Məhkəmə qərarları › İş №2(3-8)-275/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-275/2026

31.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-275/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Suleymanov Elman Suleyman oğlunun cavabdeh “Azəriqaz” İB-yə qarşı mülki iş üzrə QƏTNAMƏ (Açar sözlər: borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəhimli Lalə Elxan qızından ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Suleymanov Elman Suleyman oğlunun iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2025-ci il tarixli, 2(060)-5614/2025 nömrəli qətnaməsindən iddiaçı Suleymanov Elman Suleyman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Suleymanov Elman Suleyman oğlu iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 26 ünvanında yerləşən abonent kodu 017713601500260 olan mənzilə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 464,4 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 26 ünvanında yaşayır. Evlərinə xidmət göstərən qaz sayğacının bütün texniki məlumatları rəsmi sənədlərdə qeyd olunmuşdur. Hesab nömrəsi P00000001273553, abonent kodu 017713601500260, sayğac nömrəsi isə 48003001921 -dir. Bu sayğac sonuncu sayğac olmaqla, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 07.08.2019-cu il tarixində quraşdırılıb. Lakin, həmin ildən bir neçə ay sonra 05 noyabr 2019-cu ildə Metrologiya Departamenti tərəfindən sayğac laborator müayinəyə götürülüb. Bu müayinənin nəticəsi kimi “Azəriqaz” tərəfindən MSK-29/1710-02573-1 nömrəli akt tərtib edilib. Həmin aktda guya onun sayğacın plastik qapağını zədələdiyi qeyd olunmuşdur. 18 noyabr 2019-cu il tarixində “Dəymiş ziyanın bərpasına dair Tələbnamə” tərtib edilmiş və bu tələbnamədə guya iddiaçının “4644 m3” həcmində ziyan vurduğu göstərilmişdir. Cavabdeh bu hesablamaya əsasən ona 464,4 manat cərimə borcu yazmış, lakin bundan məlumatı olmamışdır. Ödədiyi pullardan tutmalar aparıldıqdan sonra həmin tutmaların nə məqsədlə aparılması ilə maraqlandıqda ona məlum olmuşdur ki, 2019-cu ildən cərimə hesablanmışdır. Cavabdeh bundan başqa 18 noyabr 2019-cu ildə 0224216 nömrəli akt tərtib edilib və həmin aktda da guya sayğaca müdaxilə etdiyi qeyd olunmuşdur. Bu aktdan da məlumatı olmamış və aktın tərtibində iştirak etməmişdir. Sayğaca hər hansı müdaxilə etməyi barədə hər hansı bir sübut yoxdur. Heç bir müstəqil ekspertiza aparılmayıb, iddiaçının iştirakı təmin olunmayıb və ona izahat almaq üçün müraciət edilməyib. Sadəcə cavabdeh qurumun əməkdaşları birtərəfli qaydada akt tərtib ediblər. İddiaçı heç vaxt sayğaca müdaxilə etməmiş, həmin sayğac evin çöl hissəsindədir və həmin ərazidən hər gün yüzlərlə insan keçir, sayğacı qorumaq vəzifəsi deyildir, bu səbəbdən də hesab edir ki, hesablanmış cərimə silinməlidir.

3. İddiaçı iddia tələbinin həcmini artıraraq, 18.11.2019-cu il tarixli 0224216 saylı akta əsasən hesablanmış borcun aylıq ödənişlərdən tutulmasının dayandırılması, tutulmuş məbləğin qaytarılması və 18.11.2019-cu il tarixli 0224216 saylı akta əsasən hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 26 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış, “Azəriqaz” İB-nin Sumqayıt RQİİ-də Süleymanov Elman Süleyman oğlunun adına qeydiyyata alınmış təbii qaz sayğacına (abonent kodu:017713601500260) baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi aşkarlanmışdır. Müdaxilə faktı barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə 18.11.2019cu il tarixli, 0224216 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçıya 4644 m3 təbii qaz sərfi – 464,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq hal-hazıra qədər həmin məbləğ ödənilməmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2025-ci il tarixli, 2(060)-5614/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi qismən təmin edilmiş, iddiaçı Suleymanov Elman Suleyman oğluna məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 26 ünvanına (abonent kodu 017713601500260) akt üzrə hesablanmış 464,4 manat borcun silinməsi, dövlət rüsumu kimi ödənilməli olan 30 manatın cavabdeh “Azəriqaz” İB-dən alınaraq Dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, sayğaca heç bir kənar müdaxilə olunmamış, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 26 ünvanına qaz sərfiyyatına görə hesablanmış 464,4 manat borc məbləği silinməlidir. Məhkəmə iddia tələbinin 18.11.2019-cu il tarixli 0224216 saylı akta əsasən hesablanmış borcun aylıq ödənişlərdən tutulmasının dayandırılması, tutulmuş məbləğin qaytarılması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddianın sözügedən hissəsi ilə bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

7. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 443.7, 1096.1, 196.2, 1097.1, 1115-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.6-cı maddəsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları"na istinad edərək iddianı qismən təmin etməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı Suleymanov Elman Suleyman oğlu apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2025-ci il tarixli, 2(060)-5614/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim olunmuş “Abonent saldosuna” görə 163,2 manat “Borca görə tutulma”dır. Bu məbləğ “Abonentin saldosu”nun 9-cu sütununda göstərilib. Cəriməyə görə məbləğin tutulması 2022-ci ildən başlanmışdır. Cəriməyə görə tutmalar 2022-ci ilin noyabr ayından 2026-cı ilin yanvar ayınadək davam etmiş və tutulan məbləğ 163,2 manat təşkil edir. Tutmalar hal-hazırda da davam edir. Məhkəmə “Azəriqaz” İB-yi tərəfindən 18.11.2019-cu il tarixli 0224216 saylı akta əsasən hesablanmış 464,40 manat borcun silinməsini təmin etsə də, 18.11.2019-cu il tarixli 0224216 saylı akta əsasən hesablanmış borcun ödənişlərdən tutulmasının dayandırılması, tutulmuş məbləğin qaytarılması hissəsinə münasibətdə hesab etmişdir ki, iddia bir hissədə təmin edilməməlidir. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmişdir. Tez-tələsik qərar verməklə qanunla qorunan hüququnu pozmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

b) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iddiaçı Suleymanov Elman Suleyman oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddia qismən təmin edildiyindən qətnamədən narazıdır. 2025-ci ildə ASAN xidmətə müraciətindən sonra 2019-cu ildə akt tərtib olunması, ödənişlərdən əlavə tutulmaların olması ona məlum olmuşdur. Ödədiyi məbləğdən borca görə 2022-ci ildən tutulmalar 10 faiz olmuş, 2025-ci ildən isə borca görə tutulmalar 50 faizlə olmuşdur. Hazırda tutulma yoxdur, tutulmalar dayandırıblar. 26.02.2026-cı il tarixədək 193 manat tutulub. Hazırda qarşı tərəfdə 193 manat artıq ödənişi var, geri qaytarılmasını xahiş edir.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan sübutlar

13. Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 0224216 saylı, 18.11.2019-cu il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, sayğacın hesablama mexanizminin qapağına vurulan plombun əzilməsi aşkarlanmışdır.

14. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən 18.11.2019-cu ildə təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilmişdir.

15. “Azəriqaz” İB qaz sayğacının yoxlanılması barədə aktdan görünür ki, zavod nömrəsi 2200398 olan sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qapağına vurulan plomb əzilmişdir.

16. Abonent saldosundan görünür ki, abonent kodu 017713601500260 olan Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 15, mənzil 26 ünvanına 2019-cu il tarixinə 464,4 manat borc hesablanmışdır.

17. Təqdim edilmiş abonent saldosundan görünür ki, 02.02.2026-cı il tarixədək akt üzrə yazılmış borca görə iddiaçının ödədiyi məbləğlərdən ümumilikdə 193,2 manat tutulma olmuşdur.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”:

4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

20. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2025-ci il tarixli, 2(060)-5614/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı qismən, iddia tələbinin təmin edilməyən – borca görə ödənişlərdən tutulmuş məbləğin qaytarılması hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2025-ci il tarixli, 2(060)-5614/2025 nömrəli qətnaməsi iddia tələbinin borca görə ödənişlərdən tutulmuş məbləğin qaytarılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir.

23. Belə ki, birinici instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməsi sübut olunmamış və bu səbəbdən də akt üzrə hesablanmış 464,40 manat borcun silinməli olması qət edilmişdir. Cavabdeh təşkilat bununla razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. İşin hallarından görünür ki, akt üzrə iddiaçının abonent saldosuna borc kimi qeyd edilmiş 464,40 manat borc məbləğinin 193,2 manat hissəsi iddiaçı tətəfindən ödənişlər zamanı hissə-hissə iddiaçıdan tutulmuşdur. Cavabdeh təşkilat tərəfindən akt üzrə hesablanmış zərər əsassız olduğundan həmin akta görə abonentin hesabından borca görə tutulmalar da əsassız olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əsassız olaraq abonentdən tutulmuş borclar da geri qaytarılmalıdır. Birinci instaniya məhkəməsi isə işin qeyd edilən halını nəzərə almadan həmin hissədə iddianı təmin etməməklə, düzgün olmayan nəticəyə gəlmişdir.

24. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əsassız olaraq abonentdən tutulmuş 193,2 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır.

25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 09.12.2025-ci il tarixli, 2(060)-5614/2025 nömrəli qətnaməsi iddia tələbinin borca görə ödənişlərdən tutulmuş məbləğin qaytarılması hissəsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh “Azəriqaz” İB tərəfindən 02.02.2026-cı il tarixədək abonentdən borca görə tutulmuş 193,20 manat (yüz doxsan üç manat 20 qəpik) “Azəriqaz” İB-dən alınaraq iddiaçı Suleymanov Elman Suleyman oğluna qaytarılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar