Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(3-7)-27/2026 12.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)- 4874/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, 378874 nömrəli aktın surətindən görünür ki, aktda qeyd olunmuşdur ki, EEİQ-nə uyğun olaraq mənzilin elektrik sayğacına baxış keçirən zaman abonentin sayğaca gələn faz xəttini sayğacın dövrəsindən kənarlaşdıraraq, əlavə “0” xətti götürərək, işlədiciləri birbaşa qoşmuşdur. Aktda istehlakçı İddiaçı iştirakı göstərilməmişdir.
2. "xxxx" ASC-nin “Qərb” RETSİ-nin Akt komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, qüsur kənar xətt qeyd edilməklə istehlakçı İddiaçı 809,36 manat məbləğin ödənilməsi tələb olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 378874 nömrəli akt əsasında hesablanmış 809,36 manat cərimə məbləğinin **********03494 nömrəli abunə kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonunda qeydiyyatda olsa da, Gəncə şəhəri, Nizami rayonu, Etibar Məmmədov küçəsi ərazisində özünə məxsus fərdi yaşayış mənzili inşa etmişdir. Həmin mənzilin inşasının başlanmasının ilk günlərində Gəncə “ASAN Xidmət” mərkəzinə müraciət edərək, mənzilin istifadəsi üçün xx.xx.2022-ci il tarixində həmin ünvana **********03494 kod altında elektrik sayğacı quraşdırılmışdır. Həmin elektrik sayğacına əvvəlcədən smart karta ödəniş edərək istifadə etmişdir. Həmçinin digər kommunalları qanun daxilində istifadə etmişdir. Həmin sözügedən mənzil yaşayış üçün tam təmir olunmamış, ara-sıra ustalar işləmişdir. Ümumiyyətlə həmin mənzildə istilik və elektrik enerjisinin istifadəsinə ehtiyac az hallarda olur. Lakin 2025-ci il may ayının 12-də mənzilinin təmir işini aparan ustalar tərəfindən ona elektrik sayğacının 220 volt şəbəkədən mənzilinin sayğacına daxil naqillər açılması bildirilmişdir. Bununla bağlı cavabdehin Gəncə şəhər EŞ-nə müraciəti zamanı bildirmişdirlər ki, guya oğurluq etdiyinə görə ona məhkəməyə təqdim etdiyi 378874 nömrəli akt tərtib olunmuş, akt əsasında isə 809,36 manat cərimə məbləği hesablandığına görə və həmin məbləğin ödənişini təmin etmək məqsədi ilə onun mənzilinin elektrik verilişinin dayandırılması həyata keçirilmişdir. Həmin aktı idarə tərəfindən əldə etdikdən sonra bir neçə enerji mütəxəssislərinə və digər şəxslərə təqdim etdikdə bildirilmişdir ki, həmin akt enerji istifadə qaydalarına zidd olaraq heç bir əsası olmadan tərtib olunmuşdur, kənardan 0 xətti götürmək termini ümumiyyətlə düzgün deyildir. Cavabdeh öz xeyrinə olan formada qeyd aparmış və naqildən axan guya etmiş olduğu cərəyanın miqdarı bilinmədən P kənarı 2,5 kv/saat götürülməsi tam qanunsuzdur və ona təqdim edilmiş video çəkilişdə heç bir kənar xətt yoxdur. “Necə ola bilər ki, yaşayış olmayan mənzildən 2,5 kv/saat enerji istifadəsi əldə olunur?” Ən əsası da elektrik sayğacı mənzilin qoruma zolağından kənarda daimi vətəndaşların hərəkət etdiyi yol kənarına quraşdırılmışdır. O, bu nöqsanlara görə aktın nə onun, nə də digər hal şahidlərinin iştirakı olmadan tərtib olunmasını mötəbər hesab etmir. Ona yazılmış əsassız akta görə hesablanmış cəriməni cavabdehin şəbəkə idarəsi ləğv etmədiyinə görə özlərinin tövsiyəsi ilə məbləğin silinməsi üçün məhkəməyə müraciət etmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4874/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2025-ci il tarixli, 378874 nömrəli akt üzrə itirilmiş elektrik enerjisi sərfiyyatına görə İddiaçı hesablanmış 809,36 manat pulun silinməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun hesabına 30 manat alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının elektrik sayğacına gələn faz xəttini sayğacın dövrəsindən kənarlaşdırması və birbaşa xəttə qoşulması məhkəmə araşdırması zamanı sübut olunmamışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4874/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tamamilə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 25 aprel 2025-ci il tarixdə "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin struktur tərkibində fəaliyyət göstərən X4 əməkdaşları tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Etibar Məmmədov küçəsində yaşayan abonentlərin X2 qaydalarının tələblərinə riayət edib-etməmələrini araşdırmaq məqsədi ilə istehlakçıların sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zamanı “sayğaca gələn faz xəttini sayqacın dövrəsindən kənarlaşdıraraq əlavə “0” xətti götürərək işlədiçiləri bir başa qoşmuşdur” xətt vasitəsilə işlədiciləri şəbəkəyə qanunsuz qoşulma qüsuru faktı aşkar edilmişdir. Aşkar olunmuş enerji pozuntularına dair əməkdaşları tərəfindən abonent haqqında “EEİQ”-nın tələbinə uyğun olaraq 25 aprel 2025 ci il tarixli, AKT R №378874 saylı akt tərtib olunmuşdur və video cəkiliş aparılmışdır. Bundan sonra, əməkdaşları tərəfindən aşkar olunmuş enerji pozuntuları ilə bağlı tərtib edilmiş akta əsasən Qərb RETSİ-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya 180 gün üçün dəyəri 6350 kvt.s təşkil edən miqdarında elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. “Məhkəmə tərəflərin izahatını dinləyib işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş halların qiymətləndirərək hesab etmişdir ki, iddia rədd edilməlidir”. Belə ki, təqdim edilmiş diskdə qeyd edilir ki,sayqac işlədiciləri axan cərəyanı qeyd etmir, Ampermaşa vasitəsilə ölcü aparılan zaman faz və sıfır “0”xətləri birlikdə ölçüləndə”0” sıfır göstərməsi əvəzinə 11.4-11.6 A cərəyan axmasını qeyd etmişdir. Yəni hardasa torpaqlanma var. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün sübutlar təqdim edilmiş, lakin onlara hüquqi qiymət verilməmiş, faktiki hallar aydınlaşdırılmamışdır. Tərəflərindən təqdim edilmiş rəsmi sənədlərlə təsdiq olunur ki, 25 aprel 2025 ci il tarixdə "xxxx" ASC-nin Qərb RETSİ-nin struktur tərkibində fəaliyyət göstərən Gəncə EŞnin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində, abonentlərin X2 qaydalarının tələblərinə əməl edib-etməmələrinə dair onların yaşayış evləri üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Baxış zaman müəyyən edilmişdir ki, “sayğacın kənar xətt” qüsuru faktı aşkar edilmişdir. Məhz aşkar edilmiş enerji pozuntuları ilə bağlı əməkdaşlarımız tərəfindən iddiaçı barəsində “EEİQ”-nın tələbinə uyğun olaraq 25 aprel 2025-ci il tarixli, AKT R № 378874 saylı akt tərtib edilmişdir. Məhkəmə tərəflərin təqdim etdiyi bütün sübutların mötəbərliyini yoxlamalı, mübahisə olunan halları isə yerində araşdırmalı, baxış keçirərək həqiqətə nail olmalı idi. Lakin hazırkı iş üzrə işə baxan Gəncə şəhər məhkəməsi tərəfindən Qanun və məhkəmə qarşısında bərabərlik, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi tələblərinə əməl edilməmiş, iş üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Azərbaycan Respublikasının MPM-nin 217.1-ci maddəsinin tələbinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə daxili inamına və təqdim olunmuş sübutları araşdırıb onların nəticəsinə əsaslanmış olsa idi bu cür əsassız, qərəzli qərar qəbul etməzdi.
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, apellyasiya şikayətininin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının evinə reyd zamanı əlavə xətt aşkar edilmişdir. Həmin evdə tikinti işləri getmişdir. Video çəkilişlər mövcuddur. Polisi dəvət etmişlər akt tərtib olunmamışdır. Polis gəlməmişdir. Akt vətəndaşa verilməmişdir. Vətəndaş orada olmamışdır. Torpaqlama varsa, deməli faza vardır.
12. İş üzrə İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”:
16. 7.6-cı bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir.
17. 7.9-cu bəndinə görə, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
18. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır.
19. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
20. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.”;
21. 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur:
22. 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə.
23. 10.18.9-2. bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
25. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4874/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, araşdırılmış iş materiallarından görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Etibar Məmmədov küçəsi ərazisində özünə məxsus fərdi yaşayış evində "xxxx" ASC-nin əməkdaşı tərəfindən aparılan yoxlama zamanı müəyyən edilmişdir ki, kənar xətt vardır, abonent nöqtəsində faz və “0” xətləri düzgün qoşulmamış, yəni faz xətti “0” girişinə, “0” xətti isə faz girişinə qoşulmuşdur. Nəticədə sayğac faktiki sərfiyyatı düzgün qeydə ala bilməmiş və az göstərmişdir. Bu cür pozuntu aşkar edildikdən sonra xx.xx.2025-ci ildə vətəndaşın iştirakı olmadan akt tərtib edilmiş, 180 günlük dövr üzrə əlavə hesablamalar aparılmış və abonentin adına 809 manat məbləğində cərimə hesablanmışdır. İddiaçı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün materiallar Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X1 X5 tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş “İnzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında” qərardaddan görünür ki, xx.xx.2025-ci il tarixli, 378874 nömrəli aktda abonentin sayğaca gələn faz xəttini sayğac dövrəsindən kənarlaşdırdığı, bilavasitə 0 xətti götürərək işlədiciləri birbaşa qoşduğu, sayğacın alt qapaq möhürünün yerində olduğu qeyd edilmişdir. Təqdim edilən video görüntüdə isə faz xəttinin sayğac dövrəsindən kənarlaşdırdığı, bilavasitə 0 xətti götürüldüyü aşkar görünməmişdir (iş materialları səhifə 72-73).
35. Kollegiya qeyd edir ki, həmin qərardan görünür ki, inzibati xətanın törədilməsində təqsirləndirilən şəxsin əməllərində (hərəkət və hərəkətsizlik) inzibati xəta tərkibinin bütün əlamətləri olmadığından həmin şəxsin təqdim edilmiş akta əsasən inzibati məsulliyətə cəlb edilməsi qanunsuz və əsassız hesab olunmaqla yanaşı, eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirsizlik prezumpsiyasının, həmçinin bütövlükdə ədalətlilik prinsiplərinin pozulması kimi qiymətləndirilə bilər. Bilavasitə istehlakçı tərəfindən elektrik sayğacından kənar xətdən istifadə edilməsində onun təqsiri Məcəllədə nərəzdə tutulmuş qaydada sübuta yetirilməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf yazılı və şifahi izahatlarında göstərmişdir ki, Gəncə şəhəri, E.Məmmədov küçəsində yaşayan İddiaçı abunə kodu: **********03494, quraşdırılmış **********4 zavod nömrəli sayğaca baxış zamanı məlum olmuşdur ki, sayğac işlədicilərə axan cərəyanı qeyd etmir. Ampermaşa vasitəsilə ölçü aparılan zaman faz və “0” xətləri birlikdə ölçüləndə “0” göstərməsi əvəzinə 11,4-11,6A cərəyan axmasını qeyd etmişdir. Faz xəttindən axan (+) yüklə “0” xəttindən axan (-) yük bir-birinə bərabər olduğu üçün onlar toplananda cəmi sıfıra bərabər olur. Bu onun göstəricisidir ki, abonent sayğacdan kənar “0” xətti götürərək, sayğacı dövriyyədən kənarlaşdırmışdır.
37. Lakin, məhkəmə kollegiyası qeyd edir ki, bu barədə tərtib edilmiş xx.xx.2025-ci il tarixli “Qərb” RETSİ-nin X4 bir qrup əməkdaşları tərəfindən tərtib olunmuş 378874 saylı akt Azərişıq ASC-nin üç nümayəndəsi tərəfindən imzalanmış, hal şahidləri və məişət abonenti boş saxlanılmış, onun aktı imza etməkdən imtina etməsi göstərilməmişdir. Akta əsasən hesablanmış məbləğ 809,36 manat təşkil etmişdir.
38. Təqdim olunmuş video çəkiliş araşdırılan zaman kənar xəttin qoşulması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mütəxəsis dindirilməsi zamanı müəyyən edilmişdir ki, əgər vətəndaş tərəfindən faz xətti ilə “0” xəttinin yeri dəyişdirilsə idi, möhür qırılmalı, yaxud möhürə hər hansı müdaxilə olunmalı idi. Lakin videoda möhür yerindədir və hər hansı müdaxilə izi yoxdur. Hətta təşkilatın əməkdaşları tərəfindən də möhürün qırılması, yaxud möhürə müdaxilə edilməsi ilə bağlı heç nə deyilmir. Əgər dəyişdirilibsə dayaqda dəyişdirilmiş ola bilər, onu da vətəndaş edəsi deyildir.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının sayğaca gələn faz xəttini sayğacın dövrəsindən kənarlaşdırması və birbaşa xəttə qoşulması məhkəmə araşdırması nəticəsində sübuta yetməmişdir.
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4874/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-4874/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.