Məhkəmə qərarları › İş №2(3-7)-332/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-332/2026

13.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-332/2026 13.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı «subroqasiya hüququ ilə əlaqədar pul» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2019-cu il tarixli AC ****** nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ##.##.2019-cu il tarixdən ##.##.2029-cu il tarixədək müddətə etibarlı BC kateqoriyalı AC ****** nömrəli sürücülük vəsiqəsi verilmişdir.

2. ## ######## 2019-cu il tarixli, ****/**** saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Cavabdeh hadisə zamanı ayıq vəziyyətdə olmuşdur.

3. ##.##.2019-cu il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.

4. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Cəmiyyətə təqdim etdiyi ##.##.2019-cu il tarixli məktubundan görünür ki, DİN-in Baş DYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh ##.##.2019-cu il tarixdən ##.##.2029-cu il tarixədək müddətə etibarlı BC kateqoriyalı AC ****** nömrəli sürücülük vəsiqəsi saat 12:42-də verilmişdir.

5. ## ### 2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 516 manat məbləğində borcu 7 iş günü ərzində qaytarması, əks halda məhkəməyə veriləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaş Cavabdeh ##.##.2019-cu il tarixli AC ****** nömrəli sürücülük vəsiqəsindən əvvəl verilmiş, ##.##.2008-ci il tarixli AB ****** nömrəli sürücülük vəsiqəsinin müddəti ##.##.2018-ci il tarixdə bitmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək, 516 manat məbləğində pulun və 30 ödənilmiş dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən PQA ********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Honda CRV” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunarkən ##.##.2019-cu il tarixdə Gəncə şəhər, S.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 516(beş yüz on altı) manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə şəhər DYPŞ-nin İnzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh barəsində İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin Cəmiyyətə təqdim etdiyi ##.##.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in Baş DYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən, Cavabdeh ##.##.2019-cu il tarixdən ##.##.2029-cu il tarixədək müddətə etibarlı BC kateqoriyalı AC ****** nömrəli sürücülük vəsiqəsi saat 12:42-də verilmişdir. Lakin sözügedən yol-nəqliyyat hadisəsi ##.##.2019-cu il saat 10:35-də baş vermişdir. Göründüyü kimi, həmin yol-nəqliyyat hadisəsi zamanı cavabdehin sürücülük vəsiqəsi olmamışdır.

9. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim O.Ə.Dəmirli) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh subroqasiya hüququ ilə əlaqədar 516 (beş yüz on altı) manat pul və dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul olmaqla, ümumilikdə 546 (beş yüz qırx altı) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh sürücülük hüququ olmadan “Honda CRV” markalı, ** EC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ##.##.2019cu il tarixdə Gəncə şəhər, S.Əliyev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Baş vermiş hadisə ilə bağlı cavabdeh Cavabdeh inzibati xəta törətməkdə təqsirli bilinmiş və inzibatı qaydada məsuliyyətə cəlb edilmişdir. “VAZ 21061” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə xxxx” ASC tərəfindən 516 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

11. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ##.##.2019-cu il tarixli AC ****** nömrəli sürücülük vəsiqəsindən əvvəl verilmiş, ##.##.2008-ci il tarixli AB ****** nömrəli sürücülük vəsiqəsinin müddəti ##.##.2018-ci il tarixdə bitmişdir. Yeni sürücülük vəsiqəsi isə hadisə baş verəndən sonra əldə edilmişdir. Yəni hadisə baş verən vaxt cavabdeh Cavabdeh sürücülük vəsiqəsinin müddəti artıq 1 ildən çoxdur ki, bitmiş olur. Belə olan halda sığorta şəhadətnaməsində göstərilən əmlak onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən idarə edilmişdir.

12. Cavabdehin hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddətinin qurtarmasının, onun sürücülük hüququ olmayan şəxs hesab olunması ilə razılaşmaması dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair qərarında qeyd edildiyi kimi, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinə əsasən hadisə törədilən zaman sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarmış şəxs sürücülük hüququ olmayan şəxs hesab olunur.

13. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası qanununun yuxarıda qeyd edilən normalarının tələbləri baxımından məhkəmə qeyd etmişdir ki, İddiaçı ASC tərəfindən irəli sürülən, cəmi 516 manat məbləğində sığorta ödənişinin cavabdeh Cavabdeh subroqasiya qaydasında geri alınması barədə iddia tələbi qanuni və əsaslıdır, ona görə də təmin olunmalıdır.

14. Bundan başqa cavabdeh Cavabdeh Məhkəməyə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin tətbiqini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, iddia ərizəsi hadisənin baş verdiyi tarixdən 6 il 1 ay keçdikdən sonra məhkəməyə təqdim edilmişdir.

15. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, məlum olduğu kimi, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

16. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, yol nəqliyyat hadisəsi ##.##.2019-cu il tarixdə baş vermiş, iddia ərizəsi isə ##.##.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

17. Ali Məhkəmə tərəfindən formalaşdırılmış vahid məhkəmə təcrübəsinə uyğun hüquqi mövqeyi xatırladaraq məhkəmə qeyd edir ki, qanunda ayrı-ayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, subroqasiya tələbi üzrə iddia müddəti on il təşkil edir.

18. Belə ki, Ali Məhkəmənin 3 ulduzla işarələnmiş, ##.##.2024-cü il tarixli 2(102)- **/**** saylı qərarında qeyd edilir ki, subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz. (qeyd edilən qərarın 65-ci bəndi)

19. Bundan başqa, iş materiallarından müəyyən edilmişdir ki, hazırkı iddianın qaldırılması üçün iddiaçı İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir.

20. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsaslanan məhkəmə hesab etmişdir ki, iddia tələbi tam şəkildə təmin edildiyindən iddiaçı İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh alınıb İddiaçı ASC-nin hesabına ödənilməlidir.

21. Məhkəmə öz mövqeyini “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 79-1-ci maddəsinə, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ######## 2014-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair qərarına, “Yol hərəkəti haqqında” Qanunun 33 və 35-ci maddəslərinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 371.1, 372.2, 373.1, 375.2, 377.1, 377.4, 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 81, 106.1,119.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

22. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti keçmişdir. Belə ki, ARMM-nin 373-cü maddəsinə əsasən, ümumi iddia müddəti 3 ildir. Subroqasiya hüququ sığorta ödənişin həyata keçirildiyi andan yaranır. Hazırkı işdə sığorta ödənişi 2019-cu ildə həyata keçirilmişdir. Beləliklə, iddia müddəti 2022-ci ildə başa çatmışdır. Lakin iddia yalnız 2025-ci ildə qaldırılmışdır ki, bu da qanunla müəyyən edilmiş 3 illik iddia müddətinin açıq şəkildə keçməsi deməkdir. Birinci instansiya məhkəməsi AR Ali Məhkəməsinin 3 ulduzla işarələnmiş, ##.##.2024-cü il tarixli qərarına istinad etmişdir və göstərmişdir ki, subroqasiya üzrə iddia müddəti hüquq pozuntusunun baş verdiyi tarixdən 10 ildən artıq ola bilməz. Lakin hüquqi mövqedə maksimum (kəsici) xətt kimi göstərilmişdir və bu müddət 3 illik iddia müddətini əvəz etmir. Yəni, subroqasiya hüququnun başlanğıcı-ödəniş tarixdir (2019-cu il). Ümumi iddia müddəti – 3 ildir. 10 il yalnız son həddir. Bu səbəbdən 10 illik müddətinin tətbiq etməklə, maddi hüquq normasının düzgün tətbiq etməmişdir. Güman etmək olar ki, təxminən 2 saat müddətində avtomobili idarəetmək hüququ olmayıb. Işin faktiki hallarından və məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, sürücülük vəsiqəsini almaq üçün Gəncə ASAN xidmətə müraciət etmiş və müraciəti təxminən saat 09:30-da olmuşdur. Sürücülük vəsiqəsinin verilməsi bir müddət çəkdiyi üçün qərara gəlmişdir ki, avtomobili yanacaqla doldursun. Bu zamanda, yanacaq məntəqəsinin yanında həmin hadisə baş vermişdir. Beləliklə, hadisəylə əlaqədar ləngiməsə idi, sürücülük vəsiqəsini o vaxtdan əvvəl almış olardı. Digər tərəfdən DİN-in Baş DYPİ-nin Qeydiyyat İmtahan İdarəsi tərəfindən verilən ##.##.2022-ci il tarixli məktubundan görünür ki, ##.##.2019-cu il tarixli sürücülük vəsiqəsindən əvvəl verilmiş ##.##.2008-ci il tarixli sürücülük vəsiqəsinin müddəti ##.##.2018-ci il tarixdə bitmişdir. Eyni zamanda, məhkəmənin qətnaməsində qeyd edilir ki, İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta ilə bağlı inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu maddə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə nəzərdə tutulur. Sürücülük vəsiqəsinin müddəti keçmişdirsə, İXM-nin 332.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmək hüququ olmadan nəqliyyat vasitəsinin idarəedilməsinə görə cərimə edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olunmuşdur.

25. Etiraz onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Məhkəməsi tərəfindən qəbul edilən qətnamə ilə maddi hüquq normaları pozulmamışdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin pozulduğunu iddia edərək iddia müddətinin keçdiyini və bu müddətin 3 il təşkil etdiyini qeyd etmişdir. Lakin bu mövqe hüquqi baxımdan əsassızdır. AR Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən iddia müddəti 10 il təşkil edir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Subroqasiya tələblərinə münasibətdə tətbiq edilən iddia müddəti də delikt öhdəliklərindən irəli gələn iddia müddəti kimi qiymətləndirilməlidir. Belə öhdəliklər üzrə isə iddia müddətinin axımı əsas öhdəliyin icrası, yəni sığorta ödənişinin həyata keçirildiyi andan başlayır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiklərinin əksinə, Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilən qətnamə ilə prosessual hüquq normaları pozulmamışdır. Belə ki, iş materiallarından göründüyü kimi, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Gəncə Şəhər DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla Cavabdeh Şamil oğlu təqsirli hesab edilmiş və barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Bundan əlavə, sığorta araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin sürücülük vəsiqəsi ##.##.2019-cu il tarixdə saat 12:42-də verilmişdir. Bu hal Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin ##.##.2019-cu il tarixli rəsmi məktubu ilə təsdiq olunur. Lakin yol-nəqliyyat hadisəsi həmin gün saat 10:35-də baş vermişdir. Bu isə o deməkdir ki, hadisə zamanı cavabdehin nəqliyyat vasitəsini idarə etmək hüququ mövcud olmamışdır. “İcbari Sığortalar haqqında” AR Qanununun 25-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakı onu istifadə etməyə, idarə etməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilərkən sığorta hadisəsi baş verdikdə Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Cavabdeh Şamil oğlunun şikayətinə diqqət yetirilsə, ##.##.2018-ci il tarixdən ##.##.2019-cu il tarixindək sürücülük vəsiqəsinin olmadığı qeyd olunmuşdur.“Yol hərəkəti” haqqında AR Qanununun 33cü maddəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir.

Həmin Qanunun 33-cü maddəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtardıqda – sürücülük vəsiqəsi dəyişdirilənədək müvəqqəti məhdudlaşdırılır. “Yol hərəkəti” haqqında AR Qanununun 35-ci maddəsinin 6-cı bəndinə əsasən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslardan biri də onun etibarlıq müddətinin qurtarmasıdır. Buradan da aydın olur ki, sürücülük vəsiqəsi olmayan və ya etibarlıq müddəti bitmiş sürücülük vəsiqəsini dəyişməyən şəxslər idarəetmə hüququna malik deyildir. Sürücülük vəsiqəsi nəqliyyat vasitəsinin idarə olunması üçün qanunla müəyyən edilmiş əsas sənəddir. Beləliklə, cavabdehin hadisə zamanı nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır və bu hal sığortaçı üçün subroqasiya hüququnun yaranmasına qanuni əsas təşkil edir. Birinci instansiya məhkəməsi bu halları düzgün qiymətləndirmiş, sübutlara obyektiv və hərtərəfli hüquqi qiymət vermiş və prosessual hüquq normalarını pozmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin iddiaçı (nümayəndəsi) məhkəmə iclasına gəlməmişdir İddiaçı tərəfin iştirak etməməsinə dair məlumat daxil olmamışdır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq tələbinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh izahat verərək, iddia tələbinin verilməsi üçün iddia müddətinin keçirildiyini, sığorta hadisəsinin 2019cu ildə 27. baş vermiş və həmin ildə ödəniş edilmiş olduğunu bildirmişdir. İddia tələbi isə 2025-ci ildə verilmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən, ümumi iddia müddəti 3 ildir, hansı ki hazırkı işə tətbiq edilməli idi. İddia tələbi ən geci 2022-ci ildə verilməli idi. Bu işlə bağlı Konstitusiya Məhkəməsinin müvafiq qərarı da vardır ki, bu məzmunlu işdə iddia müddəti 3 il təşkil olunmalıdır.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.....

31. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, görə - qırx manat məbləğində cərimə edilir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütövlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməlidir.

34. İşin hallarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında ##.##.2019-cu ildə icbari sığorta müqaviləsi bağlanmış, sığorta təminatının müddəti 1 il müəyyən edilmişdir. ##.##.2019-cu ildə cavabdehin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, Gəncə şəhər DYPŞ-nin tərtib etdiyi inzibati xəta haqqında protokol və qərarla cavabdeh hadisənin baş verməsində təqsirli bilinmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən tənbeh edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, sığorta hadisəsi ##.##.2019-cu il tarixdə, saat 10:35-də baş vermiş, cavabdeh isə vaxtı bitmiş sürücülük vəsiqəsini 12:42-də yeniləmişdir. Cavabdehin hadisə baş verən anda sürücülük hüququ olmamışdır, ona görə də ona qarşı subroqasiya hüquqları yaranıb.

35. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, qəza baş verəndən sonra o, başqa əsasla inzibati məsuliyyətə cəlb edilib. Sığorta hadisəsi baş verən zaman onun sürücülük hüququ olmasaydı, o həm də həmin əsasla məsuliyyətə cəlb edilərdi, eyni zamanda iddiaçı iddia müddətini də ötürmüşdür. Belə ki, tərəflər arasında müqavilə münasibətləri var, buna görə də iddia müddəti 3 il müəyyən edilməlidir.

36. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin növbəti sürücülük vəsiqəsini alma müddətini müəyyən edəndən sonra hesab etmişdir ki, cavabdeh sürücülük vəsiqəsini sığorta hadisəsi baş verəndən sonra aldığına görə hadisə baş verən an onun sürücülük hüququ olmamış, bu hal sığortaçının ona münasibətdə subroqasiya hüququnu yaratmışdır. İddia müddətinin tətbiqi məsələsinə gəldikdə isə məhkəmə hazırkı tələbə 3 il deyil, 10 illik iddia müddətinin tətbiq edilməli olması barədə qənaətə gəlmiş və cavabdehin bu barədə ərizəsini əsassız hesab etmişdir.

37. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə işin halları ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir.

38. Belə ki, müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında icbari sığorta müqaviləsi əsasında müqavilə münasibətləri yaranmış, bu münasibətlər çərçivəsində iddiaçı sığorta hadisəsi baş verəndən sonra sığorta ödənişi etmişdir. Sığortalıya qarşı subroqasiya hüququnun yaranması əsasları icbari sığorta haqqında qanunvericiliklə tənzimlənir. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. Maddənin məzmunundan belə aydın olur ki, sığorta predmeti olan avtomobil sürücülük vəsiqəsi olmadan idarə edilərsə və sığorta hadisəsi törədilərsə, hadisəni törədən şəxsə qarşı sığortaçının subroqasiya hüququ yaranır.

39. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfin iddiası məhz yuxarıda qeyd edilən maddənin göstərişi baxımından uğurlu ola bilərdi.

40. İşə əlavə edilmiş Cavabdeh aid AC ****** saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, vəsiqə ##.##.2019-cu il tarixindən (sığorta hadisəsi baş verən tarix) ##.##.2029cu il tarixinədək etibarlıdır. Eyni zamanda, ##.##.2019-cu ildə, saat 10:35-də tərtib edilmiş Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın sürətindən görünür ki, Cavabdeh avtonəqliyyat sahibinin mülkiyyətçisi kimi qeyd edilmiş, eyni zamanda hadisə baş verən anda onun sürücülük vəsiqəsinin seriya nömrəsi AC657405 qeyd edilmişdir, hansı ki həmin vəsiqə ##.##.2019-cu il tarixindən qüvvədədir.

41. Kollegiya qeyd edir ki, hazırki mübahisədə diqqət yetirilməli əsas məsələ sığorta hadisəsi baş verən zaman cavabdehin sürücülük hüququnun olub-olmamasıdır. Məhz bu hal iddianın hüquqi əsasının olub-olmaması baxımından həlledicidir.

42. Qeyd edilməlidir ki, sürücülük hüququnun yaranması və ya bərpa edilməsi sürücülük vəsiqəsinin fiziki olaraq alınması vaxtı ilə üst-üstə düşməyə və ondan daha əvvəl də ola bilər.

43. Sığorta hadisəsi baş verəndən sonra cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib. Həmin maddə sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsi ilə əlaqəli deyildir. Məhkəmə qeyd edir ki, cavabdeh sürücülük hüququ olmadan avtomobil idarə etməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməmişdir. Eyni zamanda, aydın məsələdir ki, yolnəqliyyat hadisəsi baş verəndə dövlət yol polisi orqanının əməkdaşı hərəkət iştirakçısının sürücülük hüququnun olub-olmamasını araşdırır və bununla bağlı müvafiq qeyd aparır. Sığorta halı hesab edilə bilən hadisənin təfərrüatları barədə arayışda cavabdehin yeni aldığı sürücülük vəsiqəsinin seriya nömrəsi yazılmışdır. Deməli, həmin vəsiqə fiziki olaraq cavabdeh tərəfindən qəzadan sonra əldə edilsə də, qəza baş verən anda həmin vəsiqə artıq qüvvədə olub, başqa sözlə cavabdehin sürücülük hüququ mövcud olub.

44. Kollegiya bildirir ki, müvafiq icra hakimiyyəti orqanının Cavabdeh AC ****** nömrəli sürücülük vəsiqəsini ##.##.2019-cu il tarixində saat 12:42-də verilməsi barədə sorğuya cavabı, onun sürücülük hüququnu da məhz 12:42-də əldə etməsi anlamına gəlməməlidir. Ona görə ki, tərtib edilən arayışdan aydın olur ki, həmin tarixdə qəza baş verəndən sonra saat 10:35-də yeni sürücülük vəsiqəsi məlumatları ümumi baza məlumatlarında mövcud olmuşdur.

45. Yuxarıda qeyd edilənlərə əsaslanaraq, məhkəmə kollegiyası hesab edir ki, sığorta hadisəsi hesab edilən qəzada cavabdeh təqsirli hesab edilsə də, ona qarşı subroqasiya hüququnu yarada biləcək təqsirli hərəkət müəyyən edilmir. Bu baxımdan iddia tələbi əsaslı hesab edilə bilməz.

46. Kollegiya, eyni zamanda qeyd edir ki, iddia tələbi özü-özlüyündə əsasssız olduğuna görə cavabdehin tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirilməsinə zərurət yoxdur. Belə ki, iddia müddəti yalnız əsaslı tələblərə münasibətdə tətbiq edilə bilər. Ona görə də, kollegiya tələbə iddia müddətinin tətbiq edilib-edilməməsi, eləcə də hansı müddətin tətbiq olunmalı olması məsələsinin araşdırılmasına zərurət görmür.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas verir. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət işin halları baxımından qanuni və əsaslı olmamışdır.

48. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya hüququ ilə əlaqədar pul” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar