Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-770/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “tikilinin sökülməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X1, nümayəndəsi və vəkili vəkil1, Cavabdeh Cavabdeh, nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən dövlətə məxsus ümumi keçid yolunun qanunsuz olaraq zəbt edilməsi, yol boyunca aparılmış qanunsuz tikinti və maneələrin sökülməsi, ümumi keçid yolundan, təbii işıqlandırma pəncərəsinin yenidən açılmasını, həmçinin iddiaçıya məxsus evin arxa fasadına və qaz xəttinə olan çıxış imkanından cavabdehin hesabına sərbəst və maneəsiz istifadə hüququnun bərpa edilməsi, maddi və mənəvi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildə o, daha öncədən tanımadığı bir qrup şəxslə bərabər Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, massiv 1-də yerləşən ərazidən eyni zamanda bir şəxsə malik torpaq sahəsini hissələrə bölünməklə yaşayış məqsədi ilə torpaq sahəsi əldə ediblər. Alqı-satqı zamanı hər kəsə ödənişə müvafiq olaraq 2, 3 və ya 4 sot olmaqla müxtəlif torpaq payları düşmüşdür. Torpaq sahələrinin yerləşmə xüsusiyyətinə görə mərkəzdə qalan yeni qonşunun keçidi üçün, onun torpaq sərhədi boyunca ümumi istifadə üçün dövlətə məxsus yol ayrılmışdır. Bu yol həm onun, həm də digər qonşuların ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. Bu razılaşmaya uyğun olaraq, o, evini yolun bir tərəfində tikdi, yolun qalan hissəsində isə şəxsi vəsaiti hesabına hasar çəkdi. Hətta onun qanuni ilk çıxarışında bu yol hissəyə onun təxminən 5-6 m2 torpaq payı belə qaldı. Çünki onun torpağı tam düzbucaqlı deyildi və yola ev paralel tikilərkən arxada torpaq məcburi olaraq qaldı. Onlar bu yola rahat keçid üçün bu ərazini hasara almamışlar. Bununla bərabər qonşu isə özünün köhnə darvazasını yolun başlanğıcına müvəqqəti olaraq quraşdırdı. Bu yolu müvəqqəti təhlükəsizlik məqsədi ilə bağlanmasını birgə icra etdilər. Məqsəd isə birgə istifadə idi. Necə ki onun evinin divarı bu yolun birbaşa divarıdır. Həmçinin bu yolda onun qanuni torpağı qalmışdır. Bu razılaşma qonşu dəyişmədiyi müddətcə 20 il davam etmişdir. Bu yol eyni zamanda evinin arxa fasadına yeganə çıxışı, evinə gedən qaz xəttinə baxış, təmir və təcili müdaxilə üçün və qarajına təbii işıqlandırma üçün yeganə imkanı təşkil edir. Əvvəlki ev sahibi vəfat etdikdən sonra mənzil Lalə adlı xanım tərəfindən satın alındı. Yeni sahibi arxa yolda müvəqqəti şişmə hovuz qoymaq məqsədilə ondan bu yola baxan pəncərəni bağlamağı xahiş etdi. Qonşuluq münasibətlərinə uyğun olaraq o razılıq verdi və pəncərəni bağladı. Hər hansı mübahisə yaranmadı və əvvəlki şərtlər qorundu və ərazidə başqa tikinti və digər işlər aparılmadı. Həmçinin bu dövrdə o da fasadında təmir işləri aparmaq üçün Lalə xanıma məlumat verdi və qarşılıqlı anlaşma davam etdi və o, fasadına yeni üzlüklər vurdu. Daha sonra 2025-ci ilin yanvar ayında torpaq sahəsi cavabdehin mülkiyyətinə keçmişdir. Əldə etdiyi məlumata əsasən bu şəxs qazanc məqsədi ilə müxtəlif torpaq sahələrini əldə edir, orda tikinti işləri aparıb satışını təşkil edir. Bundan sonra cavabdeh onunla razılaşdırmadan dövlətə məxsus ümumi keçid yolunu tam şəkildə qeyri-qanuni mənimsəmiş, yolun enini və hündürlüyünü dəmir beton inşaat edərək daraltmış, digər maneələr quraşdırmış, yolun üzərində daimi darvaza quraşdırmağa hazırlıq görmüş, keçidi çardaq (naves) ilə örtməyə çalışmışdır. Bu hərəkətlər nəticəsində onun evinin arxa fasadına çıxış tam məhdudlaşdırılır, Qaz xəttinə servis və texniki müdaxilə imkanı itirilir, FHN-in xüsusi texnikasının yanğın halında müdaxilə imkanı əngəllənir. Ümumi istifadə üçün ayrılmış dövlət yolu qanunsuz olaraq şəxsi əraziyə birləşdirilir. O, cavabdehlə uzun müddət danışıqlar aparmağa çalışsa da, qapısını öz ərazisinin ətrafında qoymasını tələb etsə də, cavabdeh razılaşmamışdır. Hətta onun evinin fasadının üzünü sökərək ümumi həyətinə uyğunlaşdırılmasını aparmaqdadır. Irad bildirdikdə cavabdeh torpağı bu şəkildə aldığını və köhnə razılaşmaların köhnədə qaldığını ona bildirdi. ##.##.2025-ci ildə 102 xidmətinə və 41-ci Polis Bölməsinə müraciət etdi, işlərin dayandırılması tələb olundu. Lakin polisin qanuni tələbinə riayət olunmadı və polis ona Səbail Rayon Icra Hakimiyyətinə müraciət etməli olduğunu bildirdi. Bundan sonra iddiaçı ##.##.2025-ci ildə Səbail Rayon Icra Hakimiyyətinə yazılı şikayət etdi. Icra nümayəndəsi dərhal müdaxilə edərək aparılan işləri dayandırdı. Lakin cavabdeh tərəf nəinki qanunsuz tikinti işlərini sökməyir, əksinə günün müxtəlif vaxtlarında tikintini hissə-hissə davam etdirir.
3. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Ilkin Rüstəmli) iddia təmin edilməmişdir.
4. Iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, cavabdehin xüsusi mülkiyyətində 0,03 ha torpaq sahəsindən ibarət olması və bu haqda ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publk Hüquqi şəxsi tərəfindən ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış və ##.##.2025-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü təqdim edilməsi rayon məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda cavabdeh 2025-ci ildə ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini aldıqdan sonra əvvəlcə qanunsuz olaraq evin ətrafında olan 0,02 ha torpaq sahəsini zəbt edərək öz həyətinə daxil etməsi və sonradan qonşuların ümumi istifadəsində olan 0,08 ha torpaq sahəsini zəbt etməsinə dair mühüm əhəmiyyəti olan faktlar da rayon məhkəməsi tərəfindən araşdırılmamışdır. Rayon məhkəməsi hesab etmişdir ki, sözügedən yol iddiaçıya məxsus olmamaqla xüsusi mülkiyyətdə deyildir. Başqa sözlə, iddiaçının həmin əraziyə heç bir sərəncam yaxud sahiblik hüquqları yoxdur. Halbuki həmin torpaq sahəsi iddiaçı ilə digər qonşuların birgə təşəbbüsü ilə ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Onlar bu məqsədlə öz torpaq sahələrinin öçüsünü azaltmaqla keçid üçün yol ayırmışlar. Həmin yoldan keçməklə iddiaçıya məxsus evinin arxa fasadına yeganə çıxışı, evinə gedən qaz xəttinə baxış, təmir və təcili müdaxilə üçün və qarajına təbii işıqlandırma üçün yeganə imkanı təşkil edir. Ona görə də, iddiaçı həmin yoldan istifadə etdiyi üçün onun subyektiv hüququ vardır. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, qərardadın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmiş və rəy alınanadək mülki iş üzrə icraat dayandırılmışdır.
7. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli məktubu ilə ekspertizanın keçirilməsindən imtina edildiyi müəyyən olmuş, Məhkəmənin eyni nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir.
8. Daha sonra Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə ##.##.2026-cı il tarixli məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə qərardadı icra edilməsi üçün “xxxx” MMC-yə göndərilmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi C.Məhərrəmov apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh ev alqı-satqısı ilə məşğul olur, onunla problemləri yoxdur, lakin gələcəkdə həmin evi satsalar, yeni gələn qonşu ilə mübahisə yaranacaqdır. Bununla belə iddiaçının nümayəndəsi bildirdi ki, onların evinin ayrıca giriş-çıxışı mövcuddur, sadəcə olaraq onların evinin arxasındakı həmin sahədən bəzi hallarda evə müəyyən xidmət göstərilməsi zəruri ola bilər.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi, bildirdi ki, iddiaçının öz evinə ayrıca giriş-çıxışı var, lakin cavabdehin darvazanı yenilədiyi həmin sahə bəzi hallarda evə xidmət edilməsi üçün istifadə oluna bilər.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və əlavə olaraq da göstərdi ki, həmin ünvanda özünə məxsus 0.03 ha. torpaq sahəsində tikinti işlərinə başlayarkən iddiaçı ilə razılaşmış, iddiaçının ona heç bir iradı olmamışdır, o həmin sahəni alarkən əvvəlki mövcud olan vəziyyəti dəyişməmişdir, onun mövcud darvazanı yenisi ilə əvəz etməsi iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iddiaçının öz evinə müstəqil - ayrıca giriş-çıxışı var.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq da qeyd etdi ki, cavabdeh özünə məxsus torpaq sahəsində işlər görür, cavabdehin mövcud darvazanı yeniləməsi iddiaçının heç bir hüququnu pozmur, həmin sahədə əvvəlki mövcud vəziyyətdə heç bir dəyişiklik baş verməmişdir, bu tələbi əslində hüquqdan suiistifadədir. Sübutların tədqiqi:
13. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olur ki, ##.##.2021-ci il tarixdən 1120109874 qeydiyyat nömrəsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.
14. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olur ki, ##.##.2025-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
15. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2026-cı il tarixli, *-**-**-**/*-****/**** nömrəli ##.##.2026-cı il tarixdə Məhkəməyə daxil olmuş və məktubdan müəyyən olmuşdur ki, ekspertizanın aparılmasından imtina edilmişdir. 16. Tətbiq edilən maddi hüquq normaları:
17. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, II və IV hissə. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
21. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
22. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair ## #### 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir.
25. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
26. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Tətbiq edilən prosessual hüquq normaları:
27. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
32. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
40. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, hazırkı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh qonşudur. Iddiaçıya məxsus evin yan tərəfindən yol uzanır. Həmin yol isə cavabdehə məxsus evə aparır. Həmin yolun qurtaracağında, yaxud yol boyu cavabdehə məxsus evdən başqa heç bir fərdi yaşayış evi yerləşmir. Iddiaçıya məxsus evin giriş- çıxışı tam başqa yerdəndir,həmin yolda iddiaçıya məxsus evə giriş-çıxış və ya başqa istifadə yeri mövcud deyildir.
43. Apellyasiya icraatı zamanı tərəflər arasında barışığın əldə olunması üçün məhkəmə iclası təxirə salınmış, tərəflər 14 aprel tarixli məhkəmə kollegiyasının iclasında barışıq sazişi təqdim etmişlər, barışıqla bağlı danışıqların aparılması üçün həmin məhkəmə iclası da təxirə salınmış, 21 aprel tarixli məhkəmə iclasında müəyyən olmuşdur ki, iddiaçı tərəf özünün təklif etdiyi barışıq sazişinın şərtləri ilə razı olmamış və iddiaçı tərəf barışıq bağlamaqdan imtina etmişdir.
44. Mülki işə apellyasiya qaydasında baxılarkən mübahisəli ərazidə cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin kimə (tərəflər və ya üçüncü şəxslərə) məxsus olmasının, həmin ərazidə cavabdeh tərəfindən tikilmiş tikililərin iddiaçıya öz evindən istifadəyə, eləcə də həmin tikiliyə zəruri xidmət göstərilməsinə, bu məqsədlə həmin sahəyə giriş-çıxışına, habelə ümumi sahədən istifadəsinə mane törədib-törətməməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
45. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi ərazinin daxilində hər hansı tikinti işlərinin aparılmır. Ekspertiza tədqiqatına təqdim olunmuş sənədlərdə, mübahisəli ərazinin mülkiyyət statusu (dövlət, bələdiyyə və s.) barədə məlumat əks olunmadığına görə torpaq sahəsinin kimə məxsus olmasının müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Iddiaçının mübahisələndirdiyi ərazinin, mövcud istifadə vəziyyətinə görə cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin yeganə giriş-çıxış yolu olan sahə olduğu müəyyən edilmişdir. Mübahisəli ərazidə öncə mövcud olmuş darvazanın cavabdeh tərəfindən yenisi ile əvəz edilməsi nəticəsində, mübahisəli ərazi tərəfdən iddiaçıya öz evinə (evin fasadına və s.) zəruri xidmət göstərilməsi, o cümlədən evin üzərindən keçən qaz boru xəttinə, vaxtaşırı və ya zərurət yarandığı halda nəzarət edilməsi məqsədilə, həmin əraziyə daxil olması üçün şərait yaradılması cavabdehin üzərinə düşən öhdəlik kimi qəbul olunarsa, bu zaman iddiaçının mübahisəli ərazidən lazımi qaydada istifadəsi üçün hər hansı məhdudiyyət istisna olunur.
46. Müəyyən edildiyi kimi iddiaçının mübahisələndirdiyi sözügedən yol iddiaçıya məxsus torpaq sahəsinə aid deyil. Cavabdeh ##.##.2025-ci il tarixdən xüsusi mülkiyyətində olan sahədə köhnə darvazanı yenisi ilə əvəz etmiş, eyni zamanda da cavabdeh bildirir ki, o həmin sahədə tikinti-təmir işləri aparmamışdan qabaq iddiaçıyla bu məsələni müzakirə etmiş və iddiaçının bu işlərə heç bir etirazı olmamışdır, iddiaçı tərəf məhkəmə araşdırmaları zamanı cavabdehin bununla bağlı bildirdiklərini təkzib etməmişdir. Cavabdehin həmin hərəkətləri iddiaçının hüquqlarını pozmur, iddiaçının evinə giriş-çıxışı üçün hər hansı məhdudiyyət yaratmır. Əksinə, ekspert rəyi ilə iddiaçının mübahisələndirdiyi ərazinin, mövcud istifadə vəziyyətinə görə cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsinin yeganə giriş-çıxış yolu olan sahə olduğu müəyyən edilmişdir. Belə olan halda iddiaçının iddia tələblərinin təmin edilməsi cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir.
47. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
49. ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
50. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
51. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
52. Beləliklə, iddiaçının hazırkı tələbi əsassız olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməməklə mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir. Odur ki, iddiaçının apellyasiya şikayəti də əsassızdır və təmin edilə bilməz.
53. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
54. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
56. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
57. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu eləcə də apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 500 (beş yüz) manat şikayəti vermiş iddiaçıya aid edilməlidir.
58. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olan cəmi 500 (beş yüz) manat pul vəsaiti iddiaçı İddiaçı tutularaq “xxxx” MMC-nin hesabına (Alternativ Ekspertiza Markazi MMC, VÖEN: **********, IBAN: AZ94BRES00380394402474602201, bank: “xxxx” ASC, VÖEN: **********, Müxbir hesab: AZ80NABZ01350100000000014944, Kod: 513489, SWIFT: BRESAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.