Məhkəmə qərarları › İş №2(3-6)-922/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-922/2026

05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-922/2026 05.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (açar sözlər: prosessual müddətlər ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, e-2(002)-24/2025 saylı qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1 13.150 (on üç min bir yüz əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 129,45 (bir yüz iyirmi doqquz manat, qırx beş qəpik) manat, ümumilikdə 13.279,45 (on üç min iki yüz yetmiş doqquz manat, qırx beş qəpik) manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)- 24/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunaraq Cavabdeh2 12.380 (on iki min üç yüz səksən) manat məbləğində verilmiş sığorta ödənişi və 127,14(yüz iyirmi yeddi manat on dörd qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Mülki iş üzrə Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-24/2025 saylı qətnaməsindən apelyasiya şikayət vermiş, eyni zamanda məhkəməyə ərizə ilə müraciət edərək qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2026-cı il tarixli məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində qətnamə çıxarılıb, cavabdeh məhkəmə iclaslarına gələ bilməyib, beynəlxalq marşrut üzrə sürücü işləyir. Apellyasiya şikayəti hazırlayarkən gəlib, məlumatı oldu ki, belə qətnamə var. Apellyasiya şikayəti tərtib etdilər, özü yenə burada yoxdur. Qətnamədən heç xəbəri yox idi, həyat yoldaşı bildirib, apellyasiya şikayəti yazmamışdan 10 gün qabaq xəbəri olub. O, heç icra məmurunun üzünü görməmişdir. Qanun deyir ki, tərəf qətnaməni aldığı gündən şikayət verilə bilər, tərəf alandan 2 gün sonra onlar şikayət yazmışlar. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(002)-24/2025 saylı qərardadı ilə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(002)-24/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair verilmiş ərizənin təmin olunmaması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilikdə prosessual hüquq və vəzifələrin müəyyən müddət çərçivəsində icra edilə bilməsinin imperativ norma kimi nəzərdə tutulması qəbul edilmiş məhkəmə aktlarının qeyri-müəyyən zaman kəsiyində mübahisələndirilə bilməsinin qarşısının alınmasına, bununla da ədalət mühakiməsinin həyata keçirilməsində hüquqi müəyyənlik prinsipinə əməl olunmasına, yekun məhkəmə aktlarının sabitliyinə, davamlılığına xələl gətirilməsinə, habelə həmin məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alınmasının yol verilməməsinə yönəlmişdir. Hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-24/2025 saylı qətnaməsi cavabdehə sifarişli poçt vasitəsi ilə göndərilsə də, həmin ünvanda yaşamaması əsası ilə xx.xx.2025-ci il tarixdə geri qaytarılmışdır. Daha sonra cavabdeh məhkəməyə gələrək xx.xx.2025-ci il tarixdə məhkəmə qətnaməsini əldə etmişdir. Məhkəmə tərəfindən icra işi tədqiq olunarkən müəyyən edilmişdir ki, Qaradağ rayon İcra şöbəsi xx.xx.2025-ci il tarixdə icraata başlama barədə qərar qəbul edib və xx.xx.2025ci il tarixdə cavabdehə məxsus ***-***-**-** nömrəli mobil telefona sms bildiriş göndərilmişdir. Göründüyü kimi, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçının sonradan müəyyən edilən olduğu yerin Abşeron rayon ərazisi olduğu üçün bir gün sonra xx.xx.2025-ci il tarixdə icra işini aidiyyəti üzrə Abşeron rayon icra şöbəsinə göndərmişdir. Abşeron rayon icra şöbəsinə xx.xx.2025-ci il tarixdə onun işədiyi yer üzrə "xxxx" MMC-yə əmək haqqınna tutma yönəlməsi üçün göndərilmişdir. "xxxx" MMC-nin isə Abşeron rayon İcra şöbəsinə ünvanladığı məktubdan aydın olur ki, icra ilə Cavabdeh2 raılaşdığından əmək haqqında tutma zərurəti yaranmamışdır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 məhkəmə qətnaməsindən icra mərhələsində, yəni xx.xx.2025-ci il tarixdə cavabdehə məxsus ***-***-**-** nömrəli mobil telefona sms bildiriş göndərilməklə xəbəri olmşdur. Bundan sonra icra sənədi üzrə tutmalar aparılması üçün müxtəlif hərəkətlər olsa da həmin tutmalar icra ilə razılaşmaqla davam etdirilməmişdir. Belə olan halda məhkəmə qətnaməsindən məlumatlı olduğu halda 30 gün müddətində şikayət vermək üçün həmin prosessual müddət ötürülmüşdür. Cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin üzrlü olması barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil tərəfindən buraxılmasına səbəb olan hal üzrlü hesab edilməməli və müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməlidir. Ərizədə əsaslandırıldığı kimi elektron sistemdə problemlər olması ilə bağlı hər hansı hərəkətin edilməsinə dair sübut da təqdim edilməmişdir. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(002)-24/2025 saylı saylı qərardadından şikayət vermiş cavabdeh X3 nümayəndəsi (vəkili) Vəkil qərardadın ləğv edilərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «subroqasiya qaydasında pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh1 13.150 manat və ödənilmiş dövlət rüsumuna görə 129,45 manat, ümumilikdə 13.279,45 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC-nin nümayəndəsi vəsatət təqdim edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini və Cavabdeh1 ilə yanaşı Cavabdeh2 13.150 manat və ödənilmiş dövlət rüsumuna görə 129,45 manat, ümumilikdə isə 13.279,45 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(002)-24/2025 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 vəfat etdiyinə görə onun barəsində olan işə xitam vermiş və Cavabdeh2 12.380 manat məbləğində verilmiş sığorta ödənişi və 127,14 manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmənin vaxtı və yer barədə Cavabdeh2 məlumat verilməmişdir. Belə ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da məhkəmənin ona göndərmiş qətnamənin məktubunda ünvanın ünvan 3 məhkəmənin vaxtı barədə olan bildirişlər onun ünvanına gəlmiş, nə də məhkəmənin qətnaməsini almışdır. Cavabdeh2 icra şöbəsinə çağırıldığı zaman qətnamənin mövcudluğundan xəbəri olmuşdur. Məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixdə məhkəmənin qətnaməsini almışdır. xx.xx.2025-ci il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh2 ünvan 4 ünvanında qeydiyyatda olsa da məhkəmənin ona göndərmiş olduğu qətnamənin məktubunda ünvanın ünvan 3 məhkəmənin vaxtı barədə olan bildirişlər onun ünvanına gəlmiş, nə də məhkəmənin qətnaməsini almamışdır. Hal-hazırda da ədalətin bərpa olunması üçün qətnamədən apellyasiya şikayəti vermək istəyir. Qəbul edilmiş qətnamə ilə Cavabdeh2 hüquqları pozuldur. Qanunvericiliyinin tələbinə görə mülki işlər çəkişmə prinsipinə riayət edilməklə baxılmalıdır. Apellyasiya şikayətində qeyd olunan borcun Cavabdeh2 aidiyyətinin olmamadığını bildirmişdir. Bu hallar işə mahiyyəti üzrə baxılacağı təqdirdə araşdırılacaqdır. Lakin məhkəmə əsas prinsip olan çəkişmə prinsipinə riayət etməmiş, əsassız olaraq apellyasiya şikayəti vermə müddətini bərpa etməmişdir. Göründüyü kimi Cavabdeh2 üzürlü səbəblə əlaqədar qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olduğunu düşünür. Ona görə də həmin işə apellyasiya məhkəməsi tərəfindən baxılıb qətnaməyə hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsini istəyir. Məhkəmə qətnaməninin göndərilməsinə dair məktubun Cavabdeh2 verilməsini qeyd etsə də Cavabdeh2 məhkəmə qətnaməsini almasına dair heç bir xəbərnaməyə imza etməmişdir. Qanunvericiliyinin tələbinə görə mülki işlər çəkişmə prinsirinə riayət edilməklə baxılmalıdır. Məhkəməyə hazırda qeydiyyatda olmaqla yaşadığı ünvana dair sənədləri təqdim etmişdir. Şikayətin təmin edilməsi xahiş olunur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(002)-24/2025 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(002)-24/2025 saylı qərardadından Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayət baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Maddə 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi “Məhəmmədov və digərlərinin Rusiyaya qarşı” işi üzrə 28 mart 2017-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, şikayətin məhkəməyə verilməsinə dair müəyyən olunmuş müddətlərə dair müddəalar ədalətin düzgün həyata keçirilməsi və xüsusilə hüquqi müəyyənlik prinsipinin riayət olunmasına yönəlmişdir. Maraqlı şəxslər bu normaların tətbiq olunmasını gözləməlidir (bax Pérez de X2rşı qərarına, xx.xx.1998-ci il, §45). Buna görə müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §42). Apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə üzrə qərar qəbul edən məhkəmə, hər bir halda, qərarını əsaslandıran səbəbləri göstərməli, eləcə də bu cür ərizəni əsaslandıran səbəblərin qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxilə, xüsusilə səlahiyyətləri nə müddət, nə də ki, əsaslara görə daxili qanunvericiliklə məhdudlaşdırılmadığı hallarda haqq qazandırıb-qazandırmamasını yoxlamalıdır (bax Ponomaryov Ukraynaya qarşı qərarına, §34). Avropa Məhkəməsi daha sonra xatırladır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Həmçinin ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax Raihani Belçikaya qarşı qərarına, §38). “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işdən müəyyən olunur ki, cavabdeh işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə sms bildirişləri almış, Bakı şəhəri Qaradağ Rayon Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(002)-24/2025 saylı qətnaməsi tərəflərin məhkəməyə məlum ünvanları üzrə göndərilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icyaraya yönəldilmiş, bundan sonra icra şöbəsi tərəfindən icra sənədi üzrə borclu olan cavabdehə sms bildiriş göndərilmiş, bu bildirişi almaqla cavabdeh xx.xx.2025ci il tarixdən qətnamə barədə məlumatlı olmuş, icra sənədi Abşeron rayon İcra şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin işədiyi yer üzrə "xxxx" MMC-yə əmək haqqına tutma yönəlməsi üçün göndərilmiş, daha sonra "xxxx" MMC Abşeron rayon İcra şöbəsinə ünvanladığı məktubla icra sənədi üzrə tələbin birdəfəlik ödənilməsi barədə razılıq olması səbəbi ilə Cavabdeh2 əmək haqqına tutma yönəldilməsi ilə bağlı zərurətin olmadığı bildirilmişdir. Kollegiya qeyd edir ki, işə mahiyyəti üzrə baxılarkən məhkəmə iclaslarının yeri və vaxtı barədə sms bildirşləri alan, daha sonra məhkəmə aktı əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra şöbəsinə dəvət olunan cavabdehin öz prosessaul hüquq və vəzifələrindən vaxtında istifadə etməməsi, yəni vaxtında məhkəmə aktını alıb onu mübahisələndirməməsi buraxılmış prosessaul müddətin bərpası üçün əsas ola bilməz. Belə ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, e-2(002)-24/2025 saylı saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar