Məhkəmə qərarları › İş №2(3-6)-805/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-805/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-805/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh Şaiq oğluna qarşı iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanan ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

2. ##.##.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən, ödəniləcək məbləğin ##.##.2024 – ##.##.2025-ci il tarixləri arasında hər ay 44.5 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

3. ##.##.2024-cü il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, cavabdeh Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

4. İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı MMC müqavilədə göstərilən malı müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malı müqavilədə göstərilən şərtlərlə qəbul edir.

5. ##.##.2024-cü il tarixli ödəniş cədvəlinə əsasən, ödəniləcək məbləğin ##.##.2024 – ##.##.2026-cı il tarixləri arasında hər ay 194.41 manat olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

6. ##.##.2024-cü il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktından müəyyən olunur ki, cavabdeh Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir.

7. ##.##.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli nisyə alğı-satqı müqavilələri üzrə borcundan 1516.57 manat ödəmiş, 4223.27 manat əsas borca görə ödənilməmiş məbləğ, 422.33 manat cərimə olmaqla, cəmi 4645.60 manat məbləğində borcu qalmışdır.

8. İddiaçı MMC-nin ##.##.2025-ci il tarixli məktubu ilə, Cavabdeh borcunu ödəməsi təklif olunmuş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən, Apple Macbook AİR 13, X1, Zəmanət + 2 il xidməti üçün 4091.84 manat ödənilməmiş hissə və 409.18 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləsinə əsasən, Xiaomi Pad 6 üçün 131.43 manat ödənilməmiş hissə və 13.14 manat cərimə olmaqla, ümumilikdə 4645.60 manat borc və 66.46 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Cavabdeh alınaraq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli müqavilələrə əsasən, Apple Macbook AİR 13, X1, Zəmanət + 2 il xidməti, Xiaomi Pad 6 almış və nəticədə 4645.60 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 4938.84 manat olan Apple Macbook AİR 13, X1, Zəmanət + 2 il xidməti üçün ümumilikdə 4501.02 manat olmaqla ondan, 4091.84 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 409.18 manat cərimə, ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 801 manat olan Xiaomi Pad 6 üçün ümumilikdə 144.57 manat olmaqla ondan, 131.43 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.14 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1516.57 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

11. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.M.Miriyeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ******** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 4091.84 manat əsas və 50 manat cərimə, ##.##.2024-cü il tarixli, ******** nömrəli nisyə alğı-satqı müqaviləsi üzrə 131.43 manat əsas və 1 manat cərimə olmaqla, cəmi 4274.27 manat pul və 62.74 manat dövlət rüsumunun iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyin istinad olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malları borcluya vermişdir. Borclu isə alğı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən iki alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 4223.27 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir.

13. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir.

14. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən ##.##.2024-cü il tarixli müqavilə üzrə 409.18 manat, ##.##.2024-cü il tarixli müqavilə üzrə isə 13.14 manat olmaqla, ümumilikdə 422.32 cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir.

15. Məhkəmə hesab etmişdir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də məhkəmə hesаb etmişdir ki, cаvаbdehdən öz öhdəliyini lаzımıncа yerinə yetirməməkdə ifаdə оlunаn ümumi mаrаqlа оnlаrın mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin miqdаrının аzаldılаrаq ##.##.2024-cü il tarixli müqavilə üzrə 50 manat, ##.##.2024-cü il tarixli müqavilə üzrə 1 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər.

16. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 62.74 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 462.1, 462.2, 467, 567, 600.4, 601.1, 601.2-ci maddələrinə, Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin “Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh оlunmаsınа dаir ## #### 2009-cu il tаrixli Plenum qərаrına, Mülki Prosessual Məcəllənin 119.1, 284-2, 284-5.1, 284-5.2, 284-6.1, 284-6.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının məhkəməyə iddia ərizəsi ilə təqdim etdiyi sənədlər əsasında birtərəfli olaraq qətnamə qət etmişdir. Həmçinin qeyd etmək istərdi ki, qeydiyyat ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 - Suraxanı RPİ-nin inzibati ünvanı olduğu üçün, onun gedən prossesdən heç bir xəbəri olmamış və məhkəmə tərəfindən göndərilmiş heç bir məhkəmə bildirişi ona çatırılmamışdır. Məhkəmənin qət etdiyi məhkəmə qətnaməsinin müəyyən etdi hissəsində qeyd olunmuş “işə tərəflərin təqdim etdiyi sənədlər əsasında” ifadəsi ilə bağlı bildirmək istərdi ki, məhkəmə tərəfindən heç bir bildiriş almadığı üçün, onun tərəf olaraq məhkəməyə təqdim edəcək, bir etirazı və ya fikir bildirmək imkanı olmamışdır. Onun iddiaçıya yaranan borcu qərəzli olaraq olmamışdır. Belə ki, ailəsində səhhəti ilə əlaqədar yaranan narahatçılıqla bağlı ödəmənin mütəmadi olaraq, aybaay ödəməsində çətinlik yaranmışdır. Bu barədə o, dəfələrlə iddiaçıya müraciət edib, çətinliyini bildirib, ona yeni ödəmə cədvəlinin yaradılmasına köməklik göstərilməsini xahiş etdikdə, bu haqda məlumat veriləcəyi söylənilsə də, heç bir məlumat vermədən, barəsində iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə də, qanunu əsaslandırıb, məhkəmə prosesi keçirmədən qətnamə qət etmişdir. Bu səbəbdən də o, ona verilən qanuni hüquqdan istifadə edərək, apellyasiya şikayəti vermək məcburiyyətindədir. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

25. Şikayətə məhkəmə iclasında baxılmasını zəruri edən hallar aşkar edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işin faktiki hallarına və işdə olan sübutlara əsasən müəyyən olunur ki, tərəflər arasında ##.##.2024-cü il və ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqavilələri bağlanmış, cavabdeh müqavilə predmeti olan məhsulları tam və qüsursuz şəkildə təhvil almaqla, müəyyənləşdirilmiş məbləği razılaşdırılmış müddətdə ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini tam icra etməmişdir.

28. Mülki qanunvericiliyin tələblərinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

29. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə müqavilə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçının verilmiş əşyanın ödənilməsini tələb etmək hüququ vardır.

30. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində müqavilə üzrə öhdəliklərini sonradan səhhəti ilə əlaqədar yerinə yetirə bilmədiyini göstərmişdir. Bununla bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə əsasən cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və səhhətində yaranmış problemlərin mövcudluğu onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icra edilməsindən azad edilməsi üçün əsas deyil.

31. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən, işə sadələşdirilmiş icraat qaydasında, yəni məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı olduğundan tərəflərin məhkəmə iclasında iştirakı qanunvericilikdə nəzərdə tutulmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

34. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar