Məhkəmə qərarları › İş №2(3-7)-153/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-153/2026

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-153/2026 19.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(015)-1657/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat formasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC məhkəməyə müraciət edərək, Cavabdeh 07 noyabr 2022-ci il tarixli, AQK6480651 saylı borc müqaviləsinə əsasən 1725 manat əsas borc, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3186 manat əsas borc və 70 manat dövlət rüsumu olmaqla, cəmi 4981 manat pulun alınaraq İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(015)-1657/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 07 noyabr 2022-ci il tarixli, AQK6480651 saylı borc müqaviləsinə əsasən 1725 manat əsas borc, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3186 manat əsas borc və 70 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin 1300 (bir min üç yüz) manat məbləğində təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair iddia ərizəsinə Ağstafa rayon Məhkəməsinin hakimi N.Abbasov tərəfindən baxılaraq onun əlehinə əsassız və qanunsuz məhkəmə qətnaməsi çıxarılmışdır. İddiaçı MMC-nin ona qarşı pul tələbinə dair məhkəmə iclasının olmasından xəbəri olmamış məhkəmə tərəfindən ona hansısa məlumat, bildiriş və ya sms daxil olmamışdır. İddiaçı ilə xx.xx.2022-ci il tarixdə AQK6480651-saylı borc müqaviləsinə əsasən o, iki ədəd əşya almış və hazırda həmin əşyaların pulunu demək olar ki, ödəmiş amma iddiaçı tərəf müqaviləni borc müqaviləsi adlandıraraq pozuntu etmişdir. Hazırda onun həmin əşyalara görə iddiaçı təşkilata 1300,00 ( min üç yüz) manat borcu qaldığı halda iddiaçı tərəf 3186,00 ( üç min yüz səksən altı) manat pul tələb edərək onun hüquqlarını kobudcasına pozmuşdur. Belə ki, məişət əşyaları üçün vaxtı-vaxtında ödəniş etmiş və bir neçə ayı ödəniş etdiyinə görə iddiaçı onun əsassız yerə məhkəməyə vermiş və uyğunsuz bir pul tələbi də qoymuşdur. Hansı ki, məhkəmə kiçik iddialara dair işlər üzrə işə baxsada həmin iş üzrə şəxsən onu hansısa bildiriş məlumat daxil olsaydı o, işin iddia icraatına keçirilməsi barədə məhkəməyə ərizə təqdim edərdi. Göründüyü kimi, ona bildiriş gələmədiyi üçün ancaq məhkəmə qətnaməsi poçtla daxil olduqda belə bir işin olmasını bilmiş və hazırda həmin qətnamə üzrə borc düzgün qeyd edilmədiyindən həmin qətnamədən apellyasiya şikayəti verməkdə haqlıdır. Əgər məhkəmə həmin iş üzrə iddiaçının dediyinə qane olmayıb cavabdeh tərəfidə məhkəməyə çağırsaydı onda ödənişlərini qeyd edərdi. Ona görə də hesab etmişdir ki, həmin məhkəmə iclası qanunla nəzərdə tutulmuş qaydaya zidd olaraq aparılmış və sonda onun hüquqları pozulmuşdur. Məhkəmə qətnamədə qeyd edib ki, ödəniş qrafiki üzrə 3186 manat borcun qaldığı sübuta yetrilmişdir, amma nə ilə hansı sənədlərlə sübuta yetrilmişdir yoxdur. Ona görə də o da öz sübutlarını məhkəmə iclası zamanı təqdim edəcəkdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 394-1.3-cü maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(015)-1657/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin cavabdehin məhkəmə iclasının olmasından xəbəri olmaması, məhkəmə tərəfindən ona hansısa məlumat, bildiriş və ya sms göndərilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarının 13-cü vərəqində olan xx.xx.2025-ci il tarixli, e-2(015)-1657/2025 saylı məhkəmə bildirişindən görünür ki, məhkəmə bildirişi Cavabdeh Ağstafa rayonu Aşağı Kəsəmən kəndindəki ünvanına göndərilmişdir (iş materiallarının 14-cü vərəqində olan Sifarişli-Reyestr, xx.xx.2025-ci il tarixdə Ağstafa Poçt İdarəsinə təhvil verilmişdir). Lakin cavabdeh heç bir etiraz və ya əlavə sənədlər təqdim etməmişdir. Hazırki iş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə göndərilsə də, cavabdeh heç bir etiraz və ya əlavə sənədlərini kollegiyaya təqdim etməmişdir. Cavabdeh şikayətində ödənişləri barədə sənədləri olduğunu qeyd etsə də, bununla bağlı dəlillərini apellyasiya şikayətinə əlavə etməmiş, məhkəmə kollegiyasına göndərməmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 07 noyabr 2022-ci il tarixli, AQK6480651 saylı borc müqaviləsinə əsasən cavabdeh iddiaçı təşkilatdan 1828 manat, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3488 manat dəyərində məişət avadanlığı almışdır. Lakin cavabdeh ödənişlərini tam olaraq etməmiş və onun iddiaçı təşkilata 07 noyabr 2022-ci il tarixli, AQK6480651 saylı borc müqaviləsinə əsasən 1725 manat əsas borc, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3186 manat əsas borcu yaranmışdır. Borcun ödənilməsi barədə Cavabdeh xx.xx.2025-ci ildə Pretenziya məktubu göndərilmişdir (iş materialları vərəq-5). xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 07 noyabr 2022-ci il tarixli, AQK6480651 saylı borc müqaviləsinə əsasən 1725 manat əsas borc, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3186 manat əsas borcu qalmışdır (iş materialları vərəq-7). Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, cavabdeh iddiaçı təşkilatdan 1828 manat, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3488 manat dəyərində məişət avadanlığı almış, müqavilələrə əsasən tərtib olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh iddiaçı təşkilatdan aldığı avadanlıqların ödənişini ödəməsini öhdəsinə götürmüş, lakin cavabdehin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq ödənişi tam icra etməmiş, onun iddiaçı təşkilata 07 noyabr 2022-ci il tarixli, AQK6480651 saylı borc müqaviləsinə əsasən 1725 manat əsas borc, 25 dekabr 2022-ci il tarixli, AQK6480869 saylı borc müqaviləsinə əsasən 3186 manat əsas borcu qalmışdır. Kollegiya qeyd edir ki, cavabdeh ödənişləri ilə bağlı sənədləri olduğunu qeyd etsə də, məhkəmənin araşdırması üçün heç bir sübut təqdim etməmişdir. Pretenziya məktubunun təqdim edilməsindən sonra cavabdehin ona etiraz etməsi və ya ödəniş etməsi ilə bağlı iş materiallarına heç bir mötəbər sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2 Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(015)-1657/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(015)-1657/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar