Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-387/2026 27.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh İmamqulu oğluna qarşı mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi nümayəndə1, Cavabdeh Cavabdeh İmamqulu oğlunun iştirakı ilə, Zəngilan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İmamqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı MMC ilə cavabdeh Cavabdeh İmamqulu oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 734.88 manat olan Vinil Şəffaf, Vinil Mat, İmei kodu 350867770775763 olan Samsung Galaxy A23 markalı telefonu cavabdehin sahibliyinə verməyi MMC öhdəsinə götürmüşdür.
2. Cavabdeh ##.##.2022-ci il tarixli müqavilə üzrə ilkin ödənişsiz, hər ayın ödəniş haqqı 61.24 manat olmaqla 12 ay müddətinə əşyanın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.
3. İddia ərizəsinə əlavə edilmiş maliyyə və ödəniş cədvəlindən göründüyü kimi, cavabdehin aldığı əşyalara görə İddiaçı MMC-yə ##.##.2022-ci il tarixli müqaviləyə əsasən 734.88 manat ödənilməmiş hissə, 73.12 manat cərimə borcu olmaqla, ümumillikdə 808 manat məbləğində borc yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh İmamqulu oğluna qarşı borc tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, Vinil Şəffaf, Vinil Mat, İmei kodu 350867770775763 olan Samsung Galaxy A23 markalı telefon üçün 734.88 manat ödənilməmiş hissə, 73.12 manat cərimə borcu olmaqla, ümumillikdə, 808 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC ilə cavabdeh Cavabdeh İmamqulu oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, Vinil Şəffaf, Vinil Mat, İmei kodu 350867770775763 olan Samsung Galaxy A23 markalı telefon almış və nəticədə 808 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 734.88 manat (yəni 12 ay x 61.24 manat + 0 manat ilkin ödəniş) olan Vinil Şəffaf, Vinil Mat, İmei kodu 350867770775763 olan Samsung Galaxy A23 markalı telefon üçün ümumilikdə 808 manat olmaqla, ondan 734.88 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 73.12 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış ##.##.2022-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Sonda ərizədə iddianın təmin olunması barədə məhkəmə qətnaməsi çıxarılması xahiş olunur.
6. Zəngilan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddia təmin edilmişdir.
7. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 600, 601-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 284-1, 284-2, 284-6.1 və 284-6.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlillər
8. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Cavabdeh İmamqulu oğlu apellyasiya şikayəti vermişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iş üzrə faktiki halların düzgün müəyyən edilməməsi, maddi hüquq normalarının kobud pozulması, eləcə də sübutetmə yükünün qanunsuz olaraq cavabdehin üzərinə qoyulması nəticəsində qəbul edilmiş qanunsuz və əsassız məhkəmə aktıdır. Məhkəmə iş üzrə hüquqi əhəmiyyətli faktları araşdırmamışdır. Belə ki, ##.##.2022-ci il tarixli müqavilə əsasında “xxxx” MMCdən Samsung Galaxy A23 markalı mobil telefon əldə etmişdir. Telefon alındıqdan bir gün sonra texniki nasazlıq səbəbindən iddiaçının ofisinə qaytarmış və dəyişdirilməsini tələb etmişdir. Telefonun “qızıl zəmanət” şərtləri mövcud olmasına baxmayaraq, iddiaçı istehlakçı hüquqlarını pozaraq dəyişdirmədən və ya müqaviləni ləğv etməkdən əsassız şəkildə imtina etmişdir. Mübahisə nəticəsində telefon iddiaçının ofisində masanın üzərinə qoymuş, onun tərəfindən faktiki istifadəyə qəbul edilməmişdir. Telefon onun faktiki sahibində və istifadəsində olmadığı halda, müqavilə formal olaraq saxlanılmış və təxminən iki il ərzində əsassız borc hesablanmışdır. Bu müddət ərzində ona heç bir rəsmi bildiriş, ödəniş tələbi və ya xəbərdarlıq göndərilməmişdir. Məhkəmə bu faktları araşdırmadan, yalnız iddiaçının birtərəfli izahatlarına əsaslanaraq qərar qəbul etmişdir. İstehlakçı hüquqlarına dair maddi hüquq normaları kobud şəkildə pozulmuşdur. Telefonun nasazlığı faktı mövcud olduğu halda iddiaçı qanuni öhdəliyini yerinə yetirməmiş, müqaviləni ləğv etməmiş, malı istehlakçıya faktiki istifadəyə verməmişdir. Bu halda cavabdehə borc yüklənməsi qanunla ziddiyyət təşkil edir. İddiaçının davranışı hüququn sui-istifadəsidir. Mülki Məcəllənin 6-cı maddəsində təsbit edilmiş vicdanlılıq və ədalətlilik prinsipləri pozulmuşdur. İddiaçı 2 il ərzində qəsdən gözləmiş, borcun artmasına şərait yaratmış, cavabdehi məlumatlandırmamış, yalnız borc maksimum həddə çatdıqdan sonra məhkəməyə müraciət etmişdir. Bu davranış MM-nin 16-cı maddəsinə uyğun olaraq hüququn sui-istifadəsi hesab edilməli və hüquqi müdafiə edilməməlidir. İddianın əsaslarını iddiaçı sübut etməlidir. Lakin iddiaçı telefonun cavabdeh tərəfindən istifadə edildiyini, xidmətin göstərildiyini, borcun əsaslı hesablandığını heç bir mötəbər sübutla təsdiq etməmişdir. Buna baxmayaraq, məhkəmə iddianı təmin etmişdir ki, bu da ədalətli məhkəmə araşdırması prinsipinin pozulmasıdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti verilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
11. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (apellyator) Cavabdeh İmamqulu oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, iddiaçı müəssisəsədən telefon almış, bir gün sonra mağazaya qaytarmışdır. Çünki telefon işləmirdi. Magazada müdirə bildirdi ki, telefon işləmir, ya dəyişdirilsin, ya da qaytarılsın. Telefonun “qızıl zəmanət” şərtləri mövcud olmasına baxmayaraq, iddiaçı onun istehlakçı hüquqlarını pozaraq dəyişdirmədən və ya müqaviləni ləğv etməkdən əsassız şəkildə imtina etmişdir. Bundan sonra telefonu mağazaya təhvil verib qayıtmışdır. Bu iş üzrə icra mərhələsi zamanı icra məmuru da bildi ki, telefon iddiaçıdadır. Belə olan halda ondan pul tutulması əsassızdır. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdeh özü də etiraf edir ki, telefonu mağazada masanın üzərinə qoyub getmişdir. Halbuki o, mağazada telefonun qüsuru barədə dəqiq məlumat verməyib. Hətta telefonun ekran kodunu belə bildirməyib. Ona texniki nasazlıqla bağlı servis xidmətinə müraciət etmək hüququ izah olunub. Lakin cavabdeh bu təklifdən də imtina edib. Cavabdehin hərəkətləri qaydalara zidd olub. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1.Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Mülki Məcəllədə göstərilmişdir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər (623.1.). Mülki Məcəllədə həmçinin qeyd olunur ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; alış qiyməti mütənasib surətdə azaldılsın; malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin (624.1.). Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər (624.3.).
13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.(1-ci hissə) İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 394-1.3-cü maddəsinə görə apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti qətnamənin tam ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Ona görə də kollegiya Zəngilan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş materiallarında olan sübutlar əsasında yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir.
18. Belə ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır.
19. İddiaçı tələbinin faktiki əsasını onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan alqı-satqı qiyməti 734.88 manat olan mobil telefonu 12 ay ərzində qrafik üzrə ödəniş edilməklə almış, lakin əmlakı əldə etsə də, əmlakın dəyərini müqavilə üzrə ödəməmişdir. Nəticədə onun 734.88 manat ödənilməmiş hissə, 73.12 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 0 manat manat təşkil edir.
20. Cavabdeh isə iddiaya etiraz edərək telefon alındıqdan bir gün sonra texniki nasazlıq səbəbindən iddiaçının ofisinə qaytardığını və dəyişdirilməsini tələb etdiyini, telefonun “qızıl zəmanət” şərtləri mövcud olmasına baxmayaraq, iddiaçının istehlakçı hüquqlarını pozaraq dəyişdirmədən və ya müqaviləni ləğv etməkdən əsassız şəkildə imtina etdiyini və telefonu iddiaçının ofisində masanın üzərinə qoymaqla onun tərəfindən faktiki istifadəyə qəbul edilmədiyini bildirmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, həmin halların sübut edilməsi vəzifəsi cavabdehin üzərinə düşür. Məhz bu kontekstdən yanaşan kollegiya işin hərtərəfli araşdırılması üçün şifahi icraata keçərək tərəflərin dinlənilməsini aparmışdır.
22. Apellyasiya icraatı zamanı izahat vermiş cavabdeh yenə də etiraz ərizəsində qeyd olunanlara uyğun izahat verərək, mübahisələndirilən telefonun işləməməsi, nasaz olması səbəbindən 1 gün sonra geri qaytardığını bildirmişdir.
23. İddiaçı tərəfin nümayəndəsi də sözügedən telefonun qüsurunun nədən ibarət olmasının cavabdeh tərəfindən bildirilmədiyini, eləcə də telefonun rəsmi olaraq geri qaytarılmadığını bildirərək, sonda telefonun onlarda olmasını inkar etməmişdir.
24. Beləliklə, araşdırılan işin hallarından bir daha müəyyən edilir ki, cavabdeh İddiaçı MMC-dən hissə-hissə ödəmək şərtilə telefon alsa da, sonradan yaranmış qüsurlarla bağlı həmin telefonu 1 gün sonra qaytarmışdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.
26. Kollegiya qeyd edir ki, mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur.
27. Konstitusiya Məhkəməsi Plenumunun formalaşmış hüquqi mövqeyinə əsasən real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, alqı-satqı müqaviləsi alıcının əşyanı qəbul etməsi anından bağlanmış sayılır.
28. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.
29. Qeyd olunan yanaşmanı hazırkı işə tətbiq etdikdə görünür ki, tərəflər arasında istinad olunan nisyə alqı-satqı müqaviləsi onun predmeti alıcıya verilmədiyindən bağlanmış hesab edilə və ondan irəli gələn hər hansı öhdəliyə cavabdeh məsuliyyət daşıya bilməz.
30. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq inkar edənin deyil, iddia edənin üzərinə düşür.
31. Göründüyü kimi hazırkı halda apellyatorun şikayətinin dəlillərinə dair qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmamış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilməmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmamış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, yeni qətnamə ilə iddia təmin edilməməlidir.
33. Kollegiya sonda qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayət verilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci, 394-1.3, 372-376, 378-382, 384.0.2, 385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Cavabdeh İmamqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.