Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-297/2026 06.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X7 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Qaz İxrac” İdarəsi Siyəzən MQKS-nin ##.##.2024-cü il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin ##.##.2009-cu il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş 2.9-2 Azərbaycan Respubliksının Dövlət Tikinti Normalarının tələbləri pozularaq Quba rayon Alekseyevka kəndində yaşayan Cavabdeh tərəfindən 377 mm-lik 12 atm təzyiqli Quba QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 16 metr məsafədə yaşayış evi inşa olunmuşdur.
2. “Qaz İxrac” İdarəsi Siyəzən MQKS tərəfindən X6 ünvanlanmış bildirişdə qeyd edilmişdir ki, yaşadığı ərazidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin struktur vahidi kimi fəaliyyət göstərən “Qaz İxrac” İdarəsinin tabeçiliyindəki X3 Kəmərləri Sahəsinin balansında və istismarında olan yüksək təzyiqli və 377 mm diametrli Quba QPS qaz kəməri qolu keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qaz təchizatı mühafizə zonaları və təhlükəsizlik tədbirlərinə dair qərarına, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq etdiyi magistral kəmərlərin layihələndirilməsi qaydaları və normalarına (“Qaz təchizatına mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” ##.##.1999-cu il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatına mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.1 bəndi və ##.##.2009-cu il tarixli ** saylı əmri ilə təsdiq edilmiş “2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları”nın 5.12-ci bənd, 4№-li cədvəl) əsasən tikililər ilə 377 mm diametrli qaz kəməri arasındakı məsafə 50 (əlli) metr müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, X3 Kəmərləri Sahəsi ona xəbərdarlıq etmişdir ki, tərəfindən inşa edilmiş yaşayış evi ilə yuxarıda göstərilən qaz kəmərinin arasındakı məsafə 20 (iyirmi) metr təşkil edir. Bu da qeyd edilən qayda və normaların müddəalarının pozulmasıdır. Bunun nəticəsində tərəfindən yuxarıda göstərilən magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili kəmərlərin istismarında çətinliklər törədir, eləcə də potensial təhlükə mənbəyinə çevrilərək gələcəkdə kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi nəticəsində partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. Nəzərinə çatdırılmışdır ki, inşa etdiyi tikilinin yaxınlığında olan magistral qaz kəmərlərinin keçdiyi yerlərdə baş verə biləcək hər hansı bir bədbəxt hadisələr nəticəsində ona dəyən maddi və mənəvi ziyana görə X3 Kəmərləri Sahəsi məsuliyyət daşımır və inşa etdiyi tikilinin yuxarıda qeyd olunan qaydaların tələblərinə uyğun olaraq qanunvericilik çərçivəsində müvafiq tədbirlərin görülməsinə dair aidiyyəti qurumlara müraciət olunacaqdır.
3. Qaz İxrac İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubdan görünür ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin X3 Kəmərləri sahəsinin istismarında olan “Quba QPS qolu” (0325/377/426/477 mm, yeraltı) magistral qaz kəmərinin Quba rayonu, Alekseyevka kəndinin, Barlı və Zərdabi qəsəbələrinin ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında vətəndaşlar tərəfindən müvafiq təyinatlı tikililər (siyahı əlavə edilir) inşa edilmişdir. Aparılmış işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələblərinə ziddir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2017-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Bildirilir ki, həmin qaz kəməri vasitəsilə Quba rayonu təbii qazla təmin edilir. Buna görə də həmin qaz kəmərlərinin mühafizəsini və təhlükəsizliyini təmin etmək vacibdir. Qaz kəməri ilə yüksək təzyiqli təbii qaz nəql edildiyindən, kəmərdə baş verə biləcək kiçik bir qaz sızması insanların həyat və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa, digər bədbəxt hadisələrə səbəb ola bilər və qeyd edilən ərazilərdə təbii qazın təminatında ciddi problemlərə yol açması ilə nəticələnə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında” Əsasnamənin 7, 9.5 və 11.1 -ci, habelə ##.##.2020-ci il tarixli, **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə”sinin 3.0.36-cı bəndini rəhbər tutaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qeyd edilən qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikinti işlərinin dayandırılması, tikililərin sökülərək mühafizə zonasından çıxarılması, torpaq sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən sənədlərin olub-olmamasının müəyyən edilməsi üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir. Qaz İxrac İdarəsi tərəfindən Quba rayon İcra Hakimiyyətinə ünvanlanmış ##.##.2024cü il tarixli
4. məktubdan görünür ki, SOCAR-ın “Qaz İxrac” İdarəsinin X3 Kəmərləri sahəsinin istismarında olan “Quba QPS qolu” (0325/377/426/477 mm, yeraltı) magistral qaz kəmərinin Quba rayonu, Alekseyevka kəndinin, Barlı və Zərdabi qəsəbələrinin ərazisindən keçən hissəsində, kəmərin mühafizə zonasında vətəndaşlar tərəfindən müvafiq təyinatlı tikililər (siyahı əlavə edilir) inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinin “a” hissəsinə əsasən magistral boru kəmərlərinin mühafizə zonalarında hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. Həmin Qaydaların 2.26-cı yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində, kəmərləri istismar edən hüquqi şəxslərə maksimal kömək göstərməli və Qaydaların tələblərinin bütün hüquqi və fiziki şəxslər tərəfindən yerinə yetirilməsini təmin etməli, kəmərlərdə qəzaların və onların nəticələrinin ləğv edilməsində yardım göstərməlidirlər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın müddəalarına əsasən qaz kəmərlərinin, qazpaylayıcı stansiyaların (QPS), qaztənzimləyici məntəqələrin (QTM), qaz avadanlıqlarının mühafizə tədbirlərindən biri də qaz kəmərləri yerləşən zonaların kənar təsirlərdən qorunması və onların fəaliyyətlərini məhdudlaşdıran maneələrin olmamasıdır. Bildirilir ki, həmin qaz kəməri vasitəsilə Quba rayonu təbii qazla təmin edilir. Buna görə də həmin qaz kəmərlərinin mühafizəsini və təhlükəsizliyini təmin etmək vacibdir. Qaz kəməri ilə yüksək təzyiqli təbii qaz nəql edildiyindən, kəmərdə baş verə biləcək kiçik bir qaz sızması insanların həyat və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa, digər bədbəxt hadisələrə səbəb ola bilər və qeyd edilən ərazilərdə təbii qazın təminatında ciddi problemlərə yol açması ilə nəticələnə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin ##.##.2012-ci il tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci, habelə 2014-cü il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydalan”nın 4.1, 4.2 və 4.3-cü bəndlərini rəhbər tutaraq, baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının vaxtında alınması, qaz kəmərinin normal istismarına şərait yaradılması məqsədilə tikililərin sökülərək mühafizə zonasından çıxarılması üçün müvafiq köməklik göstərilməsi xahiş edilmişdir.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən yaşayış məntəqələrinin torpağlarına aid 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 114.3 kv.metr sahəsi olan fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrəsi və ************-10301 reyestr nömrəsi ilə ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi X3 Kəmərləri Sahəsinin istismarında olan “Quba QPS qolu” yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində yerləşən, cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evinin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Quba rayonu, Alekseyevka kəndinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin X3 Kəmərləri Sahəsinin balans və istismarında olan 377 mm diametrli “Quba QPS qolu” yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 16 (on altı) metr məsafədə cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.
8. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Günel Kamilli) iddia ərizəsi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 139.1, 139.3, 146.1, 146.2, 152.1, # #### 2025-ci il tarixədək qüvvədə olan Qaz Təchizatı haqqında AR Qanununun 19-cu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş Qaydalarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən inşa edilən tikili dövlətin müstəsna səlahiyyətində olan iddiaçıya məxsus qaz kəmərlərinin mühafizə zonasında yerləşən torpaq sahəsində, qaz kəmərinin mühafizə zonasında inşa edilmişdir. Cavabdeh tərəfindən inşa olunmuş tikili qanunla müəyyən olunmuş qaydada lazımi icazə olmadan (yəni qaz kəmərini istismar edən təşkilatdan yazılı razılıq), şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla, özbaşına aparıldığından, bu tikili yeraltı magistral qaz kəmərinin mühafizə zonasında inşa edildiyindən, kəmərin texniki istismarına və istifadəsinə maneələr törətdiyindən, ətrafdakı insanlar üçün ciddi təhlükə yaratdığından, həmin tikililər özbaşına tikili hesab edilməli, tikililər cavabdehin hesabına sökülməlidir. İşin mübahisəsiz halı bundan ibarətdir ki, həmin tikili qaz kəmərinin mühafizə zonasının daxilindədir. Həmin tikili magistral qaz kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamışdır. Mühafizə zonası daxilində tikinti işlərinin aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. Qeyd edilən qanunlara əsasən mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Mübahisəli ərazi insan həyatı üçün təhlükəlidir və digər hüquqi əsaslarla yanaşı, bu səbəbdən də, həmin ərazidə tikinti işlərinin aparılması yolverilməzdir. Belə ki, qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdeh tərəfindən buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilmiş qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Məhkəmə iş üzrə obyektiv araşdırma apararaq insanların həyatına qarşı real və birbaşa riskin mövcud olduğu vaxtda həmin riskdən xəbərdar olmaq və ya xəbərdar olmağa borclu olmaq və səlahiyyətləri çərçivəsində həmin riskin qarşısını ala biləcək tədbirləri görmək kontekstində işə yanaşmalı idilər. Sözü gedən tikilinin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edildiyi faktı mhkəmə tərəfindən aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
15. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
16. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. (...)
18. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
19. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
20. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
# #### 2025-ci il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
21. Maddə 19. Mühafizə zonası və tədbirləri
1. Sənaye qurğularını digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını müdafiə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı mühafizə zonası və tədbirləri ilə bağlı qaydalar tətbiq edə bilər.
2. Mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri sənaye qaz qurğusunun istismarına icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir.
3. Bu maddənin 1-ci hissəsi tətbiq edilənə qədər mühafizə zonası və tədbirləri ilə bağlı qüvvədə olan norma və qaydalar tətbiq edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
22. Maddə 25. Qaz təchizatı obyektlərinin mühafizəsi, mühafizə zonaları və təhlükəsizlik tədbirləri 25.1. Qaz təchizatı obyektlərinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, habelə insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaz təchizatı obyektlərinin ətrafında mühafizə zonaları müəyyənləşdirilir. 25.2. Mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 25.3. Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 25.4. Hər təqvim ilinin birinci ayında qaz nəqli sistem operatoru və qazpaylayıcı sistem operatoru qaz təchizatı obyektlərinin koordinatlarını, funksiyalarını, yer səthində yerləşmə səviyyələrini və uzunluqlarını göstərən elektron xəritəni, habelə xəritədə qeyd olunan obyektlər barədə tənzimləyici tərəfindən müəyyən olunan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etməlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1999-cu il tarixli, *** saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirini Qaydaları”
23. 1.1. Bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il ## ######## tarixli *** nömrəli Fərmanına uyğun olaraq, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insan həyatı və ya sağlamlığını, ətraf mühiti və dövlətin əmlak maraqlarını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalarını müəyyən edir.
24. 2.7. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri xətti boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; çoxlu sayda qarışıq boru kəmərləri boyunca, kənar kəmərlərin orta oxundan hər tərəfə, şərti xətlərlə 50 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün ayrılmış torpaq sahələrindən keçən çoxsaylı qarışıq boru kəmərləri xətti boyunca, onun kənar kəmərinin orta oxundan hər tərəfə, şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; boru kəmərlərinin sualtı keçidləri xətti boyunca su səthindən onun dibinə qədər olan məkanda, paralel müstəvilər arasında, kənar xəttin orta oxundan hər tərəfə 100 m mühafizə zonası ayrılır; kondensatın saxlanması, qazdan ayrılması üçün tutumların, neft və neft məhsullarının, kondensatlarının, sıxılmış qarışıqların qəza vəziyyətində axıdılması üçün torpaq anbarlarının əhatəsində göstərilən obyektlərin ərazisinin sərhədlərindən hər tərəfə 50 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır; baş və aralıq sorulub vurulma və doldurma nasos stansiyalarının, çən parklarının, kompressor və qazpaylayıcı stansiyaların, qaz məsrəflərinin ölçüldüyü qovşaqların, doldurma və qəbuletmə körpülərinin, yeraltı qazsaxlama stansiyalarının neft və neft məhsullarının qızdırılması məntəqələrinin əhatəsində göstərilən obyektlərin sərhədlərindən hər tərəfə 100 m olmaqla qapalı xətlə hüdudlanmış torpaq sahəsi şəklində olmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İş materiallarından müəyyən edilir ki, cavabdeh Cavabdeh mübahisə predmetini təşkil edən yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzrə mülkiyyət hüququ tanınaraq, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış verilmişdir.
35. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
36. Göründüyü kimi, qanunvericilik reyestrin məzmununun qeyri-dəqiqliyinin sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olmasını müəyyən etmiş və bundan hər hansı kənara çıxma da bir qayda olaraq istisna edilmişdir. Belə olan halda, cavabdehin torpaq sahəsinə hüquqlarını təsdiq edən həmin çıxarış ləğv edilmədiyindən, cavabdehin həmin çıxarışdan irəli gələn hüquqlarını həyata keçirməsindən məhrum etmək mülkiyyət hüquqlarının pozulması hesab olunmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən torpaq sahəsinə Cavabdeh xüsusi mülkiyyət hüququnu təsdiq edən çıxarış və onun verilməsinə əsas olan sənədlər qüvvədədir, həmin sənədlər hər hansı şəxs və orqan, o cümlədən iddiaçı tərəfindən mübahisələndirilməmiş və ləğv edilməmişdir.
38. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia tələbinin təmin edilməsi cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Avropa Konvensiyasının * saylı protokolunun 1-ci maddəsi ilə qorunun mülkiyyət hüquqlarının pozulmasına səbəb ola bilər.
39. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi və onun üzərindəki ev iddiaçının mülkiyyətində olduğundan, mülkiyyət isə toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğundan, qanunla qorunduğundan, hazırkı halda apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.