Məhkəmə qərarları › İş №2(3-6)-868/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-868/2026

02.09.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-868/2026 02.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Yusifova İradə Ağa Bala qızının cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (X4, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil1, Üçüncü şəxs X4 nümayəndəsi-vəkili vəkil2 iştirakları ilə, İddiaçı Yusifova İradə Ağa Bala qızının cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (X4, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən üçüncü şəxs X4 verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI

1. İddiaçı Yusifova İradə Ağa Bala qızı cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə qarşı (X4, X1 və X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X2 Abgül oğlundan miras qalmış «xxxx» adlanan daşınmaz əmlak olan kafe və 10-BA021 dövlət qeydiyyat nişanlı Qaz-21 markalı («Volqa») avtomobilin qanun üzrə vərəsəliklə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, atası X2 Abgül oğlu ##.##.2023-cü il tarixdə ürək çatışmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Bu barədə AZ-II № ****** nömrəli ölüm haqqında şəhadətnamə təqdim olunmuşdur. Atasından qalan miras əmlakın tərkibinə «xxxx» adlanan daşınmaz əmlak olan kafe və dövlət qeydiyyat nişanı **-BA-*** olan «Qaz 21» markalı «Volqa» avtomobili daxildir. O və qardaşları həmin əmlaka sahiblik etməklə, qardaşlarından biri X4 həmin əmlakı faktiki idarə edir. Lakin, 2024-cü ilin aprel ayından etibarən qardaşları onu həmin kafenin sahibliyindən kənarlaşdıraraq əldə olunmuş qazancdan verməkdən imtina etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli ##.##.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarına əsasən ünvan 3 ünvanda yerləşən * saylı «Azərbaycan xörəkləri» yeməkxanasına dair X3 Abgül oğlunun adına verilmiş – ##.##.2004-cü il tarixli ****** nömrəli və yeməkxananın yerləşdiyi 269,8 m2 torpaq sahəsinə dair «xxxx» firmasının adına verilmiş ##.##.1998-ci il tarixli, ****** nömrəli şəhadətnamələrin mövcud olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mərhumun vərəsəsi olmasını təsdiq edən notarius məktubu, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyatın aparılmasına dair onun və «xxxx» firmasının razılıq ərizələri ilə «ASAN Xidmət» mərkəzinə müraciət edəcəyi təqdirdə ərizəsinə baxılacaqdır. Qardaşları tərəfindən miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd ona qərəzli olaraq təqdim edilmir. Digər tərəfdən, Bakı şəhəri ** saylı notariat ofisi mərhumun vərəsəsi olmasına dair təsdiqedici notarius məktubu verməsinə dair ##.##.2024-cü il tarixli müraciətinə zəruri sənədləri təqdim edə bilməməsi və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmadığından vərəsəlik işinin açılmasından imtina edilməsinə dair cavab məktubu göndərmişdir. Digər vərəsələr onu miras əmlakın istifadə edilməsindən məhrum etməklə yanaşı, mirası bölüşdürmək niyyətində olmaları barədə heç bir bildiriş göndərməyərək faktiki olaraq miras əmlaka sahib çıxmışlar. Baxmayaraq ki, o, miras əmlakdan imtina etməmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli iş üzrə ## #### 2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, miras qoyan X3 Abgül oğlundan miras qalmış aşağıdakı miras əmlaklar: 1. ##.##.2004-cü il tarixli ****** nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 1ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi (* saylı “Azərbaycan xörəkləri yeməkxanası”); 2. «xxxx» firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % pay (19.367,28 manat); 3. «Qaz-21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində Yusifova İradə Ağa Bala qızının, maraqlı şəxs1, maraqlı şəxs3 və maraqlı şəxs2 hər birinin 1/4 hissədə paylarının müəyyən edilməsi və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri ** saylı notariat ofisinə həvalə edilməsi qət edilmişdir.

4. . Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X3 Abgül oğlu ##.##.2023-cü il tarixdə vəfat etmiş, ondan - ünvan 3ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi; «xxxx» firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % payı (19.367,28 manat); eləcə də, «Qaz-21» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyanın vəsiyyətnaməsi mövcud deyildir. Qanun üzrə vərəsələr arasında razılaşma olmadığından miras əmlaka vərəsəlik hüququnun notariat orqanında rəsmiləşdirilməsi mümkün olmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı notariat orqanına müraciət etsə də, onun müraciətlərinə cavab olaraq vərəsələr arasında konflikt olması göstərilməklə müraciətdən imtina edilmişdir. Hazırki məhkəmə araşdırması zamanı maraqlı şəxs maraqlı şəxs1 nümayəndəsi (vəkili) iddiaçının notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməməsini əsas gətirməklə iddianın rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsinin (vəkilinin) qeyd edilən dəlili ilə bağlı məhkəmə bildirir ki, mərhum miras qoyan ##.##.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən ilkin olaraq notariat orqanına 2024-cü ilin may ayında müraciət etməsi müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Yəni Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarının hazırki münasibətə tətbiqinin mümkünlüyü baxımından qeyd edilməlidir ki, iddiaçı atasının ölümündən sonrakı 6 ay ərzində vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etmişdir. İddiaçı miras əmlakdan imtina etməmişdir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi onun həmin əmlakdan imtinası kimi qiymətləndirilməməlidir. İddiaçı da digər qardaşları kimi atasınının qanun üzrə birinci dərəcəli vərəsəsidir və onu miras əmlaka hüquqları tanınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı tələbində miras əmlakı faktiki qəbul etməsini və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin alınmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə prosessual qənaət prinsipi baxımından onun tələbində göstərilməsə də, miras əmlaka hüquqların vərəsəlik qaydasında tanınması halında vərəsələrin həmin əmlakdakı paylarının da müəyyən edilməsini qətnamədə qət etməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlmişdir ki, mərhum miras qoyan X3 Abgül oğlundan miras qalmış əmlaklar üzərində onun birinci dərəcəli vərəsələri olan iddiaçı Yusifova İradə Ağa Bala qızının, maraqlı şəxs1, maraqlı şəxs3 və maraqlı şəxs2 bərabər şəkildə pay almaq hüquqları qanunvericilikdə təsbit olunmaqla, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134.1, 1151.1, 1159.1, 1243.2, 1246, 1321.1, 1321.2, 1321.3-cü, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ##.##.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli, M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə, 29-cu maddəsinin İ, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il ## ####### tarixli qərarlarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır.

5. Üçüncü şəxs X4 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin qismən – qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin Bakı şəhəri ** saylı notariat ofisinə həvalə edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin üçüncü şəxsin özünə aid edilməsi qət edilmişdir.

7. Üçüncü şəxs X4 (vəkil vəkil2) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il, 2(103)- ****/****-ci saylı qətnaməsinin mirasın bölüməsi hissəsində ləğv edilməsi və kassasiya şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ilə üçüncü şəxs X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ

9. Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarından göründüyü kimi iddiaçı ilk dəfə ##.##.2024-cü il tarixdə atasınıın ölümündən sonrakı 6 aydan çox müddət keçdikdən sonra vərəsəliyin rəsmiləşdirləməsi üçün notariat orqanına müraciət etmişdir. Məhkəmə bunu əsas edərək iddianı təmin etmiş və bu fikrə gəlmişdir ki, şəxs mirasdan imtina etməmişdir. Halbuki, Konstitusiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarına əsasən bu qərar qüvvəyə minəcək vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. X3 Abgül oğlu ##.##.2023-cü ildə vəfat etmiş qızı Yusufova İradə isə vərəsəlik şəhadətnaməsi almaq üçün ilk dəfə ##.##.2024-cü ildə müraciət etdiyindən demək o, 6 aylıq müddəti ötürmüşdür. Lakin məhkəmə bunu nəzərə almamış və qanusuz qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə iş üçün əhəmiyyətli olan bütün faktiki halları araşdırmamış, digər üçüncü şəxslərin də konstitusion hüquqlarını pozmuşdur. Miras qoyan öldükdən sonra iddiaçı 3 ay müddətində müvafiq notariat ofisinə mirasın açılması ilə əlaqədar müraciət etməli idi. Lakin iş materiallarından göründüyü kimi həmin müraciət ##.##.2024-cü il tarixdə olunmuş və notarius iş üzrə iddiaçıya vərəsəliyin açılması üçün müvafiq sənədləri təqdim edilməsini bildirmişdir. Buna baxmayaraq iddaçı vərəsəliyinin açılması üçün qeyd olunan sənədləri təqdim etməmişdir. Məhkəmə qətnamənin “qət etdi” hissəsində əmlakı bütün vərəsələrə münasibətdə bölmüşdür. Halbuki, iddiaçı öz iddia tələbində əmlakların digər vərəsələr arasında bölünməsini istəməmişdir. Göründüyü kimi, məhkəmə iddia tələbindən kənara çıxmışdır.

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

13. * saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin ## ####### 2024-cü il tarixli **/Q-****/** saylı arayışın surətindən görünür ki, X2 Abgül oğlu ilə X10 Xəlfə Qulu qızı arasında nikah ## ####### 1958-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində **** saylı akt qeydi ilə bağlanmışdır.

14. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli AZ-T seriyalı ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yusifova İradə Ağa Bala qızı ##.##.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X2 Abgül oğlu, anası Yusifova SəhətX13dır.

15. * saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli AZ-II seriyalı ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Yusifova SəhhətX13 ##.##.2022-ci il tarixdə Bakı şəhərində, durğunluq ürək çatmamazlığından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında ## ####### 2022-ci il tarixdə *** saylı akt qeydi aparılmışdır.

16. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli AZ-II seriyalı ****** saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Abgül oğlu ##.##.2023-cü il tarixdə Bakı şəhərində, durğunluq ürək çatmamazlığından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında ## ###### 2023- cü il tarixdə **** saylı akt qeydi aparılmışdır.

17. Yusifova İradə Ağa Bala qızının Bakı şəhəri ** saylı Notariat Ofisinə ünvanlanmış ərizəsində qeyd olunur ki, atası X2 Abgül oğlunun ölümü ilə əlaqədar altı ay ərzində iki dəfə müraciət edilərək vərəsəlik şəhadətnaməsi almaq istəsə də, ərizəsi qəbul edilməmiş və ona bunun səbəbi yazılı bildirilməmişdir.Odur ki, ərizəsini poçt vasitəsilə göndərmək məcburiyyətindədir.Poçt qəbzinə əsasən İradə Yusifovanın ** saylı notariat ofisinə məktubu ##.##.2024-cü il tarixdə poçta təqdim edilmişdir.

18. Yusifova İradə Ağa Bala qızının Bakı şəhəri ** saylı Notariat Ofisinə ünvanlanmış ərizəsində qeyd olunur ki, atası X2 Abgül oğlu ##.##.2023-cü il tarixdə ürək çatışmazlığı səbəbindən dünyasını dəyişmiş, bu barədə AZ-II№****** nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir. Atasından qalan miras əmlakın tərkibinə xxxx adlanan daşınmaz əmlak olan kafe və dövlət qeydiyyat nömrəsi ** BA *** olan Qaz 21 markalı Volqa avtomobilidir. O və qardaşları həmin əmlaka sahiblik etməklə, qardaşlarından biri həmin əmlakı faktiki idarə edir. Ondan başqa qardaşları vərəsələrdir. Vəsiyyət üzrə vərəsələr yoxdur. Qeyd olunanları diqqətə çatdırmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ərizəyə sənədlər əlavə edilmişdir.Poçt qəbzinə əsasən İradə Yusifovanın ** saylı notariat ofisinə məktubu ##.##.2024-cü il tarixdə poçta təqdim edilmişdir.

19. Bakı şəhəri ** saylı notariat ofisinin ## ######## 2024-cü il tarixli məktubunun surətindən görünür ki, Yusifova İradə Ağa Bala qızının ##.##.2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, X2 Abgül oğlunun ölümü ilə əlaqədar vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etdiyi zaman zəruri sənədləri təqdim edə bilmədiyindən və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmamışdır və vərəsəlik işinin açılmasından imtina edilmişdir.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx PHŞ * saylı Bakı Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Yusifova İradə Ağa Bala qızının ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 2430129171 daxil olma nömrəli, ##.##.2024-cü il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirir ki, İdarənin arxiv məlumatlarına əsasən ünvan 1 ünvanda yerləşən * saylı «Azərbaycan xörəkləri» yeməkxanasına dair X2 Abgül oğlunun adına verilmiş ##.##.2004-cü il tarixli ****** saylı və yeməkxananın yerləşdiyi 269,8 m2 torpaq sahəsinə dair «xxxx» firmasının adına verilmiş ##.##.1998-ci il tarixli ****** nömrəli şəhadətnamələrin mövcud olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mərhumun vərəsəsi olmasını təsdiq edən notarius məktubu, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyatın aparılmasına dair onun və «xxxx» firmasının razılıq ərizələri ilə ASAN xidmət mərkəzinə müraciət ediləcəyi təqdirdə ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır.

21. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin ## ###### 2025-ci il tarixli *-**-*-*/*-****/**** saylı məktubundan görünür ki, «xxxx» Firmasının dövlət qeydiyyatı barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, dövlət reyestrində «xxxx» firmasının (VÖEN: **********) ##.##.1997-ci il tarixdə 32734 nömrə ilə dövlət qeydiyyatından keçməsi, nizamnamə kapitalının 20.769,20 manat, təsisçilərinin 19.367,28 manat, 93,25 % payla X2 Abgül oğlu və 1.401,92 manat, 6,75 % payla X32maları barədə məlumat mövcuddur.

22. Azərbaycan Respublikası DİN BDYPİ-nin ##.##.2025-ci il tarixli 3-13-16/2- *****/**** saylı məktubundan və məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, Qeydiyyat- İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ##.##.1933-cü il təvəllüdlü X2 Abgül oğlunun adında ##.##.2009-cu il tarixdən «Qaz 21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır.

23. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx PHŞ-nin ## ###### 2025-ci il tarixli *-**-*-**/*-****/**** saylı məktubundan görünür ki, mərhum X3 Abgül oğlunun və «xxxx» firmasının adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın verilməsi barədə məhkəmənin məktubuna aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «xxxx» publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən mərhum X3 Abgül oğlunun adına ünvan 1ndə yerləşən qeyri-yaşayış sahəsi (* saylı Azərbaycan xörəkləri yeməkxanası) və onun yerləşdiyi torpaq sahəsinə dair ##.##.2004-cü il tarixli ****** nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış binasına dair «xxxx» kiçik müəssisəsinin adına ##.##.2012-ci il tarixində ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sorğuda «xxxx» firmasının VÖEN-i qeyd edilmədiyi üçün sözügedən əmlakların eyni olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

24. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüququ haqqında ##.##.2004-cü il tarixli 003567 №li şəhadətnamənin surətindən görünür ki, X3 Abgül oğlu ünvan 3ndə yerləşən * saylı Azərbaycan xörəkləri yeməkxanasının mülkiyyətçisidir. Bu şəhadətnamə ilə rəsmiləşdirilən * saylı Azərbaycan xörəkləri yeməkxanası X3 Abgül oğlunun xüsusi mülkiyyətidir.

25. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, Babayeva İradə Ağa Bala qızı ##.##.2003-cü ildə ** nömrəli əmrlə “xxxx” firmasına mühasib vəzifəsinə təyin edilib, ##.##.2004-cü il tarixdə ** nömrəli əmrlə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir.

26. Məhkəmə iclasında şahid qismində dindirilən İsayeva Səmayə Feyzulla qızı ifadəsində bildirmişdir ki, iddiaçını tanıyır. Onunla birlikdə “xxxx” kafesində xəmir yeməkləri, düşbərə, qutab və s. hazırlayıblar. İddiaçı hər gün tezdən gəlib işləyib gedirdi. Həmin vaxt onlar orada əmək müqaviləsi ilə işləməyiblər. Gündəlik əmək haqqı alırdılar.

27. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirmişdir ki, iddiaçını 2000-ci ildən tanıyır. Onu kafedə görməyib. Səmayəni də tanıyır. O həmin vaxt orada xəmir xörəkləri hazırlayıb. İddiaçını yalnız atasının yas mərasimində görüb.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş edilir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

31. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin izahatını və apellyasiya instansiya məhkəməsinə təqdim edilmiş sübutları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna (hazırda notariat ofisinə) mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1246 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuşdur). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1255 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiya). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər.

33. Göstərilənlərə baxmayaraq iş üzrə birinci instansiya məhkəməsi məhkəmə mübahisəsini Konstitusiya Məhkəməsinin göstərilən qərarının təsir dairəsinə düşən mübahisə kimi qiymətləndirərək iddianı təmin etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli qərarı qüvvəyə minənədək vərəsəlik hüquq münasibəti yaranıbsa və həmin qərar qüvvəyə minərkən məhkəmə mübahisəsi məhkəmələrin icraatında olmamışdırsa mirasın bölüşdürülməsinə dair məhkəmə işlərində mirasın hansı vərəsə tərəfindən qəbul edilməsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalı və vərəsəlik hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi dəyərləndimə aparılmalıdır.

35. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

37. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

38. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

39. İddiaçı İ.Yusifova cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından müəyyən edilir ki, miras qoyan X2 ## ###### 2023-cü ildə vəfat etmiş, bununla da onun əmlakı barəsində miras açılmışdır. İddiaçı miras qoyanın vərəsəsi kimi miras hüquqlarının rəsmiləşdirilməsi məqsədilə notariat orqanına müraciət etmiş, lakin notarius tərəfindən iş materiallarında göstərilən əsasla notariat hərəkətinin aparılmasından, o cümlədən vərəsəlik hüququnun rəsmiləşdirilməsindən imtina edilmişdir. İddiaçı notariusun imtinasının əsassız olduğunu göstərərək məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə əvvəlki baxış zamanı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

40. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, işə yeni baxılarkən miras münasibətinin yarandığı vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymətləndirmə aparılmalı, mirasın hansı vərəsə tərəfindən qəbul edilməsi və bununla bağlı təqdim edilmiş sübutlar araşdırılmalıdır.

41. Hazırki apellyasiya baxışı zamanı iş üzrə şahidlər dindirilmiş, şahid İsayeva Səmayə Feyzulla qızı iddiaçının mübahisəli restoranda xəmir xörəkləri üzrə yardımçı aşpaz işlədiyini bildirmişdir. Bununla yanaşı, işə yeni baxış zamanı təqdim edilmiş əmək kitabçasından iddiaçının həmin restoranda əmək fəaliyyətinə miras qoyanın sağlığında başladığı müəyyən edilmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir.

43. Miras münasibətinin yarandığı vaxt tətbiq edilməli hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Hazırkı iş üzrə miras qoyan ## ###### 2023-cü ildə vəfat etdiyindən, miras həmin tarixdə açılmış və vərəsəlik hüquq münasibəti həmin tarixdə yaranmışdır. Bu səbəbdən iddiaçının vərəsəlik hüququnun və mirasın qəbul edilməsinin hüquqi nəticələri, ilk növbədə, ## ###### 2023-cü ildə qüvvədə olan maddi hüquq normaları əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarı ilə Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarda isə onun tətbiq dairəsi xüsusi olaraq müəyyən edilərək Qərarın qüvvəyə minməsindən sonra yaranan vərəsəlik münasibətlərinə və Qərar qüvvəyə mindiyi vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə isə miras münasibəti ## ###### 2023-cü ildə yaranmış, iş materiallarından göründüyü kimi, mübahisə Qərarın qüvvəyə mindiyi vaxt məhkəmələrin icraatında olmamışdır. vaxt qüvvədə olmuş maddi hüquq normalarının tələblərinin nəzərə alınmasını tələb etmişdir. Bu səbəbdən həmin Qərarın hüquqi nəticələri hazırkı iş üzrə miras münasibətinin yaranmasına geriyə qüvvə verən maddi hüquq norması kimi tətbiq edilə bilməz. 44.Mirasın faktiki qəbul edilməsi Mirasın açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən miras vərəsə tərəfindən əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlanılması ilə də qəbul edilə bilərdi. Belə qəbul formasının müəyyən edilməsi zamanı vərəsənin konkret davranışlarının miras əmlaka münasibətdə sahiblik və ya idarəetmə xarakteri daşıyıb-daşımaması və həmin davranışların mirası qəbul etmək iradəsini ifadə edib-etməməsi araşdırılmalıdır. Hazırkı işdə şahid ifadəsi ilə iddiaçının mübahisəli restoranda xəmir xörəkləri üzrə yardımçı aşpaz işlədiyi müəyyən edilmişdir. Eyni zamanda əmək kitabçasından onun həmin restoranda əmək fəaliyyətinə miras qoyanın sağlığında başladığı görünür. Məhkəmə kollegiyası hesab edir ki, bu hal iddiaçının restoranda əmək fəaliyyətinin mirasın açılmasından əvvəl də mövcud olduğunu təsdiq edir. Lakin həmin hal iddiaçının mirasın açılmasından sonra miras əmlakla bağlı faktiki davranışlarının hüquqi qiymətləndirilməsini özözlüyündə istisna etmir. Əmək kitabçasında əks olunan məlumat digər sübutlardan təcrid olunmuş şəkildə deyil, iş üzrə sübutların məcmusu daxilində qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmiş digər hallar və şahid ifadəsi ilə birlikdə iddiaçının miras qoyanın ölümündən sonra da mübahisəli əmlakla faktiki əlaqəsinin davam etdiyi müəyyən olunur. Bu baxımdan iddiaçının miras qoyanın sağlığında həmin restoranda işləməsi onun sonrakı faktiki davranışlarının hüquqi qiymətləndirilməsinə mane olan hal kimi qəbul edilə bilməz.Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə sübutların məcmusu iddiaçının mirasın açılmasından sonra miras əmlaka münasibətdə həyata keçirdiyi faktiki hərəkətlərin mirası qəbul etmək iradəsini ifadə etdiyini müəyyən etməyə əsas verir. 45.Notariusun imtinasına hüquqi qiymət Hazırkı mübahisədə notariusun cavabdeh qismində iştirak etməsi və onun tərəfindən verilmiş imtinanın mövcudluğu öz-özlüyündə iddianın rədd edilməsi üçün əsas deyildir. Məhkəmə notariusun imtinasının iş materiallarında göstərilən hüquqi əsasının miras qoyanın ## ###### 2023-cü ildə vəfat etməsi ilə yaranmış vərəsəlik münasibətinə tətbiq edilməli hüquq normalarına uyğun olub-olmadığını müəyyən etməlidir. İddiaçının mirası faktiki qəbul etməsi müəyyən edildiyindən, notariusun imtinasının əsasında duran hal iddiaçının vərəsəlik hüququnun həyata keçirilməsinə maneə kimi qiymətləndirilə bilməz. Başqa sözlə, notariusun imtinasının qanuniliyi mirasın açıldığı tarixdə mövcud olmuş maddi hüquq normaları və həmin normaların faktiki hallara düzgün tətbiqi baxımından qiymətləndirilməlidir. 46.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hüquq və azadlıqlar da təmin edilir. Konstitusiyanın 151-ci maddəsinə əsasən isə beynəlxalq müqavilələrlə qanunlar arasında ziddiyyət olduqda beynəlxalq müqavilələr tətbiq edilir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəməyə müraciət edən şəxsin işinin ədalətli araşdırılmasını təmin edir. Məhkəmə araşdırmasının ədalətliliyi isə tərəfin təqdim etdiyi mühüm sübutların araşdırılmasını və məhkəmə qərarının kifayət qədər əsaslandırılmasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, “qanunilik” yalnız formal hüquqi əsasın mövcudluğunu deyil, tətbiq olunan hüququn keyfiyyətini, onun aydın və proqnozlaşdırılan olmasını da ehtiva edir. Eyni zamanda Konvensiyaya * saylı Protokolun 1-ci maddəsi mülkiyyət hüququnun dinc istifadəsini qoruyur. AİHM-in mövqeyinə görə, “mülkiyyət” anlayışı yalnız mövcud əşya üzərində mülkiyyətlə məhdudlaşmır; müəyyən edilmiş və kifayət qədər əsaslandırılmış əmlak xarakterli hüquq və maraqlar da bu müdafiənin predmetinə çevrilə bilər. Vərəsəlik hüququnun Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüququ ilə sıx bağlılığı nəzərə alınmaqla, vərəsənin artıq yaranmış və qanunla əsaslandırılmış hüququnun həyata keçirilməsinə mane olan məhdudiyyətlər qanuni, əsaslı və mütənasib olmalıdır. Bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarında da ifadə olunmuş vərəsəlik hüququnun təminatı və hüquqi müəyyənlik prinsipləri ilə uzlaşır. Həmin qərarda 1246 və 1273-1-ci maddələrin vərəsəlik hüququnun təminatı və mütənasiblik baxımından qiymətləndirildiyi göstərilir. Lakin hazırkı işdə həmin Qərarın özünün tətbiq dairəsi nəzərə alınmaqla, mirasın açıldığı ## ###### 2023-cü ildə qüvvədə olan hüquqi tənzim tətbiq olunur. Beləliklə, nə Konstitusiya Məhkəməsinin sonrakı Qərarına geriyə qüvvə verilir, nə də miras münasibətinin yarandığı tarixdə mövcud olmuş hüquqi vəziyyət nəzərə alınmadan mübahisə həll edilir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Yusifova İradə miras qoyanın övladı olmaqla qanun üzrə vərəsə sırasına daxildir. İş üzrə üçüncü şəxslər qismində cəlb edilmiş mərhumun digər övladları da qanun üzrə potensial vərəsələrdir. Bununla belə, onların mirası notariat qaydasında qəbul etmələri müəyyən edilməmişdir. Belə ki, iş materiallarında üçüncü şəxslər tərəfindən mirasın qəbulu barədə notariat orqanına ərizə verilməsini təsdiq edən sənədlər, habelə onların adına miras hüququ haqqında şəhadətnamələrin verilməsi barədə məlumat yoxdur. Bununla yanaşı, şəxsin mirasın qəbulu barədə notariat orqanına ərizə verməməsi özözlüyündə mirasın faktiki qəbul edilməməsi barədə qəti nəticə üçün kifayət etmir. Mirasın faktiki qəbuluna yönəlmiş hərəkətlərin olub-olmaması da qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Hazırkı iş üzrə isə üçüncü şəxslərin miras əmlakını faktiki qəbul etdiklərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Bu səbəbdən üçüncü şəxslərin hazırkı mərhələdə miras əmlakında konkret pay sahibi olmuş vərəsələr kimi müəyyən edilməsi üçün əsas yoxdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslərdən birinin apellyasiya şikayəti verməsi onun mübahisənin nəticəsi ilə hüquqi marağının olduğunu göstərir. Lakin apellyasiya şikayəti vermək faktı həmin şəxsin mirası qəbul etmiş vərəsə kimi tanınması üçün hüquqi əsas yaratmır. Həmin şəxsin şikayətində göstərilən dəlillər onun miras qoyanın övladı olması, mirası qəbul edib-etməməsi və miras əmlakına dair konkret hüququnun yaranıb-yaranmaması baxımından qiymətləndirilməlidir. Miras hüququ haqqında şəhadətnamənin verilməsi zamanı bütün qanun üzrə vərəsələrin dairəsinin, onların mirası qəbul edib-etməməsinin, mirasdan imtina edib-etməməsinin və qanunla nəzərdə tutulmuş digər hüquqi halların müəyyən edilməsi zəruridir. Bu baxımdan miras hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinin yalnız iddiaçının tələbi və iş üzrə hazırda müəyyən edilmiş hallar əsasında yekunlaşdırılması digər potensial vərəsələrin hüquqlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, notariat orqanının vəzifəsi miras işi üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq vərəsələrin dairəsini və mirasın qəbul edilməsi ilə bağlı halları müəyyən etdikdən sonra müvafiq notariat hərəkətini həyata keçirməkdir. Bu səbəbdən məhkəmə tərəfindən müəyyən edilmiş hallar nəzərə alınmaqla, miras hüququ haqqında şəhadətnamənin verilməsi məsələsinin notariat orqanı tərəfindən yenidən həll edilməsi zəruridir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, bu qətnamə üçüncü şəxslərin gələcəkdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada miras hüquqlarının həyata keçirilməsi imkanını özözlüyündə istisna etmir. Hazırkı qətnamə yalnız iş üzrə toplanmış sübutlar əsasında üçüncü şəxslərin hazırda mirası qəbul etmiş vərəsələr kimi müəyyən edilməsi üçün kifayət qədər əsasın olmadığını müəyyən edir. Beləliklə, miras hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq notariat orqanı tərəfindən yenidən həll edilməlidir. 48.Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək müəyyən edir ki, Yusifova İradə miras qoyanın ölümündən sonra miras əmlakına faktiki sahiblik etmiş və həmin əmlak üzərində idarəetmə xarakterli hərəkətlər həyata keçirmişdir. Bu hallar onun mirası qəbul etmək iradəsinin obyektiv şəkildə ifadə olunduğunu təsdiq edir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, vərəsəlik şəhadətnaməsinin olmaması özözlüyündə şəxsin mirası qəbul etməməsi nəticəsinə səbəb ola bilməz. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulunu yaradan deyil, mövcud vərəsəlik hüququnu rəsmiləşdirən və təsdiq edən sənəddir. Bu hüquqi mövqe Konstitusiya Məhkəməsinin qərarlarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə formalaşdırdığı təcrübəyə görə, mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamədə eyni zamanda miras əmlak üzərində mülkiyyət hüququnun tanınması yolverilməzdir. Belə qətnamə notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsini əvəz etmir. Bundan əlavə, bir vərəsə barəsində mirasın qəbul edilməsi faktının müəyyən olunması digər vərəsələrin miras hüququndan məhrum olunması anlamına gəlmir. Vərəsələrin dairəsi, onların hüquqi vəziyyəti və mirasdakı payları qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Hazırkı işdə üçüncü şəxslər mərhumun digər mümkün vərəsələri kimi prosesə cəlb edilmişlər. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti həmin şəxsin miras hüquqlarının müdafiəsi baxımından nəzərə alınmalıdır. Bununla belə, həmin şəxsin notariat qaydasında mirası qəbul etməsi barədə ərizə verməməsi və onun tərəfindən mirasın faktiki qəbulunu təsdiq edən sübutların təqdim edilməməsi, öz-özlüyündə Yusifova İradənin mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsinə maneə təşkil etmir. Eyni zamanda, həmin şəxsin notariat qaydasında mirası qəbul etməməsi onun miras hüquqlarının məhkəmə qətnaməsi ilə avtomatik olaraq aradan qaldırılması kimi qiymətləndirilə bilməz. Onun mirası faktiki qəbul edib-etməməsi, qanunla müəyyən edilmiş müddət daxilində və ya digər hüquqi əsaslarla miras hüququnun yaranıb-yaranmaması notarius tərəfindən miras işi üzrə təqdim edilmiş sübutlar və qanunvericiliyin tələbləri əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin ## #### 2021-ci il tarixli qərarında da vurğulanmışdır ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi əhəmiyyətli hüquqi fəaliyyətdir və vərəsələr arasında bu məsələlərlə bağlı mübahisə yarandıqda həmin mübahisənin məhkəmə qaydasında həll edilməsi mümkündür. 49.Bununla yanaşı, mübahisə predmeti yalnız Yusifova İradənin mirası faktiki qəbul edibetməməsi olduğu halda məhkəmənin səlahiyyəti həmin faktın müəyyən edilməsi ilə məhdudlaşır. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını, şəhadətnamə verilməsi barədə müraciət edən şəxsin vərəsəliyə çağırılması üçün əsasların olmasını, miras əmlakının tərkibini və olduğu yeri yoxlamalıdır.

50. Beləliklə, məhkəmənin Yusifova İradənin mirası faktiki qəbul etməsi faktını müəyyən etməsi notariusun miras işi üzrə digər vərəsələrin dairəsini, onların mirası qəbul edibetməməsini və vərəsəlik paylarını qanunvericiliyə uyğun müəyyən etmək səlahiyyətini aradan qaldırmır. Bu yanaşma həm də Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş vərəsəlik hüququnun səmərəli təmin edilməsinə və digər vərəsələrin hüquqlarının əsassız məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə görə də, daxili hüquq müəyyən vərəsəlik hüquqları yaratdığı halda həmin hüquqların həyata keçirilməsi Konvensiyanın müvafiq təminatları ilə, o cümlədən mülkiyyət hüququ və ayrı-seçkiliyə yol verilməməsi prinsipləri ilə uyğunlaşdırılmalıdır. Bu baxımdan, məhkəmə qətnaməsi bir tərəfdən İradənin faktiki qəbul edilmiş mirasla bağlı hüquqi vəziyyətini tanımalı, digər tərəfdən isə miras hüququna malik ola biləcək şəxslərin hüquqlarını qabaqcadan və əsassız şəkildə istisna etməməlidir. Odur ki, məhkəmənin qəbul etdiyi məhkəmə aktının (qətnamənin) nəticə hissəsi notariat orqanının səlahiyyətlərinə müdaxilə etməyəcək şəkildə dəqiqləşdirilməlidir.

51. Məhkəmə kollegiyası hesab edir ki, notariat orqanının üzərinə birbaşa “Yusifova İradəyə vərəsəlik şəhadətnaməsi versin” vəzifəsinin qoyulması düzgün olmazdı. Çünki şəhadətnamənin verilməsi zamanı digər vərəsələrin dairəsinin, mirasın tərkibinin və onların hüquqi vəziyyətinin də müəyyən edilməsi notariusun qanunla nəzərdə tutulmuş vəzifəsidir. Bunun əvəzinə notariat orqanına qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini əsas götürərək miras işini davam etdirmək və Yusifova İradənin mirası faktiki qəbul etməsi faktını nəzərə almaq vəzifəsi qoyulması məqsədəuyğundur. 52.Beləliklə, Yusifova İradənin atasının ölümündən sonra açılmış mirası faktiki qəbul etməsi faktı müəyyən edilməli, Yusifova İradənin mirasın faktiki qəbul etməsi barədə müəyyən edilmiş fakt onun vərəsəlik hüquqlarının notariat qaydasında rəsmiləşdirilməsi üçün hüquqi əsas kimi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki,qanuni qüvvəyə minmiş məhkəmə aktı (bu qətnamə) nəzərə alınmaqla mirasın açıldığı yer üzrə müvafiq notariat orqanı aşağıdakı qeyd olunanları nəzərə almalıdır: - Yusifova İradənin mirası faktiki qəbul etməsi barədə bu qətnaməni miras işi üzrə nəzərə almaq; - mirasa çağırılan bütün şəxslərin dairəsini müəyyən etmək (miras qoyanın digər övladları); -vərəsələrin hüquq və paylarını qanunvericiliyə uyğun müəyyən etmək; - digər vərəsələrin hüquqlarını nəzərə almaqla Yusifova İradənin vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi məsələsini qanunvericiliyə uyğun həll etmək. 53.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası MPM-nin 385.1.1-ci maddəsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. 55.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 385, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Yusifova İradə Ağa Bala qızının ##.##.2023-cü il tarixində vəfat etmiş Yusufov Ağa Bala Abgül oğlunun ölümündən sonra açılmış mirası faktiki qəbul etməsi faktı müəyyən edilsin. Yusifova İradə Ağa Bala qızının mirasın faktiki qəbul etməsi barədə müəyyən edilmiş fakt onun vərəsəlik hüquqlarının notariat qaydasında rəsmiləşdirilməsi üçün hüquqi əsas kimi nəzərə alınsın. Miras qoyan Yusufov Ağa Bala Abgül oğlunun ölümü ilə açılmış miras üzrə miras hüququ haqqında şəhadətnamənin verilməsi məsələsi, məhkəmə tərəfindən müəyyən edilmiş hallar nəzərə alınmaqla, müvafiq notariat orqanı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən həll edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üçüncü şəxsin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar