və məkan göstərilməklə foto ilə qeydə alınmışdır. Məlum olmuşdur ki, ölçüləri təxminən 4x7 metr olan fərdi yaşayış evinin mətbəxində 1 ədəd PQ-3 tipli qaz plitəsi qaz xəttinə qoşuludur. Evdə açıq hava şəraitində 1 ədəd axımlı su qızdırıcısı olsa da, su qızdırıcısının qaz xəttinə qoşulmadığı, işlək vəziyyətdə olmadığı, müvəqqəti olaraq baxış keçirilməsi üçün quraşdırıldığı, evdə fərdi qaydada istilik xətləri və istilik radiatoru mövcud olduğu müəyyən edilmişdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, evin qızdırılması üçün kombi tipli su qızdırıcıda və mətbəxdə olan 1 ədəd PQ-3 tipli qaz plitəsində təbii qazdan istifadə olunur. Materiallardan məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən fərdi yaşayış evində (abonent kodu- **********100141) 2021-ci ilin mart, aprel, may aylarında, 2022-ci ilin yanvar, mart, aprel aylarında qanunsuz olaraq təbii qazdan istifadəyə görə ümumilikdə 5587,20 manat məbləğində dəymiş ziyan hesablanaraq abonentin hesabına daxil edilmişdir. Materiallarda olan fotolar və sübutlar araşdırılarkən 2021-ci ilin mart, aprel və may aylarında istehlakçının qaz sayğacını çıxarmaqla qazdan birbaşa istifadə etməsi müəyyən edilsə də, 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığı müəyyən edilir. Abonent saldosunun təhlili zamanı belə məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2025ci il tarixinədək dövr ərzində istehlakçı tərəfindən cəmi 21 manat məbləğində smart-kart tipli sayğaca ödəniş olunmuşdur. Bildirilir ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan dəymiş ziyan məbləğinin (itirilmiş qazın dəyəri) düzgünlüyünə rəy vermək mümkün deyil. “X2”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan da, istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının mənzilində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, ilin mövsümü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: -1 ədəd PQ-3 tipli qaz plitəsi üçün maksimal qaz sərfiyyatı 0,9 m3 -1 ədəd kombi tipli su qızdırıcısı üçün maksimal qaz sərfiyyatı 2,6 m3 , yay aylarında axımlı su qızıdırıcısı kimi istifadə olunduğu halda 1,5 m3 2021-ci ilin mart ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3 ) x 12 saat x 90 gün (3 ayda 1 dəfə baxışı nəzərə alaraq) = 3780 m3 2021-ci ilin aprel ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3 ) x 12 saat x 30 gün = 1260 m3 2021-ci ilin may ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 1,5 m3 ) x 12 saat x 30 gün = 864 m3 Cəmi: 3780 m3+ 1260 m3+ 864 m3 = 5904 m3 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığını və təsdiqedici sənədlərin mövcud olmadığını nəzərə alaraq hesabat aparılması məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il üzrə müvafiq Qərarını nəzərə alsaq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 5904 m3 qaz həcminin 2200 m3 -i x 0,10 manat = 220 manat, qalan 3704 m3 -i x 0,20 manat = 740,80 manat, cəmi 960,80 manat. Abonentin qazdan qanunsuz istifadə halında qaz paylayıcısına dəymiş zərərin məbləği 960,80 manat məbləğində müəyyən edilə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

17. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Maddə 21.1. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»

19. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

20. 4.6. qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

21. 4.7. sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

22. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

24. Göstərilən Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir (xx.xx.2023-cü ilə qədər qüvvədə olan).

25. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

26. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

36. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

41. Məhkəmə mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

42. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının qaz xəttinə sayğacdankənar qoşulması barədə müvafiq sübutlar təqdim edilməsinə baxmayaraq rayon məhkəməsinin iddia tələbini qismən təmin etməsidir.

43. Rayon məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən sayğacsız istifadəsinə görə ödəniləcək məbləğin 5587,20 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Fiziki şəxs olan istehlakçıların təbii qazdan sayğacsız istifadə edilməsini və istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən mülki işə əlavə olunmuş foto şəkillərin həmin mənzilə məxsus olmaması da müəyyən olunmuşdur. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış 5587,20 manat məbləğində borc tələb etməsi qanunsuz və əsassızdır.

44. Rayon məhkəməsi Energetika Nazirliyinin Enerji X1 tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsaslanaraq, iddia tələbini qismən təmin etmiş, təbii qazdan sayğacsız istifadə olunmasına görə 4626,40 manat (5587,20- 960,80= 4626,40) məbləğində borc silinməli olması qənaətinə gəlmişdir.

45. Belə ki, həmin mütəxəssis rəyinə əsasən, 2021-ci ilin mart ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3) x 12 saat x 90 gün (3 ayda 1 dəfə baxışı nəzərə alaraq) = 3780 m3; 2021-ci ilin aprel ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3) x 12 saat x 30 gün = 1260 m3; 2021-ci ilin may ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 864 m3 olmaqla, cəmi 5904 m3 (3780 m3 + 1260 m3 + 864 m3) qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması qaydası müəyyən edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığını və təsdiqedici sənədlərin mövcud olmadığını nəzərə alaraq hesabat aparılması məqsədəmüvafiq hesab edilmir. Tarif Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il üzrə müvafiq Qərarınına əsasən qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 5904 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat =220 manat, qalan 3704 m3-i x 0,20 manat = 740,80 manat, cəmi 960,80 manat. Abonentin qazdan qanunsuz istifadə halında qaz paylayıcısına dəymiş zərərin məbləği 960,80 manat məbləğində müəyyən edilə bilər.

46. Qeyd edilənlərə əsasən Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mülki işin araşdırılan halları baxımından iddia tələbinin qismən - 4626,4 (dörd min altı yüz iyirmi altı manat, qırx qəpik) manata dair hissədə təmin edilməsi ilə bağlı rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.

47. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

50. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).

51. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsinin qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

52. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

53. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin qismən etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

55. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

56. Hazırkı halda qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 4626,4 (dörd min altı yüz iyirmi altı manat, qırx qəpik) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

57. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-7342/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar