Məhkəmə qərarları › İş №2(3-7)-1195/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-1195/2026

02.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1195/2026 02.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra ASC) qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: borcun silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Işin halları

1. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2026-cı il tarixli, ****** nömrəli aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, EEIQ-nin tələblərinə uyğun olaraq mənzilin elektrik sayğacına baxış keçirən zaman abonentin sayğacın giriş xəttini zədələyərək, işlədiciləri birbaşa şəbəkəyə qoşması aşkar edilmişdir.

2. Cavabdeh ASC-nin “Qərb” RETSI-nin Akt komissiyası tərəfindən tərtib olunmuş ##.##.2026-cı il tarixli icra vərəqəsinin surətindən görünür ki, qüsur kənar xətt qeyd edilməklə Gəncə şəhəri, Sevil Qazıyeva, 4-cü döngə ünvanında istehlakçıdan 701,40 manat məbləğin ödənilməsi tələb olunmuşdur.

3. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ****** nömrəli aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, xidməti ərazidə yoxlama zamanı abonentin sayğacın giriş xəttini zədələyərək, işlədiciləri birbaşa şəbəkəyə qoşması aşkar edilmişdir.

4. Cavabdeh ASC-nin “Qərb” RETSI-nin Akt komissiyası tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, qüsur kənar xətt qeyd edilməklə Gəncə şəhəri, Sevil Qazıyeva, 4-cü döngə ünvanında istehlakçıdan 309,12 manat məbləğin ödənilməsi tələb olunmuşdur.

5. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli, ****** nömrəli aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, yoxlama zamanı abonentin su nasosunu kənar xətt vasitəsilə birbaşa şəbəkəyə qoşması aşkar edilmişdir.

6. Cavabdeh ASC-nin “Qərb” RETSI-nin Akt komissiyası tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, qüsur kənar xətt qeyd edilməklə Gəncə şəhəri, Sevil Qazıyeva, 4-cü döngə ünvanında istehlakçıdan 637,66 manat məbləğin ödənilməsi tələb olunmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona hesablanmış qanunsuz və əsası olmayan 701,40 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Sevil Qazıyeva, 4cü döngə ünvanında tək yaşayır. Yaşadığı ünvanda quraşdırılan işıq sayğacı qapıdan çöldə quraşdırılmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən ona fantastik bir məbləğ olaraq 701,40 manat məbləğində qanunsuz cərimə hesablanmışdır. Cavabdeh "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehlakçı hüquqları pozulmuş, buna görə də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Belə ki, 2026-cı ilin fevral ayının 26-da axşam, təxminən saat 7 radələrində yaşadığı evin işıqları sönmüşdür. Oğluna zəng edib bu barədə bildirmiş, o isə işıq kartında pul qurtardığını, kartı tapıb verməsini, gəlib işığa pul yükləyəcəyini demişdir. Oğluna bildirmişdir ki, kartı hara qoymuşdursa, tapa bilmir. Bir sözlə kartı tapa bilməmiş, oğlu isə evə gələrək onun qaranlıqda olduğunu görmüş, işıqsız qalmaması üçün qapıdan çöldə, barının üst hissəsində üstü açıq olan işıq kabelindən müvəqqəti, yəni həmin gecə işıqsız qalmaması üçün kabel ilə evə işıq vermişdir. Bu hadisədən heç 1 saat keçməmiş "xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları gəlib qapını döymüşdürlər. Oğlu işıq xəttini qoşduqdan 1 saat keçməmiş "xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları hansısa məlumat əsasında dərhal qapıya gəlmişdir. Bunu deməkdə məqsədi odur ki, o, uzun müddət işıqdan qanunsuz olaraq istifadə etsə, onlar dərhal bilərdilər. Bir sözlə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçilərinin gəlməsi ilə yaşlı qadın olduğu üçün ixtiyarsız olaraq qorxmuş, buna görə də qapını açmamışdır. Onlar isə çöldə nə isə edib sonradan getmişdirlər. Ertəsi gün kartı axtarıb tapıb oğluna zəng etmişdir ki, işıq kartına pul vursun, lakin karta pul vurmaq mümkün olmamışdır. Bundan sonra oğlu "ASAN xidmət” gedib bu barədə bildirdikdə, 701,40 manat məbləğində cərimə yazıldığını demişdirlər. "xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ## ###### 2026-cı il tarixli, №****** saylı akt yazılmış və həmin aktda hesabat aparılaraq W=1.0 kvt x 24 saat x 0.7 x 365 günə vurularaq 701,40 manat cərimə hesablamışdırlar. Deməli bir gün evinə çəkilən işıq üçün ona 1 illik hesabat aparıb, qanunsuz cərimə yazmışdırlar. Göründüyü kimi, cavabdeh təşkilat olan Cavabdeh Açıq Səmdar Cəmiyyətinin işçiləri qanunsuz əməllər törədərək, öz işıq itkilərini onun kimi yaşlı qadının boynuna ataraq, ona qanunsuz 701,40 manat məbləğində cərimə yazmışdırlar.

9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 18.17-1-ci və 8.17-2ci bəndlərinə istinad etmiş, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 76.3, 77.2, 88, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

11. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o, ünvan 1 döngə ünvanında tək yaşayır.Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçiləri tərəfindən 1 gün üçün ona fantastik bir məbləğ olaraq 701.40 manat məbləğində qanunsuz cərimə hesablamışlar. 2026-cı ilin fevral ayının 26-da axşam təxminən saat 7 radələrində yaşadığı evin işıqları sönmüşdür. Oğluna zəng edərək vəziyyəti başa salaraq qaranlıqda qaldığını bildirmişdir. Oğlu isə ona izah etmişdir ki, işıq kartında pul qurtarıb ona görə işıqlar sönüb kartı tapıb versin, işığa pul yükləsin. O isə kartı axtarıb tapa bilməmişdir, çünki yaşlı qadındır, hara qoyduğunu xatırlamamışdır. Belə olan halda o, qaranlıqda qalmasın deyə oğlu qapıdan çöldə barının üst hissəsində üstü açıq olan işıq kabelindən müvəqqəti, yəni ki, həmin gecə işıqsız qalmasın deyə kabel ilə evə işıq vermişdir. Qeyd edir ki, sözügedən kabel illərdir ki, çöldə üstü açıq vəziyyətdə qalır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin açıq xətt ləğv edilməmişdir. Bu hadisədən 1 saat keçməmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçiləri gəlib qapını döymüşlər. Bunu qeyd etmək də məqsədi odur ki, o, uzun müddət işıqdan qanunsuz istifadə etsəydi cavabdeh tərəf dərhal məlumatlı olardı. Bir sözlə cavabdeh təşkilatın işçiləri gəlib çöldə nə isə iş görüb getmişlər. Ertəsi gün işıq kartını tapıb işığa pul yükləmək istəyəndə karta pul vurmaq mümkün olmamışdır. Bundan sonra ona məlum olmüşdur ki, akt tərtib edilib, 701.40 manat cərimə yazmışlar.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, o, bir günlük sayğacdan kənar xətt çəkmişdir. Buna səbəb işıq kartını tapa bilmədiyi üçün işıqsız qalması olmuşdur. Sabahı günü kartı tapdıqdan sonra həmin xətti ləğv etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, iddiaçı sayğacın giriş xəttinin izolyasiyasını pozaraq oradan kənar xətt qoşulmuş, elektrik enerjisindən bir başa istifadə etmişdir. Bu barədə akt tərtib edilmiş və kənar xəttin ləğv edilməsi qərara alınmışdır. Bundan başqa, sözügedən ünvanda bundan əvvəl də kənar xəttdən istifadəyə görə 2 dəfə akt tərtib olunaraq, cərimə hesablanmış, iddiaçı tərəfindən ödənişlər edilmişdir. Iddiaçının özünün də etiraf etməsinə əsasən kənar xətt aşkar edildiyi üçün 1 illik hesabat aparılaraq, cərimə yazılmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları

18. Bənd 1.1. Elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs, abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı, məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.

19. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır.

20. Bənd 7.6. Istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir.

21. Bənd 7.7. Bu Qaydaların 7.6-cı (məişət abonenti istisna olmaqla) bəndində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür.

22. Bənd 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

40. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Beləliklə, işin halları ondan ibarətdir ki, ##.##.2026-cı il tarixdə cavabdeh tərəfin əməkdaşlarının iştirakları ilə iddiaçı İddiaçı yaşayış evinə kənar xətt çəkilməsi faktı aşkar edilmişdir. Pozuntu faktının video çəkilişi aparılmışdır. Enerji təhcizatı müəssisəsinin əməkdaşları tərəfindən pozuntu faktının sənədləşdirilərək bu barədə akt tərtib edilmişdir.

43. Məhkəmə iş üzrə müəyyən olunan faktik hallara əsasən hesab edir ki, tərəflər arasında yaranmış mübahisə, enerji təchizatı müəssisəsi ilə abonent arasında enerjidən istifadə qaydalarının pozulmasını müəyyən edən yoxlamanın nəticələri üzrə yaranan münasibətlərdir. Bu mübahisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə qaydaları», habelə əlaqəli hüquq normaları üzrə təhlil edilməlidir.

44. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerji təchizatı müəssisəsinə yazılı məlumat verməlidir. Istehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerji təchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir Məişət abonent tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları” 8.15 və 8.33-cü bəndləri).

45. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı yaşadığ evə gedən sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, abonent sayğacın giriş xəttini zədələyərək, işlədicilərini birbaşa şəbəkəyə qoşmuşdur. Bu barədə X4 əməkdaşları tərəfindən akt tərtib edilmişdir.

46. Lakin, iddiaçı bir günlüyünə sayğacdan kənar xətt çəkdiyini bildirir və hesablanmış borcun şişirdildiyini iddia edir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

48. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. Işə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanunhüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

49. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

50. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

51. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

53. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

56. Avropa Insan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

57. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. Hazırki iş üzrə çıxarılan qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1,372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar