Məhkəmə qərarları › İş №2(3-7)-319/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-319/2026

08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-319/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli avtomobil alqı-satqısı müqaviləsinin 1.1ci maddəsindən görünür ki, satıcı müqavilənin şərtlərinə uyğun olaraq, modeli “Skoda Kodiaq 2.0 TSİ” buraxılış ili 2022 olan (VİN: TMBLD6NS7N8044455, rəng: tünd göy metal) avtomobil (lər)i dəyəri tam ödənilənədək texniki saz halda alıcının istifadəsinə verməyi, o cümlədən avtomobilin dəyəri tam ödənildikdən sonra alıcının mülkiyyətinə verməyi, alıcı isə təhvil verilmiş avtomobil(lər)i qəbul etməyi və onun qiymətini hazırkı müqavilə ilə müəyyəndəşdirilən məbləğdə və qaydada ödəməyi öz öhdəsinə götürür.

2. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən müqavilənin 1.1-ci bəndində göstərilən avtomobilin qiyməti tərələrin razılığı ilə ƏDV daxil 80940 (səksən min doqquz yüz qırx) manat məbləğində müəyyən edilir. Alıcı 0 (sıfır) manat məbləğində ödəniş edir. Qalıq borc sayılacaq 80940 (səksən min doqquz yüz qırx) manat məbləği isə alıcı ##.##.2024-cü il tarixdən etibarən 60 (altmış) ay müddətində, ayda 1349 (min üç yüz qırx doqquz) manat olmaqla, ödəməyi satıcı qarşısında öz öhdəsinə götürür.

3. Həmin müqavilənin 3.2.5-ci maddəsinin a bəndinə əsasən alıcının bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün maliyyə qabiliyyəti olmalıdır. Bu müqavilə bağlanıldığı tarixdən etibarən alıcı bu müqavilə üzrə müvafiq ödənişləri tam və vaxtında icra etməzsə, yaxud satıcıya müqavilənin tam məbləğini ödəmək üçün maliyyə qabiliyyəti haqqında mötəbər sübutu taqdim etməzsə, satıcı müqaviləyə birtərəfli qaydada xitam vermək hüququna malik olur. Bu halda, avtomobil onun ani likvid dəyəri ilə satıcı tərəfindən üçüncü şəxslərə satıldıqdan sonra, satış məbləği "alıcı”-nın borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Bu məbləğ "alıcı”-nın borcunu ödəmədiyi təqdirdə "alıcı” qalıq borc məbləğini “satıcı”ya ödəməlidir. “Alıcı” bundan imtina etdiyi təqdirdə “satıcı” məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir.

4. ##.##.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC-ti tərəfindən işəsalma açarı (2 ədəd), istismar kitabçası, ayaqaltı dəsti, ehtiyat təkər, alətlər dəsti, domkrat, açar və “Skoda Kodiaq 2.0 TSİ” markalı avtomobil qüsursuz və texniki saz vəziyyətdə (alıcıya) Cavabdeh təhvil verilmişdir. Cavabdeh (alıcıya) avtomobilin təchizatı və texniki xüsusiyyətləri izah olunmuşdur.

5. ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət nömrə nişanlı “Skoda Kodiaq” markalı avtomobilin idarə edilməsini X3 (sürücülük vəsiqəsi seriya: BB № ******, dərəcəsi: B1, B) etibar edir.

6. ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət nömrə nişanlı “Skoda Kodiaq” markalı avtomobilin idarə edilməsini Cavabdeh (sürücülük vəsiqəsi seriya: AF № ******, dərəcəsi: B) etibar edir.

7. ##.##.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin mülkiyyətində olan **-PX-*** dövlət nömrə nişanlı “Skoda Kodiaq” markalı avtomobilin idarə edilməsini Qarayev Amin İbrahim oğluna (sürücülük vəsiqəsi seriya: AC № ******, dərəcəsi: B) etibar edir.

8. Arayışdan görünür ki, Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə ##.##.2024-cü il tarixdə 580 manat məbləğində ilkin ödəniş edilmişdir. Müqavilə üzrə borc məbləği-80940 manat, ödənilən aylıq- 3849 manat, qalıq borc-77091 manat, ##.##.2025-ci il tarixi üçün gecikdirilmiş məbləğ 2896 manat, cərimə məbləği 464 manat təşkil etmişdir.

9. Kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən “xxxx” MMC-nin hesabına ##.##.2024-cü il tarixdə 500 manat, ##.##.2024-cü il tarixdə 849 manat, ##.##.2024cü il tarixdə 500 manat və ##.##.2024-cü il tarixdə 2000 manat məbləğində pul ödənilmişdir.

10. ##.##.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqavilənin davam etdirilməsi üçün “xxxx" MMC-yə olan ümumilikdə 2119 (iki min yüz on doqquz) manat məbləğində borcun 7 (yeddi) gün ərzində ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə ##.##.2024-cü il tarixli B-114- SA-** nömrəli müqaviləyə xitam veriləcəyi və məhkəməyə müraciət edilərək İddiaçı MMC-yə dəymiş zərər və bununla bağlı çəkilmiş bütün xərclərin iddia predmetinə əlavə edilərək Cavabdeh tələb olunacağı bildirilmişdir.

11. ##.##.2025-ci il tarixdə tərtib olunmuş ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli avtomobil alqı-satqı müqaviləsinin əlavə razılaşması üzrə nəqliyyat vasitəsinin təhvil-təslim edilməsinə dair aktdan görünür ki, İddiaçı MMC-nin əməkdaşıstock meneceri Məmmədov Cabbar tərəfindən tərtib edilmiş akt üzrə “Skoda Kodiaq” (Ban nömrə: TMBLD6NS7N8044455) **-PX-*** dövlət qeydiyyat nömrəli avtomobilin ##.##.2025-ci il tarixdə axşam radələrində İddiaçı texniki təmir mərkəzinin (avtoservis) qarşısında yerləşən boş əraziyə (ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 74) cərimə meydançasından gəlib, həmin avtomobilin alıcı Cavabdeh rəsmi təhvil-təslim aktı üzrə geri alınması mümkün olmamışdır. “Skoda Kodiaq” (Ban nömrə: TMBLD6NS7N8044455) **-PX-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin vəziyyəti-təkərlərində zədələr var, açar yoxdur, arxa krıloda zədələr var, arxa baqajın qapısında zədə var, ön şüşədə çat var kimi qiymətləndirilmişdir.

12. ##.##.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, “Skoda Kodiaq 2.0 TSİ”, buraxılış ili 2022 olan (VİN: TMBLD6NS7N8044455, rəng: tünd göy metal) avtonəqliyyat vasitəsinin Cavabdeh tərəfindən İddiaçı MMC-nin qanuni sahibliyinə geri qaytarılmışdır. ##.##.2025-ci il tarixdə 10:00-nın rəsmi servis (texniki xidmət) mərkəzində Skoda Kodiaq 2.0 TSİ, buraxılış ili 2022 olan (VİN: TMBLD6NS7N8044455, rəng: tünd göy metal) avtonəqliyyat vasitəsinə texniki baxış keçiriləcək, nəqliyyat vasitəsinin geri qaytarılma tarixinə mövcud olan texniki vəziyyəti müəyyən ediləcək və texniki yoxlanışın nəticəsinə uyğun olaraq müvafiq akt tərtib ediləcəkdir. Qeyd olunanları nəzərə alaraq, Cavabdeh ##.##.2025-ci il tarixdə, saat 10:00-da İddiaçı-nın rəsmi servis mərkəzinə (Ünvan: Nizami rayonu, Babək pr-ti 74) gəlməsi və nəqliyyat vasitəsinə texniki baxış keçirilən zaman iştirak etməsi xahiş olunmuşdur. Yoxlanışın keçirilmə tarixinin və ya vaxtının Cavabdeh uyğun gəlməyəcəyi təqdirdə, müvafiq dəyişikliyin edilməsi mümkündür. Texniki baxışın keçiriləcəyi tarixdə və vaxtda Cavabdeh İddiaçı servis mərkəzinə gəlməyəcəyi təqdirdə, texniki baxışın Cavabdeh iştirakı olmadan həyata keçiriləcəyi, tərtib edilmiş aktın 1 nüsxəsinin Cavabdeh ünvanına göndəriləcəyi və təmir aktında qeyd olunmuş məqamların Cavabdeh tərəfindən qəbul edilmiş hesab ediləcəyi bildirilmişdir.

