Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-109/2026 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: şikayətin geri qaytarılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzəcan oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Mirzəcan oğlu tərəfindən tikilmiş və nəticədə onların evlərinə gedən yolun kəsilməsi ilə nəticələnmiş tikilinin sökülməsi, cavabdeh X1 üzərinə isə iş üzrə iddia tələbinə dair problemin həll olunması üçün ona və cavabdehə verilmiş torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi məsələsini həll etməsi öhdəliyinin qoyulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir.
2. Şamaxı Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzəcan oğluna qarşı “qanunsuz tikilinin sökülməsi, torpağın əməli istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması, İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş (qəbz nömrəsi 24296, əməliyyat İD: 62819081, GPP qəbz nömrəsi: ********* olan) 100 manat rüsumun İddiaçı2 qaytarılması, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 500 manat pul iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq “X2” MMC-nin hesabına köçürülməsi qərara alınmışdır.
3. Həmin qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək, haqlı, qanuni və əsaslı şikayətin təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 25 noyabr 2025ci il tarixli, 2(074)-5/2025 saylı qərardadının ləğv olunmasını, iş üzrə icraatın təzələnməklə 500 manat ekspertiza ödənişinin onların üzərindən götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişlər.
Birinci instansiya məhkəməsində icraat
4. Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) məhkəmənin 2(074)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
5. İddiaçı2 şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
6. Şamaxı Rayon Məhkəməsinin 29 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadı ilə (hakim Fərid Yaqubov) Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
8. İddiaçı2 şikayəti onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından açıq-aydın görünür ki, şikayətin elektron məhkəmə kabineti ilə göndərilməli olmasından başqa, heç bir irad göstərilməmişdir. Ona görə də həmin qərardaddan və onunla əlaqəli olan əvvəlki 2(074)- 5/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərardadından şikayət edərək bunların hər ikisinin ləğv edilməsini istəyir. Hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv olunmaqla şikayət məhkəmə icraatına qəbul edilməli və bundan sonra, bununla əlaqəli olan əvvəlki 2(074)-5/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərardad ləğv olunmalı və iş üzrə yeni qərardad qəbul edilərək icraat təzələnməli və həmçinin 500 (beş yüz) manat ekspertiza ödənişi onların üzərindən götürülməlidir. Haqlı, qanuni və əsaslı şikayətin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və şikayətin məhkəmə icraatına qəbul edilməsini xahiş edir. Bundan əlavə, iş məhkəmə icraatına qəbul edildikdən sonra, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 saylı, 25 noyabr 2025-ci il tarixli qərardadının da ləğv olunmasını, iş üzrə icraatın təzələnməklə 500 (beş yüz) manat ekspertiza ödənişinin onların üzərindən götürülməsi barədə yeni qərardad qəbul edilməsi xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
10. Şikayətdən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi şikayətin qaytarılmasına dair mövqeyini MPM-nin 363.1.5-ci maddəsində göstərilən tələblərə uyğun olmaması ilə əsaslandırmışdır.
14. İddiaçı2 şikayət verərək, Şamaxı Rayon Məhkəməsinin 2(074)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası şikayətin dəlilini əsassız hesab edir və bununla bağlı qeyd edir:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar və şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.
17. Qeyd olunan apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəlləyə Əlavə 2-də əks olunmuşdur. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır.
18. MPM-nin 10-1.3-cü maddəsinin tələbinə görə, Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
19. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
20. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını imperativ qayda kimi müəyyən etmişdir. Lakin iddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı Rayon Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2(074)-5/2025 saylı qərardadından şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verməmiş, prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normasının tələbini pozmuşdur. Bu səbəbdən də Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadı ilə həmin şikayətin geri qaytarılması düzgün və əsaslı olmuşdur. Ona görə də onun ləğv edilməsi üçün hər hansı bir əsas yoxdur.
21. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prossesual normaların tətbiqində pozuntuya yol verilməmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
23. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli, 2(074)-5/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.