Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-829/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş (Açar sözlər: «avtomobil lizinqi müqaviləsi üzrə pul tələbi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-70/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: xx.xx.2022-ci il tarixli İF/06051 saylı X2 müqaviləsinə əsasən "xxxx" MMC tərəfindən ilkin 5000 manat avans ödənilmək şərti ilə qiyməti 22000 manat olan “İnfiniti FX-35” MİNİK markalı 77AX134 dövlət qeydiyyat nişanlı avtomobil illik 36 faiz ilə, 36 ay müddətinə Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmiş və lizinq alan isə vaxtında lizing ödənişlərinin edilməsini öhdəsinə götürmüşdür. Daxili Lizinq müqaviləsinə əsasən lizinq Alan müvafik standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etməklə lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etməli, lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, lizinq obyektinin təmiri ilə bağlı bütün xərcləri ödəməli, təslim aktı imzalandığı andan müqaviənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi və zədələnməsi riski lizinq alana keçir.
2. "xxxx" MMC tərəfindən Cavabdeh qiyməti 22000 manat olan İnfiniti FX-35 MİNİK markalı 77AX134 dövlət qeydiyyat nişanlı avtomobil bütün ehtiyyat hissələri və texniki sənədləri ilə birlikdə isitismara tam yararlı vəziyyətdə xx.xx.2022-ci il tarixdə təhvil verilib.
3. Cavabdeh qiyməti 17000 manat olan İnfiniti FX-35 MİNİK markalı 77AX134 dövlət qeydiyyat nişanlı avtomobilə görə "xxxx" MMC-yə 36 ay müddətinə hər ay 778,66 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli müstəqil ekspert X1 tərəfindən verilmiş rəydə İnfiniti FX-35 MİNİK markalı 77AX134 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyanın məbləği 1730 manat təşkil etmişdir.
5. xx.xx.2025-ci il tarixli avtomobilnin qalıq hissələrinin qiymətləndirilməsinə dair aktdan göstərilib ki, xx.xx.2022-ci il tarixli İF/06051 saylı daxili maliyyə lizing müqaviləsinə əsasən "xxxx" MMC-yə məxsus İnfiniti FX 35 minik markalı, ** AX *** nömrə nişanlı,ban JN8AS05Y67X011409, 2007-ci il buraxılış, Qara rəngdə) dövlət qeydiyyat nişanlı avtomobilə lizinq təminatı verilmişdir. xx.xx.2023-cü il tarixdə göstərilən avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümümi məbləği 1730,00 AZN (bir min yeddi yüz otuz manat) təşkil etmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, həmin avtomobilin real dəyəri 15 000,00 AZN (on beş min manat) məbləğində təşkil etmişdir. Atomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zəruri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 13 270,00 AZN(on üç min iki yüz yetmiş manat) məbləğində müəyyən olunmuşdur.
6. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli İF/06051 saylı X2 müqaviləsinə əsasən əsas - 16243,24 manat, faiz 633,46 manat, dəbbə 70,02 manat olmaqla cəmi 16946,72 manat borcu yaranmışdır.
7. **-AX-*** dövlət qeydiyyat nişanlı “İnfiniti FX-35” markalı avtomobilin qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən "xxxx" MMC-nin mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı lizinq müqaviləsinə əsasən hesablanmış borc pul tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06051 saylı X2 müqaviləsi üzrə 3676,72 manat borc, 64 manat inzibati cərimələr və dövlət rüsumu olaraq ödədiyi 57,40 manat məbləğin, iddiaçı "xxxx" MMC-nin xeyirinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş edib
9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2466/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülk iş iddia icraatına keçirilmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2466/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.
11. İddiada göstərilib ki, lizinq obyektinin qiyməti ümumi borcdan çıxdıqdan sonra cavabdehin hal-hazırda (16946.72- 13270.00=) 3676.72 AZN (üç min altı yüz yetmiş altı manat yetmiş iki qəpik) borc və 64.00 AZN (altmış dörd manat) yol hərəkəti qaydalarının pozulmasına görə yaranan inzibati cərimələr təşkil edir.
12. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi xx.xx.2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə ərizə verərək məhkəmə iclasını onun iştirakı olmadan keçirməyi və cavabdehdən xx.xx.2022-ci il tarixli İF/06051 saylı X2 müqaviləsi üzrə 3676.72 manat borcun ödənilməsi və dövlət rüsumu olaraq ödədiyi 57.40 manat məbləğin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul olunmasını xahiş etmişdir.
13. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-70/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddianın qismən təmin edilməsi, Cavabdeh lizing müqaviləsi üzrə yaranmış borca görə 1171(min yüz yetmiş bir) manat və iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 31,71(otuz bir manat yetmiş bir qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, "xxxx" MMC- ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli İF/06051 saylı X2 müqaviləsinə əsasən 2007-ci il buraxılışlı, "İnfiniti FX35 minik" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh üç ay ödəniş olunduqdan sonra yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisədən sonra cavabdeh qəzalı vəziyyətdə olan avtomobili təşkilata təhvil vermişdi. Lizinq obyekti müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi aktına əsasən 13270 manat dəyərində qiymətləndirilmişdir. Cavabdeh müqavilə müddəti ərzində 2559 manat ödəniş etmişdir. Sadalananlar mülki işin mübahisəsiz hallarıdır. İddiaçı qeyd edib ki, cavabdehin müqavilə üzrə xx.xx.2023-cü il tarixinə olan əsas borcu 16243.24 manat, faiz borcuna görə 633.46 manat, cərimə borcuna görə 70.02 manat olmaqla cəmi 16946.72 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən lizinq obyektinin qiyməti ümumi borcdan çıxmaqla 3676.72 (169xx.xx-13270.00) manat borc tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, hesablanmış borc məbləğini mübahisələndirmişdir. Məhkəmə müvafiq mülki işin mübahisələndirilən hallar üzrə qiymətləndirmə və mühasibatlıq ekspertizalarını təyin etmiş və müvafiq olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9269 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2007-ci il buraxılışlı, "İnfiniti FX35 minik" markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təyinatı üzrə istifadəyə yararlı (normal vəziyyətdə) 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 17000.00 manat təşkil etmişdir. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9269 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən İF/06051 saylı Daxili Lizinq müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə "xxxx" MMC-yə cəmi 2.559,00 manat məbləğində pul vəsaiti ödəmişdir, onun da 1097,19 manat əsas borca görə, 1461,18 manat isə faiz borcuna görədir. Beləliklə məhkəmə ekspertiza rəylərini əsas götürərək, avtomobilin geri qaytarıldıqdan sonra dəyərinin 13270 manat məbləğində qiymətləndirilməsini və cavabdeh tərəfindən avtomobil qaytarılan zaman müqavilə üzrə iddiaçıya ödənilmiş cəmi 2.559 manat məbləğində pul vəsaitinin təşkil etdiyini nəzərə alaraq qeyd edir ki, cavabdehin hazırda iddiaçıya borcu 1171 manat təşkil edir. Belə ki, müqavilə üzrə müəyyən edilmiş əsas borcdan(17000 manatdan) ümumən ödənilmiş məbləğ(2559 manat) və avtomobilin qəzalı vəziyətdəki dəyəri (13270 manat) çıxıldıqdan sonra iddiaçıya olan borc məbləğini 1171 manat təşkil edir
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş edib göstərir ki, məhkəmə cavabdehin ödədiyi ümumi məbləği əsas borcdan çıxmaqla səhvə yol vermişdir. Əgər şəxsin xx.xx.2023-cü il tarixinə qədər ödədiyi ümumi borcu (əsas və faiz(mükafat) ödəməli olduğu borcdan çıxmaq qənaətinə gəlirsə, onda ödədiyi ümumi borcu həmin tarixə qədər ödəməli olduğu ümumi borcdan çıxmalıdır(17000x136 günün faizi). Belə ki, cavabdehin xx.xx.2023-cü il tarixinə qədər olan əsas və faiz borcu 19312 manat təşkil edir. Tərəf olaraq hesab edir ki, müqavilə üzrə yaranmış əsas və faiz borcdan (19312 AZN) (yalnız əsasdan deyil, müqavilədə həm əsas, həm faiz borcun ödənilməsi nəzərdə tutulub)ödədiyi (2559 AZN) və avtomobilin qəzalı vəziyyətdəki dəyəri (13270 AZN) çıxıldıqdan sonra iddiaçıya olan borcu 3482 manat təşkil edir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
15. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmiş ərizədə nümayəndəsinin xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş edilmiş, lakin üzrlü səbəb barədə sübut təqdim edilməmiş, cavabdeh isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Maddə 748-1.8. Lzinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Maddə 748-1.9.Lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
18. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi üçün əsas ola bilməz.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığındandan, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
25. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
26. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
27. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
28. Əvvəla, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır(MM.m.750). İşin mübahisəsiz halıdır ki, lizinq obyekti olan avtomobil ilkin 5000 manat avans ödənilmək şərti ilə qiyməti 22000 manat müəyyən edilmiş və müqavilənin də lizinq alan tərəfindən həmin avans məbləği ödənildikdən sonra bağlanması nəzərdə tutulmuşdur. Ona görə də sözügedən X2i müqaviləsi bağlanarkən ödəniş cədvəlində lizinq məbləği 22000 manat deyil, 17000 manat qeyd olunub. Demək ki, iddiaçı hazırkı iddianı irəli sürərkən öz mənafeyini düşündüyü halda qarşı tərəfin də düşdüyü real vəziyyəti, yəni lizinqə verilən avtomobilin cəmi 3-4 ay müddətində cavabdehin istifadəsində olmasına görə həm avans, həm də lizinq ödənişləri etməklə kifayət qədər yüksək məbləğ ödənilməsini, sığorta ödənişinin alınmamasını nəzərə almalı idi.
29. Bundan əlavə, birinci instansiya məhkəməsi cavabdehin müqavilə üzrə ödədiyi ümumi məbləği əsas borcdan çıxmaqla səhvə yol verməyib. Çünki cavabdehin yol nəqliyyat hadisəsi baş verənədək ödədiyi məbləğ ödəniş cədvəli üzrə əsas borcla yanaşı paralel olaraq faiz(mükafat) üzrə də silinib. İddiaçı isə borcun ödənilməsi qaydası ilə bağlı halları mübahisələndirməyib. Özü iddia ərizəsində qeyd edir ki, üç ay ödəniş olunduqdan sonra lizinq obyektinin sürücüsü yol nəqliyyat hadisəsi törətdiyi üçün avtomobil təhvil verilib. Ona görə də məhkəmə haqlı olaraq müqavilə üzrə müəyyən edilmiş əsas borcdan(17000 manatdan) ümumən ödənilmiş məbləğ(2559 manat) və avtomobilin qəzalı vəziyətdəki dəyəri (13270 manat) çıxıldıqdan sonra iddiaçıya olan borc məbləğinin 1171 manat təşkil etdiyi qənaətinə gəlib. Cavabdehin ödədiyi ümumi borcu iddiaçının təyin etdiyi xx.xx.2023-cü il tarixə qədər olan borcdan çıxılmalı olması barədə dəlilləri isə əsaslı deyildir.
30. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə təmin olunmaması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda lizinq münasibətlərindən əmələ gələn öhdəliklər və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-70/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-70/2025 saylı, 11 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.