Məhkəmə qərarları › İş №2(3-8)-136/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-136/2026

03.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-136/2026 03.03.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonent kodu **********000560 olan ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə dair əsassız olaraq hesablanmış 1559,7 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 72/42 ünvanında yerləşən 56 saylı mənzil onun mülkiyyətindədir. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən həmin evə dair 1559,7 manat məbləğində əsassız olaraq borcun hesablanması ilə bağlıdır. Borcdan qəti olaraq xəbəri olmamışdır, sayğac başqa şəxsin adına olduğundan öz adına rəsmiləşdirmək istəyən zaman borcun olduğunu bilmişdir. Cavabdeh borcu belə əsaslandırmışdır ki, hesablama mexanizminin plastmas qapağı və üzərinə vurulan zavod plastmas plombları normal olduğundan sayğacın daxilinə baxış keçirilmədi. Xətalar normadan artıqdır, sayğac minimal sərfıyyatda 100% nisbi xətayla işləyir və keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Sayğac evdən kənarda quraşdırılmış və həmin sayğaca nəzarət edilməsinə görə məsuliyyət məhz cavabdehin üzərinə düşür. Sayğac çöldə quraşdırıldığı halda və cavabdeh tərəfindən daim iddiaçının xəbəri olmadan sayğaca olduğu yerdə baxış keçirilmə imkanı olduğu halda necə ola bilər ki, sayğacın görünən hissəsinə müdaxilə edilsin? Onun iştirakı təmin edilmədən sayğaca laboratoriyada baxış keçirilmiş və yuxarıda qeyd olunan nəticəyə gəlib çıxmışdırlar. Sayğac dəyişdirildikdən sonra bildiriş göndərilib ki, guya sayğaca müdaxilə edilib. Bunu nə ilə sübut edirlər? Nə ilə sübut edirlər ki, sayğaca məhz onlar tərəfindən müdaxilə edilmişdir? Yuxarıda qeyd etdiyi kimi sayğac çöldə quraşdırılmışdır və məsuliyyəti o halda iddiaçıya aid olardı ki, onun həyətində quraşdırılardı. Qanunvericiliyin tələblərinə uyğun olaraq, sayğaca baxış keçirilən zaman abonentin iştirakı təmin edilməli, abonent iştirak etmək istəmədiyi halda isə müvafiq akt tərtib edilməlidir. Lakin cavabdeh heç bir hərəkət etməmiş, öz başına qanuna zidd olaraq sayğaca baxış keçirdikdən sonra özündən borc hesablamışdır. İddiaçı aylıq ödənişlər daim vaxtı-vaxtında ödənilmişdir. Hesablanmış borc tamamilə əsassız və qanunsuzdur. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.

3. Daha sonra iddiaçı iddia tələbinin həcmini artıraraq, Cavabdeh İB tərəfindən ona məxsus mənzilə əsassız olaraq hesablanmış 2916 manat 61 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, etirazı onunla əsaslandırılmşdır ki, ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və sayğacın göstərici fərqi çox olduğundan yenisi ilə əvəzlənmişdir. Abonent uzun müddət ərzində ödəniş etmədiyindən istifadə etdiyi qaza görə 2025-ci ilin avqust ayına 2931,41 manat debitor borcu yaranmışdır. Belə ki, “Azərqaz” İstehsalat Birliyinin əməkdaşları sayğaca baxış keçirərkən sayğacda olan fərqə görə yeni qaz sayğacı ilə əvəzləyiblər. Göstərilən məbləğin sərfiyyatı abonentin qaz sayğacının üzərində olan göstəricidir. Abonent İddiaçı barəsində “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən hər hası pozuntu ilə bağlı heç bir akt tərtib olunmayıb. Bundan əlavə vətəndaş İddiaçı sənədlərindən göründüyü kimi 2012-ci ildən həmin mənzili almışdır. Orada yaşamaması barədə fikirləri həqiqətə uyğun deyil. Həmçinin iddiaçı istifadə etdiyi qazın pulunu ödəməmək üçün məhkəmədə iddia qaldırmaqla şikayət etmək hüququndan suiistifadə etmişdir. İddiaçı məhkəməyə heç bir sənəd təqdim etmədən şifahi olaraq bildirir ki, göstərilən ünvanda yaşamır. Lakin digər kommunal xidmətlərdən, yəni “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi və "xxxx" ASC idarələrindən (arayış, saldo) hər hansı bir sənəd təqdim etməmişdir. Saldodan göründüyü kimi abonent 2021-ci ilin sonuna kimi aktiv qazdan istifadə edib və ödəniş edib. Lakin 2025-ci ilin yanvar ayına kimi evdə yaşayış olsada ödəniş edilməyib. İddiaçı 2025-ci ilin aprel ayında cəmi iki dəfə (cəmi 122 manat 06 qəpik) ödəniş edib. Ümumilikdə istifadə olunmuş qazın dəyəri 2921,41 manat məbləğindədir.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmiş, İddiaçı məxsus olan ünvan 2 ünvanına (abonent kodu **********000560) əsassız olaraq hesablanmış 2916,61 manat borcun silinməsi, iddianın verilməsinə görə ödənilməli olan 49,16 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sayğaca heç bir kənar müdaxilə olunmamışdır.

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1115, 443.7, “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarına istinad edərək iddianı təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh Azəriqaz” İB apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. İş materiallarından da göründüyü iddiaçı istinad etdiyi halları sübut edə bilməmiş, öz iddia tələbini əsassız olaraq sayğaca müdaxilə halı əsasında qurmuşdur. Halbuki iddiaçıya hər hansı bir akt tərtib edilməmiş, itirilmiş qazın sərfi ilə bağlı hesabat aparılmamışdır. Hesablanmış məbləğ sayğac üzrə istehlak edilmiş qazın həcmidir. İddiaçının əsasız hesab edərək silinməsi tələbi ilə məhkəməyə müraciət etdiyi 2916,61 manat borc məbləği itirilmiş qaz sərfinə görə hesablanmış dəymiş ziyan məbləği yox, abonentin istehlak etdiyi təbii qaz sərfinə görə müəyyən edilmiş, sayğac üzrə hesablanmış məbləğdir və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən tam həcmdə ödənilməlidir. İddiaçının borc məbləğinin silinməsi ilə bağlı qaldırdığı iddia əsassızdır və təqdim olunan arqumentlər hüquqi və faktiki dəlillərlə təkzib olunur. İddiaçı iddiasını guya sayğacın düzgün işləməməsi, bunun nəticəsində istehlak həcmlərinin real vəziyyəti əks etdirməməsi arqumentinə əsaslandırmağa çalışsa da bu iddianı təsdiq edən heç bir sübut təqdim etməmişdir. Bu baxımdan, sayğacın guya düzgün işləməməsi barədə iddia hüquqi dəyəri olmayan, sübutla təsdiqlənməyən bir iddiadır. Mövcud borc məbləği debitor borcudur və sırf abonentin faktiki istehlak etdiyi qazın dəyərindən ibarətdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 5 – ci maddəsinə əsasən (5.5) Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı təqdim edilərək apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsində araşdırılma səthi aparılmışdır. Göstərilən məbləğ istifadə edilmiş qazın dəyəridir. Abonent barəsində akt tərtib edilməyib, sayğacın nasazlığı ilə bağlı nöqsan aşkar olmayıb. 2021-ci ilin sonuna kimi aktiv olaraq qazdan istifadə edib. Qeyd edilən sərfiyyat 2025-ci ilin mart ayında qeydə alınıb. Arada olan vaxt 3 ili əhatə edir. Abonent bildirir ki həmin müddət yaşamayıb. Lakin sayğacda sərfiyyat qeydə alınıb. Sayğacın göstəricisinin çox olması sayğacın dəyişdirilməsi üçün əsas deyil. Əraziyə baxan nəzarətçidən izahat alınıb, nəzarətçi bildirib ki, aylıq sərfiyyatları qeydə alıb. 2025-ci ildə sayğaclara baxış keçirən zaman sayğacda 10707 kubmetr göstərici olmuş və həmin göstərici hesaba işlənmişdir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2024-cü ilin dekabr ayında qaz sərfiyyatı 16,92 qəpik olub. Növbəti dəfə 11000 yaxın qaz sərfiyyatı qeyd edilib. Nəzarətçi ona bildirib ki, sayğacda anormallıq olduğunu düşünür, qaz idarəsinə müraciət etsin. İdarəyə müraciət etmiş, sayğaca baxış keçirmişlər, bildirmişlər ki, sayğacda qüsur var, özləri dəyişəcək. Dəfələrlə müraciətdən sonra 2025-ci ilin fevralında sayğacı dəyişdirmişlər. Həmin göstərici sayğacın üzərində var idi, birdən-birə həmin göstərici yaranmışdır. Bir ay öncəki bildirişdə yox idi. Bildirdilər ki, sayğacda yaranmış mexaniki nasazlıqdır, sayğacın müddəti bitib. Ola bilsin ki, rəqəmlər fırlananda 9dan sonra sıfır fırlananda bir rəqəm artıq fırlada bilər. Sayğac yoxlamaya gedən müddətdə də 112 manat sərfiyyatı olmuşdur. Yoxlamadan sayğacın istismara yararsız olması cavabı gəldi. Həmin evdə 2014-cü ildən sonra yaşamamışdır, Masallı rayonunda, Gəncə şəhərində yaşayıb, işləmişr, uşaqları da həmin ərazilərdə məktəbdə oxuyub. Həmin müddətdə işıq sərfiyyatı da olmayıb. Evi kirayəyə də verməyib. Seyfullayeva Səmayə əvvəlki ev sahibidir, sayğacı adına rəsmiləşdirməmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.

İşdə olan sübutlar

13. “Azərbaycan Metrololgiya İnstitutu” publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMC-nin qaz sayğaclarının yoxlamadan keçirilməsi barədə aktdan görünür ki, sayğacın zavod seriya nömrəsi **********1 olan “Zenner” tipli sayğaca vizual baxış keçirilmiş, hesablama mexanizminin plastmas qapağı və üzərinə vurulan zavod plastmas plombları normal olduğundan sayğacın daxilinə baxış keçirilməmiş, xətalar normadan artıq olduğu və sayğacın istismara yararsız olduğu aşkarlanmışdır.

14. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “Zenner” tipli, G4 markalı, zavod seriya nömrəsi **********1 olan sayğacın göstərici fərqi çox olduğundan yenisi ilə əvəzlənmişdir. Sayğac çıxarılarkən göstərici 11337 kubmetr olmuşdur.

15. Abonent saldosundan görünür ki, ünvan 2 ünvanı üzrə **********00560 saylı abonentə 2916,61 manat borc hesablanmışdır.

16. İşə əlavə edilmiş Gəncə şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 və X3 xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək qeyd edilən məktəbdə təhsil almışlar.

17. Masallı rayon, Ramiz Əzizov adına Birinci Yeddioymaq kənd orta ümumtəhsil məktəbinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 2016-cı ildə birinci sinifə qəbul olmuş və 2023-cü ilə qədər həmin məktəbdə təhsil almışdır. X3 2019-cu ildə birinci sinifə daxil olmuş və 2023-cü ilə qədər həmin məktəbdə təhsil almışdır.

18. İşə əlavə edilmiş Masallı rayon İcra hakimiyyət Başçısının Yeddioymaq kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı həmin kənddə qeydiyyatda olmaqla 2014-cü ilin mart ayından 2021-ci ilin oktyabr ayına qədər ailəsi ilə birlikdə yaşamışdır.

19. İşə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2021-ci il tarixədək ev mebeli satış departamentinin Astara-Muğan bölgəsində, xx.xx.2021-ci ildən xx.xx.2024-cü ilədək Gəncə bölgəsində direktor vəzifəsində çalışmışdır. xx.xx.2024-cü ildən xx.xx.2025-ci ilə qdər Embakitchen brendində Brend meneceri vəzifəsində çalışmışdır. xx.xx.2025-ci il tarixdən bu günədək Pərakəndə satış departamentində Pərakəndə satış meneceri vəzifəsində çalışır.

20. İşə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 1 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında qonşuların verdiyi akta əsdasən xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilə qədər yaşayış olmamış, qapı bağlı olmuşdur.

21. "xxxx" ASC-nin **********00368 nömrəli abunə haqqında hesabından görünür ki, qeyd edilən ünvan üzrə 2015-2022-ci illərdə elektrik enerjisi üzrə sərfiyyat çox aşağı olmuş, 2022-ci ilin əvvəllərindən 2025-ci ilədək isə demək olar ki, elelktrik enerjisindən istifadə olunmamışdır.

Tətbiq edilən hüquq

22. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu

11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

24. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən, yəni iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iş materiallarında olan “Azərbaycan Metrololgiya İnstitutu” publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMC-nin qaz sayğaclarının yoxlamadan keçirilməsi barədə aktdan görünür ki, sayğaca vizual baxış keçirilmiş, hesablama mexanizminin plastmas qapağı və üzərinə vurulan zavod plastmas plombları normal olmuş və sayğacın daxilinə baxış keçirilməmişdir. Bunula yanaşı xətaların normadan artıq olması, buna görə də sayğacın istismara yararsız olması müəyyən edilmişdir. İddiaçıya məxsus qaz sayğacındakı göstəricinin çox olması səbəbindən dəyişdirilməsi isə anlaşılan olmamışdır. Hərçənd ki, sayğaca iddiaçı tərəfindən hər hansı müdaxilənin olması, eləcə də iddiaçı tərəfindən qeyd edilən miqdarda qazdan istifadə edilməsi iş materialları ilə təsdiqini tapmamışdır. Belə ki, işə əlavə edilmiş abonent saldosundan görünür ki, 2021-2024-cü illər arasında qaz sərfiyyatı olmamış, yalnız 2025-ci ilin mart ayında 10707 kubmetr həcmində, 2916,87 manat dəyərində qaz sərfiyyatı qeyd edilmişdir. İddiaçı qeyd edilən mənzildə yaşayışın olmadığını, ailəsi ilə birlikdə Gəncə şəhərində, Masallı rayonunda yaşadığını iddia edərək bu barədə müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Bununla yanaşı mənzildə yaşayışın olmaması işə əlavə edilmiş həmin ünvana dair "xxxx" ASC-nin abonen hesabından də müəyyən edilmişdir. Belə ki, həmin hesaba əsasən qeyd edilən mənzildə 2015-2022-ci illərdə elektrik enerjisi üzrə sərfiyyat çox aşağı olmuş, 2022-ci ilin əvvəllərindən 2025-ci ilədək isə demək olar ki, elelktrik enerjisindən istifadə olunmamışdır. Bundan başqa abonent hesabından görünür ki, 2021-ci il tarixdən 2024-cü ilin notabr ayınadək qaz sayğacı üzərindəki göstərici dəyişməz qalmaqla 489 kubmetr olmuş, 2024cü ilin dekabr ayında isə həmin göstərici artaraq 630 kubmetr təşkil etmişdir. 2025-ci ilin fevral ayında isə sayğac çıxarılarkəm üzərindəki göstərici 11337 kubmetr təşkil etmişdir ki, bu da iki aylıq dövr üzrə 10707 kubmetr həcmində qaz sərfiyyatı anlamına gəmişdir. Hərçənd ki, qeyd edilən ünvanda iki aylıq dövr ərzində 10707 kubmetr həcmində qazın istifadəsi mümkün deyildir. Buna görə də məhkəmə kollegiyası heab edir ki, bu hal sayğacın hesablama mexanizmindəki texniki nasazlığından irəli gəlmişdir.

28. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-5334/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar