Məhkəmə qərarları › İş №2(3-8)-127/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-127/2026

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-127/2026 10.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 2 saylı Sumqayıt Regional "ASAN" Xidmət X1rşı iş üzrə (Açar sözlər: iddia ərizəsinin qəbulundan imtina, məhkəmə aidiyyəti) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 2 saylı Sumqayıt Regional "ASAN" Xidmət X1rşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi" tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2(5-155)-47/2026 nömrəli qərardadından ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi məhkəməyə müraciət edərək, AZ-İ 421717 saylı, xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin mərhum arvadının atası X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-47/2026 saylı, 07 yanvar 2026-cı il tarixli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və 2 saylı Sumqayıt regional «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir.

3. Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi (vəkili) Vəkil xx.xx.2026-ci il tarixdə elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş, Sumqayıt Şəhər Məhkəmsinin xx.xx.2026-cı il tarixli, 2(5-155)-47/2026 saylı qərardadının ləğv edilməsini və Ərizəçi hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin icraata götürülərək mahiyyəti üzrə həll edilməsini (sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini) xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(5-155)-47/2026 saylı, 13 yanvar 2026-cı il tarixli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) şikayətin təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, Ərizəçi məhkəməyə müraciət edərək, AZ-İ 421717 saylı, xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin mərhum arvadının atası X2 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəmsinin xx.xx.2026-cı il tarixli 2(5-155)- 47/2026 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Bu qərardadla razı deyil və hesab edir ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, ərizənin mahiyyətindən görünür ki, o, sənədin şəxsə məxsusluğu faktının müəyyən edilməsi barədədir. Məhkəmə isə bu ərizənin mahiyyətini dəyişdirmiş, onu qohumluq faktının müəyyən edilməsi kimi qəbul etmiş və mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarını tətbiq edərək icraata qəbul etməkdən imtina etmişdir. Məhkəmə qeyd etmişdir ki, qanunun tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Bu mövqenin hazırkı mübahisəyə tətbiq edilməsi qanunsuzdur. Onun tələbi AZ-İ 421717 saylı, xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin mərhum arvadının atası X2 məxsus olması faktının müəyyən edilməsinə dairdir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının MPMnin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin Qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İşə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, ərizənin mahiyyətinə uyğun olmayan normalara istinad etmiş və əsassız olaraq onu qəbul etməkdən imtina etmişdir. Buna görə də hesab edir ki, həmin qərardad ləğv edilməli və ərizəsi icraata götürülərək mahiyyəti üzrə baxılmalıdır.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya baxışının hədləri

8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2(5-155)-47/2026 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2(5-155)-47/2026 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

10. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 6-cı bəndi: Bənd 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.

11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesb edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2(5-155)-47/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçi məsələ ilə bağlı 2 saylı Sumqayıt regional «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt regional «ASAN» xidmət mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ərizəçinin təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu üçün ölüm haqqında akt qeydində adın “Qılıç”dan “Qılınc”a, ata adının “Məmməd”dən “Məhəmməd”ə düzəliş edilməsi imkan xaricində olduğundan ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, qanunun tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq şikayət vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlililləri üzrə qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir: Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrdə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi tərəfindən mübahisələndirilən məsələ vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvin düzəldlməsi ilə əlaqədar olmaqla inzibati subyektin bilavasitə faktiki xarakterli hərəkətləri, fəaliyyətləri ilə bağlıdır. Odur ki, kollegiya həmin mübahisəyə inzibati icraat qaydasında baxılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli, 2(5-155)-47/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar