Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-757/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ibrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: a) iddia haqqında məlumat
1. Iddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 9.577,42 manat məbləğində borcun onun abonentin hesabından silinməsi, Birlik tərəfindən onun abonent hesabından silinmiş 89 manat məbləğində pul vəsaitinin isə onun abonent hesabına qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Nizami küçəsi, döngə 6-da yerləşən * saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı Birlik tərəfindən ünvanda smart kart sistemli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: 1003061004000000). Ev əvvəllər iddiaçının atasına məxsus olmuş, lakin atasının ölümündən sonra vərəsəliklə iddiaçının mülkiyyətinə keçmiş, lakin abonent hesabı hələ ki mərhumun adında qalmışdır. Bu yaxınlarda, iddiaçı, smart kart vasitəsi ilə sayğacın hesabını artıranda ona məlum olmuşdur ki, hesabda 9.666,42 manat məbləğində əlavə borc daxil edilmişdir. Bunun səbəbi ilə bağlı maraqlandıqda isə Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, borc, təbii qazdan qanunsuz, yəni sayğacdan kənar istifadəyə görə hesaba əlavə edilmişdir. Iddiaçı həmin borcu əsassız hesab edir, çünki onun özü və ailə üzvləri təbii qazdan sayğacdan kənar istifadə etməmiş, onların ünvanında qanunsuz qaz xətti olmamışdır. Buna görə də, iddiaçı, həmin borcun əsassız hesab edilərək, ləğv edilməsini xahiş edir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, ona məxsus evdə istifadə edilmiş təbii qazın dəyərini smart kart vasitəsi ilə hər dəfə sayğacın hesabına köçürəndə Birlik tərəfindən pulun bir hissəsi yuxarıda qeyd edilən qanunsuz olaraq hesablanmış borcun ödənilməsi üçün avtomatik olaraq hesabdan silinmişdir. Hesabdan silinmiş məbləğ 89 manat təşkil edir. Buna görə də, iddiaçı, hesab edir ki, həmin məbləğ Birlik tərəfindən onun abonent hesabına qaytarılmalıdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdeh Birlik tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinə aid abonent hesabına əlavə sərfiyyat kimi hesablanmış 8.735,5 manat məbləğində borcun silinməsini, iddianın qalan hissəsinin təmin edilməməsini, Birlikdən, dövlət rüsumu olaraq 104,11 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 110 manat məbləğində pulun isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Birlik iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsini təsdiq edə biləcək və qanunla müəyyən edilmiş sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzi də, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsi faktı aşkar etməmişdir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş ##.##.2025-ci il tarixli, */*** saylı rəydən görünür ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz sayğacında və qaz xəttində hər hansı kənar müdaxilə nəticəsində yarana biləcək zədə, iz və əlavə xətt aşkar edilməmişdir. Buna görə də, hesab edilməlidir ki, iddiaçıya məxsus yaşayış sahəsində təbii qazdan qanunsuz istifadə edilməmişdir. Eyni zamanda X3 Agentliyinin Bakı filialı tərəfindən məhkəməyə verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Birlik tərəfindən 2016-cı ilin oktyabr ayından 2022-ci ilin may ayınadək tərtib edilmiş aktlar üzrə hesablanmış 3.490,32 manat əlavə sərfiyyatın (ziyanın) məbləğinin düzgünlüyü ilə bağlı birmənalı fikir söyləmə mümkün deyil, lakin ehtimal edilsə ki, həmin ünvanda təbii qazdan qanunsuz istifadə edilmişdir, onda fikir söyləmək olar ki, təbii qazın itkisi 2.500 kub metr həcmdə, mümkün ziyanın məbləği isə 1.165,60 manat olmuşdur. 2023-cü ilin yanvar və dekabr aylarında tərtib edilmiş aktlar üzrə aparılmış hesabatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə Qaydalarının” tələblərinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 6.410,88 manat məbləğində ziyan abonentdən tələb edilə bilməz. Buna görə də, qeyd edilənləri və işin hallarını nəzərə alan məhkəmə hesab edir ki, cavabdeh Birlik tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinə aid abonent hesabına əlavə sərfiyyat kimi hesablanmış 9.577,42 manat məbləğində borcdan 8.735,5 manat məbləğində borc silinməli, qalan hissədə iddia sübuta yetmədiyi üçün rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməsi hissədə ləğv edilməsini və iddia tələbinin tam həcmdə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə müxtəlif vaxtlarda baxış keçirilərkən iddiaçıya məxsus ünvanda təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında müəyyən edilmişdir ki, Birliyə maddi zərər dəymişdir. Bu səbəbdən də, Birlik, iddiaçının abonent hesabına əlavə sərfiyyat olaraq borc məbləği daxil edilmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamılşdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat
7. Iddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının həddi haqqında məlumat
8. Işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın bir qismini təmin etməsə də, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Birlik də, iddianın bir qisminin təmin edilməməsi hissədə qətnaməni mübahisələdirmir. Buna görə də, bunları və mübahisə predmetinin bölünməz olmadığı nəzərə almış Məhkəmə, qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) işdə olan sənədlər haqqında məlumat
9. Işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən ev əvvəllər iddiaçının ata tərəfdən babası X2 məxsus olmuşdur. Hacıbaba Allahverdiyev ##.##.2006-cı tarixdə vəfat etmiş və bundan sonra ev vərəsəlik qaydasında iddiaçının atası X4 keçmişdir. Allahverdi Allahverdiyev ##.##.2024-cü il tarixdə vəfat etmiş və ev vərəsəlik qaydasında iddiaçının sahibliyinə keçmişdir.
10. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı Birlik tərəfindən ünvanda smart kart sistemli qaz sayğacı quraşdırılmışdır (abonent kodu: 1003061004000000). Iddiaçının atası vəfat etdikdən sonra, ev, vərəsəlik qaydasında iddiaçının sahibliyinə keçmiş, lakin abonent hesabı hələ ki mərhumun adında qalmışdır.
11. Birliyin balans və istismarında olan qaz sayğaclarına və qaz xətlərinə müxtəlif vaxtlarda baxış keçirmiş Birliyin əməkdaşlar həmin evdə təbii qazdan qanunsuz istifadə ilə bağlı ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2022-ci il tarixdə ******* saylı, ##.##.2023cü il tarixdə ******* saylı və ##.##.2023-cü il tarixdə ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib etmişlər. Həmin aktlarda qeyd edilmişdir ki, qeyd edilən ünvanda təbii qazdan qanunsuz, yəni qaz sayğacından kənar çəkilmiş boru xətti vasitəsi ilə istifadə edilmişdir.
12. Qeyd edilən aktlar əsasında Birliyin əməkdaşları tərəfindən hesablamalar aparılmış, ünvanda qurşadılmış “QSSQ”-nın (qeyri-standart su qızdırıcısı), dəmir sobanın, “PQ 4”-ün (4 gözlü qaz plitəsi) maksimal sərfiyyatı, həmin avadanlıqların iş rejimi 24 saat nəzərə alınmaqla ziyanın məbləği hesablanmış və bununla bağlı “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr tərtib edilmişdir.
13. “Dəymiş ziyanın bərpasına dair” ##.##.2022-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın həcmi 8.856 kub metr təşkil edir.
14. “Dəymiş ziyanın bərpasına dair” ##.##.2022-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın həcmi 11.160 kub metr təşkil edir.
15. “Dəymiş ziyanın bərpasına dair” ##.##.2023-cü il tarixli tələbnamədə qeyd edilmişdir ki, hesabat müddəti 120 gün qəbul edilməklə itirilmiş qazın həcmi 30.528 kub metr təşkil edir.
16. “Dəymiş ziyanın bərpasına dair” ##.##.2023-cü il tarixli tələbnamədə qeyd edilmişdir ki, itirilmiş qazın sərfiyyatı hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın həcmi 22.896 kub metr təşkil edir.
17. Iddiaçı iddia ərizəsində bildirir ki, həmin və digər tarixlərdə tərtib edilmiş aktlar, həmçinin qeyd edilən tələbnamələr əsasında Birlik tərəfindən ona əlavə sərfiyyat olaraq 9.666,42 manat məbləğində borc hesablanmış, borca görə onun abonent hesabından 89 manat silinmiş, qalan borc 9.577,42 manat təşkil edir.
18. Iddia ərizəsinə əlavə edilmiş “qalıq borca aid çıxarışdan” görünür ki, iddiaçının abonent hesabında 9.577,42 manat məbləğində borc var.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli, */*** saylı rəydə qeyd edilir ki, iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz sayğacında və qaz xəttində hər hansı kənar müdaxilə nəticəsində yarana biləcək zədə, iz və əlavə xətt aşkar edilməmişdir.
20. Azərbaycan Respublikasının Energetika Nazirliyi X3 Agentliyinin Bakı filialı tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 2016-cı ilin oktyabr ayından 2022-ci ilin may ayınadək tərtib edilmiş aktlar üzrə hesablanmış 3.490,32 manat əlavə sərfiyyatın (ziyanın) məbləğinin düzgünlüyü ilə bağlı birmənalı fikir söyləmə mümkün deyil, lakin ehtimal edilsə ki, həmin ünvanda təbii qazdan qanunsuz istifadə edilmişdir, onda fikir söyləmək olar ki, təbii qazın itkisi 2.500 kub metr həcmdə, mümkün ziyanın məbləği isə 1.165,60 manat olmuşdur. 2023-cü ilin yanvar və dekabr aylarında tərtib edilmiş aktlar üzrə aparılmış hesabatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə Qaydalarının” tələblərinə əməl edilmədən aparıldığından, həmin aktlar üzrə hesablanmış 6.410,88 manat məbləğində ziyanın ödənilməsi abonentdən tələb edilə bilməz. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
21. Hazırkı iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, yuxarıda göstərilənlərə əsasən bildirir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttindən qanunsuz istifadə faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
22. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
23. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
24. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, Birlik, ona münasibətdə istehlakçı hesab edilən iddiaçıya əlavə sərfiyyat kimi borcun hesablanmasının əsaslı olmasını təsdiq edə biləcək sübutları (məsələn: sayğacdan kənar çəkilmiş xəttin özünün və ya xəttin özü yoxdursa, xəttin əsas boruya qoşulmasının real olaraq mümkün olmasını təsdiq edə biləcək izlərin foto şəkillərini və ya video görüntülərini; iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını) məhkəmələrə təqdim etməmişdir.
26. Əksinə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli rəydən görünür ki, iş üzrə ekspertiza tədqiqatını aparmış ekspert iddiaçıya məxsus yaşayış sahəsinə aid qaz sayğacında və qaz xəttində hər hansı kənar müdaxilə nəticəsində yarana biləcək zədə, iz və əlavə xətt aşkar edilməmişdir.
27. X3 Agentliyinin Bakı filialı tərəfindən Rayon Məhkəməsinə verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən də görünür ki, rəy vermiş mütəxəssis də, iddiaçıya məxsus yaşayış sahəsinə təbii qazdan qanunsuz olaraq istifadə edilməsini müəyyən edə bilməmişdir. Mütəxəssis tərəfindən aparılmış hesablamadan isə görünür, hesablama ehtimalla, yəni “əgər qoşulma olmuşdursa” şərti ilə aparılmışdır.
28. Göstərilənlərə əsasən müəyyən edilir ki, Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi borcun hesablanması əsassız olmuşdur. Əslində iddia tələbi tam həcmdə əsaslı hesab edilərək, təmin edilməli idi, lakin işə baxmış Rayon Məhkəməsi iddianı qismən təmin etmişdir.
29. Məhkəmə, apellyasiya baxışının həddini, yəni iddiaçının qətnamədən apellyasiya şikayəti verməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə qətnamə faktlar nöqteyi-nəzərindən əsaslıdır. Cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. i) apellyasiya baxışının nəticəsi
30. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, apellyasiya baxışının predmeti olan hissəsində Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissəsində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
31. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
33. Məhkəmə həmçinin bildirir ki, iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
34. Cavabdeh Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan cavabdeh Birlik hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
35. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDI:
Cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPMə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Iddiaçı İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.