Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-521/2026 21.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanov Telman Hümbət oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdehin nümayəndəsi Şahlar İkram oğlu Şahlarzadənin iştirakı ilə, İddiaçı İmanov Telman Hümbət oğlunun cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İmanov Telman Hümbət oğlu cavabdeh Cavabdeh İB-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu 011402400301710 olan sayğaca qanunsuz olaraq hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış abonent kodu 011402400301710 olan qaz sayğacından istifadə edir. İstifadə etdiyi sayğacın abonent kodu onun adına rəsmiləşdirilmişdir. Cavabdeh İstehsalat Birliyinin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə ona məxsus abonent kodu 011402400301710 olan sayğaca onun xəbəri olmadan, iştirakı olmadan baxış keçirilmiş və ##.##.2024-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Eyni zamanda, dəymiş ziyanın bərpasına dair tələbnamədə fərdi evdə, (Müəssisə, İstixanada) "Qzdan İstifadə Qaydalar"nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunması qeyd edilmişdir. Hesab edir ki, Cavabdeh İB-nin əməkdaşları bilərəkdən abonent kodu 011402400301710 olan sayğaca qərəzli olaraq cərimə aktı yazmışlar. Sözügedən akt qanunsuz və əsassız olaraq tərtib edilmişdir. Bildirmək istəyir ki, nə o, nə də ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Akt tərtib edilərkən o və ailə üzvlərindən kimdə həmin akta imza atmamışdır, həmin aktın mövcudluğundan ödənişlə bağlı bildiriş gələrkən xəbərləri olmuşdur. Cavabdeh İB yaşadığı Abşeron rayonu, Məmmədli kəndində belə qanunsuz aktlar tərtib etməklə vətəndaşları incidir. Demək olar ki, yaşadığı ərazidə çox evlərə belə qanunsuz və əsassız aktlar tərtib edilmişdir. Əsassız və qanunsuz yazılmış cərimənin etsəmdə idarə tərəfindən ona heç bir müsbət etməyi tövsiyə olunmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir.
3. Cavabdeh Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə İkram oğlu etirazında bildirmişdir ki, iddia ərizəsinə etiraz edirik. Belə ki, iddiaçıya məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi yaşayış evinin qaz təsərrüfatına baxış keçirilən zaman sayğacdan kənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi faktı aşkarlanmışdır. Qanunsuz istifadə barədə Sumqayıt RQİİ-nin mütəxəssisləri tərəfindən ##.##.2024-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Həmin akta əsasən iddiaçı tərəfindən sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan qanunsuz istifadə edildiyi üçün 25920 m3 təbii qaz sərfi – 3110,40 manat dəymiş ziyan məbləği hesablanmışdır. Hal-hazırda iddiaçının təbii qazdan istifadəyə görə yaranmış faktiki borcu 3216,96 manat təşkil edir və iddiaçının istifadəsində olan *************** saylı abonent saldosunda (borcun olubolmamasını təsdiq edən sənəd ) öz əksini tapmışdır. “Qaz təchizatı haqqında” qanunun 3-cü maddəsinin tələblərinə görə (3.1.) Qaz qurğularının tikintisi, qurulması, istismarı və işçi vəziyyətdə saxlanılması müvafiq tələblərə cavab verməlidir. (3.2.) Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. (3.3.) Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təchizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Həmin qanunun 4-cü maddəsinin 2ci hissəsinə əsasən- istehlakçı bu qanunun 3-cü maddəsinə müvafiq olaraq qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qanunun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Borcun ödənilməsi barədə idarə rəhbərliyi tərəfindən həmin vətəndaşa dəfələrlə qanunun tələbləri izah edilməsinə baxmayaraq halhazıra qədər həmin məbləğ ödənilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16- cı maddəsinə əsasən-fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Yenə həmin Məcəllənin 18-ci maddəsinə əsasən Mülki hüquqların müdafisi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinin tələblərinə görə, (24.1) Azərbaycan Respublikası məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Odur ki, iddiaçı İmanov Telman Hümbət oğlu tərəfindən verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. ##.##.2024-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İmanov Telman Hümbət oğluna məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacda kənar xətt aşkarlanmış, dəymiş ziyanın hesablanaraq ödənilməsi qərara alınmışdır.
5. Cavabdeh İB-nin ##.##.2024-cü il tarixli tələbnaməsindən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılması və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. Əsas olaraq ##.##.2024-cü il tarixli, ******* saylı akt olmuşdur.
6. Abonent kodu 011402400301710 olan İmanov Telman Hümbət oğlunun adına olan abonent saldosundan görünür ki, Abşeron rayonu, Məmmədli qəsəbəsi ünvanına ##.##.2025-ci il tarixdə GCZ-G4 Diafraqma tipli, GCZ******* nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Kombi (su qızdırıcı) (1/1). Akta əsasən hesablanmış, abonentin 2024-cü ilə aid olan cəmi borcu 3110,40 manat göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 3110,40 (üç min yüz on manat qırx qəpik) manat borc pul vəsaitinin iddiaçı İmanov Telman Hümbət oğluna məxsus abonent kodu 011402400301710 olan abunə hesabından silinməsi, cavabdeh Cavabdeh İstehsalat Birliyindən 32 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və II bəndləri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4 və 139.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1 və 442-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında ## ### 2011-ci il tarixli, ** saylı Qərarının 2.1.3, 2.1.5, 2.1.10 və 2.1.12-ci bəndləri, “İcra haqqında Azərbaycan Respublikası Qanunu”nun 39.1-ci maddəsi, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndi, 13-cü maddəsinin 8-1-ci hissəsi, 13.8-1-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.4-cü maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 13.4, 77.1, 80, 81, 88, 14.2, 217.4, 220.5, 238-252-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh Cavabdeh İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz qurğuları qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, temperaturunun tərkibinin və digər göstəricilərinin müvafiq tələblərə uyğunluğunu təmin etməli, başqa qurğu və əməliyyatların təhlükəli təsirindən mühafizə olunmalıdır. Əgər həqiqi və potensial təhlükələr yaranarsa, qaz qurğularının istismarçıları dərhal qaz təcjhizatçılarına, podratçılar və qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər isə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. Qaz istehsalı üzrə xüsusi icazəsi olan şəxslər və podratçılar müvafiq icra hakimiyyəti orqanının qərarlarına əsaslanaraq təhlükələrin qarşısının alınması və aradan qaldırılması üçün bütün tədbirləri görməlidirlər. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. Bildirir ki, iş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktları ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qeyd edilənlərdən aydın görünür ki, iddiaçı tərəfindən qaz xəttinə özbaşına müdaxilə edilməklə qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 25920 m3 təbii qaz sərfi – 3110,40 manat itirilmiş qazın dəyəri hesablanmış və iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçının yaşadığı - Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə ( abonent kodu : 011413098300000) hal-hazırda təbii qaza görə borc məbləği 3347,55 manat təşkil edir. Qeyd olunanlara baxmayaraq məhkəmə iddiaçı İbrahimova İmanov Telman Hümbət oğlunun iddia tələbini təmin etmiş və 3110,40 manat borc məbləğinin silinməsi ilə bağlı qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyasının bir daha diqqətinə çatdırır ki, ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 3110,40 manat borc məbləği abonentin qaz xəttinə qanunsuz qoşulması nəticəsində itirilmiş qaz sərfinə görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Hesab edir ki, iddiaçının tələbi yalnız məsuliyyətdən yayınmaq məqsədi daşıyan subyektiv bəhanə xarakteri daşıyır. Hüquqi münasibətlərdə isə subyektiv bəhanə və arqumentlər hüquqi sübut dəyərinə malik deyildir. İş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi Nümayəndə İkram oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İş üzrə iddiaçı Telman Hümbət oğlu İmanov məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 13.8-1. (2022-ci ilin may ayından qüvvədə 8-1-ci bənd) qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
19. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İmanov Telman Hümbət oğlu “Azəriqaz" İstehsalat Birliyi tərəfindən Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu 011402400301710 olan sayğaca hesablanmış 3110,40 manat borcun qanunsuz olduğunu iddia edərək araşdırılan tələbi ilə məhkəməyə müraciət etmişdir.
20. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia təmin edilmişdir /bax bənd 7/.
21. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmişdir. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən edir.
22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
24. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, apellyator istinad olunan hallara dair qanunla nəzərdə tutulmuş qaydada, sonuncu baxış tarixi və həmin müddətdən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək olan dövrə dair, eləcə də tələb olunan müddət üçün qanusuz qoşulma halına dair istehlakçının təqsirinin müvafiq icra hakimiyyəti orqanı və ya məhkəmənin qərarı ilə təsdiq edilməsi barədə sübutlar təqdim etməmiş, tələb olunan hesabat dövrü üçün təqsiri sübuta yetirilməmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.