Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-403/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Ərəstun Çoban oğlunun cavabdeh cavabdeh3, cavabdeh2 və Tovuz regional "ASAN Xidmət" mərkəzində notariat ofisina qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və miras əmlakın bölünməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı İsmayılov Ərəstun Çoban oğlunun nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlunun, cavabdehlər cavabdeh3 və cavabdeh2 iştirakları ilə, İddiaçı İsmayılov Ərəstun Çoban oğlunun cavabdeh cavabdeh3, cavabdeh2 və Tovuz regional "ASAN Xidmət" mərkəzində notariat ofisina qarşı müqavilənin etibarsız hesab edilməsi və miras əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ##.##.2020-ci il tarixli AZ-T ****** nömrəli doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, İsmayılov Ərəstun Çoban oğlu ## ###### 1964-cü il tarixdə anadan olmuşdur, atası İsmayılov Çoban Həmzə oğlu və anası İsmayılova Gilas Qoca qızı göstərilmişdir.
2. ##.##.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Gilas Qoca qızı ##.##.2014-cü il tarixdə ölmüşdür.
3. ##.##.2012-ci il tarixli bağışlama müqaviləsinə əsasən İsmayılova Gilas Qoca qızı və X4 rayonu Düz cırdaxan kəndində mülkiyyətli olan 0.45 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 125,4 kvadrat metr sahədən ibarət yaşayış evinin və torpaq sahəsinin onlara məxsus olan hissəsini cavabdeh3 bağışlamışlar, müqavilədə qeyd edilmişdir ki, müqavilələri İsmayılova Gilas Qoca qızının gözünün görmədiyi üçün imza etməyi bacarmadığından özünün iştirakı və xahişi ilə əvəzində cavabdeh2 oldu imzalamışdır. Müqavilə Tovuz rayon notariat konturunun notariusu P.M.Rzayev tərəfindən təsdiq edilmişdir.
4. Reyestr nömrəsi ************-***** saylı çıxarışdan görünür ki, Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən 0.45 ha torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 125,4 kv metr, yaşayış sahəsi 61,2 kv metr, yardımçı sahəsi 64,2 kv metr olan 2 otaqlı fərdi yaşayış evinin və ümumi sahəsi 17,2 kv metr olan 1 mərtəbəli yardımçı tikili ## ### 2012-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət resyestrində ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində 7/8 hissədə cavabdeh3 və 1/8 hissədə İsmayılov Ərəstun Çoban oğlunun adına mülkiyyət kimi qeydiyyata alınmışdır.
5. Tovuz Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən reyestr nömrəsi ************-***** saylı çıxarışda götərilən 0,45 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 125.4 kvm metr. yaşayış sahəsi 61,2 kv metr, yardımçı sahəsi 64,2 kv metr olan 2 otaqlı fərdi yaşayış evi və ümumi sahəsi 17.2 kv metr olan 1 mərtəbəli yardımçı tikilinin açıq hərracda satılması, satışdan əldə edilən pulun cavabdeh3 və İsmayılov Ərəstun Çoban oğlunun paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İsmayılov Ərəstun Çoban oğlu cavabdeh cavabdeh3, cavabdeh2, Tovuz regional "ASAN Xidmət" mərkəzində notariat ofisina qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh cavabdeh3 ilə mərhum İsmayılova Gilas Qoca qızı arasında ## ### 2012-ci ildə Tovuz rayon notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin, həmin müqavilə əsasında cavabdeh cavabdeh3 verilmiş ##.##.2012-ci il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi və mərhum İsmayılova Gilas Qoca qızından miras qalmış Tovuz rayonu, Düz Cırdaxan kəndində 0,45 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 125,4 kv.metr olan fərdi yaşayış evinin 5/8 hissəsindən ibarət miras əmlakdan vəsiyyətnamə üzrə vərəsə payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı əlavə ərizə ilə müraciət edərək sözügedən miras əmlak üzərində onun tam payının müəyyən olunmasını məhkəmədən xahiş etmişdir.
8. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Süleyman Hacıyev) iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 346.1 və 354.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü və 216-220-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçının nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddia tələbindən də görünür ki, iddiaçı iddia tələbinin əsasını belə qoymuşdur ki, mübahisəli müqavilə bağlanarkən, müqavilə bağışlayan şəxs olan ana İsmayılova Gilas Qoca qızı tərəfindən imzalanmamış, cavabdeh cavabdeh3 əri, digər cavabdeh cavabdeh2 tərəfindən imzalanmışdır. Belə olan halda müqavilənin mövcud olması hələ onu deməyə əsas vermir ki, iddiaçı müqavilənin olmasını bildiyi üçün artıq iddia müddətini ötürmüşdür. Qeyd edir ki, tərərflərin arasında bundan qabaq kecirilən məhkəmə çəkişmələrində qarşı tərəf artıq çıxarışı məhkəmələrə təqdim edərək iddia qaldırmışdır. Iddiaçı isə iddia qaldırmamışdan qısa müddət qabaq icra mərhələsində müqaviləni əldə etmiş və məhz həmin vaxt ona məlum olmuşdur ki, anası tərəfindən yox, cavabdeh2 tərəfindən imzalanmışdır və o, dərhal məhkəmədə iddia qaldırmışdır. Belə olan halda məhkəmə iddia müddətinin axımını həmin vaxtdan hesablamalı idi. Bu baxımdan hesab edir ki, məhkəmə Mülki Məcəllənin 354.2 və 377.1-ci maddələrinin tələblərini pozmuşdur. Eyni zamanda, iddia tələbi üzrə qeyd edir ki, cavabdeh cavabdeh3 ## ### 2012-ci ildə bağlanmış müqaviləyə əsasən, ana İsmayılova Gilas Qoca qızının 5/8 payını ananın imzası olmadan, saxta yolla öz adına bağışlatdıraraq bütün əmlaka sahiblənmişdir. Həmin müqavilə tam qanunsuz hesab edilmişdir. Belə ki, həmin müqavilədən də göründüyü kimi, müqavilə əmlakı bağışlayan şəxs olan ana İsmayılova Gilas Qoca qızı tərəfindən imzalanmamış, cavabdeh cavabdeh3 əri, digər cavabdeh cavabdeh2 tərəfindən imzalanmışdır. Göründüyü kimi, iddiaçını öz yaşadığı evdən və gələcəkdə vəsiyyətnamə üzrə vərəsə kimi gözlənilən vərəsəlik payından məhrum etmək üçün cavabdehlər cavabdeh3 və cavabdeh2 saxtakarlıq etməkdən çəkinməmişlər. Cavabdehlər ananın xəstə və kor olmasından istifadə edərək onun əmlakını bir-birinə (ər-arvada) bağışlamışlar. Belə ki, müqavilə tərəflərindən biri olan ana İsmayılova Gilas Qoca qızı müqavilə bağlanan zaman xəstə, kor və anlaşılmaz olmaqla, tam fəaliyyət qabiliyyətsiz şəxs olmuşdur. Onunla hər hansı müqavilə bağlanması qanunla yolverilməz olmasına baxmayaraq, cavabdehlər notariusla əlaqəyə girərək şübhəli bağışlama müqaviləsinin təsdiqlənməsinə və bu müqavilə əsasında mərhum ananın əmlakını mənimsəməyə nail olmuşlar.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya icraatı iştirakçılarının izahatları
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İsmayılov Ərəstun Çoban oğlunun nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlu apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı Ərəstun İsmayılov ##.##.1964-cü ildə İsmayılov Çoban Həmzə oğlu ilə İsmayılova Gilas Qoca qızının birgə nikahından doğulmuşdur. Anası İsmayılova Gilas Qoca qızı ##.##.1995-ci ildə vəsiyyətnamə əsasında öz əmlakını iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə hazırda qüvvədədir. İddiaçının atası İsmayılov Çoban Həmzə oğlu ##.##.1993-cü ildə, anası isə ##.##.2014-cü ildə vəfat etmişdir. Cavabdeh cavabdeh3 iddiaçının doğma bacısıdır və ##.##.1960-cı ildə doğulmuşdur. Bacısı ata-anasının sağlığında, 1980-ci ildə cavabdeh2 ilə ailə quraraq ər evinə köçmüşdür, özünün evi mövcuddur və ailəsi ilə həmin evdə yaşamışdır. Lakin 2011-ci ildən başlayaraq cavabdeh cavabdeh3 və onun əri, cavabdeh cavabdeh2 ata-anasının evinə göz dikmiş və həmin evi ələ keçirmək üçün hər yola əl atmışlar. Belə ki, ata İsmayılov Çoban Həmzə oğlunun vəfatından sonra ondan qalan mirası ana İsmayılova Gilas Qoca qızı ilə iddiaçı qəbul etmələrinə baxmayaraq, cavabdeh cavabdeh3 2011-ci ildə anasının qoca, xəstə və kor olmasından istifadə edərək məhkəmədə atadan qalan mirasla bağlı iddia qaldırmışdır. Tovuz Rayon Məhkəməsinin ##.##.2011-ci il tarixli qətnaməsinə əsasən, mərhum İsmayılov Çoban Həmzə oğlunun adına olan Tovuz rayonu, Düz Cırdaxan kəndində 0,45 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 125,4 kv.metr olan fərdi yaşayış evində 5/8 hissə ilə ana İsmayılova Gilas Qoca qızının, qalan hissədə isə iddiaçının, cavabdehin və digər bacı X4 hər birinin 1/8 hissədə payı müəyyən edilmişdir. Cavabdeh cavabdeh3 mirasın vərəsələr arasında bölünməsindən sonra da fəaliyyətini dayandırmamış və ana İsmayılova Gilas Qoca qızının xəstə, kor və tam fəaliyyət qabiliyyətsiz vəziyyətdə olmasından sui-istifadə edərək, həmçinin iddiaçını gələcəkdə vəsiyyətnamə üzrə vərəsə kimi gözlənilən vərəsəlik payından məhrum etmək niyyətilə anasının ümumi əmlakda olan 5/8 payını ələ keçirmişdir. Belə ki, cavabdeh cavabdeh3 ## ### 2012-ci ildə bağlanmış müqaviləyə əsasən, ana İsmayılova Gilas Qoca qızının 5/8 payını ananın imzası olmadan, saxta yolla öz adına bağışlatdıraraq bütün əmlaka sahiblənmişdir. Həmin müqavilə tam qanunsuz hesab edilmişdir. Belə ki, həmin müqavilədən də göründüyü kimi, müqavilə əmlakı bağışlayan şəxs olan ana İsmayılova Gilas Qoca qızı tərəfindən imzalanmamış, cavabdeh cavabdeh3 əri, digər cavabdeh cavabdeh2 tərəfindən imzalanmışdır. Göründüyü kimi, iddiaçını öz yaşadığı evdən və gələcəkdə vəsiyyətnamə üzrə vərəsə kimi gözlənilən vərəsəlik payından məhrum etmək üçün cavabdehlər cavabdeh3 və cavabdeh2 saxtakarlıq etməkdən çəkinməmişlər. Cavabdehlər ananın xəstə və kor olmasından istifadə edərək onun əmlakını bir-birinə (ər-arvada) bağışlamışlar. Həmçinin ananın adından müqaviləyə imza atan şəxs cavabdeh2 mübahisə tərəfi olduğu üçün həmin müqaviləyə ananın adından imza atmaq üçün etibarnaməsi və ya digər səlahiyyət verən sənədi mövcud olmamışdır. Bu səbəbdən həmin müqavilə və müqavilə əsasında cavabdehin adına verilmiş çıxarış etibarsız hesab edilməli və mərhum ana İsmayılova Gilas Qoca qızından miras qalmış əmlakdan iddiaçının vərəsəlik payı müəyyən edilməlidir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, mərhum anası İsmayılova Gilas Qoca qızı sağlığında öz iradəsi ilə mülkiyyətində olan həmin əmlakın 5/8 hissəsini ona bağışlamışdır və həmin bağışlama müqaviləsi əsasında əmlak ##.##.2012-ci il tarixli çıxarışa əsasən mülkiyyət kimi onun adına qeydə alınmışdır. İddiaçı İsmayılov Ərəstun Çoban oğlu onun doğma qardaşı olmaqla mərhum anası İsmayılova Gilas Qoca qızının ona vəsiyyətnamə verdiyini və guya onların onu həmin vəsiyyətnamə üzrə miras paydan məhrum etmək məqsədi ilə hazırda mübahisələndirilən bağışlama müqaviləsini bağladıqlarını əsassız olaraq qeyd etmişdir. İddiaçı ilə aralarında məhkəmə mübahisəsi 2011-ci ildən davam etmişdir və mübahisələndirilən bağışlama müqaviləsi ## ### 2012-ci il tarixdə bağlanmışdır. Həmin müqavilə predmeti olan əmlak onların mülkiyyətinə keçdikdən sonra aralarında dəfələrlə məhkəmə mübahisələri olmuşdur ki, bunlardan ən sonuncuları kimi Tovuz Rayon Məhkəməsinin ## ###### 2017-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsi ilə payın naturada ayrılması tələbinin, Tovuz Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə payın kompensasiya ilə əvəz edilməsi tələbinin təmin edilməməsi və nəhayət Tovuz Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə əmlakın hərracda satılması tələbinin təmin edilməsi göstərilmişdir. Həmin sonuncu qətnamə Gəncə Apelyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və icra edilmişdir. Bütün bu faktlar iddiaçı İsmayılov Ərəstun Çoban oğlunun 2012ci ildən bəri mübahisələndirdiyi bağışlama müqaviləsindən məlumatlı olduğunu sübut etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, izahatında göstərmişdir ki, onun hazırkı iş üzrə hər hansı cavabdehliyi yoxdur, çünki o, mübahisələndirilən bağışlama müqaviləsində tərəf, həmçinin, mərhum İsmayılova Gilas Qoca qızının vərəsəsi deyildir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. İş üzrə iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
21. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
22. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
23. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
24. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
25. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
26. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli qərarı
28. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022ci il tarixli qərarı
29. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır.
30. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
33. Maddə 9.2. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin.
34. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
42. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
43. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
46. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
48. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Hazırkı iş üzrə iddia tələbi bağışlama etibarsızlığı, onun əsasında verilmiş çıxarışın ləğvi və miras qalmış əmlakda payın müəyyən edilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 1272-ci maddəsi təşkil edir.
51. Qeyd etmək lazımdır ki, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. İddia etmək hüququ məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İddianın təmin edilməsi hüququ isə iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
53. İddiaçı hazırki tələbində miras qalmış əmlaka dair anası İsmayılova Gilas Qoca qızı ilə cavabdeh cavabdeh3 arasında ##.##.2012-ci ildə notariat kontorunda bağlanmış bağışlama müqaviləsinin etibarsız sayılmasını, çıxarışın ləğvini və miras əmlakdan payının müəyyən edilməsini tələb etmişdir.
54. Mülki Məcəllənin 1243.1-ci maddəsi də mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsənin qəbul etməsini tələb edir.
55. Azərbaycan Respublikası konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29cu maddəsinin İ və VII hissələrinə, 71-ci maddəsinin İ və II hissələrinə və 149-cu maddəsinin İ və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
56. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsələr mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir (Konstitusiya Məhkəməsainin “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarı).
57. Buna görə də iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ, onun mirası qəbul etməsindən asılıdır.
58. Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə mirasın qəbul edilməsinin iki üsulu müəyyən edilmişdir, bunlardan birinci üsul vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi (formal), ikincisi isə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi (qeyri-formal).
59. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
60. Baxılan işdə, kollegiya qeyd edir ki, iddiaçı sözügedən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbində müəyyən edilmiş müddəti ötürmüşdür.
61. Belə ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
63. Baxılan işdən göründüyü kimi iddiaçı anası İsmayılova Gilas Qoca qızı ilə cavabdeh cavabdeh3 arasında ##.##.2012-ci ildə notariat kontorunda bağlanmış bağışlama müqaviləsindən məlumatlı olsa da, həmin müqaviləni mübahisələndirmək üçün nəzərdə tutulmuş bu hüququnu itirmişdir. Bundan başqa, iddiaçının bağışlanma müqaviləsinin mövcudluğundan gec xəbər tutması barədə iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlilə kollegiya qiymət verərək hesab edir ki, bu hal müddətdən yayınmaq məqsədi daşıyır. Göründüyü kimi, iddiaçı gələcəkdə yarana biləcək pozuntuların qarşısının alınmasına ağlabatan sayıqliq, diqqət və sair göstərməli olduğu halda bunu etməmiş və bununla bağlı sübutlarını məhkəmələrə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə haqlı olaraq iddiaçının dəlillərini əsaslı hesab etməmişdir.
64. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəmə müraciət edərkən Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq (kəsici) müddəti də ötürmüşdür.
65. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
66. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
67. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
68. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
70. Azərbaycan Respublikasının MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
71. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsi gəldiyi nəticə tam əsaslı olmuşdur.
72. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
73. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
76. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” ## ###### 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur.
77. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddia tələbindən görünür ki, ##.##.2012-ci il tarixli bağışlama müqaviləsi, müqavilə tərəflərindən birinin, yəni İsmayılova Gilas Qoca qızının müqavilə bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olması əsas gətirilərək müqavilənin bağlanması nəticəsində hüquqlarının pozulmasını hesab edən iddiaçı İsmayılov Ərəstun Çoban oğlu tərəfindən mübahisələndirilmişdir. İşdən görünür ki, iddia həmin müqavilə bağlandığı tarixdən 13 il sonra irəli sürülmüşdür. Bundan başqa həmin əmlakla bağlı cavabdeh3 və İsmayılov Ərəstun Çoban oğlunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2012-ci il tarixdə qeydə alındıqda və bundan sonrakı məhkəmə mübahisələri zamanı iddiaçı istinad etdiyi bu haldan xəbərdar olmuşdur. Halbuki Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən həmin müddət kəsici müddətdir. Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi zamanın keçməsi ilə yanaşı, həm də müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Göründüyü kimi, iddiaçının göstərdiyi bağışlama müqaviləsini mübahisələndirmək və bundan irəli gələrək miras paylarının yenidən müəyyən edilməsi ilə bağlı araşdırma aparıla bilməz. Göründüyü kimi, hazırkı iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə işdə olan subutlarla, tərəflərin izahatları ilə tam, ətraflı və hərtərəfli araşdırılmaqla düzgün çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
78. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər formal xarakter daşımaqla heç bir hüquqi əsası yoxdur, hazırkı işin hallarına münasibətdə əsassızdır və təmin edilə bilməz. Mübahisə mahiyyəti üzrə qanunamüvafiq həll edilmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
80. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı İsmayılov Ərəstun Çoban oğlunun nümayəndəsi (vəkil) İskəndərov Fuad İnqlab oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.