Məhkəmə qərarları › İş №2(3-6)-80/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-80/2026

19.05.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-80/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ilə xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı İddiaçı özünün, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdeh Cavabdeh özünün iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı keçmiş arvadı olan cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsi, 9 mərtəbəli ** saylı binanın 9-cü mərtəbəsində yerləşən 3 otaqlı 45-ci mənzildən cavabdehin istifadə hüququna onun tərəfindən cavabdehə 10.800 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzil, iddiaçı ilə cavabdehin nikahına qədər iddiaçının mülkiyyətində olmuşdur. Buna görə də, mənzil tam həcmdə iddiaçının mülkiyyəti sayılır. İddiaçı ilə cavabdehin arasında ##.##.2004-cü il tarixdə bağlanmış nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı ilə cavabdehin münasibətləri gərgindir. Onların bir mənzildə yaşaması qeyrimümkündür. Mənzilin yerləşdiyi ərazidəki mənzillərin aylıq kirayə haqqısı 300 manat təşkil edir. Buna görə də iddiaçı hesab edir ki, onun tərəfindən cavabdehə (300 manat x 36 ay=) 10.800 manat məbləğində kompensasiya verilərsə cavabdehin həmin mənzildə yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilər. b) cavabdehin iddia tələbinə etirazı haqqında məlumat

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazla Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 20 ildən artıq müddətdə mübahisəli mənzildə yaşamış, şəxsi əşyaları hazırda da həmin mənzildə yerləşir. Başqa yaşayış yeri yoxdur. İddiaçının təklif etdiyi məbləğə də azdır. Buna görə də, o, iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin təmin edilməsinə o halda razılaşa bilər ki, iddiaçı tərəfindən ona daha çox məbləğdə aylıq kirayə haqqı hesablanmaqla kompensasiya verilmiş olsun. Çünki mübahisəli mənzil 3 otaqlıdır, tam və yaxşı təmirlidir. Həmin ərazidə oxşar 3 otaqlı mənzillərin aylıq kirayə haqqısı 700-900 manat təşkil edir. c) iş üzrə tərəflərin məhkəmə iclaslarında iştirakı və iclaslarda iştirak etmiş şəxslərin izahatları haqqında məlumat

4. Məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini Rayon Məhkəməsindən xahiş etmişlər.

5. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun səbəbi barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Bu səbəbdən də Rayon Məhkəməsi işə cavabdehin iştirakı olmadan baxmışdır. d) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini və cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna 10.800 manat məbləğində kompensasiyanın iddiaçı tərəfindən cavabdehə ödənilməsi yolu ilə xitam verilməsini qət etmişdir.

7. Rayon Məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzildən istifadə hüququ əldə etsə də, tərəflər arasında ailə münasibətlərinə xitam verilmiş, onların birlikdə eyni mənzildə yaşaması artıq mümkün deyil. Mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən iddiaçının istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilə bilər. “xxxx” MMC tərəfindən məhkəməyə verilmiş ##.##.2025-ci il tarixli, **-***/** nömrəli mütəxəssis hesabatından görünür ki, iddiaçının mülkiyyətində olan mənzilin orta aylıq kirayə dəyəri 400 manat təşkil edir. Göründüyü kimi iddiaçının təklif etdiyi kompensasiyanın məbləği cavabdehə imkan verir ki, o, oxşar şəraitli mənzildə müəyyən müddət ərzində yaşaya bilsin. e) apellyasiya şikayəti barədə məlumat

8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçının cavabdehə qarşı daha əvvəl irəli sürdüyü eyni məzmunlu iddiası Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli qətnaməsi ilə rədd edilmiş və həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Belə olan halda hazırkı işə baxıla bilməzdir. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

10. Apellyator – cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlilərini müdafiə etdi və şikayətin, həmçinin iddia tələbinə qarşı verdiyi etirazın məzmununa uyğun izahat verdi.

11. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

12. İddiaçı əlavə olaraq bildirdi ki, onun iddiaçıya təklif etdiyi 10.800 manat məbləğində kompensasiya kifayət qədər yüksək məbləğdir. Çünki mübahisəli mənzil 3 otaqlı olsa da, bu o demək deyil ki, cavabdeh mütləq 3 otaqlı mənzili kirayə götürməlidir. Cavabdeh təkdir. Nikahdan doğulmuş 2 övladları (##.##.2005-ci il təvəllüdlü Murad və ##.##.2007-ci il təvəllüdlü Fuad) cavabdeh ilə deyil, onun yanında, yəni mübahisəli mənzildə yaşayırlar. Buna görə də, cavabdeh sahəsi daha az olan mənzili kirayə götürüb yaşaya bilər.

13. Cavabdeh isə bildirdi ki, onunla iddiaçının münasibəti pozulduqdan sonra o mübahisəli mənzildə yaşamasa, övladları isə mənzildə iddiaçının yanında yaşamaqda davam etsələr də, nəzərə almaq lazımdır ki, o uzun müddət 3 otaqdan ibarət mübahisəli mənzildə yaşamışdır və bundan sonra daha xırda sahəsi olan mənzildə yaşamaq istəmir. Buna görə də o hesab edir ki, iddiaçı tərəfindən ona (800 manat x 36 ay=) 28.800 manat məbləğində kompensasiya ödənilməlidir.

14. İddiaçı əlavə olaraq daha sonra bildirdi ki, cavabdeh, mübahisəli mənzildən başqa yaşayış sahəsinin olmadığı bildirsə də, bu həqiqətə uyğun deyil. Belə ki, cavabdehin Mərdəkan qəsəbəsində torpaq sahəsi və tikilisi var, cavabdeh həmin tikilidə yaşaya bilər.

15. Bununla bağlı cavabdeh bildirdi ki, Mərdəkandakı tikili yaşayış üçün yararlı vəziyyətdə deyildir.

16. İddiaçı həmçinin bildirdi ki, o, apellyasiya icraatı zamanı “xxxx” MMC tərəfindən Məhkəməyə verilmiş ##.##.2026-cı il tarixli “Qiymətləndirmə hesabatını” və Məhkəmənin tövsiyəsini nəzərə alaraq onun tərəfindən iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğinin 15.000 manat məbləğində müəyyən edilməsinə razıdır.

17. Cavabdeh isə bildirdi ki, o, “xxxx” MMC tərəfindən Məhkəməyə verilmiş ##.##.2026cı il tarixli “Qiymətləndirmə hesabatında” qeyd edilən aylıq kirayə haqqının 450 manat olmasının nəzərə alınmasını və ona ödənilməli olan kompensasiyanın məbləğinin (450 manat x 36 ay=) 16.200 manat məbləğində müəyyən edilməsini, əks halda iddianın rədd edilməsini xahiş edir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. Belə ki, işin mübahisəsiz halıdır ki, yuxarıda qeyd edilən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh ##.##.2004-cü il tarixdə iddiaçı ilə nikaha daxil olduqdan sonra iddiaçının ailə üzvü kimi həmin mənzilə köçərək mənzildə daimi yaşamağa başlamışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikaha xitam verilmişdir. Tərəflər arasında münasibətlər gərgindir və onların eyni yaşayış sahəsində birlikdə yaşamaları faktiki olaraq mümkün deyildir. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ qazanması tərəflər arasında mübahisə doğurmur.

20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiymətinə uyğun müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, yaşayış sahəsindən istifadə hüququna xitam verilərkən kompensasiyanın məbləği məhkəmə tərəfindən bazar qiymətinə uyğun müəyyən edilməlidir.

22. Həmçinin “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2007-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyinə görə, kompensasiya istifadə hüququna sadəcə formal xitam verilməsi deyil, həmin şəxsin müəyyən müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun yaşayış yeri ilə təmin olunmasına imkan yaratmalıdır.

23. Cavabdeh apellyasiya şikayətində göstərir ki, iddiaçı ona qarşı bir dəfə bu kimi iddia ilə Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia təmin edilməmişdir. Belə olan halda Rayon Məhkəməsi hazırkı iddiaya baxa bilməzdi.

24. Məhkəmə cavabdehin bu dəlilini əsaslılığı ilə bağlı bildirir ki, cavabdehin qeyd etdiyi iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qətnaməsi (iş № *(103)-3449/2025) ilə dəyişdirilmədən saxlanılmış ##.##.2025-ci il tarixli (iş № *(011)-2704/2025) qətnamədən görünür ki, həmin iddia, iddiaçı tərəfindən cavabdehə kompensasiya verilmədən cavabdehin mübahisəli mənzilə dair istifadə hüququna xitam verilməsinin mümkün olmaması əsası ilə rədd edilmişdir.

25. Bunu nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi, iddiaçı tərəfindən cavabdehə artıq kompensasiyanın verilməsi şərti ilə iddianın irəli sürülməsini əsas götürərək, bu iddiaya baxmaqda haqlı olmuşdur. Cavabdehin qeyd edilən dəlili əsassızdır.

26. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı, onun tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın 10.800 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

27. Rayon Məhkəməsi də, təklif edilən bu kompensasiyanın məbləğinin ədalətli olubolmamasını araşdırmaq üçün “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli, **-***/** nömrəli mütəxəssis rəyini almışdır ki, həmin rəydə qeyd edilir ki, mübahisəli mənzilin orta aylıq kirayə haqqı 400 manat təşkil edir.

28. Rayon Məhkəməsi həmin rəyi və işin hallarını nəzərə alaraq hesab etmişdir ki, iddiaçının onun tərəfindən cavabdehə ödənilməsini təklif etdiyi kompensasiyanın məbləği cavabdehin müəyyən müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun yaşayış yeri ilə təmin olunmasına imkan yarada biləcək məbləğdədir və buna görə də, iddia təmin edilməli, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna 10.800 manat məbləğində kompensasiya iddiaçı tərəfindən cavabdehə ödənilməsi yolu ilə xitam verilməlidir.

29. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində həmin məbləğin ədalətsiz – az olduğunu bildirmişdir.

30. Məhkəmə cavabdehin bu dəlilinin əsaslılığının yoxlanılması məqsədi ilə apellyasiya icraatı zamanı mənzilin qiymətləndirilməsinin həyata keçirilməsi üçün qiymətləndiricinin təyin edilməsini Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına həvalə etmişdir.

31. Qiymətləndiricilər Palatası tərəfindən təyin edilmiş qiymətləndirici – “xxxx” MMC-nin Məhkəməyə verdiyi ##.##.2026-cı il tarixli, ****/Q-*(*-*)-**/**** saylı “Hesabatda” göstərilmişdir ki, 2025-ci ilin oktyabr ayında (iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilən zaman) mübahisəli mənzilin bazar dəyəri 130.000 manat, likvid dəyəri 115.000 manat, aylıq kirayə haqqı məbləği 400 manat olmuşdur. Hazırda həmin mənzilin bazar dəyəri 140.000 manat, likvid dəyəri 125.000 manat, aylıq kirayə haqqı məbləği 450 manatdır.

32. Odur ki, bunu və iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi ilə bağlı Məhkəmənin iş üzrə tərəflər ilə apardığı dəqiqləşdirməni (bax: hazırkı qətnamənin 12-17-ci bəndlərinə) hesab edir ki, iddiaçı tərəfindən apellyasiya icraatı zamanı təklif etdiyi kompensasiya məbləğinə - 15.000 manata cavabdeh daha uzun müddət ərzində, yəni davamlı sürətdə başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir.

33. Buna görə də, Məhkəmə iddiaçının hazırda təklif etdiyi 15.000 manat məbləğində kompensasiyanı ağlabatan və ədalətli hesab edir. h) apelyasiyanın nəticəsi

34. Göstərilənlərə əsasən apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi cavabdehin mübahisəli mənzildən istifadə hüququna kompensasiya ödənilməsi yolu ilə xitam verilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

35. Bununla belə, Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallar, ekspert rəyi və apellyasiya baxışı zamanı tərəflərin ifadə etdikləri mövqelər nəzərə alınmaqla iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləği artırılmalıdır. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi iddiaçı tərəfindən cavabdehə ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, kompensasiyanın məbləğ 15.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 və 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli qətnamə iddiaçı İddiaçı tərəfindən cavabdeh Cavabdeh xeyrinə ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin və həmin məbləğ 15.000 (on beş min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə, yəni cavabdeh Cavabdeh kompensasiya verilməklə, onun iddiaçı İddiaçı mülkiyyətində olan və Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsi, 9 mərtəbəli ** saylı binanın 9-cü mərtəbəsində yerləşən 3 otaqlı 45-ci mənzildən istifadə hüququna xitam verilməsi, iddianın verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun iddiaçının özünə aid edilməsi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh özünə aid edilsin. İş üzrə tərəflər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar