Məhkəmə qərarları › İş №2(3-8)-405/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-405/2026

20.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-405/2026 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Iri Şəhərlərin X6 Xidmətinin cavabdeh Nəbiyev Füzuli Cəlal oğluna qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: sudan istifadəyə görə yaranmış borcun ödənilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Iri Şəhərlərin X6 Xidməti X7 nümayəndəsi Nümayəndə Fizuli qızının, Cavabdeh Nəbiyev Füzuli Cəlal oğlunun iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Nəbiyev Füzuli Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, “Iri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsi tərəfindən Nəbiyev Füzuli Cəlal oğluna su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış bоrcunun ödənilməsi barədə bildiriş ünvanlanmışdır.

2. ##.##.2025-ci il tarixli abonent kartından görünür ki, Nəbiyev Füzuli Cəlal oğlu ilə “xxxx” ASC (hazırda “Iri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsi) arasında bağlanmış ##.##.2002-ci il tarixli, ******** nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 1073.58 manat məbləğində borc hesablanmışdır.

3. * saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, Nəbiyev ünvan 1 ünvanında 2010-cu ildən etibarən yaşamır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nəbiyev Füzuli Cəlal oğlundan su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1073,58 manat borcun (abonent kodu:1501480110280) və 30.74 manat dövlət rüsumunun tutularaq “Iri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “”Iri Şəhərlərin X6 Xidməti” publik hüquqi şəxs tərəfindən cavabdeh Nəbiyev Füzuli Cəlal oğluna (abonent kodu:1501480110280) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılmasıxidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 1073.58 (min yetmiş üç manat, əlli səkkiz qəpik) manat borcu yaranmışdır. Iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə ##.##.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Imamverdiyeva) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmənin mövqeyi bu cür əsaslandırılmışdır ki, cavabdeh həmin ünvanda 2010-cu ildən yaşamadığı, 2017-ci ildən qızı və nəvəsinin yaşadığını, bu barədə iddiaçıya məlumat verdiyini qeyd etsə də, bu hal iş materialları ilə sübut olunmur. Belə ki, işdə olan abonent kartından görünür ki, 2010-cu ildə 28 manat, 2011-ci ildə 131.82 manat, 2012-ci ildə 18 manat, 2013-cü ildə 90 manat, 2014-cü ildə 58 manat, 2015-ci ildə 40 manat, 2016-cı ildə 99 manat və 2017-ci ildə 40 manat ödəniş olunmuşdur. Yaşayış olmayan mənzildə ödənişlərin olmasını məhkəmə ağlabatan hesab etməyib. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt da onun deməsinə görə yazılmışdır. Qanunvericiliyin tələbinə görə su təchizatı müəssisəsi istehlakçının müvafiq yazılı müraciəti olduqda istehlakçı su təchizatını dayandıra bilər. Lakin cavabdeh həmin ünvanda digər şəxslərin yaşaması barədə orqana yazılı müraciət etməmiş, bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmiş, həmçinin özü də şifahi qaydada məlumat verdiyini etiraf etmişdir. Odur ki, məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Abonentin illər üzrə ödənilməmiş borclarının olduğu təsdiq olunur. Odur ki, normal sərfiyyat üzrə hesablanmış borc məbləği cavabdehdən tutulmalıdır.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Qanunun 26, 30.1, 60, 61, 62-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın müvafiq bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119, 217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Füzuli Nəbiyev qətnamədən apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmənin gəlmiş olduğu nəticə əsassız və qanunsuzdur. Mübahisə predmeti olan mənzil onun mülkiyyətindədir. Həmin mənzildə yaşamır, mənzil boş mənzil olmuş və qızı X9 2023-cü ilin dekabrından etibarən oğlu X1 (2020-ci il təvəllüdlü) ilə birlikdə həmin mənzildə yaşayır. Sumqayıt Şəhəri Icra Hakimiyyəti Başçısının 1 X5 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2026-cı il tarixli, *** nömrəli arayışında da göstərilmişdir ki, X9 oğlu X1 ilə birlikdə məhz həmin ünvanda yaşayır. Asan-Sumqayıt Xidməti tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş ******* nömrəli "Yaşayış yeri üzrə qeydiyyat haqqında" Arayışda da göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. Mənzil üzərində mülkiyyət hüquqlarını 2026-cı ildən əldə etmişdir, lakin iddiaçı orqan abonent qeydlərində adının olmasına istinad edərək ondan böyük məbləğdə vəsait tələb etmişdir. Məhkəmə iclasında bildirmişdir ki, sözügedən mənzil onun adına olsa da, o həmin ünvanda yaşamır. Bu barədə su idarəsinə də müraciət etmiş, sahə nəzarətçisinə də məlumat vermişdir. Məhkəmənin qətnamədə istinad etdiyi ödəniş tarixi məsələsinə gəlincə, abonent kartından görünür ki, 2010-2017-ci illər ərzində müvafiq məbləğlər ödənilmişdir. Amma iş üzrə mübahisələndirilən tarix bu tarixlər deyil. Qızı Gülnarə orada yaşayarkən kommunal borcların toplanmaması üçün ödənişlər ailə daxilindəki razılığa əsasən onun adına qeydiyyatda olan abonent kodu üzərindən həyata keçirilmişdir. Ödənişin aparılması faktı heç də ödəniş edənin o ünvanda fiziki olaraq yaşadığını sübut etmir. Belə bir məntiqi qiymətləndirilmə sübutların əsassız şərhinə əsaslanır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin 1-ci bəndinə görə su təchizatı müəssisəsinin istehlakçının müvafiq yazılı müraciəti olduqda su təchizatını dayandıra biləcəyini müəyyən edir. Bu müddəa su müəssisəsinə hüquq verir - ancaq borcun yaranması üçün subyekti müəyyənləşdirmək baxımından yeganə meyar deyildir. Qanunun 61-ci maddəsinə əsasən ödəniş öhdəliyi istehlakçının obyektdə yaşaması, icarəçi olması və ya xidmətlərdən istifadə faktına əsaslanır. Halbuki o, bu ünvanda yaşamır, icarəçi deyil, xidmətlərdən istifadə etmir. Abonent kodunun hansı əsasla onun adına rəsmiləşdirilməsini bilmir, çünkiiddiaçı ilə müqavilə bağlamamışdır. Borcun hesablanmasına gəlincə, iddiaçı tərəfindən tələb olunan məbləğin 3 nəfər üzrə normativ qaydada hesablandığı məhkəmə materiallarından görünür. Halbuki Sumqayıt Icra Hakimiyyəti Nümayəndəliyinin rəsmi arayışında yalnız 2 nəfərin - Gülnarə və oğlu Raulun - həmin ünvanda yaşadığı göstərilmişdir. Bu isə o deməkdir ki, hətta iddiaçının hesablamalarının özü belə faktiki vəziyyəti əks etdirmir. Həm borcun subyekti, həm də borcun hesablanma metodologiyası birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Məhkəmə qətnaməsindən görünür ki, * saylı Mənzil Kommunal Sahəsi tərəfindən tərtib edilmiş aktda onun həmin ünvanda 2010-cu ildən etibarən yaşamadığı qeyd olunmuşdur. Məhkəmə bu aktı "ev sahibinin dediyinə görə yazılmışdır" deyə rədd etmişdir. Lakin həmin Akt bir dövlət qurumu tərəfindən rəsmi qaydada tərtib edilmişdir. Habelə qızının həmin ünvanda yaşadığını sübut edən arayış da vardır. Məhkəmə bunların heç birini faktiki halların müəyyən edilməsi üçün yetərli saymamışdır ki, bu da qərarın əsaslılığına ciddi şübhə doğurur. Məhkəmə qətnamədə qeyd etmişdir ki, "Yaşayış olmayan mənzildə ödənişlərin olmasını məhkəmə ağlabatan hesab etmir." Bu məhkəmənin subyektiv mülahizəsinə əsaslanan yanaşmadır. Belə ki, mənzildə 2023-cü ildən yalnız qızı və nəvəsi yaşamış və onlar da onun adına açılmış abonent kodu üzrə ödənişləri etmişlər. Yuxarıda göstərilənlərə əsasən, iddia tələbi faktiki olaraq su xidmətlərinin istehlakçısı olmayan, həmin ünvanda yaşamayan, xidmətlər üzrə heç bir öhdəlik qəbul etməmiş şəxsə yönəldilmişdir. Birinci instansiya məhkəməsi maddi-hüquqi normaları düzgün tətbiq etməmiş, işin faktiki hallarını tam aydınlaşdırmamış, mövcud sübutları düzgün qiymətləndirməmiş və nəticə etibarilə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Nəbiyev Füzuli Cəlal oğlu apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ünvan 2 ünvanında yaşayır. Mübahisəli mənzildə isə əvvəllər yaşayış olmayıb. Sonradan qızı azyaşlı oğlu ilə birlikdə həmin ünvanda yaşayıb. Iddiaçı sudan istifadə xərcləri üzrə hesablamanı 3 nəfərə münasibətdə aparıb, halbuki o, orada yaşamır. Sadəcə olaraq mənzil onun mülkiyyətindədir. O, həmin ünvanda özünün yaşamaması isə bağlı arayışı su idarəsinə təqdim etmişdir. Lakin hesablamanı yenə də yanlış aparmışlar. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə Fizuli qızı izahatında apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, cavabdehə məxsus ünvanda ## ###### 2002-ci ildə kod açılaraq 3 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablama aparılıb. Həmin dövrdə 3 nəfərlə bağlı sənəd təqdim olunduğuna görə 3 nəfər ailə tərkibinə uyğun hesablama aparılıb. Sonrakı dövrlərdə cavabdeh tərəfindən rəsmi qaydada hər hansı bir sənəd təqdim olunmadığına görə ailə tərkibinə dəyişiklik edilməmişdir. Ünvanda yaşayış olmayanda da rəsmi qaydada ərizə təqdim olunmaqla hesabat dayandırılır. Bu hallar olmadığına görə 3 nəfərə münasibətdə normativ qaydada hesablama aparılıb. Cavabdeh tərəfindən də ödənişlər qismən həyata keçirildiyindən iddia qaldırılan tarixə cavabdehə 1073,58 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfə hər ay bildiriş, sonuncu dəfə məhkəməyə müraciət etməmişdən əvvəl xəbərdarlıq məktubu rəsmi qaydada təqdim olunub və ödənişlər həyata keçirilmədiyindən məhkəməyə müraciət edilmişdir. Göstərilənlərə əsasən iddiaçınınn nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 1.6-cı bəndinə əsasən əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Bənd 5.1.5. Verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarındandır; Bənd 7.2. STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər; 7.4-cü bəndinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7(yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Bənd 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir.

