Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-1204/2026 31.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimova Şölə Əjdər qızının cavabdehlər İsgəndərov Sabir Əjdər oğlu və İsgəndərova Lalə Əjdər qızına qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, iddiaçı İbrahimova Şölə Əjdər qızının, cavabdehlər İsgəndərov Sabir Əjdər oğlu və İsgəndərova Lalə Əjdər qızının nümayəndəsi(vəkil) Vəkil iştirakı ilə, iddiaçı İbrahimova Şölə Əjdər qızının (bundan sonra - iddiaçı) cavabdehlər İsgəndərov Sabir Əjdər oğlu və İsgəndərova Lalə Əjdər qızına qarşı “əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilməsi və miras əmlaka payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İsgəndərov Əjdər Məsi oğlu ilə İsmayılova Gülşən Mustafa qızı ## ### 1964-cü il tarixdə rəsmi nikah bağlayaraq ər-arvad olmuşlar və onların birgə nikahlarında hazırki iş üzrə tərəflər- iddiaçı Şölə, cavabdehlər Sabir və Lalə doğulmuşdur. Qazax rayonu X5 İcraiyyə Komitəsinin ## #### 1987-ci il tarixli, ** nömrəli qərarı ilə Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən üç otaqlı, ümumi sahəsi 67,2 kv.m, o cümlədən yaşayış sahəsi 47 kv.m olan yaşayış evi İsgəndərov Əjdər Məsi oğlu oğlunun adına qeydə alınmışdır. İsmayılova Gülşən Mustafa qızı ## #### 1997-ci il tarixdə, İsgəndərov Əjdər Məsi oğlu ## ######## 2000-ci il tarixdə vəfat etmişdir. Qazax rayon Dövlət notariat Kontorunun ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırki iş üzrə cavabdehlər İsgəndərov Sabir Əjdər oğlu və İsgəndərova Lalə Əjdər qızı ataları İsgəndərov Əjdər Məsi oğlundan miras qalmış, əmanət kassasında olan puldan bərabər hissədə pay almışlar. Qazax Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İbrahimova Şölə Əjdər qızının İsgəndərov Sabir Əjdər oğlu və İsgəndərova Lalə Əjdər qızına qarşı “qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, qanun üzrə vərəsə kimi tanınma və miras əmlaka payların bərabər hissədə müəyyən edilərək bölünməsi” tələbi barədə ilkin iddiasının təmin edilməməsi, İsgəndərov Sabir Əjdər oğlunun və İsgəndərova Lalə Əjdər qızının İbrahimova Şölə Əjdər qızına qarşı “miras əmlaka vərəsəliyin müəyyən olunması” tələbi barədə qarşılıqlı iddiasının təmin edilməsi, ##.##.2000-ci ildə vəfat etmiş İsgəndərov Əjdər Məsi oğlundan miras qalmış, Qazax şəhəri N.Nərimanov qəsəbəsi, * nömrəli evin * nömrəli mənzilin 1/2 hissəsinə İsgəndərov Sabir Əjdər oğlunun, 1/2 hissəsinə İsgəndərova Lalə Əjdər qızının payının müəyyən edilməsi qət edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daçınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, ünvan 1 ünvan: Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi, ev 1A, mənzil 8) ünvanında yerləşən mənzilin 1/2 hissəsinə İsgəndərov Sabir Əjdər oğlunun, 1/2 hissəsinə İsgəndərova Lalə Əjdər qızının mülkiyyət hüququ ## ##### 2026-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1997-ci il tarixdə vəfat etmiş mərhum anası İsgəndərova (İsmayılova) Gülşən Mustafa qızının qanun üzrə vərəsəsi kimi tanınmağı; ünvan 4 ünvanında yerləşən * saylı mənzilin mərhum atası İsgəndərov Əjdər Məsi oğlu ilə mərhum anası İsgəndərova Gülşən Mustafa qızının birgə nikahı dövründə əldə olunmuş ümumi birgə mülkiyyəti hesab olunaraq, həmin mənzilin anasından miras qalan 1/2 hissəsinə dair miras payların onun və iş üzrə cavabdehlərin arasında bərabər hissədə bölünməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki iddia ilə o, mərhum anası İsgəndərova (İsmayılova) Gülşən Mustafa qızından miras qalmış miras əmlaka pay hüququnu mübahisələndirir. Belə ki, Qazax şəhəri, Nəriman Nərimanov qəsəbəsi ev 1 ünvanında yerləşən * saylı mənzil mərhum atası İsgəndərov Əjdər Məsi oğlunun adına qeydə alınmışdır. O, həmin mənzildə valideynləri və digər cavabdehlərlə (bacısı yə qardaşı ilə) bərabər yaşamışdır. ##.##.1999-cı ildə rəsmi nikahla ailə quraraq həmin mənzildən gəlin köçmüşdür. Həmin dövrə qədər sözügedən mənzildə yaşamışdır. Qeyd olunan mənzilin mülkiyyət hüququ ilə məhz atasının adına daşınmaz əmlakın reyestrində qeydiyyatı ilə bağlı o, 2024-cü ilin sonunda ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin ** saylı Tovuz Ərazi İdarəsinə müraciət edərkən məhkəmə araşdırması zamanı rəsmi məlumat əldə edərək bu barədə sənədlər əldə etmişdir. Həmin vaxtadək mənzilin mərhum atasının adına olması ona rəsmən məlum olmamışdır. Bu hal ona ƏMDX-nə ünvanlanan sorğuya rəsmi cavab əsasında məlum olmuş və həmin cavab tərəflər arasında miras əmlakın atasına aid hissədə mübahisələndirilməsinə dair Qazax Rayon Məhkəməsinin icraatında olmuş *(***)-**/**** nömrəli mülki iş üzrə araşdırma zamanı tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu barədə məlumat əldə etdikdən sonra notariusa müraciət edərək miras əmlaka pay hüququ tələb etməyə çalışmışdır. Lakin cavabdehlər ilə aralarında mübahisə olduğundan atasından miras qalan həmin mənzilə pay hüququnu cavabdehlərlə bərabər hissədə bölünməsini məhkəmə qaydasında mübahisələndirmişdir. Həmin iş üzrə cavabdehlər (bacısı və qardaşı) ona qarşı qarşılıqlı iddia irəli sürərək əmlaka 1/2 hissədə paylarının müəyyən edilməsini tələb etmişdirlər. Nəticədə, Qazax Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edimiş, qarşılıqlı iddiaçıların iddia tələbi təmin edilərək atasından qalma mənzilə 1/2 hissədə onların payları müəyyən edildi. Hazırki iddia ilə o, həmin mənzilin İsgəndərova (İsmayılova) Gülsən Mustafa qızına anasına düşən pay hissəsini mübahisələndirir. Atası Əjdər İsgəndərov ilə anası Gülşən İsgəndərova ##.##.1964-cü ildə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil isə 1992-ci ildə dövlət reyestrində atasının adına qeydə alınmışdır. Anası ##.##.1997-cı ildə, atası isə ##.##.2000-ci ildə vəfat etmişdir. Ər-arvadın əmlakının ümumi rejimini tənzimləyən Mülki Məcəllənin 225.1-ci maddəsinin və Ailə Məcəlləsinin 32.1-ci maddələrinin tələbindən irəli gələrək atasının adına mülkiyyət hüququ ilə qeydə alınmış həmin Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən * saylı mənzil atası ilə anasının ümumi birgə mülkiyyəti hesab olunur. Yəni həmin mənzilin 1/2 hissəsi anasının mülkiyyəti sayılır. Cavabdehlər ilə aralarında olan əvvəlki məhkəmə mübahisəsi ilə atasından qalma və atasına aid miras əmlaka payın bölünməsi araşdırma predmeti olmuşdur. Hazırda isə həmin mənzilin anası Gülsən İsgəndərovaya aid hissədə, yəni məhz onun payına düşən 1/2 hissədə miras əmlaka payın müəyyən edilməsi tələbi ilə çıxış edir. Çünki həmin mənzil əslində atası və anasının birgə nikahı dövründə əldə olunduğundan, qanunla onların ümumi birgə mülkiyyəti sayılır. Həmçinin anasının vəfatından sonra o mənzildə bir neçə il yaşamış, qeydiyyatda olmuş və bu zaman ona düşən pay hissəni də faktiki qəbul etmiş sayılır. Qazax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(*-***)-***/**** nömrəli iş üzrə qəbul etdiyi ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Mansırov) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, İsgəndərov Əjdər Məsi oğlunun ölümündən sonra miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış sahəsini faktiki olaraq İsgəndərov Sabir Əjdər oğlu və İbrahimova Lalə Əjdər qızı qəbul etmişlər. Onlar həmin mənzildə yaşamış, mənzili idarə etmiş, onun saxlanılması və normal təsərrüfatın aparılması üçün zəruri tədbirlər görmüş, kommunal xidmət haqlarını ödəmiş və əmlaka sahiblik etmişlər. İddiaçı miras açıldıqdan sonra mirası qəbul etmək məqsədilə notariat orqanına ərizə verməmiş, habelə miras əmlaka sahiblik etməklə və ya onu idarə etməklə mirası faktiki qəbul etdiyini təsdiq edən hər hansı hərəkət həyata keçirməmişdir. Bundan başqa, iddiaçı Qazax şəhəri, N.Nərimanov qəsəbəsi, ev 1-də yerləşən * saylı mənzilin mərhum valideynləri İsgəndərov Əjdər Məsi oğlu və İsgəndərova (İsmayılova) Gülşən Mustafa qızı tərəfindən onların ümumi gəlirləri hesabına birgə nikah dövründə əldə edilmiş əmlak olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin iddiaçı tərəfindən mərhum anası İsgəndərova (İsmayılova) Gülşən Mustafa qızından qalmış mirasın faktiki qəbul edilməsini təsdiq edən hər hansı sübut da təqdim edilməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.4, 152.5, 225.1,1133.1, 1145, 1151.1, 1159.1.1, 1166, 1170.1, 1176.1, 1193, 1194, 1195, 1196, 1201, 1202.2, 1243.2, 1243.3, 1255-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı 1999-cu ildə ailə həyatı quranadək atasına məxsus qeyd olunan mənzildə yaşamış və qeydiyyatda olmuşdur. Ailə həyatı qurmağı ilə əlaqədar 1999-cu ildə oradan köçmüşdür. Atasının vəfatından sonra onun qanun üzrə vərəsələri iddiaçı və cavabdehlər olmağına baxmayaraq, cavabdehlər gizlin şəkildə iddiaçının xəbəri olmadan 2012-ci ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 müraciət edərək mərhum atasının vərəsələri kimi yalnız özlərini təqdim edərək, əmanət kassasında olan 87129 və ***** nömrəli əmanət kitabçası üzrə atasından miras qalmış pul vəsaitlərinə dair hər birinə bərabər hissədə pay müəyyən edilməsinə dair *** nömrəli vərəsəlik işi üzrə, ##.##.2012-ci il tarixli 2V-*** nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Lakin atasından miras qalmış mübahisəli mənzilə dair vərəsəlik işi açılmamışdır. Lalə ailə həyatı qurmamışdır və özünün Qazax şəhərində ayrıca evi vardır. Sabir Lalənin evində onunla birlikdə yaşamaqdadır. Atasından miras qalmış mübahisəli mənzili cavabdehlər kirayə vermişlər. Atasının vəfatından sonra cavabdehlər iddiaçını əmin etdilər ki, narahat olmasın, atalarının övladı kimi miras əmlakından ona da bərabər pay çatacaq. Bu səbəbdən iddiaçı onlara arxayın olaraq sözlərinə inanmış və indiyədək atadan miras qalmış miras payın bölünməsi ilə bağlı tələb ilə çıxış etməmişdir. Cavabdehlərin iddiaçını aldatmaq niyyətində olmaları ağıla belə gəlməzdi. İddiaçı onkoloji xəstədir və səhhətilə bağlı Bakı şəhəridə müvəqqəti yaşayaraq müalicə alır. Müalicə ilə bağlı xərcləri olduqca çox olduğundan, maddi vəziyyəti ilə əlaqədar atasından miras qalan ona çatası paya ehtiyacı var və bu səbəbdən miras əmlakın bölünməsi üçün cavabdehlərə bir daha müraciət etsə də, onlardan cavab ala bilməmişdir. Odur ki, qərara gəlmişdir ki, vərəsəlik işi açılması üçün Qazax rayon notariat ofisinə müraciət etsin. 2024-ci ilin son aylarında notariusa müraciət edərkən ona bildirilmişdir ki, atasının adına əmanət kassasında olan pul vəsaitinə dair bacı və qardaşı 2012-ci ildə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alıb. Həmçinin bundan sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmənin ** saylı Tovuz rayon Ərazi İdarəsinə vəkil sorğusu ilə müraciət edilərkən bilmişəm ki, qeyd olunan mübahisəli mənzil 1993-cü ildə atasının adına özəlləşərək mülkiyyət hüququ ilə atasının adına qeydiyyata alınmışdır və indiyədək onun adındadır. 2024-cü ilin sonunadək həmin mənzilin məhz mülkiyyət hüququ əsasında atasının adına qeydiyyatına dair rəsmi məlumata malik olmamışdır. Cavabdehlərlə mübahisə yarandığından notariat ofisindən verilən imtina əsasında Qazax Rayon Məhkəməsinə müraciət edərək atasınaa aid əmanət kassasında olan pul vəsaitinə və mənzilin atasına aid hissədə payına duşən hissəsini tələb edərək bu barədə iddia qaldırmışdır. Həmin iddia tələbi üzrə Qazax Rayon Məhkəməsində *(***)-**/**** nömrəli müki məhkəmə icraatı qaydasında işə baxılmışdır. Həmin iş üzrə cavabdehlər məhkəmədə qarşılıqlı iddia ilə çıxış edərək, mübahisəli mənzilə onların hər birinə bərabər hissədə (1/2) miras əmlaka pay hüququnun tanınaraq bölünməsi tələbi ilə çıxış etmişdirlər. Bu zaman bir daha əmin olmuşdur ki, iş üzrə cavabdehlər (bacı və qardaşı) məqsədli və niyyətli olaraq iddiaçının ata mirasından məhrum olunmağını öncədən arzu etmişlər və bu səbəbdən 2012-ci ildə əmanət kitabçası üzrə vərəsəlik işi açılarkən notariat kontoruna ərizələrində, habelə təqdim olunan arayışlarda atasının vərəsələri kimi iddiaçının adını qeyd etməmiş və bu barədə məlumatı hər kəsdən məqsədli olaraq gizlətmişlər. Nəticə etibarilə, birinci instansiya məhkəməsi işi obyektiv və ədalətli araşdırmadan ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair 2(023)-92/2025-nomrəli, ##.##.2025-ci il tarixli qətnamə qəbul etməklə doğru olmayan hüquqi nəticəyə gəlmişdir. Həmin qətnamədən müddəti ötürdüyündən və bərpa olunmadığından apellyasiya qaydasında şikayət verə bilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdehlər İsgəndərov Sabir Əjdər oğlu və İsgəndərova Lalə Əjdər qızının nümayəndəsi(vəkil) Vəkil izahatında bildirmişdir ki, miras əmlakın birgə nikah dövründə birgə gəlirlər hesabına alınması sübut olunmur. Tərəflər arasındakı əvvəlki məhkəmə işi zamanı çıxarılmış qətnamə ilə, eyni zamanda hazırki iş üzrə aparılmış araşdırma zamanı iddiaçının miras əmlakı qəbul etmədiyi müəyyən olunmuşdur. Cavabdehlər əvvəlki qətnamə ilə müəyyən edilən paylarını dövlət qeydiyyatına aldıraraq çıxarış almışdırlar. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırkı iş üzrə Rayon Məhkəməsinin qətnaməsi ilə iddia bütövlükdə rədd edilmiş və iddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bu baxımdan, apellyasiya şikayətinin məzmunu nəzərə alınmaqla Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı tam həcmdə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İsgəndərov Əjdər Məsi oğlu ilə İsmayılova Gülşən Mustafa qızı ##.##.1964-cü il tarixdə rəsmi nikaha daxil olmuş, onların birgə nikahından Şölə İbrahimova (hazırki iş üzrə iddiaçı), habelə Sabir İsgəndərov və Lalə İsgəndərova (hazırki iş üzrə cavabdehlər) doğulmuşlar. Qazax rayonu X5 İcraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli, ** №-li qərarı ilə Qazax şəhəri, N.Nərimanov küçəsində yerləşən üç otaqlı, ümumi sahəsi 67,2 kv.m, yaşayış sahəsi 47 kv.m olan yaşayış sahəsi Əjdər İsgəndərovun adına qeydə alınmışdır. Gülşən İsmayılova ##.##.1997-ci il tarixdə, Əjdər İsgəndərov isə ##.##.2000-ci il tarixdə vəfat etmişdir. İş materiallarından həmçinin müəyyən olunur ki, Əjdər İsgəndərovun ölümündən sonra onun əmlakı ilə bağlı vərəsəlik məsələsi üzrə Qazax Rayon Dövlət Notariat Kontorunun ##.##.2012-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmiş, Sabir İsgəndərov və Lalə İsgəndərova ataları Əjdər İsgəndərovdan miras qalmış əmanət kassasındakı pul vəsaitinə bərabər pay hüququ əldə etmişlər. İş materiallarından o da müəyyən olunur ki, Əjdər İsgəndərovun mirası ilə bağlı Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə (İş № *(023)-92/2025) Şölə İbrahimovanın (hazırki iş üzrə iddiaçı) vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, qanun üzrə vərəsə kimi tanınması və miras əmlaka payların müəyyən edilməsi barədə ilk iddiası təmin edilməmiş, Sabir İsgəndərov və Lalə İsgəndərovanın (hazırki iş üzrə cavabdehlər) qarşılıqlı iddiası təmin edilərək mərhum Əjdər İsgəndərovdan miras qalmış mübahisəli mənzilinin 1/2 hissəsinə Sabir İsgəndərovun, 1/2 hissəsinə isə Lalə İsgəndərovanın payları müəyyən edilmişdir. Həmin paylar ##.##.2026-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində də onların adına qeydiyyata alınmışdır. Hazırkı iş üzrə iddiaçının iddiasının əsasını isə mübahisəli mənzilin valideynləri tərəfindən nikah dövründə əldə edilmiş ümumi birgə əmlak olması və həmin əmlakın 1/2 hissəsinin anası Gülşən İsmayılovaya məxsus olması, bu hissənin də onun ölümündən sonra qanun üzrə vərəsələr arasında bölünməli olması barədə mövqeyi təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinin mənasına görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak, qanunda və ya nikah müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi birgə mülkiyyəti sayılır. Lakin bu müddəanın tətbiqi üçün əmlakın yalnız nikah dövründə əldə edilməsi faktının müəyyən olunması kifayət etmir. Əmlakın hansı əsasla və hansı qaydada əldə edildiyi də müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinin mənasına görə də, ərarvadın nikah dövründə qazandıqları əmlak, nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmadıqda, onların ümumi mülkiyyəti hesab edilir. Bununla belə, əmlakın nikah dövründə əldə edilməsi faktı öz-özlüyündə onun ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün kifayət etmir. Əmlakın hansı əsasla və hansı vəsait hesabına əldə edilməsi də müəyyən edilməlidir. Belə ki, Ailə Məcəlləsinin 32.2.2-ci maddəsində ər-arvadın ümumi birgə mülkiyyətinə onların ümumi gəlirləri hesabına əldə etdikləri daşınar və daşınmaz əşyaların daxil olduğu müəyyən edilmişdir. Bununla belə, əmlakın yalnız nikah dövründə əldə edilməsi faktı onun hüquqi rejiminin müəyyən edilməsi üçün bütün hallarda kifayət etmir. Əmlakın hansı əsasla, hansı qaydada və hüquqi əsasla kimin mülkiyyətinə verilməsi də müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ##### 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli Qərarında ər-arvadın əmlakının hüquqi rejiminin müəyyən edilməsində əmlakın əldə edilməsinin əsaslarının araşdırılmasının zəruriliyini vurğulamışdır. Hazırkı işdə isə mübahisəli mənzilin Əjdər İsgəndərov və Gülşən İsmayılovanın ümumi vəsaiti hesabına əvəzli əqd əsasında əldə edilməsi barədə hər hansı mötəbər sübut müəyyən edilmir. Əksinə, iş materiallarından görünür və tərəflər arasında mübahisə doğurmur ki, mənzil Qazax rayonu X5 İcraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli, ** nömrəli qərarı əsasında əvəzsiz olaraq Əjdər İsgəndərovun adına qeydə alınmışdır. Göründüyü kimi, mənzilin Əjdər İsgəndərovun adına rəsmiləşdirilməsi alğı-satqı və ya digər əvəzli əqd nəticəsində deyil, Qazax rayonu X5 İcraiyyə Komitəsinin ##.##.1987-ci il tarixli qərarından irəli gələn hüquqi əsasla həyata keçirilmişdir. Odur ki, hazırkı iş üzrə mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün onun yalnız nikah dövründə əldə edilmiş olması deyil, həmçinin ər-arvadın ümumi vəsaiti hesabına əldə edilməsi də müəyyən edilməlidir. İş materiallarında isə belə bir halı təsdiq edən sübut mövcud olmadığından, mənzilin Gülşən İsmayılovaya ər-arvadın ümumi birgə mülkiyyəti qaydasında 1/2 hissədə məxsus olması barədə nəticəyə gəlmək mümkün deyildir. Bu səbəbdən Məhkəmə hesab edir ki, iş üzrə mübahisəli mənzilin Gülşən İsmayılovanın mülkiyyətində 1/2 hissədə olması və nəticə etibarilə həmin hissənin onun ölümündən sonra miras əmlakın tərkibinə daxil olması barədə iddiaçının mövqeyi sübuta yetirilmiş hesab edilə bilməz. Bununla yanaşı, Məhkəmə qeyd edir ki, hətta iddiaçının mövqeyi qəbul edilərək mübahisəli mənzilin Əjdər İsgəndərov və Gülşən İsmayılovanın ümumi birgə əmlakı olduğu və mənzilin 1/2 hissəsinin Gülşən İsmayılovaya məxsus olduğu fərz edilsə belə, hazırkı iddianın təmin edilməsi üçün iddiaçının həmin payı miras kimi qəbul etməsi də müəyyən edilməlidir. İş materiallarından görünür ki, Gülşən İsmayılova ##.##.1997-ci il tarixdə vəfat etdiyindən onun ölümü ilə miras açılmışdır. Mirasın açıldığı tarixə münasibətdə 2000-ci il ########ın #-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Konstitusiya Məhkəməsinin Plenumu da “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2013-cı il tarixli qərarında ##.##.2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin məzmununu məhz bu şəkildə şərh etmişdir. İddiaçı Şölə İbrahimova məhkəmələrə verdiyi izahatlarında bildirir ki, o, anasının ölümündən sonra təxminən iki il müddətində mübahisəli mənzildə yaşamış, sonradan ailə quraraq həmin mənzildən çıxmışdır. Məhkəmə hesab edir ki, iddiaçının anasının ölümündən sonra müəyyən müddət ərzində mübahisəli mənzildə yaşaması faktı özü-özlüyündə onun anasından qalmış mirası qəbul etməsi barədə qəti nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, iddiaçı anasının ölümündən əvvəl də həmin mənzildə ailə üzvü kimi yaşamışdır və ölümündən sonra həmin yaşayışın müəyyən müddət davam etməsi öz-özlüyündə onun məhz miras əmlaka vərəsə kimi sahiblik etməsini və ya həmin əmlakı mirasçı qismində idarə etməsini təsdiq etmir. Faktiki qəbul məsələsinin həlli zamanı vərəsənin konkret hərəkətlərinin xarakteri, həmin hərəkətlərin miras əmlaka sahiblik və ya onun idarə edilməsi ilə bağlı olubolmaması və şəxsin mirası qəbul etmək iradəsini ifadə edib-etməməsi müəyyən edilməlidir. Hazırkı iş üzrə isə iddiaçının həmin dövrdə mənzili miras əmlak kimi idarə etməsini, onun saxlanılması və təsərrüfatının aparılması ilə bağlı vərəsə kimi hərəkətlər etməsini, kommunal və digər xərcləri öz üzərinə götürməsini və ya özünü həmin əmlakın vərəsəsi kimi təqdim etməsini təsdiq edən mötəbər sübutlar müəyyən edilmir. Əksinə, iş materiallarına əsasən Əjdər İsgəndərovun ölümündən sonra mübahisəli mənzili faktiki olaraq cavabdehlər qəbul etmiş, həmin mənzildə yaşamış, mənzili idarə etmiş, onun saxlanılması və normal təsərrüfatının aparılması üçün zəruri tədbirlər görmüş və əmlaka sahiblik etmişlər. İddiaçı tərəfindən isə eyni xarakterli hərəkətlərin həyata keçirildiyini təsdiq edən sübut təqdim edilməmişdir. Bundan başqa, iddiaçı anasının 1997-ci ildə ölümündən sonra uzun illər ərzində həmin mənzildə anasına məxsus olduğunu iddia etdiyi payla bağlı hər hansı vərəsəlik hüququnu həyata keçirmək üçün notariat orqanına müraciət etməmiş, həmin payın müəyyən edilməsi və ya öz adına rəsmiləşdirilməsi barədə məhkəmə qarşısında tələb irəli sürməmişdir. Buna görə onun təxminən iki il ərzində mənzildə yaşaması, digər faktlarla birlikdə qiymətləndirildikdə, mirasın qəbul edilməsi barədə nəticə üçün kifayət hesab edilə bilməz. İddiaçının yalnız Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə nəticələnmiş əvvəlki mübahisədən sonra hazırkı tələbi irəli sürməsi də məhkəmənin bu nəticəsini dəyişmir. Belə ki, həmin iş üzrə iddiaçı Əjdər İsgəndərovdan qalmış miras əmlak üzrə öz vərəsəlik hüququnun tanınmasını tələb etmiş, həmin tələbi təmin edilməmiş, cavabdehlərin qarşılıqlı iddiası təmin edilərək mübahisəli mənzilin 1/2 hissəsinə Sabir İsgəndərovun, 1/2 hissəsinə isə Lalə İsgəndərovanın payları müəyyən edilmişdir. Apellyasiya şikayətində cavabdehlərin 2012-ci ildə notariat orqanına müraciət edərkən iddiaçını atasının vərəsələri sırasında göstərməmələri və miras əmlak barədə məlumatı ondan gizlətmələri barədə dəlillərə gəldikdə, Məhkəmə hesab edir ki, həmin hallar da hazırkı iddianın təmin edilməsi üçün əsas təşkil etmir. Belə ki, bu məsələlər Əjdər İsgəndərovdan qalmış miras əmlakla bağlı tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinin predmetini təşkil etmiş və Qazax Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə həll edilmişdir. Həmin qətnamə ilə mübahisəli mənzilin 1/2 hissəsinə cavabdehlərin hər birinin payı müəyyən edilmiş, iddiaçının həmin miras əmlak üzrə payının tanınması barədə tələbi isə təmin edilməmişdir. Həmin halların mövcudluğu belə hazırkı işdə mübahisələndirilən əmlakın hüquqi rejimini dəyişdirmir və iddiaçının Gülşən İsmayılovadan miras qaldığını iddia etdiyi payı qəbul etməsi faktını təsdiq etmir. İddiaçının mübahisəli mənzilin hüquqi vəziyyəti barədə məlumatı yalnız 2024-cü ilin sonunda əldə etməsi barədə dəlilinə gəldikdə, Məhkəmə hesab edir ki, bu hal da iş üzrə fərqli nəticəyə gəlməyə əsas vermir. Belə ki, həmin hal mənzilin Gülşən İsmayılovanın mülkiyyətində payının mövcudluğunu və ya iddiaçının həmin payı miras kimi qəbul etdiyini təsdiq edən sübut hesab edilə bilməz. İddiaçının cavabdehlərin ona mirasdan pay veriləcəyinə dair vədlərinə inanması və bu səbəbdən uzun müddət məhkəməyə müraciət etməməsi barədə dəlilləri də mübahisəli əmlak üzərində onun vərəsəlik hüququnun mövcudluğunu və ya mirasın qəbul edildiyini təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. İddiaçının şəxsi və maddi vəziyyəti, müalicə xərclərinin olması və miras əmlakdan paya ehtiyacının yaranması barədə apellyasiya şikayətində göstərdiyi hallar da onun tələbinin hüquqi əsaslılığını müəyyən edən hallara aid deyildir. Beləliklə, Məhkəmə hesab edir ki, ilk növbədə mübahisəli mənzilin Gülşən İsmayılovaya 1/2 hissədə məxsus olması iş materialları ilə təsdiq olunmur. Digər tərəfdən, hətta həmin payın mövcudluğu fərz edilsə belə, iddiaçının Gülşən İsmayılovadan qalmış həmin payı 1997-ci ildə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul etməsi də sübuta yetirilmir. Bu baxımdan, iddiaçının mübahisəli mənzilin 1/2 hissəsinin anasına məxsus olması və həmin hissənin onun ölümündən sonra vərəsələr arasında bölünməsi barədə tələbinin təmin edilməsi üçün hüquqi əsas müəyyən edilmir. Qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin gəldiyi nəticəni dəyişdirməyə əsas vermir. MPM-nin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, göstərilənlərə əsaslanan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: İddiaçı İbrahimova Şölə Əjdər qızının apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-7)-1204/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-1204/2026
31.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver