Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-775/2026 10.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: pay hüququnun müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Isgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pay hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. AZ-II № ****** nömrəli, ## ####### 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## ####### 2020-ci ildə hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmə səbəbi ilə vəfat etmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy Rayon Şöbəsi tərəfindən verilmiş ## ##### 2021-ci tarixli arayışın surətindən görünür ki, 1973-cü il təvəllüdlü İddiaçı övladı ## ###### 1992-ci il təvəllüdlü əsgər X1 ##.##.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, ## ####### 2020-ci il tarixdən X1 "Şəhid", onun ailəsi "Şəhid ailəsi” hesab edilir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, 44 günlük Vətən müharibəsi zamanı ## ####### 2020-ci il tarixdə şəhid olmuş övladı X1 adına dövlət tərəfindən verilmiş Samux rayonu, Seyidlər kəndi, X3, ev 5 ünvanında yerləşən * nömrəli mənzil üzərində pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, övladı ## ###### 1992-ci il təvəllüdlü X1 44 günlük Vətən Müharibəsi zamanı ## ####### 2020-ci il tarixdə şəhid olmuşdurvə buna görə ona şəhid ailəsi vəsiqəsi verilmişdir. Dövlət tərəfindən şəhid ailəsinə verilmiş 11000 manat birdəfəlik maddi yardımın 5500 manatı onun tərəfindən, 5.500 manatı isə şəhidin atası olan cavabdeh tərəfindən alınmışdır. Eləcədə, şəhid ailələrinə verilən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün 1/2 hissəsi ona, 1/2 hissəsi isə cavabdehə verilir. Bundan başqa şəhid X1 adına Sərəncamın icrası çərçivəsində cavabdeh Cavabdeh ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi verilmişdir. Şəhid anası kimi həmin mənzil üzərində pay hüququ var. Lakin cavabdeh mənzilə faktiki olaraq təkbaşına sahiblik edir. Ona görədə həmin mənzil üzərində pay hüququnun müəyyən edilməsini istəyir.
5. Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1151.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 89, 216-220, 233.1, 360, 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, bəhkəmə təqdim olunmuş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Əslində ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evinə şəhid anası kimi ½ payı müəyyən olunmalıdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, İddiaçı şahid ailəsi olması işin mübahisəsiz halıdır. Nümayəndəsi olduğu şəxslə cavabdeh arasında bağlanmış nikah akt qeydi pozulmuşdur. Şəhid ailələri üçün nəzərdə tutulan 11000 manatın yarısı iddiaçıya verildiyi halda, sözügedən mənzildən pay verilməmişdir. Yəni cavabdeh Cavabdeh və onun ailəsinə mənzil verildiyi halda, iddiaçı şəhid anası kimi dövlətin verdiyi bu imtiyazdan kənarda qalmış və nəticədə şəhid valideynlərinə münasibətdə bərabərlik prinsipi pozulmuşdur. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, iddiaçı İddiaçı nümayəndəsi vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
13. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
14. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun
15. Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
16. Maddə 4. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
22. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı İddiaçı 44 günlük Vətən müharibəsi zamanı, yəni ## ####### 2020-ci il tarixdə şəhid olmuş övladı X1 adına dövlət tərəfindən cavabdeh Cavabdeh və ailə üzvlərinə verilmiş Samux rayonu, Seyidlər kəndi, X3, ev 5 ünvanında yerləşən * nömrəli mənzildə onunda payı olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
29. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
32. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
33. Yuxarıda da qeyd olunduğu kimi iddiaçı İddiaçı iddia tələbinin əsasını oğlu X1 ## ####### 2020-ci il tarixdə vəfatından sonra cavabdeh (şəhidin atası) Cavabdeh verilmiş ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi üzərində pay hüququnun tanınması təşkil edir.
34. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.
35. Mülki qanunvericiliyə əsasən vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
36. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosialməişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2021-ci il tarixli Sərəncamına əsasən, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur.
37. Gədəbəy Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş sorğuya cavabdan müəyyən olunmuşdur ki, Cavabdeh müraciəti əsasında sonuncu RIH başçısının ## #### 2021-ci il tarixli ** nömrəli Sərəncamı ilə 6 nəfər ailə üzvü ilə (özü ilə birgə) mənzil növbəliyinə götürülmüş və 2022-ci ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Samux rayonunda yerləşən çoxmənzilli yaşayış binasında 3 otaqlı mənzillə təmin edilmişdir. İddiaçı imtiyazlı şəxs qismində mənzil növbəliliyinə götürülməsi ilə bağlı RIH-ə hər hansı rəsmi müraciəti daxil olmamışdır.
38. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evi X1 ## ####### 2020-ci ildə ölümündən sonra Cavabdeh miras qalmış əmlak hesab olunmur. Mənzil Cavabdeh mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciəti (mənzil növbəliliyi) əsasında verilmişdir. Belə olan təqdirdə iddiaçı İddiaçı həmin mənzilə pay hüququnun tanınması özlüyündə istisna olunur və birinci instansiya məhkəməsidə düzgün olaraq iddianı rədd etmişdir.
39. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır. Mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.