Məhkəmə qərarları › İş №2(3-6)-832/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-832/2026

03.03.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-832/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 2(011)-5164/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı1 Firudin oğlu ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0067/DLİZ nömrəli və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 03/0067/DLİZ nömrəli zaminlik müqavilələrin etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5164/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı X4 tərəfindən qərardaddan şikayət verilmiş, eyni zamanda qərardaddan şikayətin verilməsi müddətinin bərpa edilməsi barədə ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin 2(011)-5154/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı vəkilin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmişdir. İddiaçı rayon məhkəməsinin qərardadını əsassız hesab edərək, AR MPMnin 10-1.3 və 363.1.5-ci maddəsini rəhbər tutaraq, ondan şikayət (apellyasiya şikayəti ) vermək niyyətində olmuşdur. Lakin, apellyasiya şikayətini məhkəmənin elektron sistemdə yerləşdirmək istəyərkən müəyyən olunmuşdur ki məhkəmə tərəfindən məhkəmə aktını nömrəsi gücləndirilmiş rejim üzrə məhkəmə elektron sisteminə düzgün yerləşdirilməmiş, yəni məhkəmənin aktı 2(011)-5154/2025-020 nömrəsi ilə yerləşdirilməli olduğu halda bu nömrə altında qərardad yerləşdirilməmişdir. Məhkəmə aktının nömrəsi düzgün yerləşdirilmədiyi üçün elektron sistem apellyasiya şikayətini qəbul etməmişdir, şikayəti sistemə yükləmək mümkün olmamışdır. Göstərilən texniki səhvin aradan qaldırılması üçün qərardadı qəbul etmiş məhkəməyə ərizə ilə müraciət edilmişdir, məhkəmə aktının nömrəsinin elektron sistemə düzgün yüklənilməsi xahiş edilmişdir. Bundan sonra məhkəmə tərəfindən texniki səhv aradan qaldırılmışdır və 2(011)-5154/2025-020 nömrəli məhkəmə aktı gücləndirilmiş elektron rejim üzrə sistemə yüklənilmişdir. Lakin, elektron sistemdə olan texniki problemin aradan qaldırılması üçün müəyyən vaxt tələb etmişdir və bu səbəbdən prosessual müddət (cəmi 10 gün) iddiaçı tərəfindən iradəsindən asılı olmayan səbəblərə görə ötürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən prosessual müddətin keçirilməsi səbəblərin üzrlü hesab edilməsi və həmin müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsi xahiş edilmişdir. Rayon Məhkəməsinin 2(011)-5164/2025 saylı xx.xx.2026-cı il tarixli qərardadına əsasən İddiaçı1 qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmamış, qərardaddan şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Cavabdehnə qarşı İddiaçı1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 11 iyul 2019-cü il tarixli 03/0067/DLİZ nömrəli və İddiaçı2 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 11 iyul 2019-cü il tarixli 03/0067/DLİZ nömrəli zaminlik müqavilələrin etibarsız sayılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir və həmin qərardad vəkilin elektron kabinetində xx.xx.2025-ci il tarixdə yerləşdirılmişdir. Həmin qərardadı qanunsuz və əsassız hesab edərək ondan apellyasiya şikayəti verilmişdir. Eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi haqqında məhkəməyə ərizə verilmişdir. Belə ki, həmin müddət məhkəmənin təqsiri üzündən buraxılmışdır, hansı ki, qəbul etdiyi 2(011)- 5154/2025-020 nömrəli məhkəmə aktını elektron sistemə yükləməmişdir, ona görə elektron sistem vasitəsilə apellyasiya şikayəti yükləmək mümkün olmamışdır. Odur ki, xx.xx.2025-ci il tarixli qərardad əsassız olduğundan onun ləğv edilməsi xahiş olunur. Rayon məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etsə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmənin ilk növbədə müəyyən etməli olduğu məsələ bərpası istənilən müddətin ötürülməsinin səbəblərinin üzrlü olub-olmamasıdır. MPM-in 47.1-ci maddəsində təsbit olunmuşdur ki, işdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə mane törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli qərardad xx.xx.2025-ci il tarixində iddiaçının nümayəndəsi və vəkili X2 elektron kabinetinə yerləşdirilmişdir. Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (i\v səh. 95) də müəyyən olur ki, xx.xx.2025-ci il tarixində iddiaçı X3 qərardad rəsmi qaydada verilmişdir. İddiaçının qərardaddan şikayəti isə xx.xx.2025-ci il tarixində “Elektron Məhkəmə” İnformasiya sistemində elektron kabinet vasitəsilə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, “Elektron Məhkəmə” İnformasiya sistemindən müəyyən olduğu kimi mülki iş üzrə icraata xitam verilməsi barədə qərardadın çıxarışı xx.xx.2025-ci il tarixində imzalanmışdır. Daha sonra qərardadın əsas mətni xx.xx.2025-ci il tarixində “Elektron Məhkəmə” İnformasiya sistemində yerləşdirilmiş və imzalanmışdır. Qeyd edilən məhkəmə aktı 2(011)-5164/2025-020 nömrə ilə qeydə alınmışdır. Göründüyü kimi, məhkəmə aktı nəticəsi və əsas mətni “Elektron məhkəmə” İnformasiya Sisteminə düzgün yerləşdirilmiş, rayon məhkəməsi tərəfindən hər hansı texniki səhvə yol verilməmişdir. Bundan başqa sözü gedən məhkəmə aktı ilə bağlı İnformasiya Sistemində hər hansı düzəliş edilməsi də müəyyən edilmir. MPM-in 134-cü maddəsində işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan məhkəmə sənədləri sırasında məhkəmə aktları da göstərilmişdir (maddə 134.1.5). Bundan başqa, MPM-in 134, 135-ci, 244-cü, 268.1-ci, 282-ci, 360-cı, 404.0.1- 405.0.2-ci, 423.4-cü maddəsinin birinci cümləsi və şikayət verilməsini nəzərdə tutan sair maddələrinin sistematik təhlilindən bəlli olur ki, məhkəmə aktlarından şikayət verilməsi müddətinin hesablanması konkret olaraq mübahisələndirilən məhkəmə aktının şəxsə rəsmi qaydada verildiyi günlə müəyyən olunmuşdur. Həm də müəyyən olunur ki, prosessual qanunvericiliyin həmin tələbi imperativ xarakter daşıyır. Məhkəmə prosessual qanunvericilikdə məhkəmə aktlarının rəsmi verilməsinə dair nəzərdə tutulan tələbin məqsədi barədə xüsusi olaraq qeyd edir ki, əslində burada güdülən məqsəd tərəfin və ya maraqlarına toxunan digər şəxsin qəbul olunan məhkəmə akı barədə məlumatlı olmasını təmin etməkdir. Başqa sözlə desək, burada güdülən əsas məqsəd tərəfin və ya məhkəmə aktı ilə maraqlarına toxunan digər şəxsin qəbul olunmuş məhkəmə aktından xəbərdar olmasına və onun məlumatlandırılmasına nail olmaqdır. Bu baxımdan, həmin tələbin imperativ xarakterli olması da, heç bir halda istinad olunan normaların təfsirinin (yozumunun) yolverilməz olması, eləcə də bütün hallarda onların hərfi mənada tətbiq edilməsi kimi başa düşülə bilməz. Bu cür yanaşma həm də ona görə əsaslı sayılmayacaqdır ki, bu, işlərə baxılmasının ağlabatan müddətlərdə həyata keçirilməsi, başlıcası isə, qanunun aliliyinin ümdə tərkib hissəsi olan və hamılıqla qəbul olunmuş hüquqi müəyyənlik prinsipinə cavab vermir. Demək ki, işin hallarından asılı olaraq məhkəmələr mübahisələndirilən məhkəmə aktının rəsmi olaraq verilmədiyi halda belə, şəxsin həmin məhkəmə aktından xəbərdar və məlumatlı olması qənaətinə gələ bilər. Beləliklə də qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının prosessual müddəti ötürməsi ilə bağlı ərizəsində qeyd etdikləri üzrlü səbəb kimi qiymətləndirilə bilməz, buna görə də rayon məhkəməsi haqlı olaraq müddətin bərpa edilməsindən imtina etmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçı tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-5164/2025 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar