Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-161/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(060)-6444/2025 nömrəli qətnaməsindən cavabdeh "Azəriqaz" İB tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022ci il tarixli aktda qeyd edilmişdir ki, abonent X1 yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirildi, sayğacın nömrəsi Sumqayıt QİS-in möhürlü kağızına əsasən yazıldı, sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağı üst hissədən və qoruyucu şüşəsi deşici alətlə deşilib.
2. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022ci il tarixli aktda qeyd edilmişdir ki, abonent X1 yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirildi, sayğacın nömrəsi Sumqayıt QİS-in möhürlü kağızına əsasən yazıldı, sayğacın hesablama mexanizmi gövdənin üzərində aşkar olunmamışdır.
3. “Azəriqaz” İB tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, istehlakçı X2 ******* saylı, xx.xx.2022-ci il tarixli akt əsasında sayğaca baxış keçirildi, sayğacın nömrəsi Sumqayıt QİS-in möhürlü kağızına əsasən yazıldı, sayğacın hesablama mexanizmi gövdənin üzərində aşkar olunmaması ilə əlaqədar, 18 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 864 kub metr əlavə sərfiyyat hesablanmışdır.
4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2022ci il tarixli aktda qeyd edilmişdir ki, abonent X1 yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirildi, sayğacın giriş hissəsindəki süzgəc və plastmas borusu deşilib, çıxış hissəsindəki klapan sındırılıb, sayğac mənfiyə işləyir, xətalar normaya uyğundur.
5. “Azəriqaz” İB tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2022-ci il tarixli tələbnamədə qeyd edilmişdir ki, istehlakçı X2 ******* saylı, xx.xx.2022-ci il tarixli akt əsasında sayğaca baxış keçirildi, sayğacın giriş hissəsindəki süzgəc və plastmas borusu deşilib, çıxış hissəsindəki klapan sındırılıb, sayğac mənfiyə işləyir, xətalar normaya uyğundur, sayğacın istismara yararsız olması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8640 kub metr əlavə sərfiyyat hesablanmışdır.
6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2023cü il tarixli aktda qeyd edilmişdir ki, abonent X1 yaşadığı ünvanda yoxlama aparılarkən sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür, sayğacın LCD ekranı kənar təsir nəticəsində zədələnib, informasiya oxunmur, ekranda qara ləkə var, sayğacın giriş plastmas borusunda olan dəmir süzgəc kənar təsir nəticəsində zədələnib, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsızdır.
7. “Azəriqaz” İB tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” xx.xx.2023-cü il tarixli tələbnamədə qeyd edilmişdir ki, istehlakçı X2 ******* saylı, xx.xx.2023-cü il tarixli akt əsasında sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin iş prinsipinə müdaxilə edilməsi mümkündür, sayğacın LCD ekranı kənar təsir nəticəsində zədələnib, informasiya oxunmur, ekranda qara ləkəvar, sayğacın giriş plastmas borusunda olan dəmir süzgəc kənar təsir nəticəsində zədələnib, membranı hərəkətə gətirən qolların iş prinsipinə maneə törədilməsi mümkündür, sayğac istismara yararsız olması ilə əlaqədar, 30 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 864 kub metr əlavə sərfiyyat hesablanmışdır.
8. X1 adına olan **********10020 saylı abonentin saldosundan görünür ki, X1 abonent hesabına “Qalıq və aktlar” əsasında 2022-ci il üzrə 1662,84 manat, 2023- cü il üzrə 518,4 manat borc yazılmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş MA seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 28,3 m² olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 72-ci məhəllə, ev 46A X1 adına xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 8 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində 1/2 hissədə ********** nömrə ilə xx.xx.2011-ci il tarixdı qeydiyyat aparılmışdır.
10. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İ № 454707 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov Ağayar Mirsaleh oğlu xx.xx.2010-cu il tarixində fibroz kavernoz ağ ciyər vərəmi xəstəliyindən vəfat etmişdir.
11. Sumqayıt şəhər “ASAN xidməd” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 008398 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2017-ci il tarixində ürəyin hipertenziv xəstəliyindən vəfat etmişdir.
Birinci instansiya məhkəməsində icraat
12.İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 13.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi mərhum anası X1 adına olduğu üçün qaz sayğacı da anasının adına rəsmləşdirilib. İddiaçının anası 25 iyul 2017-ci il tarixdə vəfat etmişdir, lakin qaz sayğacı bu günə kimi anasının adında qalmışdır. 25 may 2022-ci il, 28 oktyabr 2022-ci il və 28 iyul 2023-cü il tarixlərdə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları iddiaçıya məxsus mənzilə gələrək sayğaca müdaxilələr olunmasını bildirmişlər və bununla əlaqədar olaraq qaz nəzarətçiləri müxtəlif vaxtlarda aktlar tərtib etmişlər. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bu barədə qaz sayğacının yoxlanılması barədə rəylər verilmişdir. Verilmiş rəylərə əsasən sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 5184 kub metr həcmində 622 manat 08 qəpik dəyərində, 4320 kub metr həcmində 518 manat 40 qəpik dəyərində və 8640 kub metr həcmində 1040 manat 76 qəpik dəyərində qaz itkisi hesablanaraq hesabına daxil edilmişdir. İddiaçı qaz nəzarətçilərinə bu məsələdən xəbərlərinin olmadığını və qaz sayğacına heç bır müdaxilə etmədiklərini bildirmişdir. Onlar sayğacı kəsib labarotoriyaya göndərdiklərini və həmin rəylərə əsasən hesablandığını iddiaçıya bildirdilər. Hal-hazırda “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən akt əsasında yazılmış qanunsuz cərimə iddiaçının üzərində qalmışdır. Bu barədə dəfələrlə Azəriqaz İB-nin əməkdaşlarına müraciət etsə də, hərəsi bir bəhanə edərək iddiaçıya heç bir köməklik göstərməmişlər. Məcbur olub bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Əsassız olaraq cavabdeh tərəfindən günahlandırılmış və iddiaçıya borc hesablanmışdır. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı nəticə olmamışdır. Hansı əsasla, hansı qanunvericilik müddəasına görə qaz sayğacına olan müdaxiləyə gorə iddiaçının məsuliyyət daşımalı olduğunu izah edə bilməmişlər. Sayğaca necə müdaxilə olunmuşdur ki, iddiaçıya həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənilmələri müntəzəm ödəmişdir. Əgər belə müdaxiləyə yol versəydi hər ay “Azəriqaz” İB-nin əməkdaşları sayğaca baxış keçirərək və iddiaçıya bildiriş təqdim edərkən bu qanunsuzluğu görə bilərdilər. Belə ki, cavabdeh qanunla üzərinə düşən vəzifəni istehlakçının üzərinə qoymağa çalışır. Cavabdehin iddiaçıya qarşı tələbi bəhanədən başqa bir şey deyildir. Onu da qeyd edir ki, qaz sayğacı iddiaçıya məxsus mənzilin daxilində deyil, küçədə quraşdırılmışdır. Bu da onun hər an təhlükəsinin olmasından xəbər verir. Belə ki, qazdan istifadəyə dair münasibətləri nizamlayan cavabdeh ilə iddiaçı arasında bağlanmış müqavilənin müddalarına əsasən qaz sayğacının kənar müdaxilələrdən qorunması vəzifəsi qaz istehlakçısının vəzifələri sirasında daxil edilməmişdir. Göstərilənlərə əsasən ünvan 2 ünvanda yerləşən mərhum anası X1 adına olan yaşayış evinə quraşdırılmış qaz sayğacına "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş 26 may 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 622 manat 08 qəpik, 28 oktyabr 2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1040 manat 76 qəpik və 28 iyul 2023-cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 518 manat 40 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
14. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(060)-6444/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 3 ünvanına (**********10020 saylı abunə hesabı) «Azəriqaz» İB tərəfindən ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli aktlar üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 2177,28 (iki min yüz yetmiş yeddi manat, iyirmi səkkiz qəpik) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh «Azəriqaz» İB-dən ödənilməmiş dövlət rüsumu olaraq 41,77 (qırx bir manat, yetmiş yeddi qəpik) manatın alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş aktın bir nüsxəsi nə iddiaçıya, nə təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir. Həmçinin, iş materiallarından görünür ki, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli aktlara əsasən borc 2177,28 manat təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının silinməsini tələb etdiyi qalan 3,96 (2181,24- 2177,08) manat iddiaçının istehlak etdiyi sayğac görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mənzil Məcəlləsinin 135.1, 139.1ci maddələri, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndi, 17-ci maddəsi, Mülki Məcəlləsinin 560.1, 560.3.2.5-ci maddələri, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndi, 13.8, 13.8-1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən narazı qalan cavabdeh "Azəriqaz" İB apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(060)-6444/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən qaz sayğacına özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də 26 may 2022 – ci il tarixli ******* saylı akt əsasında 622,08 manat, 28 oktyabr 2022-ci il tarixli ******* saylı akt əsasında 1040,76 manat və 28 iyul 2023-cü il tarixli ******* saylı akt əsasında 518,40 manat – ümumilikdə 2181,24 manat dəyərində itirilmiş qazın hesabatı aparılmışdır. Qeyd olunan aktlara əsasən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üst hissədən və qoruyucu şüşəsinin deşici alətlə deşilməsi, hesablama mexanizminin qoruyucu qapağının üzərinə vurulan iki ədəd zavod platmas plombdan birinin üzərində aşkar edilməməsi (0309509 saylı akt) , Sayğacın hesablama mexanizminin gövdənin üzərində olmaması (0309510 saylı akt) , Sayğacın giriş hissəsindəki süzgəc və plastmas borunun deşilməsi, eləcə də sayğacın çıxış hissəsindəki klapanın sındırılması (0309908 saylı akt) , Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üst hissədən sınıq olması, sayğacın LCD ekranının, eləcə də sayğacın giriş platmas borusunda olan dəmir süzgəcin kənar təsir nəticəsində zədələnməsi (0245064 saylı akt) aşkarlanmışdır. İddiaçının yaşadığı - ünvan 4 ünvanı üzrə (abonent X3) hal-hazırda təbii qaza görə borc məbləği 2297,51 manat təşkil edir. Qeyd olunanlara baxmayaraq məhkəmə İddiaçı iddia tələbini qismən təmin etmiş və 2177,28 manat borc məbləğinin silinməsi ilə bağlı qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə etiraz
19. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin:
135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
23. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
24. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun:
13.8-ci maddəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası birinci instasniya məhkəməsinin mövqeyi ilə razılaşır və mübahisə ilə bağlı qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi iddiası ilə müxtəlif tarixlərdə aktlar tərtib edilmiş və həmin aktlara əsasən iddiaçının abonent hesabına əlavə qaz sərfiyyatı hesablanaraq müəyyən məbləğdə borc yazılmışdır. Lakin bu aktların tərtib edilməsi özlüyündə istehlakçının qazdan qanunsuz istifadə etməsini və ya qaz sayğacına müdaxilə etməsini birmənalı şəkildə sübut edən hüquqi əsas hesab edilə bilməz.
29. Yuxarıda qeyd edilmiş “Qaz təchizatı haqqında” Qanunun 13.8-ci maddəsinə əsasən iddiaçının pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də, iş materiallarına əsasən müəyyən edilir ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həmin əmələ görə müvafiq tədbirlər həyata keçirilməmiş və iddiaçı barəsində akt tərtib edildikdən dərhal sonra İnzibati Xətalar Məcəlləsinə əsasən iddiaçı inzibati məsuliyyətə cəlb edilməli olduğu halda, həmin tələblərə riayət edilməmişdir. Bu isə o deməkdir ki, iddiaçının təqsiri qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilməmişdir.
30. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən akt tərtib olunduqdan sonra qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilmədiyindən və nəticə etibarilə iddiaçı tərəfindən cavabdehə ziyan vurulmasına dair iddiaçının təqsiri yuxarıda qeyd olunan “Qaz təchizatı haqqında” Qanunun 13.8-ci maddəsində göstərilən qaydada təsdiq olunmamışdır, buna görə də apellyasiya şikayəti təmin edilə bilməz.
31. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, qanunun yuxarıda göstərilən tələbinə əsasən həmin dəlillər iddia tələbinin təmin edilməməsi üçün əsas deyildir
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh "Azəriqaz" İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, 2(060)-6444/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.