13. ##.##.2025-ci il tarixli təmir aktından görünür ki, “Skoda Kodiaq” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci cəmi 6879,84 manat təşkil etmişdir.

14. ##.##.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, ##.##.2025-ci il tarixdə nəqliyyat vasitəsinə keçirilmiş baxışın nəticəsində müvafiq akt tərtib edilmişdir. Məktuba əlavə edilən təmir aktına dair Cavabdeh hər hansı əlavə və dəyişiklikləri, habelə irad və təklifləri olacağı təqdirdə 3 (üç) iş günü ərzində İddiaçı MMC-yə məlumat verilməsi Cavabdeh xahiş olunmuşdur.

15. ##.##.2025-ci il tarixdə İddiaçı MMC-ti tərəfindən Cavabdeh ünvanlanmış müqaviləyə xitam verilməsi barədə məktubdan görünür ki, İddiaçı MMC-yə ümumilikdə ##.##.2025-ci il tarixə olan əsas 1349 (min üç yüz qırx doqquz ) manat, cərimə 770 (yeddi yüz yetmiş) manat məbləğində borcun 7 (yeddi) gün ərzində ödənilməsinin təmin edilməsi ilə bağlı ##.##.2025-ci il tarixli xəbərdarlığa baxmayaraq, Cavabdeh tərəfindən heç bir addım atılmadığından Cavabdeh ilə İddiaçı MMC arasında avtomobil alqı-satqısına dair ##.##.2024cü il tarixli B-***-SA-** nömrəli müqaviləyə İddiaçı MMC-ti tərəfindən xitam verilmişdir.

16. ##.##.2025-ci il tarixli icra edilmiş xidmətlərə dair aktdan görünür ki, “X2 2.0 TSİ” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci cəmi 4560,64 manat təşkil etmişdir.

17. ##.##.2025-ci il tarixli C-***-SA-25 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC-ti tərəfindən “X2 2.0 TSİ” markalı VİN: TMBLD6NS7N8044455, buraxılış ili: 2022, rəngi: tünd göy metal olan avtomobil “ERD İnşaat” MMC-nin lizinqə verilmişdir. Lizinq ödənişlərinin ümumi məbləği 58000 (əlli səkkiz min) manat təşkil edir.

18. ##.##.2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, ##.##.2025-ci il tarixli C-***- SA-25 nömrəli lizinq müqaviləsində göstərilən lizinq obyekti satıcı İddiaçı MMC-ti tərəfindən “ERD İnşaat” MMC-yə (lizinq alana) təhvil verilmişdir. Lizinq obyekti - “X2 2.0 TSİ” (VİN: TMBLD6NS7N8044455), işəsalma açarı, çətir, ayaqaltı dəsti, ehtiyat təkər, alətlər dəsti, domkrat və açardan ibarətdir.

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı MMC-ti cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və real olaraq təmir üçün çəkilmiş xərc olan 4561 (dörd min beş yüz altmış bir) manat olmaqla, ümumilikdə 11,231 (on bir min iki yüz otuz bir) məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq, iddiaçı İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, satıcı İddiaçı MMC-ti və alıcı Cavabdeh arasında sonuncunun şəxsi istifadəsi üçün nisyə avtomobil alqısatqısına dair ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqavilə imzalanmışdır. Müqaviləyə əsasən dəyəri ƏDV daxil 80,940 (səksən min doqquz yüz qırx) manat müəyyən edilən “Skoda Kodiaq 2.0 TSİ” markalı, buraxılış ili 2022 olan (VİN:TMBLD6NS7N8044455), ikinci əl və yürüşü 44993 km olan avtonəqliyyat vasitəsi satıcı tərəfindən alıcının avtomobilin dəyəri tam ödənilənədək alıcının sahibliyi və istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən, alıcı tərəfindən ilkin ödəniş edilməmiş və ödənilməli olan qalıq borc sayılacaq 80,940 (səksən min doqquz yüz qırx) manat məbləği ##.##.2024-cü il tarixdən etibarən 60 (altmış) ay müddətinə, ayda 1349 (min üç yüz qırx doqquz) manat olmaqla, satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı İddiaçı MMC-ti tərəfindən müqavilə üzrə öhdəliklərinin tam şəkildə icra edilərək nəqliyyat vasitəsinin cavabdehə qüsursuz şəkildə təhvil verilməsinə baxmayaraq, cavabdeh Cavabdeh müqavilə üzrə ödəniş öhdəliklərini vaxtında icra etməmiş, sonuncu 2024-cü ilin dekabr ayında edilmiş 3-cü ayın ödənişindən sonra müqaviləyə xitam verilən tarixə-## ###### 2025-ci ilə kimi heç bir aylıq ödəniş etməmiş, həmin aylar ərzində avtomobili geri qaytarmamış, həmçinin həmin dövrdə cavabdehin etibar etdiyi şəxslər tərəfindən inzibati tənbeh növündə müxtəlif cərimələr tətbiq edilmiş və cavabdeh tərəfindən ödənilməmişdir. Bununla da, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixli B-040- SA-** nömrəli müqavilənin 3.2.6-cı bəndinin a,c və d hissələrinin şərtləri pozulmuşdur. Gecikmələri barədə cavabdehlə şifahi danışıqlar aparılsa da, ##.##.2025-ci il tarixli məktubla xəbərdarlıq edilsə də, nəticə olmamışdır. Öhdəliklərini icra etməməsi səbəbindən cavabdehə “Skoda Kodiaq 2.0 TSİ” markalı, **-PX-*** dövlət qeydiyyat nömrəli avtomobilin idarə edilməsinə dair etibarnamə verilməmiş və ##.##.2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin müvafiq duracağından nümayəndə tərəfindən götürülmüşdür. Avtomobil iddiaçının qanuni sahibliyinə geri qaytarıldıqdan sonra cavabdehə ##.##.2025-ci il tarixli məktubla İddiaçı MMC-nin servis-təmir mərkəzində avtomobilə baxış keçiriləcəyi barədə məlumat verilmiş və təhvil-təslim edilməsi üçün dəvət edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh iştirak etmədiyi səbəbindən, cavabdehin iştirakı olmadan avtomobilə baxış keçirilmiş və baxışın nəticəsinə dair ilkin baxış aktı tərtib olunmuş və münasibət bildirilməsi üçün həmin akt qarşı tərəfə göndərilmişdir, lakin cavabdeh tərəfindən həmin akta heç bir münasibət bildirilməmişdir. Həmin baxış əsasında - ilkin baxış aktına əsasən avtomobilin müqavilədən əvvəlki vəziyyətinə qaytarılması və təkrar satışa çıxarılması üçün vurulmuş real zərər müəyyən edilmiş və ##.##.2025-ci il tarixdə yenidən satışa çıxarılması üçün cavabdehin təqsiri üzündən vurulmuş zərərin aradan qaldırılması ilə bağlı təmir işləri aparılmışdır. Həmin xərclərin dəyəri 4561 (dörd min beş yüz altmış bir) manat təşkil edir. Avtomobilə baxış keçirilərkən cavabdeh tərəfindən 65535 km yürüş ilə geri qaytarıldığından avtomobilin dəyəri 25 faiz dərəcədə azalmışdır. Cavabdeh Cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması səbəbindən - ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqavilənin 3.2.6-cı bəndinin a, c və d hissələrinin iddiaçı tərəfindən ##.##.2025-ci il tarixli məktubu ilə müqavilənin 3.2.6- cı bəndinə əsasən ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Eyni zamanda, avtomobillə bağlı qeyd olunan xərclər iddiaçı tərəfindən ödənildikdən sonra ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə uyğun olaraq 65535 km yürüşü olan “Skoda Kodiaq 2.0 TSİ” markalı, buraxılış ili 2022 olan (VİN:TMBLD6NS7N8044455) yenidən satışa çıxarılmış və İddiaçı MMC-ti ilə “ERD İnsaat” MMC-ti (VÖEN:**********) arasında bağlanmış ##.##.2025-ci il tarixli C-***-SA-25 nömrəli əqdə əsasən həmin avtomobilin dəyəri 36 ay, ayda 1500 ödənilməsi şərti ilə 58000 manat müəyyən edilmişdir. Müqavilə ilə ödəniş tam edildikdən sonra alıcının mülkiyyətinə keçirilməsi nəzərdə tutulmuşdur. Eyni avtomobil eyni tarixdə birinci müqavilədə göstərilən şərtlər ilə 60 ay müddətinə satılsa idi müqavilənin ümumi qiyməti 70,421 (yetmiş min dörd yüz iyirmi bir) manat müəyyən ediləcəkdir. İkinci müqavilə üzrə satışa çıxarılan məbləğin aşağı düşməsinə səbəb avtomobilin yürüşü və həmin avtomobillərə dair bazar qiymətləri əhəmiyyətli rol daşıyır. Hazırda sonuncu müqavilə qüvvədə olmaqla, “X1 Kodiaq 2.0 TSİ” markalı, buraxılış ili 2022 olan (VİN:TMBLD6NS7N8044455) avtomobil “ERD İnsaat” MMC-nin sahibliyindədir. ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqavilənin 3.2.5-ci bəndinin “a” bölməsinə əsasən avtomobil onun likvid dəyəri ilə üçüncü şəxslərə satıldıqdan sonra satış məbləği alıcının borcunu tam bağladıqda satıcı yerdə qalan məbləği alıcıya geri qaytarır. Həmin məbləğ alıcının borcunu ödəmədiyi təqdirdə alıcı qalıq borc məbləğini satıcıya ödəməlidir. Alıcı bundan imtina etdiyi təqdirdə satıcı məhkəmə yolu ilə bu məbləği tələb edəcəkdir. Odur ki, cavadeh Cavabdeh ilə bağlanmış ##.##.2024-cü il tarixli B-***-SA-** nömrəli müqavilənin dəyəri 80,940 (səksən min doqquz yüz qırx) manat, ##.##.2025-ci il tarixli C-***-SA-25 nömrəli ikinci satış müqaviləsinin dəyəri isə eyni şərtlər ilə 60 ay müddətinə 70,421 (yetmiş min dörd yüz iyirmi bir) manat müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh Cavabdeh tərəfindən ümumilikdə 3849 manat aylıq ödəniş edilmiş, cavabdeh tərəfindən edilmiş aylıq ödənişlər də, iki müqavilə arasında olan fərqdən çıxıldıqdan sonra (1-ci müqavilə dəyəri 80940 manat, ikinci müqavilə dəyəri 70421 manat = 10519 manat – ümumi ödənişlər 3849 manat = 6670 manat) cavabdeh Cavabdeh İddiaçı MMC-yə 6670 (altı min altı yüz yetmiş) manat borcu qalmışdır. Cavabdeh Cavabdeh avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi6670 (altı min altı yüz yetmiş) manat və cavabdehin avtomobili istismar etdiyi zaman vurduğu zərər (delikt) olmaqla, avtomobilə təkrar satışa (əvvəlki vəziyyətə gətirilməsi) çıxarılması üçün iddiaçıya dəymiş zərər qismində iddiaçı tərəfindən real olaraq təmir üçün çəkilmiş xərc olan 4561 (dörd min beş yüz altmış bir) manat olmaqla, ümumilikdə 11,231 (on bir min iki yüz otuz bir) manat iddiaçının xeyrinə tutulmalıdır.

3. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Ə.Şirinov) iddia təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və 4561 (dörd min beş yüz altmış bir) manat təmir xərci, cəmi 11231 (on bir min iki yüz otuz bir) manat və ödənilmiş 123,70 (yüz iyirmi üç manat yetmiş qəpik) manat dövlət rüsumu alınaraq, iddiaçı İddiaçı MMC-yə verilməsi qət edilmişdir.

4. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli avtomobil alqı-satqısı müqaviləsinə əsasən iddiaçı cavabdehə “X2 2.0 TSİ” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır. Cavabdeh tərəfindən sözügedən avtomobil şirkətə təhvil verilmiş, həmin avtomobil təhvil verilərkən avtomobildə qüsurlar olduğu aşkar edilmiş və aşkar edilmiş qüsurlarla bağlı aktlar tərtib edilmişdir. Bundan sonra ##.##.2025-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən İddiaçı MMC-ti tərəfindən “X2” avtomobil “ERD İnşaat” MMC-nə 58000 (əlli səkkiz min) manata lizinqə verilmişdir. ##.##.2024-cü il tarixli avtomobil alqı-satqısı müqaviləsinin 3.2.5-ci maddəsinin a bəndinə əsasən avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və 4561 (dörd min beş yüz altmış bir) manat məbləğində zərər vurulduğunu təsdiq edən sübut kimi iddiaçı ##.##.2024-cü il tarixli avtomobil alqı-satqısı müqaviləsinə və təmir aktlarına əsaslanmışdır. Cavabdeh iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçı öz tələbində haqlıdır və buna görə də iddia tələbi təmin edilməlidir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.6, 21, 152.1, 157.2, 385.1, 386.1, 399.1, 442, 443.7, 448.1, 448.2, 747, 567, 600.1, 600.4, 645.2, 1096-cı maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun ##.##.2019-cu il tarixli Qərarına, Mülki Prosessual Məcəlləsinin 77.1,78.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qətnamənin ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, şirkətə işə daxil olmuş, həmin şirkət işə daxil olmamışdan əvvəl avtosalondan bir avtomobil götürmüş, müqavilə onun adına bağlanmış, lakin sözügedən avtomobil ümumiyyətlə ona verilməmişdir, həmin avtomobilin idarə olunmasına dair avtosalon tərəfindən başqa şəxsə etibarnamə verilmişdir. Həmin şəxs bir neçə aylar avtomobilin ödənişini etmiş, bir müddət sonra işlər uzandığı üçün əmək haqqı almadığı üçün işdən kənarlaşmışdır. O, işdən kənarlaşdıqdan sonra avtosalonla əlaqə saxlamış və bildirmişdir ki, avtomobil onun həyətindədir, ödəniş yoxdursa götürsünlər. Həmin avtosalon şirkətin adına olan avtomobili qapıdan götürüb aparmış, şirkət rəhbərinin idarə etdiyi – onun adına olan avtomobili isə bir neçə ay ödəniş etdikdən sonra başqa şəxsə vermişlər. Avtosalon onunla əlaqə saxlamış və bildirmişdir ki, avtomobilin ödənişi yoxdur və avtosalona verilməlidir. Həmin avtomobili idarə edənin nömrəsini tapdı, avtosalona yaxınlaşmasını xahiş etdi və həmin adama avtomobili öz adına keçirməsini dedi. Həmin məlumatı avtosalona verdi, həmin adamı avtosalona dəvət etmişlər, lakin avtomobil olmamışdır. Avtosalon həmin adama etibarnamə vermiş və bir ay sonra avtomobili həmin adamın adına keçirəcəklərini bildirmişlər. Həmin vaxt ödəniş olunmadığı üçün avtosalon polisə müraciət etmiş və avtomobil duracağa yerləşdirilmişdir. Həmin müqavilə adına olsa da, avtomobil ümumiyyətlə onun istifadəsində olmamışdır. Belə olan halda avtomobilin dayanacaqdan, iştirakı olmadan, təhvil təslim aktı və ya müayinə aktı tərtib edilmədən götürülməsi, sonradan avtomobilə zərərin hesablanması, həmin zərərin məhz onun tərəfindən vurulması kimi qəbul edilə bilməz. Belə ki, müəyyən edilmiş zərərin onun tərəfindən yetirilməsi müəyyən olunmur. Bundan başqa, iddiaçı iddia ərizəsində avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin əvəzi olaraq 6670 (altı min altı yüz yetmiş) manat və real olaraq təmir üçün çəkilmiş xərc olan 4561 (dörd min beş yüzaltmış bir) manat olmaqla, ümumilikdə 11,231 (on bir min iki yüz otuz bir) məbləğində pul vəsaitinin ödənilməsini tələb edir. Bu halda avtomobilin həmin müddət ərzində onun istifadəsində olmasını sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Mübahisəli hala avtomobilin ümumiyyətlə onda olub-olmaması və avtomobilin nə zaman iddiaçıya qaytarılmasıtəhvil verilməsidir. Həmin avtomobil onun sahibliyində olmamışdır. Halbuki iddiaçı iddia ərizəsində qeyd etdiyi müddət ərzində avtomobilin istifadəsinə görə pul tələb etdiyindən bu halı sübut etmək onun sübutetmə yükünə daxildir. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin məhz onun təqsiri üzündən baş verməsini, səbəbli əlaqəni təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin avtomobil alışına dair iki əqd arasındakı fərq şəklində vurulmuş zərərin ödənilməsinə gəldikdə isə zərərin tələb edilməsi üçün ilkin olaraq müqaviləsinin obyekti olan əmlakın onun istifadəsi nəticəsində vurulmuş olması sübuta yetirilmiş olmalıdı. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

1. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv edilməklə, iddianın təmin edilməməsini xahiş etdi.

2. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

5. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyеktləri öz hüquq və vəzifələrini vicdanla həyata kеçirməyə borcludurlar. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

7. Hazırkı işdə iddia təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa əsasən qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Məhkəmə kollegiyası iddiaçıları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəyə düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu isə qətnamənin dəyişdirilmədən üçün əsasdır.

10. İşdən görünən odur ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən avtomobil cavabdehə 80.940 manata satılmışdır. Başqa sözlə, iddiaçı cavabdehlə bağladığı müqavilədən qeyd edilən məbləğdə mənfəət əldə etməyi planlaşdırırdı. Cavabdeh həmin məbləğdən ümumilikdə 3849 manat ödəmişdir. İşin hallarından o da görünür ki, avtomobil cavabdehə veriləndə yürüşü 44993 kilomet, geri götürüləndə isə 65535 kilometr olub. Avtomobil üçüncü şəxsə 58000 manata satılıb.

11. Cavabdehin tələbə etirazı ondan ibarətdir ki, avtomobil onun sahibliyində olmamışdır, iki müqavilə arasındakı qiymət fərqinin tələbinə gəldikdə isə, avtomobilə məhz onun tərəfindən ziyan vurulması sübut edilmədiyinə görə tələb bu hissədə də əsaslı deyildir.

12. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehlə nisyə alqı-satqı müqaviləsi bağlamaqda məqsədi avtomobilin satışından müqavilədə qeyd edilən məbləğdə gəlir əldə etmək olmuşdur. Tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli müqavilə əsasında avtomobil cavabdehin qanuni sahibliyinə keçmiş, saz vəziyyətdə ona təhvil verilmişdir. Müqavilənin qüvvədə olduğu müddət ərzində, ##.##.2025-ci il tarixli qüsur aktı ilə avtomobilin təmir xərcinin 4560,64 manat olduğu müəyyən edilmişdir.

13. Kollegiya qeyd edir ki, cavabdeh tərəf avtomobilin onun tərəfindən idarə edilmədiyini bildirsə də, nə qədər ki, tərəflər arasında avtomobilin nisyə alqı-satqısı barədə müqavilə mövcud olub, həmin müqavilə ilə avtomobilə görə məhz cavabdeh məsuliyyət daşımalıdır. Ona görə ki, avtomobilə dair sahiblik və istifadə hüquqları müqavilə ilə cavabdehə ötürülmüşdür.

14. Həmin avtomobilə görə digər şəxslərin adlarına da etibarnamələrin verilməsi də hüquqi vəziyyəti dəyişmir. Belə ki, aydın məsələdir ki, həmin etibarnamələr cavabdehin razılığı olmadan verilə bilməzdi. Beləliklə, müəyyən edilir ki, cavabdehin iddiaçı qarşısında müqavilə münasibətlərindən yaranan öhdəliyi vardır və bu öhdəlik çərçivəsində iddiaçı cavabdeh tərəfindən avtomobilə görə edilmiş ödənişlər çıxıldıqdan sonra onunla bağlanmış nisyə alqısatı müqaviləsi

15. ilə üçüncü şəxslə bağlanmış daxili lizinq müqaviləsi arasındakı qiymət fərqini (avtomobilin itirilmiş əmtəə dəyəri) və avtomobilə vurulmuş ziyanın əvəzini istəməkdə haqlıdır. Ona görə ki, iddiaçı cavabdehlə bağladığı müqavilə üzrə əldə etməyə ümid etdiklərindən məhrum olmuşdur.

16. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar