Məhkəmə qərarları › İş №2(3-8)-282/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-282/2026

31.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-282/2026 31.03.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı Sultanov İslam Musa oğlunun iştirakı ilə, İddiaçı Sultanov İslam Musa oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı ödənilmiş borcun geri qaytarılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Kamilli) iddianın təmin edilməsi, cavabdeh Azəriqaz” İB-nin Xaçmaz rayon Qaz İdarəsi tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiya qərarı və ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 1249 (min iki yüz qırx doqquz) manat məbləğində ödənilmiş pulun Sultanov İslam Musa oğluna (*************** saylı abonent) geri qaytarılmasının təmin edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARI İddiaçı Sultanov İslam Musa oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz İB-nin Xaçmaz rayon Qaz İdarəsinin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyam qərarının və ##.##.2025-ci il tarixdə ******* nömrəli akt əsasında yazılmış cəmi 1249 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Xaçmaz rayon Qaz İdarəsin tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarı və ##.##.2025-ci il tarixli ******* saylı akt əsasında yazılmış 1249 manat ödənilmiş pulun geri qayatrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhər 29-cu məhəllə ünvanında yerləşən ev ona məxsusdur və həmin ünvanda yaşayır. Kommunal xərclər onun adına gəlir. Evdə guya qaz sayğacının giriş və çıxış boruları tərs bağlayaraq təbii qazdan qeyri-qanuni şəkildə istifadə etdiyi barəsində Azəriqaz əməkdaşları tərəfindən ##.##.2025-ci il tarixində ******* nömrəli akt yazaraq onu cəmi 1249 manat cərimə ediblər. Hansı ki, onun sayğacı bayırda evindən çox uzaq məsafədə yerləşir. Dəfələrlə Quba qaz istismar idarəsinə müraciət etmiş ki, qaz sayğacını evinin qarşısında xüsusi qutuya qoyulub quraşdırılsın ki, o öz qaz sayğacına nəzarət edə bilsin. Ancaq icra olunmayıb. Onun heçnədən xəbəri olmayıb. Və əlavə olaraq hər hansı bir müdaxilə olunmayıb. Onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Azəriqaz İB-yə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, ona haqsız yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. Hətta onlar küçənin nəzarətçilərinə də dəfələrlə bildirmişdir. O da hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. ##.##.2025-ci il tarixində ******* nömrəli akt əsassız yazılıb. Akt yazılarkən onun xəbəri olmayıb. Evə bildiriş gəlib ki onun Azəriqaz İB-yə 1249 manat borcu var. Halbuki onun borcu yoxdur. Onun evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini, həmin sayğaca heçnə qoşulmadığını sübut edə bilər heç bir əlavə istifadə olunmayıb. O bu borcla bağlı Cavabdeh İB X1 İstismar İdarəsinə müraciət etsə də, hələ də əsassız yerə yazılan borc silinməyib. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi ##.##.2025-ci il tarixində Azəriqaz əməkdaşları tərəfindən yazılan ******* nömrəli akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Lakin qaz xəttindən hansı səbəbdən kənar qaz xəttinə qoşularaq qazdan istifadə edilməmiş və onun üçün əsassız borc hesablabmışdır. Halbuki o, hər ay nəzarətçinin ona dediyi borcu vaxtı-vaxtında ödəmiş qəbzləri var. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə səs və video yazıları ilə şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Lakin onun qaz sayğacını açıb götürəndə bunların heç biri olmayıb. Yaxud da qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Salamov Rauf Zahid oğlu Sumqayıt Şəhər Məhkəməsinin ## ####### 2025ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent Sultanov İslam Musa oğlunun sayğacı xəttə tərsinə bağlamaqla təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı foto çəkilişlə müşaiyət olunmuşdur. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə foto-şəkillər, video-disk, təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ******* saylı ##.##.2025-ci il tarixli akt və s. sənədlər təqdim edilmişdir. Lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə qanunsuz xətlə qazdan istifadə nəticəsində dəymiş ziyanın bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini qətnamədə əsaslandırmamışdır. Abonent Sultanov İslam Musa oğlunun saldosuna nəzər yetirdikdə onun sayğacdan kənar xətlə təbii qazı taladığı aşkar surətdə müəyyən olunur. Belə də ki, abonent qanunsuz kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsini inkar etmir. Sultanov İslam Musa oğlunun evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin Sultanov İslam Musa oğlu üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. Sultanov İslam Musa oğlunun delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Quba Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun bütünlüklə silməsi heç bir məntiqə uyğun gəlmir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARI Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı Sultanov İslam Musa oğlu apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh İstehsalat Birliyinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Quba şəhərində yerləşən mənzilə aid *************** saylı abonent kodu (Sultanov İslam Musa oğluna) üzrə itirilmiş qazın bərpası üçün 1249 manat məbləğində borc hesablanması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi ödənilmiş borcun geri qaytarılması barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2. bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı” haqqında Qanunun 13.8-1. maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (iddiaçının inzibati məsuliyyəti) cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçıdan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. İşdən görünür ki, abonentin saldosuna əsasən Sultanov İslam Musa oğluna məxsus Quba şəhərində yerləşən mənzilə aid *************** saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 1249 manat məbləğində borc hesablanmış, iddiaçı tərəfindən qaz təchizatının dayandırılmaması üçün ödəniş edilmişdir. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının qazdan qeyriqanuni şəkildə qoşulmaqla istifadə etməsi faktının aşkar edilməsi ilə müvafiq görüntülərin mövcudluğu məsələsi araşdırıldığı zaman hər hansı bir görüntünün olmadığı müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar