Məhkəmə qərarları › İş №2(3-7)-941/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-941/2026

04.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-941/2026 04.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Ibrahimli Güləsər Rəhim qızının katibliyi, Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. AZ-II seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 ##.##.2021-ci il tarixdə baş bronxlarının bədxassəli yeni törəməsindən vəfat etmişdir.

2. II-JQ seriyalı ****** nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X1 ilə İddiaçı ##.##.1979-cu il tarixdə nikahlarını qeyd etdirmiş, nikahdan sonra kişiyə Quliyev, arvada Quliyeva soyadı verilmişdir.

3. X5 (abonent kodu 571150400400036) aid abunə haqqında arayışdan görünür ki, ##.##.2015-ci il tarixdə 304,78 manat, ##.##.2015-ci il tarixdə 1799,94 manat borc yazılmış, 2015-ci il tarixdə tarif 0.06 müəyyən edilmişdir. 4.“Məişət abonenti istehlakçılar qrupu ****** nömrəli ##.##.2015-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2015-ci il tarixdə X3 yaşadığı mənzildə onun iştirakı ilə akt tərtib edilmiş, aktdan “0309200953 zavod nömrəli göstəricisi 29999 olan DOS-26 markalı sayğac şəbəkəyə qoşulub və sayğac qeydiyyatda yoxdur, eyni zamanda sayğacın alt qapaq möhürü yoxdur. Hesabat sayğacın göstərişinə uyğun aparılsın.” qeyd edilmişdir. (X2 və hal şahidləri tərəfindən imzalanmışdır. )

5. ##.##.2015-ci il tarixli icra vərəqindən görünür ki, qeydiyyatda olmayan ********** saylı, göstərişi 29999 olan DOS-26 markalı sayğac şəbəkəyə qoşulmuş, işlədicilər həmin sayğacdan qidalanır. (29999X0.06=1799,94 )

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası ərizəsi ilə mürəciət edərək, cavabdeh "xxxx” ASC-nin nümayəndəsi tərəfindən ##.##.2015-ci il tarixli R ****** nömrəli akt əsasında qanunsuz hesablanmış 1799.94 (bir min yeddi yüz doxsan doqquz manat, 94 qəpik) manat məbləğində borcun mərhum X1 abunə hesabından (Abunə kodu: 571150400400036) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Şəmkir rayonu Zəyəm qəsəbəsində yaşayır. 2015-ci il də onların elektrik sayğacları yanaraq sıradan çıxmışdır. Sayğacın yanmasına səbəb isə 10 kv yol xəttinin birləşməsi nəticəsində olmuşdur. Sonra cavabdeh təşkilatın əməkdaşları tərəfindən heç bir əsas və onların təqsiri olmadan xəyali hesablama aparılmışdır. Hesabılarına ##.##.2015-ci il tarixli akt əsasında 1799.94 manat məbləğində borc hesablanmışdır. Həmin borcun silinməsi üçün cavabdeh idarəyə müraciət etmişdir və iddiaçıya bildirilmişdir ki, həmin borcun səhv olaraq yazılmışdır və onların heç bir günahın olmadığını və borcun silinəcəyi qeyd edilmişdir. Lakin sonradan borc silinmədiyi üçün cavabdeh idarəyə bir neçə dəfə müraciət edilmişdir, lakin heç bir nəticəsi olmamışdır. 2025ci ilin noyabr ayının sonunda cavabdeh idarə həmin borcu ödəmədikləri təqdirdə elektrik enerjisinin verilməsinin dayandıracaqlarını bildirmişlər. Iddiaçı onların dedikləri ilə razılaşmadığı üçün cavabdeh idarənin əməkdaşları elektrik enerjisinin verilməsini dayandırmışdır . Iddiaçı qeyd etmişdir ki, bir istehlakçı kimi sərf etdiyi elektrik enerjisinin məbləğini tam olaraq vaxtlı-vaxtında ödəyir. Iddiaçının ərizəyə əlavə etdiyi ödəniş cədvəlindən görünür ki, iddiaçı ay ərizəndə nə qədər elektrik enerjisi sərf və nə qədər ödəniş etmişdir. Əlavə olaraq da istifadə etdikləri elektrik enerjisi (abonent) mərhum əri X1 adına olmuşdur. Mərhum əri X1 ##.##.2021- ci ildə vəfat etmişdir. Hazırda həmin evdə iddiaçı və onun ailə üzvləri yaşayır. Qeyd edilənlərə əsasən cavabdeh "xxxx” ASC-nin nümayəndəsi tərəfindən ##.##.2015-ci il tarixli R ****** nömrəli akt əsasında qanunsuz hesablanmış 1799.94 (bir min yeddi yüz doxsan doqquz manat, 94 qəpik) manat məbləğində borcun mərhum X1 abunə hesabından (Abunə kodu: 571150400400036) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli saylı qətnaməsi ilə (hakim Məhəmmədi Həvayət) iddianın rədd edilməsi, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC–yə qarşı “borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, İddiaçı hazırki iddia tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki işin faktiki hallarından müəyyən olunur ki, Şəmkir şəhəri Zəyəm qəsəbəsində olan fərdi yaşayış evinin elektrik enerjisi təmin edilməsi üçün “xxxx” IB ilə X1 (iddiaçının əri) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin yaşayış evi isə hazırda iddiaçının qanuni istifadəsindədir, o, orada ailəsi ilə birlikdə yaşadığından elektrik enerjisindən istifadəyə görə həmin evə hesablanmış borc məbləğinin ödənilməsi onun öhdəliyindədir. Belə olan halda, iddiaçı istifadəsində olan evdə elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüquqa malikdir. Tərəflər sayğaca hesablanmış borcun silinməsi ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən sayğac üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı və ailə üzvləri tərəfindən sərf edilmiş elektrik enerjisinin dəyəri olması faktı ilə əsaslandırır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı Şəmkir rayonu, Zəyəm qəsəbəsində nömrəsiz evdə ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı ünvanda “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində onun adına rəsmiləşdirilmiş sayğacdan istifadə edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən borc, məhz iddiaçının və ailə üzvlərinin faktiki olaraq istifadə etdiyi elektrik enerjisi sərfiyyatı nəticəsində yaranmışdır. Belə ki, “Məişət abonenti istehlakçılar qrupu ****** nömrəli ##.##.2015-ci il tarixli aktdan görünür ki, ##.##.2015-ci il tarixdə X3 yaşadığı mənzildə onun iştirakı ilə akt tərtib edilmiş, aktda qeyd edilmişdir ki, qeydiyyatda olmayan ********** saylı, göstərişi 29999 olan DOS-26 markalı sayğac şəbəkəyə qoşulmuş, iddiaçıların və ailə üzvlərinin yaşadığı evdə olan işlədicilər həmin sayğacdan qidalanır. X5 (abonent kodu 571150400400036) aid abunə haqqında arayışdan görünür ki, akt tərtib olunduğu vaxt tarif 0.06 AZN olmuş, buna uyğun olaraq sayğacın göstəricisinndə qeyd edilmiş 29999 kv.m sərfiyyat həmin dövrə aid tariflə hesablanmaqla (29999X0.06=1799,94) ##.##.2015-ci il tarixə 1799,94 manat borc qeyd edilmişdir. Həmin borc üzrə cavabdeh tərəfindən sayğaca müdaxilə və ya kənar xəttlə bağlı ayrıca protokol və ya akt tərtib olunması müəyyən edilməmişdir. Bundan başqa göstərilən borc üzrə iddiaçı tərəfindən akt tərtib edilən tarixədək, yəni ##.##.2015-ci il tarixədək sərf edilmiş elektrik enerjisinin ödənişlərinin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə borcun məhz sayğaca müdaxilə olunması nəticəsində borcun yaranmasını sübutetmə yükü iddiaçının üzərinə düşür.

10. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 157.8, 158.2, 158.4, 1096.1, 1096.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları” 1,8-ci bəndlərinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Apellyasiya şikayətinin təmin olunması, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması, borcun silinməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsini əsassız və qanunsuz olduğundan ləğv edilməli və iddia tələbi təmin olunmalıdır. Belə ki, 2015-ci ildə istifadə etdikləri elektrik sayğacları yanaraq sıradan çıxmışdır. Sayğacın yanmasına səbəb isə 10 kv yol xəttinin birləşməsi nəticəsində olmuşdur. Sayğac yandıqdan sonra yenisi ilə əvəz olunmuş və cavabdeh təşkilatın əməkdaşları tərəfindən heç bir əsas və onların təqsirləri olmadan xəyali hesablama aparılmaqla hesablarına ##.##.2015-ci il tarixli akt əsasında 1799.94 manat məbləğində borc hesablanmışdır. Həmin borcun silinməsi üçün cavabdeh idarəyə müraciət etdikdə həmin borcun səhv olaraq yazıldığını, onların heç bir günahlarının olmadığını və borcun silinəcəyini bildirərək onları arxayın salaraq getməklərini bildirmişdilər. Lakin sonradan borc silinmədiyi üçün cavabdeh idarəyə bir neçə dəfə müraciət etsədə lakin heç bir nəticəsi olmamışdır. 2025-ci ilin noyabr ayının sonunda cavabdeh idarə həmin borcu ödəmədikləri əks halda elektrik enerjisinin verilməsinin dayandıracaqlarını bildirmişdilər. O, isə onların dedikləri ilə razılaşmadığı üçün cavabdehin idarənin əməkdaşları elektrik enerjisinin verilməsini dayandırmışdılar. Sonra qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət etmişdilər. Məhkəmə kollegiyası məhkəmə araşdırması zamanı cavabdeh idarə ##.##.2015ci il tarixli akt əsasında hesablanmış 1799.94 manat məbləğində borcun onların sərf etdikləri elektrik enerjisi əsasında yaranan borc olmasını göstərmişlər. Məhkəmədə cavabdehin verdiyi izahata əsaslanıb onun iddia tələbini rədd etmişdir. Halbu ki, birinci instansiya məhkəməsi həqiqətən belə bir borcun mövcud olsa, belə 1799.94 manat borcun necə yaranması barədə cavabdeh idarənin nümayəndəsindən heç bir sənəd tələb etməmişdir. Belə olan halda sual yaranmışdır ki həmin məbləğ sərf olunan borcdursa, nə üçün akt əsaslanıb həmin borc yazılmışdır. Nə üçün sayğac yenisi ilə əvəz olunduqdan bir neçə ay sonra həmin akt tərtib olunmuşdur. Məhkəmə iclasında qeyd olunan hallar müəyyən edilsədə lakin məhkəmə həmin halları araşdırmamış və obyektiv qiymətləndirməmişdir. Məhkəmə tərəfindən cavabdeh idarəyə sayğac sıradan çıxmamaışdan əvvəlki tarixlərə dair yəni 2015ci il may ayından əvvəlki tarixlərin ödənişləri barədə dövriyyə cədvəlinin verilməsi tələb olunsada (cavabdehə rəsmi sorğu verilsədə) lakin cavabdeh bilərəkdən həmin cədvəli gizlətmişdir. Belə ki həmin dövrüyyə cədvəli üzə çıxacağı təqdirdə onların heç bir borclarının olmamağı müəyyən edilmişdir. Bir daha qeyd etmişdir ki, cavabdehin aktda qeyd etdikləri tam əsassızdır. Cavabdehin nümayəndəsidə məhkəmə iclasında bildirmişdir ki, həmin sayğac 2015-ci ilin may ayında qoyulmuşdur. Ancaq məhkəmə sübutlara obyektiv qiymət verməyərək 1799 manat borcun qısa müddətə necə yaranması və həmin müddət ərzində nəzarətçi tərəfindən onlara hər hansı bir xəbərdarlıq edilməməsi barədə cavabdeh idarədən heç bir sənəd tələb etməmiş və cavabdehdə bu barədə heç bir sübut təqdim etməmişdir. Hesab etmişdir ki yuxarda qeyd olunanlara əsəsn məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi tam olaraq təmin olunmalıdır. Işin faktiki hallarından göründüyü kimi, qeyd olunan borc hesablarına əsassız və qanunsuz yazılmışdır. Onlar tərəflərindən heç bir sərfiyyat olmamışdır. Göründüyü kimi məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan tələblərini kobud pozmaqla qətnamə qəbul etmişdir. Hesab etmişdir ki, işin faktiki hallarında qeyd olunan hallar və iş materiallarında olan sübutlar düzgün qiymətləndiril. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Məhkəmə tərəfindən cavabdehə 2015-ci il tarixdən əvvəlki dövrə dair dövrüyyə cədvəli tələb olunsada lakin cavabdeh bilərəkdən həmin cədvəli verməmişdir. Hesab etmişdir ki həmin dövriyyə cədvəli əldə olunsa onun heç bir borcunun olmamağı müəyyən olacaqdır. Hər bir halda cavabdeh aktda qeyd olunanların doğruluğunu sübuta etmək öhdəliyi daşıyır. Bununla bağlı qeyd etmişdir ki, işin hallarındada göstərdiyi kimi, məhkəmə qətnamənin qəbul edərək sübutları düzgün qiymətləndirməmişdir. Məhkəmənin işə aid olan faktlara əsaslanması, faktların mötəbər sübutlarla təsdiq edilməsi, məhkəmənin gəldiyi nəticənin işin hallarına uyğun gəlməməsi başa düşülür. Belə ki, məhkəmə cavabdehin məhkəmə iclasında borcunu tam etiraf etməsini və sonrada qərəzli olaraq həmin pulu qismən etiraf etməsini nəzərə almışdır. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən sübutları düzgün qiymətləndirməmiş, işdə olan sənədləri araşdırmamışdır. Birinci instaniya məhkməsi tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki cavabdeh tərəfindən qeyd olunan məbləğin həqiqətən onlar tərəfindən sərf oluna elektrik enerjisi olmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Onun isə təqdim etdiyi sübutlar araşdırılmamış və qanunun tələbi pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı izhatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, sayğac “xxxx” ASC-nin əməkdaşları tərəfindən dəyişdirlmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 izahatında apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq sayğacın iddiaçı tərəfindən dəyişdirildiyini və hesablanmanın sayğacın göstəriciləri əsasında aparıldığını bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”:

16. 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən hesablanır, bir qayda olaraq, hesablaşma dövrü bir ay qəbul olunur;

17. 8.4-cü bəndinə görə, Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

18. 8.5-ci bəndinə görə, abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir.

19. 8.13-cü bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır. Subabonent bilavasitə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinə görə hesablaşmalar apardıqda, onun elektrik enerjisi sərfi tranzit elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmaqla abonentin sərfindən çıxılmalıdır.

20. 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 384. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

26. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

31. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “xxxx” ASC tərəfindən iddiaçıya məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin elektrik enerjisi ilə təchiz edilmişdir. Iş materiallarına əlavə edilmiş “Məişət abonenti istehlakçılar qrupu ****** nömrəli ##.##.2015-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2015-ci il tarixdə X3 yaşadığı mənzildə onun iştirakı ilə akt tərtib edilmiş, aktdan “0309200953 zavod nömrəli göstəricisi 29999 olan DOS-26 markalı sayğac şəbəkəyə qoşulub və sayğac qeydiyyatda yoxdur, eyni zamanda sayğacın alt qapaq möhürü yoxdur. Hesabat sayğacın göstərişinə uyğun aparılsın.” qeyd edilmişdir. (X2 və hal şahidləri tərəfindən imzalanmışdır.) Göründüyü kimi, ##.##.2015-ci il tarixli R ****** saylı akt əsasında hesablanmış borc debitor borcu istifadə edilmiş təbii qazın dəyəri isə abonent tərəfindən ödənilmədiyinə görə yaranmışdır.

32. Iddiaçı öz iddiasında və apellyasiya dəlillərində heç bir əsasa və təqsiri olmadığı halda ona qanunsuz olaraq elektrik enerjisinin sərfiyyatı barədə ****** nömrəli ##.##.2015-ci il tarixli akt tərtib edildiyini və həmin akt əsasında ona əsassız olaraq 1799,94 manat cərimə hesablandığını göstərsə də, istinad etdiyi hallara dair mötəbər sübut növlərini məhkəmə kollegiyasına təqdim etməmişdir.

33. Iş materialları ilə “xxxx” ASC-nin əməkdaşları tərəfindən X1 barəsində qayda pozuntusu əks etdirən ****** nömrəli ##.##.2015-ci il tarixli aktda ##.##.2015-ci il tarixdə X3 yaşadığı mənzildə “0309200953 zavod nömrəli göstəricisi 29999 olan DOS-26 markalı sayğac şəbəkəyə qoşulduğu və sayğac qeydiyyatda olmadığı, eyni zamanda sayğacın alt qapaq möhürünün olmadığı və hesabatın sayğacın göstərişinə uyğun aparılması qeyd olunmuşdur ki, bununlada istehlakçıya cərimə deyil, enerjitəhcizatçısının razılığı olmadan və qeydə almadığı mübahisəli mənzilə istehlakçı tərəfindən quraşdırılmış sayğacın üzərində olan enerji sərfiyyatına görə məbləğin enerji satış qiymətlərinə uyğun 1799,94 manat borcun hesablanması aparılmışdır.

34. Apellyasiya şikayətinin dəlilində həmin borcun silinməsi üçün cavabdeh idarəyə müraciət etdikdə həmin borcun səhv olaraq yazıldığını, borcun silinəcəyini bildirmələri ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı “xxxx” ASCyə müraciət etməsi və həmin borcun səhv olaraq yazıldığını bildirmələri, borcun silinəcəyini bildirmələri ilə bağlı hər hansı sübut müəyyən edilmir.

35. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Istisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq,

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar