Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-435/2026 14.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh2 İB-nin X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X8 və X9 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh2 İB-nin X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 İstehsalat Birliyi və cavabdeh2 İstehsalat Birliyi X1 İstismar İdarəsinin Şamaxı Qaz İstismar Sahəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İstelsalat Birliyinin X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsinin ## ##### 2025-ci il tarixli, ******* saylı akt üzrə 1338 manat 40 qəpik əsassız hesablanmış borcun və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596 manat 60 qəpik sayğac borcunun silinməsi və həmin ünvana qaz verilməsinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1ndə öz adına 5 otaqlı ev alıb. 2024-cü ilə kimi bəzi vaxtlarda gəlib gedib. 2024-cü ilin iyul ayından hal hazıra kimi həmin kənddə tək yaşayır. Hamı kimi qaz xidmətlərindən istifadə edir. Evində kombi qızdırıcı və qaz plitəsindən istifadə edir. 2024-cü ilin iyul ayında kənddə olan zaman Şamaxı Qaz İstismar Sahəsinin işçiləri gəlib qaz sayğacının yanında durdular, sonra açıq qapıdan həyətə gəldilər, onu çağırdılar, ona bildiriblər ki, qaz sayğacı niyə az yazır. Bildirib ki, həm yay ayıdır, həm də o, çox vaxt burada olmur, qazdan istifadə etmir, ona görə də qaz sayğacı az yazıb. Onun danışığı onlara xoş gəlməyib, narazı halda çıxıb gediblər. Bir neçə gün sonra o, Şamaxı şəhərində olan zaman ona mesaj atıblar ki, qazın pulunu ödəmək lazımdır, qəbzi qapının arasına keçiriblər. O, evə gəlib, qəbzi götürəndə görüb ki, darvazanı cızıblar, ona görə şübhələnib ki, o, evdə olmayanda nəsə iş görüblər. Nə baş verməsini öyrənmək üçün evə keçib videokameraya baxıb. Sayğacın görünüşünün qabağında maşın saxladıqlarından sayğac görünməyib, amma qaz işçiləri görünüb ki, sayğacın yanında nəsə iş görürlər. Həmin vaxtdan başlayaraq, növbəti aylarda qaz sayğacında böyük qaz sərfiyyatı əmələ gəlməyə başlayıb. 50 manat bir ödəyib, sonra görüb ki, qazdan çox istifadə etmədiyi halda sayğac sərfiyyatı çox yazır. O, Qaz İstismar İdarəsinə ərizə yazıb ki, sayğacı düz işləmir, istifadə etmədiyi halda artıq sərfiyyat yazır. 2025-ci ilin yanvar ayında Qaz İstismar sahəsinin işçiləri gəlib onun qaz sayğacını müraciəti əsasında dəyişiblər. Köhnə sayğacı isə deyiblər ki, müayinə olunması üçün labaratoriyaya göndərəcəklər və onun öz iştirakı ilə yoxlanılacaq. Uzun müddət onu heç kim çağırmayıb. Bu yaxınlarda isə ona bildirilib ki, qaza 1935 manat borcu var. Guya həmin məbləğin 1338 manat 40 qəpiyi itirilmiş sərfiyyata görə hesablanmış borcdur, qalanı da sayğacın yazdığı göstəricinin puludur. O, bildirib ki, onların dəyişdiyi sayğac da, düz işləmir. Aprel, may, iyun, iyul ayları üçün bu qədər qaz işlənməsi mümkün deyil. Aprel ayında ödədiyi 1025 manat da, həddən artıq ödənilmiş məbləğdir. Hesab edir ki, 1338 manat 40 qəpik əsassız hesablanmış puldur. Ondan qalan hissə də, sayğacın düzgün işləməməsi nəticəsində yaranmış əsasız borcdur. ## ###### 2025-ci il tarixdə Şamaxı Qaz İstismar Sahəsinin işçiləri onun evinə qaz verilməsini tamamilə dayandıraraq, sayğacı plomblamışlar. Hal-hazıra kimi də, onun evinə qaz verilmir. Qarşıda qış ayları gəlir. İndidən soyuqlar başlayıb. İstiliksiz qazsız yaşamaq mümkün deyil. Qeyd etmək istəyir ki, AR Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. O, cavabdeh2 İstehsalat Birliyinin barələrində yazdıqları ziyan aktını əsassız hesab edir. Belə hesab edir ki, əsassız yaranmış 1935 manat məbləğində borc silinməli və qaz verilişi bərpa olunmalıdır.
3. Cavabdeh cavabdeh2 İstehsalat Birliyinin nümayəndəsi X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ünvan 1ndə yaşayan İddiaçı cavabdeh2 İstehsalat Birliyinə qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq cavabdeh2 İB-nin Ağsu RQİİ-nin Şamaxı XS-nin ##.##.2025-ci il tarixli, ******* saylı akt üzrə əsassız hesablanmış 1338.40 manat borc məbləğinin və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596.40 manat borcun silinməsini xahiş etmişdir. Hesab edilir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, ##.##.2025-ci il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus olan yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Bununla bağlı ##.##.2025-ci il tarixdə akt tərtib edilmişdir. Mənzildən açılmış Smart-G-4 markalı *********** nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədə fiziki təsir nəticəsində əzik-cızıq işləri aşkar olunmuş və təbii qaz itkisi yaranmışdır. Həmin akta əsasən, Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində 30.04.02025-ci il tarixdə itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək, iddiaçı İddiaçı adına olan Şamaxı XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 5508m3 – 1624.40 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. İddiaçı İddiaçı abonent koduna hesablanaraq vurulmuş 1652.40 manat məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və 285.90 manat isə mənzildə istifadə edilmiş təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 216, 217, 218, 220-ci maddələrinə istinad edərək, iddiaçı İddiaçı cavabdeh cavabdeh2 İstehsalat Birliyinə qarşı barəsində tərtib edilmiş ##.##.2025-ci il tarixli ******* saylı akt üzrə əsassız hesablanmış 1338.40 manat borc məbləğinin və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596.40 manat borcun silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək, iddianın təmin edilməməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir.
4. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ##### 2025-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu 245619300000285 olan abonent İddiaçı məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədə fiziki təsir nəticəsində əzik-cızıq izləri aşkar olunub və qaz itkisi yaranıb.
5. ## ##### 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən 1 ədəd PQ-3-ün maksimal saatlıq qaz sərfi 0,8 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, 1 ədəd kombi 40kw maksimal saatlıq qaz sərfi 4.3 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 5508 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir.
6. Abonentin saldosundan görünür ki, İddiaçı abonent olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğaca dair qalıq və aktlar üzrə 1652 manat 40 qəpik borcu yaranmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
7. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Qürur Abasov) iddianın qismən təmin edilməsi, cavabdeh2 İstehsalat Birliyinin X1 İstismarı İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ## ##### 2025-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi hesablanmış 1652 manat 40 qəpik İddiaçı abunə hesabından silinməsi və həmin ünvana qazın verilməsinin bərpa edilməsi, cavabdeh cavabdeh2 İstehsalat Birliyindən 32 manat 52 qəpik məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında ##.##.2011-ci il tarixli ** saylı qərarının 1.3, 4.2, 4.5, 4.6, 4.7 və 4.8-ci bəndləri, “Qazdan İstifadə Qaydaları”nın 6.7 və 4.9-cu bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 14.2, 217.4, 218.3, 119.2, 195-220-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh cavabdeh2 İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, iddiaçı İddiaçı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq cavabdeh2 İstehsalat Birliyinin hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, cavabdeh2 İstehsalat Birliyinin Ağsu RQİİ-nin Şamaxı Xidmət Sahəsinin əməkdaşları Şamaxı rayonunun Avaxıl kəndində yaşayan İddiaçı yaşayış evinə quraşdırılmış məişət qaz sayğacını növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açaraq götürmüşlər. Mənzildən açılmış G4 markalı *********** nömrəli qaz sayğacı növbədənkənar dövlət yoxlamasına göndərilmiş, tərtib edilmiş ##.##.2025-ci il tarixli, DYM ****/****/*** nömrəli Akta əsasən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsində fiziki təsir nəticəsində əzik-cızıq izlərinin aşkar edilmiş, sayğac istismara yararsız hesab edilmişdir. Həmin Akta əsasən İddiaçı mənzilində istifadə etdiyi qaz işlədici avadanlıqlar və onların parametrlərinə dair ##.##.2025-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə cavabdeh2 İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin akta əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində ## ##### 2025-ci il tarixdə İtirilmiş qazın bərpası üzrə Akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı *************** nömrəli abonent koduna 5508 m – 1652.40 (min altı yüz əlli iki) manat 40 qəpik məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Şamaxı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödənilməsi barəsində bildiriş göndərilmişdir. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Məhkəmə sübutlara qiymət verməmiş, iddianın təmin edilməsi üçün heç bir əsas olmadığı halda iddianın təmini barədə qərar vermişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 13.8-1. (2022-ci ilin may ayından qüvvədə 8-1-ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı onun yaşadığı ünvana cavabdeh2 İstehsalat Birliyi tərəfindən əsassız cərimə hesablandığını iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
20. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia qismən təmin edilmişdir /bax bənd 7/.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə 1652 manat 40 qəpik məbləğində borc hesablamışdır. Lakin, hazırda iddiaçı ## ##### 2025-ci il tarixli, ******* saylı akt üzrə 1338 manat 40 qəpik əsassız hesablanmış borcun və sayğacın düzgün işləməməsi nəticəsində yaranmış 596 manat 60 qəpik sayğac borcunun silinməsini tələb edir. Abonent saldosuna əsasən iddiaçının qalıq və aktlar üzrə 1652 manat 40 qəpik borcu vardır. Qalan (1938,30 manat - 1652,40 manat = 285,90 manat ) 285,90 manat borc məbləği qazdan istifadəyə görə sərfiyyat üzrə yaranmış borcdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya qazdan istifadəyə görə hesablanmış 1652 manat 40 qəpik məbləğində borc iddiaçının abunə hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada, sonuncu baxış tarixi və həmin müddətdən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək olan dövrə dair, eləcə də tələb olunan müddət üçün qanusuz qoşulma halına dair istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar təqdim etməmiş, tələb olunan hesab dövrü üçün təqsiri sübuta yetirilməmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh2 İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.