16.AR Su Məcəlləsinin 97-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir.

17.«Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun Maddə 26. Su təchizatı müəssisələrinin su təchizatının dayandırılması üzrə hüquqları Su təchizatı müəssisəsi aşağıdakı hallarda istehlakçının su təchizatını dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.

60. Su təchizatı və kanalizasiya xidmətlərinə görə ödəmələr 1. Su təchizatı və kanalizasiya müəssisələri istehlakçıların bütün kateqoriyaları üçün göstərdiyi xidmətlərə görə ödəmələrin aşağıdakı növlərini, müddətlərini və məbləğini müqavilədə təklif edə bilərlər: a) mövcud qaydalara uyğun suölçən cihazların göstəricilərinə və ya hesabat göstəricilərinə əsasən götürülmüş suyun və axıdılmış tullantı sularının miqdarına görə ödəmə;

61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır;

62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Madddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tamamilə ləğvini xahiş etmişdir.

21. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, həmin apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və borc məbləğinin dəyişdirilməsi üçün əsasdır.

23. Tələb cavabdehə məxsus ünvanda abonent koduna hesablanmış 1073.58 manat məbləğində borcun tutulması barədədir.

24. Baxılan işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh Nəbiyev Füzuli Cəlal oğluna (abonent kodu:1501480110280) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ailə tərkibinə uyğun olaraq normativ qaydada hesablanmışdır. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 1073.58 (min yetmiş üç manat, əlli səkkiz qəpik) manat borcu yaranmışdır. Iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə ##.##.2025-ci il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət edilmişdir.

25. Işə baxan məhkəmə iddanı təmin etmiş, narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

26. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, o mübahisəli ünvanda yaşamır, həmin ünvanda onun qızı və nəvəsi olmaqla cəmi iki nəfər yaşayır. Özü tamamilə başqa ünvanda yaşayır, nəvəsi isə 2020-ci ildə anadan olmuşdur. Belə olan halda borcun üç nəfərə münasibətdə hesablanması düzgün deyil.

27. Araşdırılan iş üzrə işə əlavə edilmiş abonent kartından müəyyən edilir ki, iddia tələbi üzrə sudan istifadə xidmətləri üzrə cavabdehdən tələb olunan borc məbləği məhz su sərfiyyatına görə qrafik üzrə yaranmış borc məbləğidir və sudan istifadə üzrə sərfiyyat 3 nəfərdən ibarət ailə tərkibinə uyğun aparılmışdır.

28. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, apellyasiya icraatı zamanı cavabdehin həmin ünvanda yaşamadığı və özünə məxsus olan Sumqayıt şəhər məh.14 ev 1A/3B m.15 ünvanda qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə həmin ünvanda yaşaması müəyyən edilmişdir.

29. Kollegiyanın araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzildə, yəni ünvan 4-də X9 və onun 2020-ci il təvəllüdlü övladı Raul Nəbiyev yaşayır.

30. Göründüyü kimi borc tələb olunan mənzildə iki nəfər yaşamaqla, onlardan biri də 2020-ci il təvəllüdlüdür. Ona görə də kollegiya belə qənaətə gəlir ki, əsl həqiqətdə borc məbləği üç nəfərə münasibətdə deyil, iki nəfərə münasibtdə hesablanmalı, hətta onlardan birinə (2020-ci il təvəllüdlü Raul Nəbiyevə münasibətdə) münasibətdə 2020-ci ilədək yığılmış borc nəzərə alınmamalıdır.

31. Təqdim olunmuş abonent saldosundan görünür ki, 2014-2019-cu illər ərzində abonentin borcu - 2014-cü il-6.8 manat, 2015-ci il-24.8 manat, 2016-cı il 26.2 manat, 2017ci il-53 manat, 2018-ci il-12 manat, 2019-cu il 53 manat, ümumilikdə 175.80 manat təşkil edir.

32. Kollegiyanın qənaətinə görə sözügedən ünvanla bağlı borc aşağıdakı qaydada hesablanmalıdır- yəni tələb olunan 1073,58 -175.80= 897.78 manat. Həmin məbləğ, yəni 897.78 : 3=299.26 manat. Sonuncu rəqəm, yəni 299.26 x 2=598.52 manat.

33. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan borc məbləğinə münasibətdə dəyişdirilməli və cavabdeh Nəbiyev Füzuli Cəlal oğlundan 598.52 manat tutularaq “Iri Şəhərlərin X6 Xidməti” PHŞ-ə ödənilməlidir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Nəbiyev Füzuli Cəlal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh Nəbiyev Füzuli Cəlal oğlundan 598.52 (beş yüz doxsan səkkiz manat 52 qəpik) manat pul tutularaq “Iri Şəhərlərin X6 Xidməti” PHŞ-ə ödənilsin. Qətnamədən kasssiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar