Məhkəmə qərarları › İş №2(3-7)-284/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-284/2026

27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-284/2026 27.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər nümayəndə1 Nurulla oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızından və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında 300 manat dəyərində Oppo A18 markalı telefonun 60 manat 2 il müddətinə ultra zəmanət (sığorta) daxil olmaqla cəmi 360 manat pulun 12 ay müddətinə hər ay 27,5 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur.

2. ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında 195,04 manat dəyərində Xiaomi Poco M6 markalı telefonun 12 ay müddətinə hər ay 12,92 manat ödənilməsi şərti ilə cavabdehə verilməsi, müqaviləyə əlavəyə uyğun ödənişlər edildikdən sonra malın müştərinin mülkiyyətinə keçməsi nəzərdə tutulmuşdur.

3. ##.##.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli müqavilə üzrə 113 manat ödənilmiş, 247 manat ödənilməmiş borcu qaldığı qeyd olunmuş, 24,7 manat cərimə hesablanmış, ##.##.2024-cü il tarixli müqavilə üzrə 78,82 manat ödənilmiş, 116,22 manat ödənilməmiş borcu qalmış, 11,62 manat cərimə hesablanmışdır.

4. “X1” şərtlərinə əsasən, X1 sertifikatı müştəriyə zəmanət müddəti çərçivəsində məhsulun təmiri mümkün olmadıqda, güzəştli dəyişdirilmə şərtindən yararlanma imkanı verir. Güzəştli dəyişdirilmə şərti zamanı məhsul hissəvi satışla əldə edilibsə, məhsulun ödənişləri davam etdirilir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2024-cü il tarixli müqavilə üzrə Oppo A18 markalı telefon üçün 247 manat ödənilməmiş məbləğ, 24,70 manat cərimə, ##.##.2024-cü il tarixli müqavilə üzrə Xiaomi Poco M6 markalı telefon üçün 116,22 manat ödənilməmiş məbləğ, 11,62 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 399,54 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyirlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 360 manat olan Oppo A18 markalı telefonu 2 il zəmanət müddəti ilə 12 ay müddətinə hər ay 27,50 manat ödəmək şərti ilə almış, 30 manat ilkin ödəniş etmiş, ümumilikdə isə həmin müqavilə üzrə 113 manat ödəniş etmişdir. Daha sonra müştərinin təqsiri nəticəsində telefon qırılmış, qarşılıqlı razılıq əsasında birinci müqavilə üzrə qalıq məbləğin ödənilməsi şərti ilə həmin telefon yenisi ilə əvəzlənərək cavabdehlə ##.##.2024-cü il tarixli müqavilə bağlanmış və cavabdeh alğı-satqı qiyməti 400 manat olan Xiaomi Poco M6 markalı telefonu 225 manat endirimlə 12 ay müddətinə hər ay 12,92 manat ödəmək şərti ilə almış, 40 manat ilkin ödəniş etmişdir. Qızıl zəmanətin şərtləri belədir ki, telefonda qüsur aşkar olunduqda müştəriyə ödənişsiz təmir edilməsi təklif edilir, müştəri təmir edilməsini istəmədikdə isə qarşılıqlı razılığa əsasən birinci müqavilədən qalan məbləği ödəmək şərtilə ödənilməyən məbləğə qədər endirim edilərək, yeni telefon verilir. Cavabdeh ikinci dəfə daha bahalı telefon seçmiş, birinci müqavilədən isə ödənilməmiş 247 manat borcu qalmışdır. Buna görə də ikinci telefonun dəyərində 225 manat endirim edilmişdir. Cavabdeh hazırkı vaxta kimi üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, ödəmə ilə bağlı iddiaçı tərəfindən dəfələrlə müraciət edilsə də, cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin ##.##.2024-cü il tarixli müqavilə üzrə 247 manat ödənilməmiş məbləğ, 24,70 manat cərimə, ##.##.2024-cü il tarixli müqavilə üzrə 116,22 manat ödənilməmiş məbləğ, 11,62 manat cərimə olmaqla, hər iki müqavilə üzrə cəmi 399,54 manat borcu yaranmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.T.Tağıyev) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilə üzrə 116,22 manat ödənilməmiş məbləğ, 11,62 manat cərimə olmaqla, cəmi 127,84 (bir yüz iyirmi yeddi manat 84 qəpik) manat pul və dövlət rüsumunun əvəzi olaraq 30 manat alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli, ******** nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanaraq, cavabdeh iddiaçıdan 2 il qızıl zəmanət müddəti ilə Oppo A18 markalı telefon alaraq, dəyərini 12 ay müddətinə hər ay 27,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Həmin telefon zədələndiyi üçün cavabdeh telefonun yenisi ilə əvəz olunması barədə iddiaçıya müraciət etdikdə cavabdehə əvvəlki telefonun dəyərindən yuxarı qiymətə olan Xiaomi Poco M6 markalı telefon verilmişdir.(əvəzləşdirilmişdir). İddiaçı iddia etmişdir ki, cavabdeh zədələnmiş əvvəlki telefonun qalıq dəyərini və yeni verilmiş telefonun qrafik üzrə hesablanmış borcunu ödəməlidir. Cavabdeh isə iddia tələbinə qarşı etiraz edərək etirazının əsası kimi əvvəlki aldığı Oppo A18 markalı telefonu qızıl zəmanətlə və telefonun hər hansı bir səbəbdən zədələndiyi təqdirdə yenisi ilə əvəz olunacağı şərti ilə aldığını göstərərək həmin telefona görə ödənişin tələb olunmasının əsassız olması ilə əlaqələndirmişdir.

9. Həmçinin, tərəflər arasında zəmanətlə təmin olunmuş nisyə alqı-satqı müqaviləsi bağlanaraq 2 il qızıl zəmanət müddəti ilə iddiaçı tərəfindən cavabdehə Oppo A18 markalı telefon satılmışdır. Zəmanət müddətində satılmış Oppo A18 markalı telefon zədələndiyi üçün Xiaomi Poco M6 markalı telefonla əvəz olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçı zədələnmiş telefonun ödənilməmiş qalıq dəyərini tələb etməkdə haqlı olmamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 568.1, 582.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddia tələbi təmin olunmayan hissəsində dəyişdirilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilənin və ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilənin tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, məhsulları cavabdeh tam və qüsursuz şəkildə təhvil almış və imzası ilə təsdiq etmişdir. Eyni zamanda, bildirir ki, birinci instansiya məhkəməsi “X1” şərtlərini düzgün qiymətləndirməmişdir. Belə ki, “X1” şərtlərinin 5-ci bəndinə əsasən, sözügedən zəmanət alıcıya zəmanət müddəti ərzində məhsulu güzəştli şərtlərlə dəyişmək imkanı verir və bu dəyişmə məhsulun pulsuz əvəz olunması demək deyildir. Həmin şərtlərə əlavə edilmiş Cədvəl 1-ə əsasən, əgər məhsul hissəvi satış yolu ilə əldə edilmişdirsə, məhsul dəyişdirildiyi halda ödənişlərin davam etdirilməsi zəruridir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, cavabdeh zəmanət müraciətini 1-ci rüb ərzində etmiş və bu səbəbdən ona 75% güzəşt tətbiq olunmuşdur. Nəticədə bazar qiyməti 400 manatdan artıq olan Xiaomi PocoM6 markalı telefon cavabdehə cəmi 195,04 manata təqdim edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh yeni telefonu tam əvəzsiz deyil, məhz zəmanət şərtlərinə uyğun olaraq güzəştli qiymətlə əldə etmişdir. Birinci instansiya məhkəməsi isə bu mühüm halı – yəni təqdim edilən telefonun bazar dəyəri ilə satılmış qiyməti arasındakı ciddi fərqi və hissəvi satış üzrə ödənişlərin davam etməli olduğunu – nəzərə almamışdır. Beləliklə, iddiaçının zədələnmiş məhsul üzrə ödəniş edilməmiş qalıq borcu tələb etməsi hüquqi əsaslara malikdir və birinci instansiya məhkəməsinin bu tələbin əsassız hesab edilməsi nəticəsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə bağlıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, iddiaçının məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycana Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddiaçı apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tam təmin edilməlidir.

20. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan alğı-satqı qiyməti 360 manat olan Oppo A18 markalı telefonu 12 ay müddətinə hər ay 27,50 manat ödəmək şərti ilə almış, 30 manat ilkin ödəniş, 60 manat 2 il qızıl zəmanət müddəti üçün ödəniş etmiş, ümumilikdə isə həmin müqavilə üzrə 113 manat ödəniş etmişdir. Daha sonra müştərinin təqsiri nəticəsində telefon qırılmış, qarşılıqlı razılıq əsasında birinci müqavilə üzrə qalıq məbləğin ödənilməsi şərti ilə həmin telefon yenisi ilə əvəzlənərək cavabdehlə ##.##.2024-cü il tarixli müqavilə bağlanmış və cavabdeh alğı-satqı qiyməti 400 manat olan Xiaomi Poco M6 markalı telefonu 225 manat endirimlə 12 ay müddətinə hər ay 12,92 manat ödəmək şərti ilə almış, 40 manat ilkin ödəniş etmişdir.

21. İş materiallarına əlavə edilmiş, ##.##.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli müqavilə üzrə 113 manat ödənilmiş, 247 manat ödənilməmiş borcu qaldığı qeyd olunmuş, 24,7 manat cərimə hesablanmış, ##.##.2024-cü il tarixli müqavilə üzrə 78,82 manat ödənilmiş, 116,22 manat ödənilməmiş borcu qalmış, 11,62 manat cərimə hesablanmışdır.

22. Cavabdeh tərəfindən zəmanət müddətində satılmış Oppo A18 markalı telefonun zədələndiyi üçün Xiaomi Poco M6 markalı telefonla əvəz olunmasına görə birinci müqavilə üzrə qalan ödənişləri etməmişdir.

23. Məhkəmə kollegiyası “X1” şərtlərinin təhlilindən müəyyən edir ki, X1 sertifikatı müştəriyə zəmanət müddəti çərçivəsində məhsulun təmiri mümkün olmadıqda, güzəştli dəyişdirilmə şərtindən yararlanma imkanı verir. Güzəştli dəyişdirilmə şərti zamanı məhsul hissəvi satışla əldə edilibsə, məhsulun ödənişləri davam etdirilir. Bu dəyişmə məhsulun pulsuz əvəz olunması demək deyildir. Bu baxımdan işə baxan biinci instansiya məhkəməsi tərəflər arasında əldə edilmiş qızıl zəmanət anlaşmasına düzgün hüquqi qiymət verməmişdir.

24. Həmçinin həmin şərtlərə əlavə edilmiş Cədvəl 1-ə əsasən, cavabdeh zəmanət müraciətini 1-ci rüb ərzində etmiş və bu səbəbdən ona 75% güzəşt tətbiq olunmuşdur. X2 M6 markalı telefon cavabdehə 195,04 manata təqdim edilmişdir. Bu isə onu göstərir ki, cavabdeh yeni telefonu tam əvəzsiz deyil, məhz zəmanət şərtlərinə uyğun olaraq güzəştli qiymətlə əldə etmişdir.

25. Bununla yanaşı, ##.##.2024-cü il tarixli, ******** nömrəli müqavilə və onun əlavəsinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% -dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir.

26. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli müqavilə üzrə 247 manat ödənilməmiş borc, 24,7 manat hesablanmış cərimə iddiaçının xeyrinə ödənilməlidir.

27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası tam təmin edilsin. Cavabdeh Cavabdeh 271.70 manat məbləğində pul, iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar