Məhkəmə qərarları › İş №2(3-7)-212/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-212/2026

27.04.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-212/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Ərizəçilər ərizəçi1 və ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARDADİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X3 oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi, ərizəçi ərizəçi2 və maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, ərizəçilər ərizəçi1 və ərizəçi2 maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə (bundan sonra- maraqlı şəxs) qarşı “hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə 4,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir(Torpağa mülkiyyət hüququna dair Dövlət aktı JN-0096, KOD 50405038). Şəmkir rayon Aqrar İslahat Komissiyasının ## ####### 1998-ci il tarixli, ** saylı qərarı ilə X2 və onun ailə üzvlərinin mülkiyyətinə 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir( Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-001A, KOD 50405038). Birinci instansiya məhkəməsində icraat Ərizəçilər ərizəçi1 və ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Torpağa mülkiyyət hüququna dair JN-0096, KOD ******** nömrəli Dövlət aktının və Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD ******** nömrəli şəhadətnamənin onlara məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər tələblərini belə əsaslandırmışlar ki, ərizəçi ərizəçi2 ##.##.1976-cı il, ərizəçi ərizəçi1 ##.##.1951-ci il tarixdə Tovuz rayonunda anadan olmuşdur. Doğulduğu vaxtdan hal-hazıradək onun, yəni ərizəçi ərizəçi2 adı Gündüz, ata adı Behbud oğlu olmuşdur. Ərizəçi ərizəçi1 doğulduğu vaxtdan adı Cavahir, ata adı Qədim olmuşdur. Buna baxmayaraq ailəyə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD ******** nömrəli şəhadətnamədə və JN-0096, Kod ******** nömrəli Dövlət aktında səhv olaraq onun, yəni ərizəçi ərizəçi2 adı 'Kyhdyz", ata adı Behbud qızı yazılıb. Ərizəçi ərizəçi1 adı Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD ******** nömrəli şəhadətnamədə səhvən "Cəvahir", ata adı "Qədir" yazılmışdır. Bu səbəbdən, həmin torpaqla bağlı hüquqlardan istifadə edə bilmirlər. Odur ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikası DTXÇ Komitəsinin Şəmkir rayon şöbəsinin səlahiyyətlərinin icrasının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə həvalə olunduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Onlara aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə qeyd olunan səhvlərin düzəldilməsi üçün məhkəməyə müraciət etməli olmuşlar. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) *(***)-****/**** nömrəli iş üzrə 05.11. 2025-ci il tarixli qətnaməsi ilə (hakim İ.Quliyev) ərizənin təmin edilməsi, Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD ******** nömrəli şəhadətnamənin və Torpağa mülkiyyət hüququ haqqında JN-0096 KOD, ******** nömrəli Dövlət aktının ərizəçi1 və ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, ərizəçilərə məxsus bütün sənədlərdə ərizəçi1 və ərizəçi2 ad məlumatları düzgün göstərilsə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-001A, KOD ******** nömrəli şəhadətnamə və Torpağa mülkiyyət hüququ haqqında JN-0096, KOD ******** nömrəli Dövlət aktında adları yanlış qeyd edilmişdir ki, bu isə onların eyni şəxslər olması barədə şübhə doğurmur. Belə ki, həmin sənəddə yanlışlıq olması barədə kifayət qədər sübutlar məhkəməyə təqdim olunmuşdur. Ərizəçilər qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir və həmin sənəd ərizəçiyə torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqədar tələb olunur. Maraqlı şəxs apellyasiya şikayəti və apellyasiya baxışı zamanı apellyasiya şikayətinə dəqiqləşmə verilməsinə dair ərizə verərək, həmin qətnamənin “Torpağa mülkiyyət hüququ haqqında JN-0096, KOD ******** nömrəli Dövlət aktının ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi” hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri ** saylı Şəmkir Ərazi İdarəsinin arxiv məlumatlarında sənədin əsli olan JN-0096, ******** nömrəli Dövlət aktının subyekt siyahısında X4 məxsus olduğu müəyyən edilmişdir. Burdan da görünür ki, ərizəçinin subyekt siyahısında adı dəyişdirilərək ərizəçi2 kimi qeyd edilmişdir. Sözügedən qətnamənin icrası ilə bağlı qeyd olunan halların aradan qaldırılması vacibdir. Məhkəməyə ərizəçilər tərəfindən dəqiq sənədlər verilmədiyindən qətnamə ləğv olunmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Ərizəçilər apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qətnaməni yalnız JN-0096, KOD ******** nömrəli Dövlət aktının ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi hissəsində mübahisələndirirlər. Həmin aktda Behbud Qasımovun ailə üzvi kimi ərizəçi2 adı qeyd edilməmişdir. Həmin aktda ərizəçi tərəfindən əlyazısı ilə düzəliş edilərək “X4” sözləri “ərizəçi2” kimi yazılmışdır. Bu isə maraqlı şəxsdə şübhə yaratmışdır. Belə ki, ola bilsin ki, X5 adlı uşağı olmuş və sözügedən aktda hər hansı yanlışlıq olmamışdır. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən ərizəçi ərizəçi2 izahatında bildirmişdir ki, onun adı və ata adı JN-0096, KOD ******** nömrəli Dövlət aktında yanlış olaraq X4 yazılmışdır. Onun Gülnaz adlı bacısı olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi “Torpağa mülkiyyət hüququ haqqında JN-0096, KOD ******** nömrəli Dövlət aktının ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi” hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1 Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi;

2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2015-ci il tarixli Qərarı

Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM)

Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8- 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən, yəni “Torpağa mülkiyyət hüququ haqqında JN-0096 KOD, ******** nömrəli Dövlət aktının ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizəçi ərizəçi2 hüquqi marağı JN-0096, Kod ******** nömrəli dövlət aktına əsasən Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən 4,98 ha torpaq torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi göstərilmişdir ki, qeyd olunan dövlət aktında mülkiyyətçinin ad və ata adı ilə şəxsiyyət vəsiqəsində qeyd olunan ad və ata adı arasında uyğunsuzluq mövcuddur. Bu uyğunsuzluğun aradan qaldırılması və ya eyniliyin müəyyən edilməsi isə müvafiq idarənin səlahiyyətlərinə aid deyildir və bu məsələ məhkəmə qaydasında həll olunmalıdır. Göstərilənlərə əsasən, ərizəçi həmin uyğunsuzluğun aradan qaldırılması və torpaq sahəsinə dair dövlət aktının ona məxsus olmasının hüquqi fakt kimi müəyyən edilməsi məqsədilə “Torpağa mülkiyyət hüququ haqqında JN-0096, Kod ******** nömrəli dövlət aktının ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, habelə maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından imtina edə bilməz. Həmin normanın tələblərinə görə, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamalı, işin hallarını yalnız ərizəçinin təqdim etdiyi sənədlərlə məhdudlaşdırmamalıdır. Hazırkı işdə isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən dövlət aktında göstərilən ad və ata adı ilə şəxsiyyət vəsiqəsindəki məlumatlar arasında uyğunsuzluq əsas gətirilərək müraciətin təmin edilməsindən imtina edilmiş, lakin həmin uyğunsuzluğun aradan qaldırılması və ya sənədlərin eyniliyinin müəyyən edilməsi istiqamətində zəruri araşdırma aparılmamışdır. İşin apellyasiya baxışı zamanı “xxxx” MMC-yə sorğu verilərək, Şəmkir rayon Aqrar İslahatı Komissiyasının ##.##.1998-ci il tarixli, ** saylı qərarına əsasən JN-**** nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında olan subyektlərin siyahısından çıxarışın Məhkəməyə təqdim edilməsi təmin edilmişdir. Məhkəmənin sorğusuna “xxxx” MMC tərəfindən göndərilmiş ## ##### 2026-cı il tarixli cavab məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş “Şəmkir rayon Dəllər-cəyir kənd inzibati ərazi vahidinin Sarıtəpə kənd üzrə pay almaq hüququ olan vətəndaşlarının siyahısı”nda 1976-cı il təvəllüdlü ərizəçi2 adı qeyd olunmuşdur. Göründüyü kimi, torpaqların paylanması zamanı tərtib edilmiş siyahıda ərizəçinin ad, soyad və ata adı düzgün qeyd olunmuş, lakin sonradan verilmiş dövlət aktında həmin məlumatlar səhv göstərilmişdir. Bu hal isə inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən fəaliyyətinin nəticəsidir. Məhkəmə hesab edir ki, hazırki mübahisə fiziki şəxslə inzibati orqan arasında yaranan inzibati (publik) münasibətdən irəli gələn mübahisə olmaqla, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər kateqoriyasına aiddir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki işdə sənəddə(dövlət aktında) yol verilmiş yanlışlıq texniki xarakter daşıdığından və həmin sənədin verilməsinə əsas olmuş arxiv sənədlərində şəxsin məlumatları düzgün göstərildiyindən, mövcud səhvin inzibati qaydada aradan qaldırılması mümkündür. Ərizəçi aidiyyəti inzibati orqana müraciət etməklə mülkiyyət hüququnu qeydə aldıra bilər. Bu səbəbdən hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmır. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi müzakirə olunan hissədə ərizəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasını nəzərə almamış və bununla da prosessual hüquq normalarını pozmuşdur – səlahiyyətinə aid olmayan işə baxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinin mənasına görə, apellyasiya icraatı zamanı iş üzrə icraata xitam verilməsi üçün əsaslar aşkar edildikdə apellyasiya instansiyası məhkəməsi iş üzrə icraata xitam verməklə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsi barədə qərardad qəbul etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə qismən ləğv olunmalı və mülki iş üzrə icraata MPM-nin 261.0.1-ci maddəsinə əsasən – “işə mülki icraat qaydasında baxılmalı deyil” əsası ilə xitam verilməlidir. Ərizəçiyə, inzibati orqan imtina etdiyi halda “Torpağa mülkiyyət hüququ haqqında JN:0096, KOD ******** nömrəli Dövlət aktı əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması” öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulması tələbi ilə aidiyyəti inzibati məhkəməyə iddia ilə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384, 385, 387, 400 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDI: Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2025-ci il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən, “Torpağa mülkiyyət hüququ haqqında JN:0096 KOD ******** nömrəli Dövlət aktının ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar