Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-736/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “Azəriqaz” İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2024-cü il tarixli, ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvanda mexaniki tipli sayğac quraşdırılmışdır. Həmin akta əsasən qaz sərfiyyatının 3733 m3 olması göstərilmişdir.
2. ##.##.2025-ci il tarixli Abonent saldosunun 04/2024-cü il tarixə “qaz sərfi” qrafasında 3733 m3 qaz sərfiyyatı, “sərfin məbləği” qrafasında 447.96 manat, “yeni tarifə keçid” qrafasında 264.29 manat, “ödəniş” qrafasında 100 manat qeyd olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, 5444360№-li Aktla yazılmış 3733 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 712,25 manatın iddiaçı İddiaçı (Abonent Kodu:100469510700036) “abonentin saldosu”ndan silinməsi vəzifəsinin cavabdeh “Azəriqaz” İB-yə həvalə edilməsi, ##.##.2025-ci il tarixə iddiaçının borcunun 560,47 manat kimi müəyyən edilməsi, iddiaçı İddiaçı (Abonent Kodu:100469510700036) “Abonentin Saldosu”nda müvafiq düzəlişlərin aparılması və sonrakı faktiki qaz sərfiyyatına görə məbləğlərin 560,47 manat məbləğinin üzərinə hesablanması vəzifəsinin cavabdeh Azəriqaz İB-yə həvalə edilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh Azəriqaz İB-dən iddiaçı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli, 5444360№-li Aktla yazılmış 3733 m3 qaz sərfiyyatının və həmin sərfiyyata görə hesablanmış 712,25 manatın iddiaçı İddiaçı (Abonent Kodu: 100469510700036) "Abonentin Saldosu"ndan silinməsi vəzifəsinin cavabdeh Azəriqaz İB-yə həvalə edilməsi və iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumun cavabdeh “Azəriqaz” İB İddiaçı İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İB vətəndaş İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən və xüsusi mülkiyyətində olan bağ evində ##.##.2024-cü il tarixdə ilk dəfə qaz xətti və sayqaçı quraşdırarkən tərtib edilən ##.##.2024-cü il tarixli, 5444360№-li Aktda istehlakçının 3733 kub metr qaz istehlak etdiyini qeyd edib süni qaydada borc yaratmışdır. İstehlakçı həmin Aktı imzalasa da, qaz xəttinin və sayğacın ilk dəfə quraşdırıldığı üçün həmin Aktda qeyd edilən 3733 metr3 qazdan istifadə etməmişdir. Göstərilən qazın həcminin dəyəri 447,96 manat qeyd edilmiş, daha sonra "yeni tarifə keçid"lə bağlı həmin məbləğ 264,29 manat artırılaraq son nəticədə iddiaçı tərəfindən istifadə edilməyən 3733 m3 qaz üçün 712,25 manat borc yazılmışdır. İddiaçı dəfələrlə şifahi qaydada ərazi üzrə qaz idarəsinin nümayəndələrinə müraciət etsə də, sonuncular borcun silinməsi üçün iddiaçının məhkəməyə müraciət etməli olduğunu şifahi bildirilmişlər. E-sistemdən endirilmiş ##.##.2025ci il tarixli Bildirişdən görünür ki, iddiaçı İddiaçı (Abonent Kodu: 100469510700036) qaz istifadəsinə görə borcu 1572.72 manat təşkil edir. Azərqaz İB vəkil sorğusuna cavab olaraq təqdim etdiyi, İddiaçı (Abonent Kodu: 100469510700036) "Abonent Saldosu"ndan görünür ki, 04.2024-cü il tarixdə qaz sərfiyyatı sütununda 3733 m3 rəqəmləri, sərfiyyatın məbləqi - 447,96 manat, yeni tarifə keçid sütununda - 264, 29 manat, ödəniş sütununda - 100 manat, ayıın sonuna borc sütununda - 612,25 manat qeyd edilmişdir. ##.##.2024-cü il tarixli, 5444360№-li Aktdan görünür ki, iddiaçının bağ evinə ilk dəfə qaz xəttinə ##.##.2024-cü il tarixdə qoşulub və həmin tarixdə qaz sayqaçı quraşdırılıb, həmin gün iddiaçıya 3733 m3 qaz sərfiyyatı yazılıraq süni qaydada 712,25 manat borc yaradılıb. Şərh olunana əsasən, iddiaçının 3733 m3 istifadə etmədiyi, lakin akta yazılan qaz sərfiyyatı və həmin sərfiyyata görə yazılmış 712, 25 manat əsassız borc Bildirişdəki 1572,72 manatdan borcdan silindikdən sonra İddiaçı faktiki qaz sərfiyyatına görə ödədiyi 100 (saldoda təsdiq olunub) və 200 manat (qəbz əlavə edilib) silinərək son nəticədə iddiaçının ##.##.2025-ci ilə borcu 1572,72 – 712,25 (əsassız məbləq) – 100 (ödənilən məbləq) – 200 (ödənilən məbləq) = 560,47 manat kimi müəyyən edilməlidir. Faktiki qaz sərfiyyatına görə sonrakı məbləğlər 560,47 manat borcun üzərinə hesablanmalıdır.
6. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi nümayəndə1 məhkəməyə ərizə ilə müraciət edərək iddiaçının mübahisələndirdiyi məbləğin sayğac vasitəsi ilə istifadə edilmiş qaz həcminə görə yaranmış borc olduğunu (abonent saldosu təqdim edilib), buna görə də iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia təmin edilmiş, İddiaçı *************** saylı abonent koduna “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 712,25 manat məbləğində borcun silinməsi, dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30 manatın “Azəriqaz” İstehsalat Birliyindən alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, 04/2024 tarixə yazılmış 712,25 manat borc məbləği ilə bağlı iddiaçının qaz sərfiyyatını sübut edən hallar iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı əsassız olaraq hesablanmış 712,25 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.6, 4.7, 4.8, 13cü maddəsinin 8-ci bəndinə əsasən, 13-cü maddəsinin 8-1-ci hissəsinə, 13-cü maddəsinin 9cu bəndinə, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə, 18-ci maddəsinin 1-ci bəndinə, Mülki Prosessual Məcəllənin 77.1, 115, 119.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, iddiaçının mübahisələndirdiyi borc məbləği qaz sayğacı vasitəsi ilə istifadə edilmiş təbii qazın dəyəridir. Göründüyükimi iddiaçı İddiaçı təbii qazdan sayğac vasitəsi ilə istifadə etməklə debitor borc yaratmış və borcunu vaxtında ödəməmişdir. İddiaçı İddiaçı aid olan 100469510700036 abonent koduna hesablanaraq istifadə olunmuş məbləğ onun tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasını iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşdən görünən odur ki, ##.##.2024-cü il tarixli, ******* nömrəli akta əsasən iddiaçının yaşadığı ünvanda mexaniki tipli sayğac quraşdırılmış, həmin aktda qaz sərfiyyatının 3733 m3 olması qeyd edilmişdir.
22. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, sayğac quraşdırıldıqdan dərhal sonra 3733 m3 sərfiyyatının necə yaranması, borc məbləğinin hansı əsasla hesablanması iş materialları ilə müəyyən olunmur.
23. Bundan başqa, 2024-cü ilin aprel - 2025-ci ilin iyul dövrünü əhatə edən abonentin saldosundan müəyyən edilir ki, qış aylarında iddiaçı tərəfindən təbii qazdan istifadə 1 ay üzrə ən çox 795 m3 olmuşdur.
24. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
25. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Məhəmməd Rüstəmli
Hakimlər: Fərrux Qasımov Günay Axundova