Məhkəmə qərarları › İş №2(3-8)-325/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-325/2026

07.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-325/2026 07.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim N.Xəlilova) iddianın qismən təmin edilməsi, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş ## ###### 2022-ci il tarixli “0351727” saylı akt əsasında tərtib olunmuş ## ###### 2022-ci il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 4147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat məbləğində borcun İddiaçı məxsus *************** saylı abonent hesabından silinməsi, 61,47 (altmış bir manat qırx yeddi) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARI İddiaçı İddiaçı iddia ərizəsilə müraciət edərək, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş aktın ləğv edilməsi və hesablanmış 4147,20 manat məbləğində ziyanın onun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsalat Birliyi ilə bağlanmış alqısatqı müqaviləsinə əsasən təbii qazdan istifadə edərək hər ay istifadə etdiyi qazın pulunu ödəyir. Onun istifadə etdiyi qaza görə borcu yoxdur. Onun mülkiyyətində olan qaz sayğacı yaşadığı Quba rayonu, Almaz Qazmaları kəndində yerləşən mənzildən kənarda quraşdırılmışdır. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları sayğacı açıb aparmış, əvəzinə yeni sayğac quraşdırmışlar. ## ###### 2022-ci il tarixdə Cavabdeh İstehsalat Birliyinin Quba rayon şöbəsinin əməkdaşları gəlib sayğaca baxış keçirmişlər. Yoxlamanın rəyinə əsasən sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş, bunun əsasında ******* nömrəli akt tərtib edilmiş və 4147,20 manat borc hesablanmışdır. Həmin aktla razılaşmır. O, heç zaman qazdan qeyri-qanuni istifadə etməmiş, qaz sayğacına müdaxilə etməmişdir. 4147,20 manat borcun yaranmasında onun təqsiri yoxdur. Həmin borc əsassız olduğundan abonent hesabından silinməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh İstehsalat Birliyi Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin Xaçmaz RQİİ İstehlakçılara satılan qaza nəzarət şöbəsinin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. Abonentin təbii qazdan qanunsuz istifadə halının sübut edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” ##.##.2022-ci il tarixli, ******* saylı akt və s. sənədlər təqdim edilmişdir. Həmin akta iddiaçı İddiaçı nümayəndəsi imza etməkdən imtina etmişdir. Lakin birinci instansiya məhkəməsi nə əsasla, hansı məntiqlə qanunsuz xətlə qazdan istifadə nəticəsində dəymiş ziyanın bütünlüklə silinməsi barədə qətnamə qəbul edilməsini qətnamədə əsaslandırmamışdır. Abonent İddiaçı saldosuna nəzər yetirdikdə onun sayğacdan kənar xətlə təbii qazı taladığı aşkar surətdə müəyyən olunur. Belə də ki, abonent qanunsuz kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməsini inkar etmir. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz işlədici cihazların orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada əvvəlki ilin orta qaz istehlakının əsas götürülməsinin hüquqi əsası yoxdur. Qaz işlədici cihazların saatlıq qaz sərfiyyatı əsas götürülməlidir. İddiaçı delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Quba Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Belə ki, birinci instansiya məhkəməsi abonentin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanın heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun bütünlüklə silməsi heç bir məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun heç bir yerdə işləməməsi, maddi vəziyyətinə görə qanunsuz qaz xətlə təbii qazdan istifadə etmək məcburiyyətində olmasıdır. İddiaçının maddi vəziyyəti və ya onun heç bir yerdə işləməməsi qaz şəbəkəsinə qanunsuz qoşulmasına əsas vermir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən iddiaçının qanunsuz qoşulma nəticəsində cavabdehə dəymiş ziyanın silinməsi qənaətinə gəlməsi, işin faktiki hallarına qətiyyən uyğun gəlmir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARI Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Quba rayonu, Almaz qazmaları kəndində yerləşən İddiaçı məxsus *************** saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4147,20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc hesablanması işin mübahisəsiz halıdır. Mövcud iş üzrə iddia tələbi əsassız hesablanmış borcun silinməsi barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2. bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı” haqqında Qanunun 13.8-1. maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (iddiaçının inzibati məsuliyyəti) cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçıdan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır. İşdən görünür ki, abonentin saldosuna əsasən Quba rayonu, Almaz qazmaları kəndində yerləşən İddiaçı məxsus *************** saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 4147,20 manat məbləğində borc hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının qazdan qeyri-qanuni şəkildə qoşulmaqla istifadə etməsi faktının aşkar edilməsi ilə müvafiq görüntülərin mövcudluğu məsələsi araşdırıldığı zaman hər hansı bir görüntünün olmadığı müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar