Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-195/2026 15.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Pənahov İsaməddin Əliş oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi X6, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Pənahov İsaməddin Əliş oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə ##.##.2024-cü il tarixli, **** saylı müqavilədən görünür ki, cavabdeh Cavabdeh İstehsalat Birliyinin X2 İdarəsi ilə Pənahov İsaməddin Əliş oğlu arasında müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Cavabdeh İstehsalat Birliyinin X2 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair ##.##.2023-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2023-cü il tarixli ******* saylı akta əsasən 34560 kub metr qaz sərfiyyatı hesablanmışdır.
3. Cavabdeh İstehsalat Birliyinin X2 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonentin evinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşularaq qazdan istifadə etdiyi aşkar edilmişdir.
4. Abonentin saldosundan görünür ki, abonent (261705700000370) Pənahov İsaməddin Əliş oğluna qazdan istifadə etdiyinə görə 4147,20 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı Pənahov İsaməddin Əliş oğlu cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və ##.##.2023-cü il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 4147,20 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Xırdaoymaq kəndində yerləşən ev ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə guya sayğacdan kənar xətdən istifadə etməyi barəsində Azəriqazın əməkdaşları tərəfindən ##.##.2023-cü il tarixində ******* nömrəli akt yazaraq onu cəmi 4147,20 manat cərimə ediblər. Hansı ki, onun sayğacı bayırda yerləşir, onun heçnədən xəbəri olmayıb və əlavə olaraq kənar xətdən istifadə olunmayıb. Bunu Qaz İdarəsinin nəzarətçiləri də bilir. Ona yazılan cərimənin doğru olmadığı barəsində dəfələrlə Azəriqaz İB-yə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta onların küçənin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. O, da hər ay istifadə etdiyi qaz sərfiyatnı ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. ##.##.2023-cü il tarixində ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəldi ki, onun Cavabdeh İB-yə 4147,20 manat borcu var. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini, həmin sayğaca heçnə qoşulmadığını sübut edə bilər, heç bir əlavə istifadə olunmayıb. O, bu borcla bağlı Cavabdeh İB X2 İstismar İdarəsinə müraciət etsə də, hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi ##.##.2023-cü il tarixində Azəriqazın əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablanmışdır.
7. Məhkəmə iclasında iştirak etmiş iddiaçı Pənahov İsaməddin Əliş oğlunun nümayəndəsi X6 bildirmişdir ki, həmin xətt sovet dövründən çəkilən xətdir, əvvəl həmin xətdən qaz gəlirdi, sonradan həmin xətdən qaz gəlmədi, özləri xətdən havanın, suyun çıxarılması üçün qoymuşlar, onlar əlavə xətt çəkməmişlər.
8. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilmiş, Cavabdeh İstehsalat Birliyinin X2 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli ******* saylı akt üzrə Pənahov İsaməddin Əliş oğlunun adına hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent Pənahov İsaməddin Əliş oğlunun sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə video-disk, “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* saylı ##.##.2023-cü il tarixli akt və s. sənədlər təqdim edilmişdir. Həmin akta iddiaçı Pənahov İsaməddin Əliş oğlunun nümayəndəsi X6 heç bir irad bildirmədən imza edərək təbii qazdan sayğacdan kənar xətlə qanunsuz istifadə etdiyini etiraf etmişdir. Lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə qanunsuz xətlə qazdan istifadə nəticəsində dəymiş ziyanın bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini qətnamədə əsaslandırmamışdır. Abonent Pənahov İsaməddin Əliş oğlunun saldosuna nəzər yetirdikdə onun sayğacdan kənar xətlə təbii qazı taladığı aşkar surətdə müəyyən olunur. Belə də ki, abonent qanunsuz kənar xətt vasitəsilə təbii qazdan istifadə etməsini inkar etmir, Pənahov İsaməddin Əliş oğlunun kənar xətlə qazdan qanunsuz qoşulmaqla istifadəyə görə onun abonent koduna hesablanmış 4147,20 manat ziyan məbləğinin ödənilməsi üçün razılaşma protokolunu da imzalamışdır. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarının 6.5 bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Bundan başqa ”Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılğının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. Pənahov İsaməddin Əliş oğlunun evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin Pənahov İsaməddin Əliş oğlu üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
16. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. # #### 2025-ci il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
20. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
21. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
24. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;
28. Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.
29. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.
30. İşdə olan Cavabdeh İstehsalat Birliyinin X2 İstismarı İdarəsi tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonentin evinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşularaq qazdan istifadə etdiyi aşkar edilmişdir.
31. Məhkəmə iclasında iddiaçının nümayəndəsi sayğacdan kənar xətdən cəmi 3 gün istifadə edildiyini bildirdi.
32. İş materiallarına əlavə edilmiş ##.##.2023-cü il tarixli dəymiş ziyanın tələbnaməsindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır.Lakin işdə olan abonent saldosundan müəyyən olunur ki, göstərilən akt tərtib edilməmişdən öncə sayğaca sonuncu baxış 2023-cü ilin fevral ayında olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, hesabat müddətinin 360 gün nəzərə alınması əsassızdır.
34. Belə ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarının 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşayış sahəsində istehlak edilən təbii qazın sərfiyyatını ölçmək üçün quraşdırılmış mexaniki qaz sayğacına sonuncu baxış tarixindən sonrakı bir ay müddət üçün hesablama aparılmalıdır. Bu isə (4x12x30=1440 m3 x 0,12=172,80) 172,80 manat təşkil edir.
36. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilməli, iddiaçı Pənahov İsaməddin Əliş oğlunun abonent hesabına Cavabdeh İstehsalat Birliyi tərəfindən ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3974,40 (üç min doqquz yüz yetmiş dörd manat qırx qəpik) manat (4147,20-172,80) borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. İddiaçı Pənahov İsaməddin Əliş oğlunun abonent hesabına Cavabdeh İstehsalat Birliyi tərəfindən ##.##.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 3974,40 (üç min doqquz yüz yetmiş dörd manat qırx qəpik) manat borc silinsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.