Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-302/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X7 cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: öhdəliyin qoyulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X7 nümayəndəsi nümayəndə2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. Işin halları a) Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı X7 cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs saylı Sumqayıt regional “Asan xidmət” mərkəzinə qarşı «öhdəliyin qoyulması və sair tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliyin yerinə yetirilərək, mənzilinə sayğac quraşdırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, “Azərbaycan” Dəmir yolu yük həyətində yaşayır. Qazdan istifadə etdiyi müddət ərzində vaxtlı vaxtında qaz pulu ödəmişdir. Yaşadığı həyətyanı torpaq sahəsi 0.04 ha-dır və xüsusi mülkiyətindədir. Çıxarışı da vardır. Evi özəlləşdirməsə də bütün kommunal xidmətləri, yəni qaz, su və işıq öz adına rəsmiləşdirilmişdir. Belə ki, 2025-ci ilin iyun ayından X10 Sumqayıt Qaz Idarəsi ilə aralarında AK-*****/**** nömrəli müqavilə bağlanmışdır. Müqavilədə göstərilən *************** nömrəli abonent kodu adına verilmişdir. Lakin 2025-ci ilin sentyabr ayının əvvəlində tarixdə “Azəriqaz” Istehsalat Birliyinin əməkdaşları yaşadığı ünvana gələrək heç bir səbəb göstərmədən və ona xəbərdar etmədən qaz sayğacını açıb aparmışlar. Azəriqaz IB-nin Sumqayıt Qaz Idarəsi Müqavilənin 5.3-cü bəndinin tələbini kobud surətdə pozaraq hec bir xəbərdarlıq etmədən, səbəb göstərmədən qaz sayğacını çıxartmış və qazın verilişini dayandırmışdır. Bir vətəndaş kimi hüquqları kobud surətdə pozulmuşdur. Hal-hazırda qazı yoxdur. Onların bu qanunsuz və özbaşınalıqlarına etiraz olaraq bir necə dəfə Sumqayıt Qaz Idarəsinə getsə də ona şablon sözlər deyərək yola saldılar. Guya onun qaz sayğacını qanunsuz quraşdırmışdırlar. Halbuki qaz sayğacı o, evi alandan mövcuddur. Qaz sayğacını ASAN xidmət mərkəzində öz adına rəsmiləşdirmişdir. Əgər qaz sayğacında nöqsan olubsa niyə onun ünvanına quraşdırmışlar. Axı qaz sayğacı quraşdırılandan sonra onu qanuni plomb vurulur, kod açılır. Niyə indi onu vətəndaş olaraq incidirlər. Sayğacı özbaşınalıq edib çıxartmışdırlar, əvəzində yeni qaz sayğacı quraşdırmamış, ona heç bir sənəd və ya akt təqdim etməmişdirlər. Evdə uşaq böyük əziyyət çəkir. ##.##.2025-ci il tarixdə ona məlum olmuşdur ki, ona məxsus qaz sayğacını və abonent kodunu başqa bir şəxsə satmışdırlar. Belə ki, Sumqayıt Qaz Idarəsi həmin şəxslə qanunsuz olaraq müqavilə bağlamışdır. Həmçinin abonent kodunu sistemdən belə onun adından silmişdirlər. Ona əlavə məlumat verilmir. Onun sayğacı küçədə yerləşir. Sayğaca heç bir müdaxilə etməmişdir. Qanunsuz qaz xəttindən istifadə etməmişdir. Hesab edir ki, qanunsuz və əsassız olaraq qaz sayğacını açıb aparmışdırlar. Ona görə istehlakçı kimi hüququnun müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən X10 tərəfindən müqavilə öhdəliyinin yerinə yetirilməsi və mənzilinə sayğac quraşdırılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Cavabdeh «Azəriqaz» IB tərəfindən iddia ərizəsinə etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X7 iddia ərizəsinə əlavə etdiyi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən "Çıxarış" ona məxsus Sumqayıt şəhəri "Azərbaycan Dəmir yolu yük həyəti" massivində yerləşən 0,04 ha torpaq sahəsinə aiddir. Iddiaçının iddia ərizəsində də etiraf etdiyi kimi qeyd olunan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı mövcud deyildir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilmiş, “Azəriqaz” IB-nin iddiaçı X7 məxsus *************** saylı abunə kodu üzrə "Elster" markalı, G-4T Diafraqma ******** nömrəli sayğacın yerinə quraşdırılmaması kimi hərəkətlərin qanunsuz hesab edilməsi, *************** saylı abunə kodu üzrə qeydiyyatdan keçən "Elster" markalı, G-4T Diafraqma ******** nömrəli sayğacın iddiaçı X7 məxsus Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivinə quraşdırılması vəzifəsinin cavabdeh “Azəriqaz” IB-nə həvalə olunması, cavabdeh «Azəriqaz» IB-dən 100 (bir yüz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK*****/**-** saylı müqavilə bağlanmışdır. Istehlakçı X7 adına *************** saylı abunə kodu açılmışdır. Tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış və şərtlər müəyyən edilmişdir. Həmin müqavilə hal-hazırda qüvvədədir. Iddiaçıya məxsus sayğacın ünvandan özbaşına sökülərək aparılması halı iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 560.1, 560.3.5.2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 4.1, 4.2, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.9, «Istehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13.8, 17-ci maddələrinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Azəriqaz” IB apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 iddia ərizəsində Sumqayıt şəhəri “Azərbaycan Dəmir Yolu”Yük həyəti ünvanında yerləşən fərdi yaşayış hazır aldığını,torpaq sahəsinin xüsusi mülkiyyətçisi olmasını qeyd etsə də göstərilən ünvan üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı möcvud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3–cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 146.2-ci maddəsinin tələblərinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan “Zenner” G-4 markalı, *********** nömrəli qaz sayğacı ilk olaraq həmin ərazidə yaşayan X4 ünvanına quraşdırılmış, lakin sonradan çıxarılaraq X6 yaşadığı ünvan üzrə “Elestr”G-4, 13729984 nömrə ilə quraşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ## ###### 2023-cü il tarixli, ***-VIQD nömrəli Qanunla müvafiq dəyişiklik edilmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1-ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının aylayıcı şəbəkəyə qoşulması qadağandır. Iddiaçı X6 yaşadığı Sumqayıt şəhəri “Azərbaycan Dəmir Yolu yük həyəti ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyətini təsdiq edən sənədləri olmadığından qeyd olunan ünvan üzrə qaz sayğacının quraşdırılması qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Iddiaçı məhkəməyə hec bir sübut və sənəd təqdim etməsə də iddia təmin olunmuşdur. Lakin “Azəriqaz”IB-yi olaraq kifayət qədər sənəd təqdim olunsa da məhkəmə sübutlara heç bir hüquqi qiymət vermədən səthi və formal xarakterli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. Iş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Iddiacı X6 yaşayış sahəsinə dair müvafiq olaraq mülkiyyət sənədləri (çıxarış) olmasa da buna əhəmiyyət verilməmişdir. Iddia tələbində qeyd olunan “Zenner” markalı, *********** nömrəli qaz sayğacı ilk olaraq Sumqayıt şəhəri Azərbaycan Dəmir yolu yük həyətində yaşayan X4 ünvanına quraşdırılmış, lakin sonradan çıxarılaraq həmin ərazidə yaşayan X6 yaşadığı ünvan üzrə quraşdırılmışdır. Göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq məhkəmə səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Iddiaçı X6 yaşadığı Sumqayıt şəhəri Azərbaycan Dəmir yolu yük həyəti ünvanında yerləşən fərdi aşayış evinə dair mülkiyyətini təsdiq edən sənədləri olmadığından qeyd olunan ünvan üzrə qaz sayğacının quraşdırılması qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı təqdim edilərək apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, yaşadıqları ərazidə heç kəsin evi sahəsi reyestrdə qeydə alınmayıb, bununla belə hamısının qaz sayğacları var. Iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanaraq qaz sayğacı quraşdırılıb. Üç ay keçdikdən sonra sayğac sökülmüş, bunula bağlı polisə müraciəti olmuşdur. Həmin ərazidə yalnız onların sayğacı sökülüb. Qonşuluqda atasının evi var, onlarda da qaz sayğacı quraşdırılıb. Sənaye, nəqliyyat və rabitə təyinatlı torpaqda yaşayış evi inşa etdirmişlər, cavabdeh apellyasiya şikayətində sayğacın sökülməsini bununla əsaslandırırsa, o zaman iddiaçı ilə müqavilə bağlamaz, sayğac quraşdırmazdılar. Qonşuluqda yerləşən yaşayış evlərində sayğaclar quraşdırılıb, heç bir problem yaşanmayıb. Evi dördotaqlı evdir, hazırda orada yaşayırlar. “Azəriqaz” IB-nə bir vətəndaş kimi müraciət etmiş, qaz sayğacının quraşdırılmasını xahiş etmiş, quraşdırılmış sayğacın oğurluq sayğac olması onunıa bağlı problem deyil, bu birbaşa cavabdeh təşkilat məsuliyyət daşıyır. Küçədə yerləşən bütün yaşayış evlərində, onun evindən 100 metr məsafədə yerləşən atasıgilin evində də qaz sayğacı mövcuddur. Dəfələrlə qaz idarəsinə müraciətləri olub, qaz sayğacının sökülməsi səbəbi ona məlum deyil, müvəqqəti qaz sayğacı quraşdırılmayıb, hazırda qaz verilişi dayandırılıb. Bir ildən çoxdur həmin ünvanda yaşayırlar, qaz sayğacı üç aydan çox iddiaçının adına olub, ödənişlər etmişlər. Su və işıq sayğacıları mövcuddur, abonent kodları var.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Işdə olan sübutlar
12. Iş materiallarında olan «Azəriqaz» IB ilə X7 arasında bağlanmış ##.##.2025-ci il tarixli “qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” aktın surətindən görünür ki, qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq qaz sayğacı quraşdırılmışdır.
13. Iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X3 Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivində yerləşən 0.04 ha torpaq sahəsi ##.##.2023-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır.
14. Iş materiallarında olan «Azəriqaz» IB ilə X7 (abonent kodu: 017790900107150) arasında ##.##.2025-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK-*****/**-** saylı müqavilə bağlanmışdır.
15. Iş materiallarında olan «Azəriqaz» IB-nin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, mexaniki tipli, G-4 elestr markalı, ******** nömrəli qaz sayğacı ##.##.2024-cü il tarixində ******-***/S nömrəli layihəyə əsasən 017790900107150 nömrə abonent kodu ilə X5 adına qeydiyyata alınmışdır. Həmin qaz sayğacı X5 məxsus mənzildən oğurlanaraq, X6 məxsus mənzilə quraşdırılmışdır. Yaşayış yerindən arayış və inventar aktına əsasən ASAN xidmət mərkəzində *************** nömrəli abonent kodu X6 adına kecirilmişdir. X5 Sumqayıt RQII-yə ünvanlandığı **-*-*-*/*-K-****-*/**** nömrəli müraciətinə əsasən ad dəyişikliyi geri qaytarılmışdır. X6 adına X22 Sistemində (AGIS bazasında) abonent kodu olmadığı üçün həmin mənzilə qaz sayğacının quraşdırılması məqsədə uyğun hesab edilməmiş və icrası mümkün olmamışdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 6.2. Istehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 3.1.5-ci yarımbəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
18. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1–ci bəndinin tələblərinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.
19. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
20. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, işin hallarından görünür ki, «Azəriqaz» IB ilə iddiaçı arasında ##.##.2025ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AK-*****/**-** saylı müqavilə bağlanmış və ##.##.2025-ci il tarixli “qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə” akta əsasən iddiaçıya məxsus fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmış, istehlakçı X7 adına *************** saylı abunə kodu açılmışdır. Iddiaçı tərəfindən 2025-ci ilin sentyabr ayının əvvəlinə kimi qazdan istifadə edilmişdir. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibətləri müqavilə əsasında yaranmış, şərtlər müəyyən edilmiş, həmin müqavilə ləğv və ya etibarsız hesab edilməmişdir. Iddiaçıya məxsus sayğacın ona məxsus ünvandan müqavilə ləğv edilmədən özbaşına sökülərək aparılması faktı iddiaçının müqavilə üzrə hüquqlarının pozulmasına səbəb olmuşdur.
23. Məhkəmə kollegiyası hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 10-1ci hissəsinə əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin müvafiq icazə alınmadan inşa edilməsi ilə əlaqədar olaraq qaz qurğularının quraşdırılmasının qadağan olması barədə şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, həmin tələb iddiaçının qaz təchizatı müəssisəsinə ilkin müraciəti zamanı yerinə yetirilməli olan tələb olmuşdur. Hərçənd ki, cavabdeh təşkilat qanun həmin tələbinə özü əməl etməyərək, iddiaçı ilə qazın alqısatqısına dair müqavilə bağlamış və qazpaylayıcı şəbəkəyə qoşulmanı təmin edib, müvafiq qaz sayğacını quraşdırmışdır. Cavabdeh müqavilənin hər hansı bir pozuntu səbəbindən bağlandığını iddia etdiyi və qaz təchizatını dayandırmalı olduğu təqdirdə isə müqavilənin ləğvinə dair qanunvericiliyin tələbinə əməl etməklə yanaşı, müvafiq xəbərdarlıq etməklə qaz təchizatını dayandıra bilərdi. Cavabdeh təşkilatın təbii inhisar subyekti olması faktı isə müqavilə üzrə öhdəliklərdən əlavə olaraq qanundan irəli gələn müəyyən qadağaları müəyyən etməkdədir. Hərçənd ki, tərəflər arasında bağlanmış müqavilənin 7.4-cü bəndi ilə yalnız istehlakçının müqaviləni vaxtından əvvəl ləğv edə bilməsi hüququ müəyyə edilmişdir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi *************** saylı abunə kodu üzrə qeydiyyatdan keçən "Elster" markalı, G-4T Diafraqma ******** nömrəli sayğacın iddiaçı X7 məxsus Sumqayıt şəhəri, “Azərbaycan dəmir yolu yük həyəti” massivinə quraşdırılması vəzifəsinin cavabdeh “Azəriqaz” IB-yə həvalə olunmasını qət etmişdir ki, cavabdeh təşkilat həmin kodlu abonent hesabının və həmin nömrəli sayğacın artıq digər abonentə məxsus olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzilinə qeyd edilən kodla abonent hesabının açılması, eyni zamanda həmin nömrəli sayğacın quraşdırılması əhəmiyyət kəsb etməməklə, iddiaçının marağı müvafiq kod üzrə abonent hesabının açılması və hər hansı bir sayğacın quraşdırılması olmuşdur. Buna görə də məhkəmə kollegiyası məhz qeyd edilən əsasa görə qətnamənin dəyişdirilməsini də zəruri hesab etməmişdir.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Apellyasiya şikayəti təmin olunmasın. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.