Məhkəmə qərarları › İş №2(3-8)-349/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-349/2026

22.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-349/2026 22.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İbrahimova Nəsibə Zülfəli qızının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi ilə, İddiaçı İbrahimova Nəsibə Zülfəli qızının cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Dəymiş ziyanın bərpasına dair ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2024-cü il tarixli, ******* saylı akta əsasən 25920 kub metr qaz sərfiyyatı hesablanmışdır.

2. Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, abonentin evinə baxış keçirilən zaman rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşularaq qazdan istifadə etdiyi aşkar edilmişdir.

3. Abonentin saldosundan görünür ki, abonent (011413098300000) İbrahimova Nəsibə Zülfəli qızına qazdan istifadə etdiyinə görə 3110,40 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İbrahimova Nəsibə Zülfəli qızı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011413098300000 olan sayğaca qanunsuz olaraq hesablanmış 3110,40 manat məbləğində cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması görə abonent kodu 011413098300000 olan sayğaca ##.##.2024-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Ümumilikdə 3110,40 manat məbləğində dəymiş ziyana görə cərimə hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi evdə qazdan istifadə qaydalarının tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunduğu qeyd edilmişdir. Lakin sayğac fərdi yaşayış evinin çöl hissəsində quraşdırılmışdır, hər gün ətrafından yüzlərlə insan keçir, çöldə quraşdırılmış sayğacın təhlükəsizliyinə və texniki nasazlığına görə ev sahibi hər hansı bir məsuliyyət daşımır. Sözügedən aktlar qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Onun sözügedən aktlardan ödənişlə bağlı bildiriş gələrkən xəbəri olmuşdur. Lakin aktda isə onun imza atmaqdan imtina etdiyi qeyd edilmişdir. Belə ki, həmin aktlar tərtib edilərkən nə iddiaçının, nə də ailə üzvlərinin xəbəri olmamışdır. Cavabdeh İB yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən ərazidə belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, həmin ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. İddiaçı İbrahimova Nəsibə Zülfəli qızı Cavabdeh istehsalat birliyinə əsassız və qanunsuz yazılmış cərimələrin silinməsi ilə bağlı şifahi olaraq müraciət etsə də, idarə tərəfindən ona heç bir müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilmiş, İbrahimova Nəsibə Zülfəli qızının yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə aid qaz sayğacına (abonent kodu: 011413098300000) dair hesablanmış 2894,4 manat borcun silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21, 385.1, 442-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2024-cü il tarixli, ******* saylı akt əsasında 25920 kub metr təbii qaz sərfi – 3110,40 manat itirilmiş qazın dəyəri hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. Sayğacdankənar qanunsuz qoşulma faktını təsdiq edən videogörüntülər məhkəmə iclası zamanı tərəfimizdən məhkəməyə təqdim edilmişdir. İddiaçının yaşadığı ünvan 1 ünvanı üzrə (abonent kodu: 011413098300000) hal-hazırda təbii qaza görə borc məbləği 6079,94 manat təşkil edir. Qeyd olunanlara baxmayaraq, məhkəmə iddiaçı İbrahimova Nəsibə Zülfəli qızının iddia tələbini qismən təmin etmiş və 2894,40 manat borc məbləğinin silinməsi ilə bağlı qətnamə qəbul etmişdir. ##.##.2024cü il tarixli, ******* saylı akt əsasında hesablanmış 3110,40 manat borc məbləği abonentin qaz xəttinə qanunsuz qoşulması nəticəsində itirilmiş qaz sərfinə görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İddiaçı İbrahimova Nəsibə Zülfəli qızı tərəfindən təbii qazdan təbii qazdan sayğacdankənar əlavə xətt vasitəsilə qanunsuz istifadə edilməsi faktı müəyyən edilmiş və həmin hüquqpozmanı təsdiq edən videogörüntülər qeydə alınmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

13. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

14. # #### 2025-ci il tarixədək qüvvədə olan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın

15. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə “Qazdan istifadə Qaydaları”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

18. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

19. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.1.10-cu yarımbəndinə görə bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir;

26. Həmin Qaydaların 3.1.11-ci yarımbəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədilə qaz paylayıcısı tərəfindən müəyyən edilən, lakin bu Qaydaların 3.1.10-cu yarımbəndində nəzərdə tutulan qaydada və müddətlərdə şəbəkəyə baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməlidir.

27. Qeyd olunan Qaydaların tələblərindən görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli, həmçinin istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir.

28. İş materiallarında olan Cavabdeh İstehsalat Birliyinin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı aktdan görünür ki, abonentin evinə baxış keçirilən zaman rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanuni olaraq qaz xəttinə qoşularaq qazdan istifadə etdiyi aşkar edilmişdir.

29. İş materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli dəymiş ziyanın tələbnaməsindən görünür ki, qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub metr, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Lakin işdə olan abonent saldosundan müəyyən olunur ki, göstərilən akt tərtib edilməmişdən öncə sayğaca sonuncu baxış 2024-cü ilin yanvar ayında olmuşdur.

30. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2011-ci il tarixli, ** saylı Qərarının 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, hazırkı halda hesabat müddətinin 360 gün nəzərə alınması əsassızdır, iddiaçının yaşayış sahəsində istehlak edilən təbii qazın sərfiyyatını ölçmək üçün quraşdırılmış mexaniki qaz sayğacına sonuncu baxış tarixindən sonrakı bir ay müddət üçün hesablama aparılmalıdır.

32. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İbrahimova Nəsibə Zülfəli qızının Birliyə ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 216 manat (6 x 10 x 30 = 1800 kub.metr x 0.12 qəpik) ziyan vurması məlum olur.

33. Beləliklə, kollegiya hesab edir ki, sayğacdan kənar qoşulma nəticəsində abonentin akt üzrə ümumilikdə 216 manat zərər vurması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

34. Kollegiya sadalanan qanunvericilik aktları normalarına və iş üzrə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar