Məhkəmə qərarları › İş №2(3-7)-148/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-148/2026

13.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-148/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və Nəbiyeva Reyhan Sulfiddin qızına qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədova Xəzər Natiq oğlunun katibliyi ilə, Işin halları

1. Iddiaçı ilə cavabdeh cavabdeh3 (həminin – borcalan) arasında bağlanmış ##.##.2014cü il tarixli ********* nömrəli Kredit müqaviləsinə əsasən, sonuncuya illik 28% dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə, 9000 ABŞ dolları məbləğində kredit vermişdir. Daha sonra, ##.##.2017-ci il tarixdə * nömrəli əlavə saziş bağlanmış və bu sazişə əsasən müəyyən edilmişdir ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.398,55 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.739,48 ABŞ dolları əsas borc, 2.316,82 ABŞ dolları faiz borcu və 342,25 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Əlavə Sazişə əsasən digər cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır.

2. Iddiaçı tərəfindən verilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən, cavabdeh3 kredit müqaviləsi üzrə ödənilməmiş 1714.23 ABŞ dolları əsas, 563.02 ABŞ dolları faiz, 2794.73 ABŞ dolları cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 250.80 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5322.78 ABŞ dolları təşkil edir.

3. ##.##.2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

4. Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli, *-*-**/*-****/**** nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının ##.##.2019-cu il tarixli *** nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın ##.##.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Bildirirlər ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən cavabdeh3 (FIN: *******) ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış ##.##.2014-cü il tarixli kredit müqaviləsi kompensasiya ilə bağlı Fərmanın təsiri çərçivəsinə düşmüş və həmin müqavilə üzrə cavabdehə cəmi 5.719,33 manat kompensasiya məbləği hesablanmışdır. Məlumat bazalarına görə Fərmanın qüvvəyə mindiyi günə – ##.##.2019-cu il tarixinə cavabdehin sözügedən kredit müqaviləsi üzrə 8.633,52 manat ödəniş müddəti keçmiş (10 gündən çox gecikdirilmiş) əsas kredit borcu (faiz, cərimə və digər borclar bazalarda toplanmamışdır) mövcud olduğundan hesablanmış kompensasiya Fərmanın 2-ci hissəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmişdir. Kredit müqaviləsinin restrukturizasiyasına gəlincə isə, bu hissədə həmin müqavilə Fərmanın təsir dairəsinə düşməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi tarixə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 125 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Fərmana əsasən ##.##.2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə ##.##.2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Nəzərə alınması xahiş olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1714.23 ABŞ dolları əsas borcun və 563.02 ABŞ dolları faiz, 2794.73 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 250.80 ABŞ dolları faiz borcu olmaqla cəmi 5322.78 ABŞ dolları milli manat ekvivalentində və ödənilmiş 110.49 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC-nin cavabdeh cavabdeh3 arasında bağlanmış ##.##.2014-cü il tarixli ********* saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehə illik 28% olmaqla, 36 ay müddətinə, 9000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh2 ilə bank arasında zaminlik müqviləsi bağlanmışdır. Daha sonra ##.##.2014-cü il tarixli ********* saylı “Kredit müqaviləsi”nə ##.##.2017-ci il tarixdə № ** Əlavə saziş bağlanmış və bu sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.398,55 ABŞ dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.739,48 ABŞ dolları əsas borc, 2.316,82 ABŞ dolları faiz borcu və 342,25 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 (səkkiz) faiz ödənilir. Əlavə Sazişə əsasən cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Lakin buna baxmayaraq cavabdeh cavabdeh3 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 1714.23 ABŞ dolları əsas borc, 563.02 ABŞ dolları faiz, 2794.73 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 250.80 ABŞ dolları faiz borcu yaranmışdır.

7. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Rafiq Məmmədov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin milli valyutada 17 000 (on yeddi min) manatadək olan vaxtı keçmiş kredit borclarının kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi güddüyündən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Fərmandan irəli gələn vəzifəsini icra edərək, hazırki iş üzrə cavabdehə münasibətdə milli valyutada 17 000 (on yeddi min) manatadək olan kreditinin əsas məbləğinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etdiyindən, restrukturizasiyaya təklif olunması üçün müəyyən edilmiş kredit məbləğinin restrukturizasiya olunmaması nəzərə allınmalı və iddia tələbi restrukturizasiya olunması təklif olunan borc məbləği olmadığından iddia təmin edilməməlidir.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.1, 385.1, 386.1, 470.1, 470.2, 472.1, 477.0.1, 477.0.4 və 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2012-ci il tarixli qərarına, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 213-214, 216- 220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

11. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, hazırda mübahisələndirilənkredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ## ###### 2019-cu il tarixli Fərmanının təsiri altına yalnız kompensasiya verilməsinə dair hissəsində düşür. cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın şərtlərinə uyğun gəlsə də, digər şərtlərinə uyğun gəlmir. Belə ki, aşağıdakı şərtlərin hamısına cavab verən kreditlərin illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunur: 2012-ci il # ###### tarixindən sonra verilmiş; 2019-cu il # #### tarixinə 360 gündən artıq gecikməsi olan; xarici valyutada əsas kredit məbləği 10 000 (on min) ABŞ dollarından, milli valyutada isə 17.000 (on yeddi min) manatdan çox olmayan kreditlər. Göründüyü kimi, cavabdeh3 kredit öhdəliyi yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il # #### tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı “restrukturizasiya olunması təklif olunan kreditlər” siyahısında olmamışdır. Bildiririk ki,HacıyevAdil Rəhbəroğlunun əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni 01 gün təşkil etdiyi MKRdən çıxarışda öz əksini tapır(MKRdən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu səbəbə görə d ə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamışdır. Işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin iddiaçıya müvafiq kredit müqaviləsi üzrə cəmi borcu məbləği 5.322,78 ABŞ dolları (əsas, faiz, cərimə və illik 5% hesablanmaqla) təşkil edir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Lakin, məhkəmə qətnamə qət edərkən “Azərbaycan Respublikasındafiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına istinad etsə də, cavabdeh “restrukturizasiya olunması təklif olunan kreditlər” siyahısında olmamışdır. Belə ki, cavabdehin öhdəliyinin “restrukturizasiya olunması təklif olunan kreditlər” siyahısına düşməməsi onun həmin kredit öhdəliyi üzrə borcunun olmamasını ehtiva etmir. Göründüyü kimi,məhkəmə qətnaməsi işin hallarına və konkret sübutlara istinad edilməklə, tərəflərlə müzakirə olunub tədqiq edilməklə əsaslandırılmamışdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Eyni zamanda, iddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, bank tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

21. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

23. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

24. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

26. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

28. Maddə 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

29. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

34. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

35. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

36. Maddə 743 (zamana görə qüvvədə olan redaksiya). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2018- ci il tarixli Qərarı

37. ... tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır... Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2019-cu il ## ###### tarixli, *** nömrəli Fərmanı

38. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi təmin edilmişdir.

39. Bənd 1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il ######ın ##-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il ######ın ##-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il ######ın ##-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. ...

40. Bənd 8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: 8.1. fiziki şəxslərin xarici valyutada 10.000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17.000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10.000 (on min) ABŞ dollarınadək və ya 17.000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 (on min) ABŞ dollarının və ya 17.000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il ######ın #-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla); 8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il ######ın #-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi; 8.8. güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər; ...

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

47. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

48. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

49. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

50. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

51. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

52. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

55. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin tam ləğv edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

57. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

58. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı ilə cavabdeh cavabdeh3 (həminin – borcalan) arasında bağlanmış ##.##.2014-cü il tarixli № ********* saylı Kredit müqaviləsindən görünür ki, sonuncuya illik 28% dərəcəsi tətbiq edilməklə, 36 ay müddətinə, 9000 ABŞ dolları məbləğində kredit vermişdir. Daha sonra, ##.##.2017-ci il tarixdə ** nömrəli Əlavə saziş bağlanmış və bu sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 9.398,55 ABŞ dolları təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 6.739,48 ABŞ dolları əsas borc, 2.316,82 ABŞ dolları faiz borcu və 342,25 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti ##.##.2022-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 faiz ödənilir. Əlavə Sazişə əsasən digər cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır.

59. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və apellyasiya şikayətinin dəlillərini qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.

60. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanına istinad etmiş və cavabdehin kredit öhdəliyinin restrukturizasiya olunmalı kreditlər kateqoriyasına aid edilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır.

61. Məhkəmə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2019-cu il tarixli Fərmanının (bundan sonra – Fərman) hüquqi mahiyyətini, məqsədini və tətbiq dairəsini iş üzrə mübahisənin düzgün həlli baxımından xüsusilə əhəmiyyətli hesab edərək qeyd edir ki, həmin normativ aktın düzgün tətbiqi yalnız Fərmanın mətninin formal oxunuşu ilə deyil, onun məqsədli (teleoloji) şərhi, tətbiq şərtlərinin kumulyativ xarakteri və müvafiq icra orqanlarının rəsmi məlumatları ilə sistemli şəkildə qiymətləndirilməklə mümkündür.

62. Fərmanın qəbul edilməsində əsas məqsəd ölkədə baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada götürdükləri kreditlər üzrə yaranmış maliyyə yükünün müəyyən hissəsinin dövlət dəstəyi ilə kompensasiya edilməsi, eyni zamanda bank sistemində problemli kreditlərin restrukturizasiyası yolu ilə sosial və iqtisadi sabitliyin təmin edilməsi olmuşdur. Bu baxımdan Fərman universal şəkildə bütün kredit münasibətlərinə deyil, yalnız Fərmanda dəqiq və məhdud şəkildə müəyyən edilmiş şərtlərə cavab verən kredit portfelinə şamil edilir.

63. Fərmanın 8-ci bəndinə əsasən, onun tətbiq dairəsi “vaxtı keçmiş kredit borcu” anlayışı ilə məhdudlaşdırılmış və həmin anlayış normativ qaydada konkretləşdirilmişdir. Belə ki, Fərmanın 8.6-cı bəndinə uyğun olaraq vaxtı keçmiş kredit borcu dedikdə ## ###### 2012-ci ildən Fərmanın qüvvəyə mindiyi tarixədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsinin 360 gündən artıq gecikdirildiyi hallar nəzərdə tutulur. Bu norma imperativ xarakter daşıyır və Fərmanın tətbiqinin başlanğıc şərtini təşkil edir.

64. Eyni zamanda Fərmanın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən restrukturizasiya yalnız o kreditlərə şamil edilir ki, həmin kreditlər üzrə əsas borc məbləği xarici valyutada 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olsun. Bundan başqa, Fərmanın 8.7-ci və 8.8-ci bəndləri restrukturizasiyanın hüquqi mahiyyətini müəyyən edərək göstərir ki, restrukturizasiya dedikdə fiziki şəxslərə güzəştli şərtlərlə yeni kreditlərin verilməsi vasitəsilə əvvəlki öhdəliklərin əvəzlənməsi başa düşülür və bu mexanizm yalnız müəyyən edilmiş meyarlara cavab verən borclulara şamil olunur.

65. Bununla yanaşı, Fərmanın 1-ci hissəsində nəzərdə tutulan kompensasiya mexanizmi restrukturizasiya institutundan hüquqi baxımdan fərqlidir. Kompensasiya yalnız devalvasiya nəticəsində yaranmış əlavə maliyyə yükünün dövlət büdcəsi hesabına qarşılanmasıdır və bu, borcun ləğvi və ya restrukturizasiyası ilə eyni hüquqi nəticə yaratmır. Yəni kompensasiya öhdəliyin mövcudluğunu aradan qaldırmır, yalnız müəyyən hissədə dövlət tərəfindən maliyyə yükünün paylaşdırılmasını təmin edir.

66. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ##.##.2026-cı il tarixli məktubundan açıq şəkildə görünür ki, cavabdehin kredit müqaviləsi Fərmanın yalnız kompensasiya ödənilməsi ilə bağlı hissəsinin təsir dairəsinə düşmüşdür. Həmin məktubda göstərilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə ##.##.2019-cu il tarixə əsas kredit borcunun gecikmə müddəti 125 gün təşkil etmişdir. Halbuki, Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Deməli, borcalanın kredit öhdəliyi restrukturizasiya edilməli kreditlər kateqoriyasına aid olmamışdır.

67. Məhkəmə qeyd edir ki, Fərmanın tətbiqi üçün nəzərdə tutulmuş şərtlər alternativ deyil, kumulyativ xarakter daşıyır. Yəni kreditin həm məbləğ həddi, həm bağlanma tarixi, həm də gecikmə müddəti eyni zamanda mövcud olmalıdır. Bu şərtlərdən hər hansı birinin olmaması Fərmanın restrukturizasiya hissəsinin tətbiqini istisna edir. Hazırkı iş üzrə isə gecikmə müddəti ilə bağlı əsas şərt – 360 gündən artıq gecikmə faktı – mövcud olmadığından borcalanın kredit öhdəliyi restrukturizasiya olunan kreditlər kateqoriyasına daxil edilə bilməz.

68. Eyni zamanda Mərkəzi Bankın ##.##.2026-cı il tarixli rəsmi məktubu ilə müəyyən edilmişdir ki, borcalanın kredit müqaviləsi yalnız Fərmanın kompensasiya mexanizmi çərçivəsinə düşmüş, restrukturizasiya üçün nəzərdə tutulan siyahıya daxil edilməmişdir. Bu hal Fərmanın tətbiqinin inzibati-texniki icra mexanizmini həyata keçirən səlahiyyətli orqanın rəsmi mövqeyi olmaqla məhkəmə üçün mühüm sübut əhəmiyyəti daşıyır.

69. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Fərman sosial yönümlü normativ akt olmaqla yanaşı, onun tətbiqi avtomatik xarakter daşımır və hər bir konkret kredit münasibəti üzrə fərdi hüquqi qiymətləndirmə tələb edir. Bu qiymətləndirmə isə yalnız normativ şərtlərin mövcudluğu ilə deyil, həm də səlahiyyətli orqanların məlumat bazaları (MKR və PK) əsasında aparılmalıdır. Hazırkı işdə həmin məlumat bazaları cavabdeh cavabdeh3 restrukturizasiya üçün tələb olunan kriteriyalara uyğun olmadığını təsdiq edir.

70. Məhkəmə qeyd edir ki, Fərmanın tətbiq olunması üçün müəyyən edilmiş şərtlər kumulyativ xarakter daşıyır və kredit öhdəliyinin restrukturizasiya olunması üçün həmin şərtlərin hamısı eyni zamanda mövcud olmalıdır. Borcalanın kredit öhdəliyi isə ##.##.2019-cu il tarixə 360 gündən artıq gecikmə meyarına cavab vermədiyindən onun restrukturizasiya olunması barədə nəticəyə gəlmək mümkün deyildir. Bu hal həm Mərkəzi Bankın rəsmi məktubu, həm də iş materiallarında olan MKR məlumatları ilə təsdiq edilir.

71. Belə olan halda birinci instansiya məhkəməsinin borcalanın kredit öhdəliyinin restrukturizasiya edilməli kreditlər sırasına aid olması barədə gəldiyi nəticə işin faktiki hallarına və təqdim olunmuş sübutlara uyğun olmamışdır. Əksinə, iş materialları ilə müəyyən edilir ki, cavabdeh cavabdeh3 kredit öhdəliyi qüvvədə olmuş, tərəflər arasında bağlanmış müqavilə və əlavə saziş hüquqi qüvvəsini saxlamış və cavabdeh cavabdeh3 həmin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyindən borc yaranmışdır.

72. Beləliklə, Fərmanın məqsəd və məzmununun sistemli təhlili göstərir ki, cavabdeh cavabdeh3 kredit öhdəliyi Fərmanın restrukturizasiya hissəsinin təsir dairəsinə düşməmiş, yalnız kompensasiya mexanizmi çərçivəsində nəzərə alınmış və borcluya hezablanmış kompensasiyaməbləği sonuncunun borcunun bir qisminin ödənilməsinə yönəldilmişdir. Kompensasiya isə borcun mövcudluğunu aradan qaldırmadığından, kredit müqaviləsi üzrə əsas öhdəliklər qüvvədə qalmaqda davam etmişdir.

73. Bu səbəbdən birinci instansiya məhkəməsinin Fərmanı genişləndirici şəkildə şərh edərək cavabdeh cavabdeh3 kredit öhdəliyini restrukturizasiya olunan kreditlər kateqoriyasına aid etməsi hüquqi baxımdan düzgün olmamış, Fərmanın tətbiq dairəsinin məhdudlaşdırıcı xarakteri nəzərə alınmamışdır. Nəticə etibarilə, Fərmana istinadla iddianın rədd edilməsi işin faktiki hallarına və tətbiq edilməli hüquq normalarına uyğun olmamışdır.

74. Məhkəmə həmçinin nəzərə alır ki, borcalan tərəfindən borcun ödənilməsi, hesablamaların yanlış olması və ya öhdəliyin xitam tapması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş hesablamalar isə iş materialları ilə təsdiq olunur və həmin hesablamaların qeyri-düzgün olmasını təsdiq edən sübutlar mövcud deyildir.

75. Məhkəmə qeyd ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

76. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

77. Iddia tələbinin kökündə tələb etmənin əsası kimi kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.

78. Iddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında olan ##.##.2014-cü il tarixli ********* nömrəli “kredit müqaviləsi” və müqaviləyə ##.##.2017-ci il tarixdə * nömrəli əlavə saziş Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh cavabdeh3 isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.

79. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalanın ##.##.2019-cu il tarixə 8633.52 manat kredit borcu hesablanmış və ona kompensasiya olaraq 5719,33 manat kompensasiya hesablanaraq borcunun ödənilməsinə yönəldilmişdir ki, borcalanın kredit müqaviləsi üzrə 1.714,23 ABŞ doları əsas borcu (8633.52 manat əsas borc - 5719,33 manat kompensasiya = 2914,19 manat əsas borc / 1.7 = 1714,23 ABŞ dolları) qalmışdır. Bu səbəbdən də həmin borc borcalandan tutulmalıdır.

80. Eyni zamanda, borcalanın öhdəliyinin təminatı olaraq digər cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.

81. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.

82. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

83. Lakin, hazırki iddia üzrə cavabdeh1 və cavabdeh2 qarşı da iddia tələbi təmin edilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

84. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, zaminliklə təmin olunmuş əsas öhdəlik (iddiaçı ilə borcalan cavabdeh3 arasında bağlanmış ##.##.2014-cü il tarixli ********* nömrəli “kredit müqaviləsi”nə ##.##.2017-ci il tarixdə * nömrəli əlavə saziş üzrə) ##.##.2017-ci il tarixdə yaranmışdır. Həmin öhdəliyin icrası vaxtı ##.##.2022-ci il tarixdə başa çatmışdır. Bu halda zaminin öhdəliyinə həmin tarixdən bir il keçdikdə, yəni ##.##.2023-cü il tarixdə, digər halda isə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Lakin, iddiaçı bu müddət bitdikdən sonra, yəni ##.##.2025-ci il tarixdə iddia vermişdir ki, bununlada zaminlərə qarşı tələb hüququnu itirmişdir. Iddiaçı zaminlərə qarşı tələb hüququnu itirdiyindən isə zaminlərdən borcun tutulması tələbi təmin oluna bilməz.

85. Borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.

86. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

87. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.

88. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.

89. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.

90. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.

91. Həmçinin, iddiaçı borcalandan tərəfindən öhdəlik hazırkı vaxta kimi lazımi qaydada icra edilmədiyini bildirərək, ##.##.2025-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış fayda qismində 250.80 ABŞ dollarının tutulmasını tələb edir.

92. Belə ki, hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

93. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.

95. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## #### tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər (33&). ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### tarixli Qərar).

96. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.

97. Buna görə də məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 250.80 ABŞ dolları borcalandan iddiaçının xeyrinə tutulmalıdır.

98. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (zamana görə redaksiya).

99. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

100. Tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur (əlavə saziş bənd 1.3).

101. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

102. Mülki Məcəlləsinin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

103. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

104. Həmçinin, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, iddiaçı borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə borcalanın üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmişdir. Çünki, tərəflər arasında bağlanılmış müqavilədə cərimənin tutulması barədə göstəriş vardır.

105. Məhkəmə hesab edir ki, dəbbə pulunun hüquqi mahiyyəti onu yalnız cəza xarakterli mexanizm deyil, eyni zamanda öhdəliyin icrasını stimullaşdıran təminat vasitəsi kimi müəyyən edir. Lakin bu institut tətbiq edilərkən onun mülki dövriyyədə balanslaşdırıcı funksiyası pozulmamalı, borclunun üzərinə iqtisadi baxımdan qeyri-mütənasib və həddindən artıq maliyyə yükü qoyulmamalıdır. Əks halda, dəbbə pulu institutunun məqsədi olan təminat funksiyası deyil, cəza xarakteri ön plana keçmiş olar ki, bu da mülki hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir.

106. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdehin əsas borc öhdəliyi mövcud olmaqla yanaşı, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği ümumi borc yükü ilə müqayisədə tənasübsüz dərəcədə yüksək olmuş və iddiaçı cərimə borcunun şüurlu surətdə artmasına şərait yaratmışdır. Belə ki, kredit öhdəliyi yerinə yetirilmədiyi təqdirdə vaxtında borcun tutulmasına dair iddia ilə məhkəməyə müraciət etməmiş və cərimə borcunun artmasına şərait yaradılmışdır.

107. Bu isə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş müdaxilə zərurətini yaradır. Məhkəmə hesab edir ki, cərimənin ilkin müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə tətbiqi cavabdehin əmlak vəziyyətinə qeyri-mütənasib təsir göstərməklə yanaşı, öhdəliyin icrasının təmin edilməsi məqsədini aşan nəticələr doğura bilər.

108. Eyni zamanda nəzərə alınmalıdır ki, kreditor üçün əsas hüquqi maraq borcun və qanuni faizlərin ödənilməsindən ibarətdir və cərimə institutu onun əlavə qazanc mənbəyi kimi deyil, öhdəliyin vaxtında icrasını təmin edən vasitə kimi çıxış etməlidir. Bu baxımdan, cərimənin azaldılması kreditorun əsas əmlak mənafelərinə əhəmiyyətli zərər vurmur, lakin borclunun üzərinə qoyulan qeyri-mütənasib maliyyə yükünü balanslaşdırır.

109. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını, öhdəliyin icra vəziyyətini, tərəflərin müqavilə münasibətlərini və Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş ədalət və mütənasiblik meyarlarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi üzrə hesablanmış cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və ədalətli balansın təmin edilməsi məqsədilə 52 (əlli iki) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.

110. Məhkəmə iddia tələbinin xarici valyutada göstərilmiş məbləğin icra qaydasını qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi əsas etibarilə manatla ifadə olunmalı, lakin tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda və qanunla qadağan edilmədikdə, pul öhdəliyi xarici valyutada da müəyyən edilə bilər.

111. Eyni zamanda həmin Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, xarici valyutada müəyyən edilmiş pul öhdəliyinin Azərbaycan Respublikasının ərazisində icra edilməsi hallarında, ödənişin xarici valyutada aparılması xüsusi olaraq şərtləşdirilmədiyi təqdirdə, həmin öhdəlik ödəniş gününə mövcud olan rəsmi məzənnə üzrə manat ekvivalentində icra edilməlidir.

112. Hazırkı iş üzrə iddia tələbi ABŞ dolları ifadəsində göstərilmiş pul öhdəliyinin tutulmasına yönəlmişdir. Lakin, həmin öhdəliyin icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirildiyindən və tərəflər arasında ödənişin mütləq şəkildə xarici valyutada aparılmasına dair xüsusi razılaşma müəyyən edilmədiyindən, sözügedən tələb Mülki Məcəllənin 439.2-ci maddəsinin tələblərinə uyğun olaraq manat ekvivalentində icra edilməlidir.

113. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən tutulan ABŞ dollarında olan borc məbləği ödəniş günündə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla hesablanmalı və həmin ekvivalentdə iddiaçının xeyrinə tutulmalıdır.

114. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

115. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

116. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

117. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

118. Beləliklə məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir.

119. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə cavabdeh cavabdeh3 iddiaçının xeyrinə ümumilikdə 2.578,05 ABŞ dolları məbləğində borcun tutulması müəyyən edilmişdir. Bu məbləğ müvafiq ödəniş gününə olan Azərbaycan manatına çevrildikdə belə, MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş beş min manatlıq həddi aşmır. Eyni zamanda, iddianın rədd edilmiş 2.744,73 ABŞ dolları məbləğində hissə üzrə mübahisənin dəyəri MPM-in 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 5.000 manatlıq həddi aşmadığından, həmin hissə üzrə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya qaydasında mübahisələndirilə bilməz.

120. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 372.1, 382, 384.0.2, 386, 388, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh3 1.714,23 (min yeddi yüz on dörd ABŞ dolları iyirmi üç sent) ABŞ dolları əsas borc, 563,02 (beş yüz altmış üç ABŞ dolları iki sent) ABŞ dolları faiz borcu, 52 (əlli iki) ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 250,80 (iki yüz əlli ABŞ dolları səksən sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.580,05 (iki min beş yüz səksən ABŞ dolları beş sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatının ekvivalentinə uyğun Azərbaycan manatı ilə tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 (əlli dörd) manat pul alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Iddia qalan hissələrdə rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar