Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-13/2026 16.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3528 (üç min beş yüz iyirmi səkkiz) manat məbləğində əsas borc, 353 (üç yüz əlli üç) manat məbləğində cərimə, 58,81 (əlli səkkiz manat, 81 qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3939 (üç min doqquz yüz otuz doqquz) manat 81 (səksən bir) qəpik məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış R0122495 nömrəli, xx.xx.2024-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə, 4689 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 400 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 4289 manat məbləğində pulu ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 761 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı tərəfindən ona xx.xx.2025-ci il tarixə 353 manat məbləğində cərimə hesablanmışdır.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim P.İmamverdiyeva) iddia qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 3528 manat ödənilməmiş hissə, 40 manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 54 manat olmaqla, cəmi 3622 manat məbləğində pulun Cavabdeh tutularaq, İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, alqı-satqı müqavilələrinə əsasən təhvil aldığı əşyaların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə ödəməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilələr üzrə iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, borcun əsası olan alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhviltəslim aktı və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış R0122495 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İphone 16 Pro Max 512 markalı telefon adlı müqavilənin predmeti olan əşya almış, əşyanın qiyməti 4689 manat, aylıq ödəniş 358 manat (sonuncu ay 351 manat) olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozaraq ümumi olaraq 3528 manat əsas borcu yaranmışdır. Həmçinin, iddiaçı tərəfindən müqavilə üzrə 353 manat cərimə borcu hesablanmışdır. İddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir. Hazırkı işin halları baxımından da əsas borc və dəbbə pulunun nisbəti nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli müqavilə üzrə hesablanmış 353 manat dəbbə pulunun məbləğinin azaldılaraq 40 manat müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır.
6. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən işə sadələşdirilmiş icraat qaydasında baxmış, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 442, 462.1, 465.2, 467, 567, 600.1, 600.4, 601.2-ci maddələrinə istinad edərək edərək əsaslandırmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(3-8)-13/2026 nömrəli qərardadı ilə mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
8. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə sadələşdirilmiş icraat qaydasında, məhkəmə iclası keçirilmədən və onun izahatları dinlənilmədən baxmış, təqdim etdiyi sübutları araşdırmaq imkanı yaratmadan iddiaçının mövqeyini əsas götürərək iddianı qismən təmin etmişdir. Halbuki, o məhkəmə baxışında iştirak edə bilməyib və bu səbəbdən iş üçün mühüm əhəmiyyət kəsb edən faktları, həmçinin borcun tam ödənildiyini təsdiq edən sübutları məhkəməyə təqdim etmək imkanından məhrum olub. Əgər ona real müdafiə hüququ təmin edilsəydi, iddiaçının tələblərinin əsassız olduğu açıq şəkildə sübuta yetirilə bilərdi. Əslində iddiaçı tərəfindən irəli sürülən borc tələbi reallığa uyğun deyildir. Belə ki, o müqavilə üzrə üzərinə düşən ödənişləri tam şəkildə yerinə yetirmiş və iddiaçının tələb etdiyi məbləğ artıq ödənilmiş borca aiddir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən nə araşdırılmış, nə də hüquqi qiymət verilmişdir. Məhkəmə qətnaməsi ilə tanış olduqda aydın olur ki, məhkəmə işin faktiki hallarını hərtərəfli araşdırmamış, tərəflərin hüquqlarının bərabərliyi və çəkişmə prinsiplərini təmin etməmiş, yalnız iddiaçının təqdim etdiyi birtərəfli sənədlərə istinad etməklə nəticəyə gəlmişdir. Onun iştirakından kənar qəbul edilmiş qətnamə nəticəsində müdafiə hüququ ciddi şəkildə pozulmuşdur. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsiişin faktiki hallarına uyğun olmayan, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş, nəticə etibarilə qanunsuz və əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, cavabdehin ödənişlərini təsdiq edən hər hansı qəbz mövcud deyil və bu yalnız ehtimallara əsaslanır. Hazırda Cavabdeh Vladimirovanın İddiaçı MMC-yə olan borcu ödənilməmiş qalmaqdadır və 3528 manat məbləğində əsas borc, 353 manat məbləğində cərimə təşkil edir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Vladimirova apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin gedişatından xəbəri olmayıb, iddia ərizəsində tələb olunan məbləğlə razı deyil, etdiyi ödənişlərin hamısı nəzərə alınmayıb. Borcu tələb olunan məbləğdən aşağıdır. Ödəniş qəbzlərinin fotoşəkilləri telefonunda olub, lakin silinib. Hazırda ödənişləri həyata keçirməyini sübuta yetirə bilmir. Ödənişləri tam həyata keçirməmişdir. Qeyd olunanlara əsasən ödənişlərlə bağlı çıxarışın əldə olunmasına şərait yaradılması məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş edir.
12. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehin yalnız hüquqlarını müdafiə etdiyi şirkətə yox, başqa şirkətlərə də borcu vardır. Cavabdeh məhkəmə qətnaməsi ilə ondan tutulmalı olan 3622 manat məbləğində pul vəsaitini təmsil etdiyi şirkətə ödədiyini bildirsə də, ödənişlərlə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Təmsil etdiyi şirkət cavabdehin ümumi borc məbləğindən ilkin olaraq 400 manat, sonradan 761 manat ödəniş etdiyini qəbul edir. Sonuncu ödəniş 2025-ci ilin may ayında həyata keçirilib. Borcun mövcud olduğunu təsdiq edən yazışmalar da mövcuddur, cavabdeh də borcunun olduğunu etiraf edir.
İşdə olan sübutlar
13. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış R0122495 nömrəli, xx.xx.2024cü il tarixli müqavilədən görünür ki, satıcı müqavilənin predmeti olan İphone 16 Pro Max 512 markalı telefon adlı əşyanı alıcıya verməyi, alıcı isə ödəniş cədvəli üzrə ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
14. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMCyə müqavilə üzrə ümumilikdə 3528 manat əsas, 353 manat cərimə borcu vardır.
15. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər 567.Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Məhkəmə kollegiaysı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, alqı-satqı müqaviləsi, müqaviləyə əlavə olan ödəniş cədvəli, əşyaların təhvil-təslim aktı və maliyyə arayışından görünür ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış R0122495 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İphone 16 Pro Max 512 markalı telefon adlı müqavilənin predmeti olan əşya almış, əşyanın qiyməti 4689 manat, aylıq ödəniş 358 manat (sonuncu ay 351 manat) olaraq razılaşdırılmış, əşya alıcıya təhvil verilmişdir. Cavabdeh aylıq ödənişlərin vaxtında yerinə yetirilməsi ilə bağlı öhdəliyini pozmuş, 3528 manat əsas borc yaranmışdır. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada hər gün üçün gecikdirilmiş məbləğin 0,3% həcmində cərimə (dəbbə) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində 3528 manat əsas borca görə 353 manat cərimə pulunun tələb edilməsinin yüksək olması, bu səbəbdən cərimə borcunun 40 manat müəyyən edilməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 21.Məhkəmə kollegiyası cavabdehin müqavilə üzrə üzərinə düşən ödənişləri qismən yerinə yetirməsi, borc məbləğinin artıq hesablanması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdeh iddiaçının tələb etdiyi həcmdə öhdəliyinin olmaması və borc məbləğinin düzgün müəyyən edilməməsini iddia etsə də bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir.
22. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6899/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.