Məhkəmə qərarları › İş №2(3-6)-945/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-945/2026

02.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-945/2026 02.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏ İş № *(3-6)-945/2026 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X1 və Mədətli Fərid İlham oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həsən bəy ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: 100473100500000) ilə bağlı Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə itirilmiş qaz sərfiyyatının bərpası üçün hesabat aparılmış və hesablanmış borc iddiaçıdan tələb edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həsən bəy ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: 100473100500000) ilə bağlı "Azəriqaz” İBnin əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 885,60 manat və 3110,40 manat olmaqla ümumilikdə 3995,40 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həsən bəy ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır. Azəriqaz İB-nin əməkdaşları sözügedən ünvana gəlmiş, iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişdirlər. Buna görə də iki dəfə akt tərtib edilmiş iddiaçıya itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 885,60 manat və 3110,40 manat olmaqla ümumilikdə 3995,40 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. İddiaçı sözügedən ünvanda fasilərlə yaşayır. Yaşadığı müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq birliyin əməkdaşları iddiaçının yaşadığı ünvan üçün heç bir əsas olmadan guya təbii qazdan qeyri- qanuni istifadə edilməsi ilə bağlı akt tərtib etmiş, bununla da iddiaçıya əsassız olaraq 885,60 manat və 3110,40 manat olmaqla ümumilikdə 3995,40 manat məbləğində əsassız borc yazmışdırlar. İddiaçıya məxsus yuxarıda qeyd edilən ünvanda təbii qazdan qeyri-qanuni istifadə etmə halı olmadan birliyin əməkdaşları iddiaçıdan məlumatsız akt tərtib etmiş, bu akt əsasında əsassız borc yazmışdırlar. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş ## ###### 2020-ci tarixli rəydə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir. Həmin rəydə guya iddiaçıya məxsus ünvanda "PQ-4", "QSSQ"-nin və "Dəmir sobanın" olması qeyd olunmuşdur. PQ-4 tipli qaz peçinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr, "QSSQ"nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr, "Dəmir sobanın" saatlıq qaz sərfiyyatı 1,4 kub metr orta günlük iş rejimi hər üç cihaz üçün 24 saat olmaqla hesabat 90 gün üçün aparılmışdır. Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş ## ###### 2024-cü il tarixli rəydə (tələbnanədə) iddiaçıya məxsus ünvanda istifadədə olan qaz cihazlarının görə istifadə edilmiş qazın həcmi qaz sayğacının nominal qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 12 saat olmaqla hesabat 360 gün üçün aparılmışdır. Hər iki akt tərtib olunarakən Birliyin əməkdaşları iddiaçıya məxsus ünvana baxış keçirtməmişdir. Ona görə də aktlara işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər. Göründüyü kimi "Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində iddiaçıya məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd olunmadan sərfiyyat hesablanmışdır. Digər tərəfdən "Azəriqaz” İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf "Azəriqaz” İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, Həsən bəy ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə *************** saylı abunə koduna hesablanmış 3995,40 manat məbləğində borcun silinməsi, mülki iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri olan 64 manat məhkəmə trasoloji ekspertiza xərcinin cavabdeh "Azəriqaz” İstehsalat Birliyindən tutulması, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 59,95 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 614.3, 1096.1, 1096.2-ci maddələri, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18.0, 18.0.1, 26-cı maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun ## ### 2022-ci il tarixdən sonrakı redaksiyasının 6-2.1, 11.6, 13.8, 13.8-1, 13.9cu maddəsinə, “Qazdan İstifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cu bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## ### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 97.1, 124.1, 218.3cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə olaraq bildirmək istəyir ki, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qanunazidd hal mövcuddur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayınadək tərtib olunmuş aktla münasibətdə)

11. Maddə 13. 8-ci bəndi. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu (2022-ci ilin may ayından sonra tərtib olunmuş aktlara münasibətdə)

12. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il ###ın #-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

13. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

14. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

15. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

16. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

17. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

18. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

19. Bənd 6.6 Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.

20. Bənd 6.7 Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Belə ki, ##.##.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir.

31. Dəymiş ziyanın bərpasına dair ##.##.2020-ci il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, ##.##.2020-ci il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 8856 m3 hesablanmışdır.

32. ##.##.2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etmişdir.

33. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnaməyə əsasən, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında dəymiş ziyanın həcmi 25920 m3 hesablanmışdır.

34. Həmçinin iş materiallarında olan ##.##.2018-ci il tarixli və ##.##.2022-ci il tarixli aktlara əsasən hesablanmış borcun silinməsinə dair tələbə daha öncə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə baxılmış və borcun silinməsi təmin edilmişdir.

35. Kollegiya hesab edir ki, hazırki iddianın əsaslılığına qiymət verilərkən ##.##.2022-ci il tarixindən, yəni Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər edildiyi tarixdən sonra tərtib edilmiş akta və həmin tarixədək tərtib edilmiş akta münasibətdə ayrı-ayrı xüsusiyyətlər təhlil olunmalı və mübahisəyə həmin tarixləri ehtiva edən qanunvericilik normalarına əsasən qiymət verilməlidir.

36. Məhkəmə ##.##.2022-ci ilədək tərtib edilmiş ##.##.2020-ci il tarixli, ******* nömrəli akt üzrə borcun silinməsi ilə bağlı iddia tələbinin əsaslılığına münasibətdə aşağıdakıları qeyd edir.

37. İddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı bu fakt öz təsdiqini tapmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən aparılan tədqiqatdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasiya Mərkəzi tərəfndən verilən ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

38. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi akt iddiaçının təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətt istifadə etməsi barədə tərtib edilmiş, akt iddiaçı tərəfindən imzalanmamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Lakin cavabdeh bununla bağlı mövqeyini əsaslandıra bilməmiş, sübutlar təqdim edilməmişdir.

39. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

40. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

41. Digər tərəfdən, istehlakçının illərlə qazpaylayıcısına davamlı zərər vurmasına görə qazpaylayıcının səssiz qalaraq, akt tərtib etməklə kifayətlənməsi inandırıcı görünmür. Belə ki, qanunsuz qaz xəttinə qoşulmasına təkcə vurulmuş zərər deyil, həmçinin əməlinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən bu istiqamətdə hər hansı hərəkət edilməsi iş materiallarında müəyyən edilmir.

42. Məhkəmə kollegiyası tərtib olunan ##.##.2024-cü il tarixli ******* nömrəli akta münasibətdə 2022-ci ilin may ayının 1-dən sonra tərtib olunduğundan ona münasibətdə isə qeyd edir ki, yuxarıda göstərildiyi kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022-ci il ###ın #-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

43. Lakin qeyd olunan maddənin tələblərinə uyğun birliyin əməkdaşlarının hərəkət etməsi də iş materiallarında müəyyən olunmur.

44. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

46. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

47. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

48. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

50. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

51. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin **(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar