Məhkəmə qərarları › İş №2(3-7)-307/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-307/2026

28.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-307/2026 28.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Işin halları

1. İddiaçı ilə Səfərov Nəcməddin Rahil oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı Müqaviləsinin surətindən görünür ki, satıcı- İddiaçı alqı-satqı qiyməti 15900 manat olan malları alıcı- X2 təhfil verməyi, alıcı isə qeyd olunan məbləği ##.##.2024-cü il tarxinə qədər ödəməyi öhdəsinə götürmüşdür.

2. Xəbərdarlıq məktubundan görünür ki, X2 ##.##.2024-cü il tarixli müqavilə üzrə yaranan borcunu ödəməsi üçün pritenziya qaydadasında dəfələrlə xəbərdarlıq edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

3. Iddiaçı İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7000 manat ödənilməmiş hissə və 90 manat dövlət rüsumu olmaqla, cəmi 7090 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə Ağdam rayonu Qaradağlı (Evoğlu) kəndində yerləşən “Moda Geyim” mağazasının bağlanması ilə əlaqədar mağazada olan bütün malları pulu ##.##.2024-cü il tarixə qədər tam olaraq ödənilməsi şərti ilə 15900 AZN (on beş min doqquz yüz manat) müqabilində nisyə olaraq X2. Lakin, Cavabdeh müqavilə şərtlərinə əmə etməyərək ödənişdən yayınmış, ##.##.2025-ci il tarixə qədər, sadecə olaraq, 3300 AZN (üç min yüz manat) ödəmişdir. Tərəfindən öhtəliyin icrası ilə əlaqədar ##.##.2025-ci il tarixdə verilmiş pretenziyadan sonra Cavabdeh həmin tarixdən ##.##.2025-ci il tarixə qədər 2000 AZN (iki min manat) ödəmişdir. Bu günə qədər Cavabdeh ona 15900 AZN (on beş min doqquz yüz manat) qarşılığında sadəcə 8900 AZN (səkkiz min doqquz yüz manat) ödəmiş, 7000 AZN (yeddi min manat) ödəməmişdir. Bununla əlaqədar o, ##.##.2025-ci il tarixdə **/*-M-*****/**/**** saylı ərizə ilə Ağdam RPŞ-yə müraciət etmişdir. Ağdam RPŞ-nin araşdırmasının yekunu ilə əlaqədar ona göndərdiyi ##.##.2025-ci il tarixli **/*-M-*****/**/**** saylı məktubunda göstərilmişdir ki, qeyd olunan xüsusatlar mülki xarakterli olduğundan onun məhkəməyə müraciət etməyi məqsədə müvafiqdir. Beləliklə, onunla X2 arasında ##.##.2024-cü il tarixdə Ağdam rayonu Qaradağlı (Evoğlu) kəndində yerləşən “Moda Geyim” mağazasının bağlanması ilə əlaqədar mağazada olan bütün malları pulu ##.##.2024-cü il tarixə qədər tam olaraq ödənilməsi şərti ilə 15900 AZN (on beş min doqquz yüz manat) müqabilində nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə tərəfindən üzərinə düşən öhtəlik tam və vaxtında icra edilsə də, indiyə qədər Cavabdeh öhtəliyi tam icra edə bilməyərək icraya vicdansız yanaşmış, müqavilə üzrə ona ödəməli olduğu məbləğin 7000 AZN (yeddi min manat) hissəsini ödəməmiş, onun əmlakı hesabına əsassız varlanmışdır. Odur ki, Nəcməddin Səfərovdan onun xeyrinə 7000 AZN (yeddi min manat) iddia qiyməti və 90 AZN (doxsan manat) dövlət rüsumu olmaqla, ümumillikdə, 7090 AZN (yeddi min doxsan manat) tutulmalıdır.

5. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Rafiq Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh X2 6500 (altı min beş yüz) manat məbləğində pul və 85 (səksən beş) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 90 manat dövlət rüsumunun qalan 5 (beş) manat hissəsi iddiacı İddiaçı özünə aid edilməsi, iddia tələbinin qalan hissəsi təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, X2 6500 manat pul tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

7. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 567, 568.1, 600.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh X2 apellyasiya şikayəti verərək, Ağdam rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilməsini, Gəncə Apellyasiya Məhkəməsində yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam hüquqi qiymət verməmiş, nəticədə qeyd edilən prosessual hüquq normasının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, o, məhkəmə iclası zamanı bildirmişdir ki, iddiaçıdan əmlak alıb-satıb pulunu verməli idi və satılan əmlakın pulunu vermişdir. Qalan geyim paltarları isə hal-hazırda satılmamışdır. 3000 manatlıq geyim paltarları hal-hazırda ondadır, lakin məhkəmə iddiaçının maraqlarına uyğun olaraq onun xeyrinə qətnamə çıxarmışdır. O, qəti olaraq çıxarılmış qətnamə ilə razı deyildir. Maddi və prasesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyətli olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyəti olan halların sübut edilməməsi birinci inistansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrini işin hallarına uyğun gəlməməsi qətnamənin apelliyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sadalanan xüsuslardan göründüyü kimi, hazırkı iş üzrə birinci inistansiya məhkəmməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə düzgün qəbul edilməmişdir. Birinci inistansiya məhkəməsinin qətnamədə göstərmiş nəticələr isə işin hallarına uyğun deyildir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmişlər. Gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır.

14. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

15. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

16. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

17. Maddə 567. Alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Maddə 600.1. Alqı–satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427–ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir.

19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı– satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 27.Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

28. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul olunmasını xahiş etsə də, apellyaisya şiakyətindən görünür ki, cavabdeh qətnaməni təmin edilmiş 3500 manatdan artıq hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Səfərov Nəcməddin Rahil oğlu arasında bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı Müqaviləsinə əsasən, satıcı- İddiaçı alqısatqı qiyməti 15900 manat olan malları alıcı- X2 təhfil verməyi, alıcı isə qeyd olunan məbləği ##.##.2024-cü il tarxinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçı malları təhvil versə də, cavabdeh malların pulunu müəyyən olunmuş vaxt ərzində ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin 3000 manatlıq geyim paltarlarının hal-hazırda onda olması dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtlərindən görünür ki, alıcı olan cavabdeh qiyməti 15900 manat olan malların pulunu ##.##.2024-cü il tarxinə qədər ödəməyi öhdəsinə götürmüşdür. MM-nin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

35. Görübdüyü kimi, mülki qanunvericiliyin tələbinə uyğun olaraq əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnu satıcıya, konkret halda isə iddiaçıya verilmişdir və iddiaçı isə həmin hüquqdan istifadə edərək satılmış malın dəyərini tələb etmişdir.

36. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Kollegiya eyni zamanda qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırda apellyasiya şikayətində mübahisələndirilən hissə 3000 manat olduğundan qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar