Məhkəmə qərarları › İş №2(3-8)-524/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-524/2026

17.07.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-524/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İmanov Adil Hünbət oğlunun cavabdeh Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İmanov Adil Hünbət oğlunun nümayəndəsi İmanova İlahə Ərşad qızının, cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi nümayəndə2 iştirakı ilə, İddiaçı İmanov Adil Hünbət oğlunun cavabdeh Cavabdeh ASC-yə qarşı akt əsasında hesablanmış əsassız borcun silinməsi tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı İmanov Adil Hünbət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.##.##.2025-ci il tarixli Xidməti Məlumata əsasən abonent İmanov Adil Hünbət oğluna məxsus Sumqayı şəhəri, İnşaatçılar qəsəbəsi, Trestin arxası, ** saylı ünvnadakı mənzil məlumat bazasında ##.##.2016-cı il tarixində 5017309000000056 kodla, sayğacsız kimi 3645 kvts. (218,7 manat) ilə qeydiyyata alınıb. Mənzilə ##.##.2017-ci ildə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilib. 3.##.##.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı onun hesabına donma əməlliyatı şamil edilərək 504,78 manat dondurulub. Hal-hazırda Cavabdeh ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun mövcudluğu bildirilir və borc ödənilməlidir. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyil, ##.##.2017-ci il tarixdə ****** saylı arayışa əsaslanaraq 504 manat qaçqın limiti daxil edilmişdir. 4.Həmin tarixdən ##.##.2023-cü il tarixinə kimi 84 manat, ##.##.2024-cü il tarixindən isə 96 manat qaçqın limiti vurulmuşdur. Mənzildə yaranmış borc sayğacla sərf olunan, lakin ödənişi təmin olunmayan enerjinin dəyəri olduğu məlum olmuşdur. 5.Məhkəmə Ekspertiza Mərkəzinin */**** saylı ##.##.2025-ci il tarixli Ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə görə iş materiallarında olan abonentin saldo cədvəlinə əsasən 1 kvt sərfiyyat üçün 0,07 manat məbləği müəyyən edilir. İmanov Adl Hünbət oğlunun mülkiyyətində olan Sumqayı şəhəri, İnşaatçılar qəsəbəsi, Trestin arxası, fərdi ev 201 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacındakı (abonent kodu- 5017309000000056) istifadə edilmiş elektrik enerjisi 12368,3 (176690 kvt*0,07 manat) məbləğində müəyyən edilir. ##.##.2017-ci il tarixdən 2024-cü ilin dekabr ayınadək ümumilikdə 1422,74 mnat məbləğində limit ayrılmışdır. Həmin limit məbləği 12368,3 manat məbləğindən çıxılaraq (12368,3-1422,74) 10945,56 manat müəyyən edilmişdir. 6.Abonentin saldo cədvəlindəki məlumatlara əsasən Adil İmanovun elektrik sərfiyyatı 2024-cü ilin dekabr ayınadək sonuncunun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Trestin arxası, fərdi ev 201 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacındakı (abonent kodu-5017309000000056) elektrik sayğacına görə yaranmışdır. Abunə haqqında saldoya əsasən abunəçi Adil İmanovun elektrik enerjisinə görə ##.##.2016-cı il tarixdə 504,78 manat dondurulmuş qaçqın borcu mövcuddur. 7.Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı İmanov Adil Hünbət oğlu məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası fərdi ev 201 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 11802,27 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. 9.Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək bildirdi ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası fərdi ev 201 ünvanında yaşadığı ev faktiki olaraq yoldaşı ilə istifadəsindədir. Əri Qubadlı rayonu, Qaralar kəndindən məcburi köçkündür və 2010-cu ildən həmin ünvanda məskunlaşmışlar. Məcburi köçkün olduqlarından elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilmişdir. Hazırda cavabdeh tərəfindən əsassız olaraq 11802,27 manat məbləğində borc hesablanmışdır. Tələb olunan dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Belə ki, 2017-ci ildən dövlət kommunal xərclərin ödənilməsi üçün onlara aylıq müavinat ödəyir. Hər ay vaxtlı-vaxtında kommunal xərclər tərəflərindən gecikdirmə olmadan ödənilir. Həmin ildən onlara ödənilən müavinətin bir hissəsini Cavabdeh ASC yaranmış borca görə tutur. Həmin borc əsassız olaraq hesablanmışdır və borc silinməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, sözügedən evə 2009-cu ildən köçmüş, lakin yaşadıqları mənzildə həmin tarixdən 2023 cü ilə qədər olan müddətdə qaz olmamış, mənzillərini məhz elektrik enerjisindən istifadə etməklə qızdırmışlar. 10.Cavabdeh Cavabdeh ASC etiraz ərizisi ilə məhkəməyə müraciət edərək, iddiaçının ASC tərəfindən əsassız hesablanmış 11802,27 manat borcun silinməsi tələbinə dair iddia tələbinin qanunsuz və əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı evə ##.##.2017-ci il tarixdə VİKOİ-M580DBOT tipli zavod nömrəsi M****** olan elektirk hesabat sayğacı quraşdırılmış və istifadəsinə verilmişdir. İddiaçı məcburi köçkündür. Ona hər ay 4 nəfər üçün aylıq 96 manat limit ayrılır. İddiaçı ümumilikdə 13405,33 manat məbləğində 176960 kvt saat miqdarında elektrik enerjisindən istifadə etmişdir. ##.##.2017-ci il tarixdən hal-hazırki müddətə kimi ona 1422,74 manat məbləğində limit ayrılmış və sözügedən 13045,33 manatdan həmin məbləğ çıxılmışdır. Hazırda iddiaçının 11622,59 manat məbləğində sərfiyyat borcu vardır. Iddiaçının silinməsini tələb etdiyi borc məbləği limitdən artıq istehlak edilmiş borc məbləğidir. Dəfələrlə iddiaçıya istehlak etdiyi elektrik enerjisinin dəyərinin ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin iddiaçı istifadə etdiyi elektrik enerjisindən ümumiyyətlə ödəniş etməmişdir. İddiaçı iddia ərazisində qeyd etmişdir ki, guya elektrik enerjisinin dəyərini vaxtlı-vaxtında ödəyir. Iddiaçının silinməsini tələb etdiyi borc məbləği istehlak edilmiş elektrik enerjisinin dəyəridir və mütləq qaydada ödənilməlidir. 11.Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası, fərdi ev 201 ünvanına əsassız hesablanmış 504,78 manat borc silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Ramiz Quliyev) 12.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası “Elektroenergetika haqqında” Qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2005-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11, 8.2 və 8.16-cı bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Fərmanının 11-ci bəndinə, ## ###### 2016-cı il tarixinədək məcburi köçkünlərin borcunun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. 13.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 14.Apellyasiya şikayətinin dəlilləri 15.İddiaçı İmanov Adil Hünbət oğlu apellyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 16.İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, Qubadlı Rayon Məhkəməsinə müraciət edərək, "xxxx” ASC tərəfindən faktiki olaraq onun istifadəmdə olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası fərdi ev 201 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 11802,27 manat məbləğində borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında nümayəndəsi iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası fərdi ev 201 ünvanında yaşadığı ev faktiki olaraq yoldaşı ilə istifadəsindədir. Əri Qubadlı rayonu, Qaralar kəndindən məcburi köçkündür və 2010-cu ildən həmin ünvanda məskunlaşmışlar. Məcburi köçkün olduqlarından elektrik enerjisindən istifadəyə görə ödənişlər qaçqınkom tərəfindən ödənilmişdir. Hazırda cavabdeh tərəfindən əsassız olaraq 11802,27 manat məbləğində borc hesablanmışdır. Tələb olunan dövr üçün cavabdeh təşkilata borcu yarana bilməzdi. Belə ki, 2017-ci ildən dövlət kommunal xərclərin ödənilməsi üçün onlara aylıq müavinat ödəyir. Hər ay vaxtlı-vaxtında kommunal xərclər tərəflərindən gecikdirmə olmadan ödənilir. Həmin ildən onlara ödənilən müavinətin bir hissəsini Cavabdeh ASC yaranmış borca görə tutur. Həmin borc əsassız olaraq hesablanmışdır və borc silinməlidir. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin (sədrlik edən: X4) *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmişdir. Qubadlı Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə "xxxx” ASC tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Pərviz Hüseynov küçəsi, TREST-in arxası, fərdi ev 201 ünvanına əsassız hesablanmış 504,78 manat borc silinmişdir. Hesab edir ki, Quba Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi işin materiallarına düzgün istinad etmədən maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq olunmaması ilə çıxarıldığından qanunsuz və əsasızdır və buna görə də ləğv olunmalıdır. Belə ki, 2017-ci ildən tarixdən qaçqın və məcburi köçkünlər üçün ayrılmış limit yığışdırıldı və ünvanlara sayğac yerləşdirildi. Müavinətlər isə artaraq adam başına 60 manat təyin olundu. Bundan sonra o, Qubadlı rayon İcra Nümayəndəliyinə müraciət edib hər ay verilən müavinətdən 80 manatının kommunallar ödənişlər üçün tutulmasını xahiş etmişdir. 2017-ci ilin yanvar ayından 2025-ci ilin sentyabr kimi hər ay ödənilmiş 240 manat müavinatın 80 manatı kommunal ödənişlərə çıxılmışdır. Amma həmin ödənilmiş 80 manatın ödənildiyi heç yerdə qeyd olunmur. Onda səlahiyyətli şəxs olmadığına görə 80 manat məbləğində pul vəsaitinin hara köçürülməsi barədə məlumat əldə edə bilməmişdir. Lakin qeyd etdikləri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə dəqiq araşdırma aparmamış, müavinətindən hər ay çıxmış 80 manat məbləğində pul vəsaitinin hansı hesaba köçürülməsinin müəyyən edilməsi üçün müvafiq sorğu verilməmişdir. 17.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 18.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 19.Apellyasiya icraatı iştirakçılarının izahatları 20.Məhkəmə iclasında iştirak edən iddiaçı İmanov Adil Hünbət oğlunun nümayəndəsi İmanova İlahə Ərşad qızı apellyasya şikayətini müdafiə edərək, təmn edilməsini xahiş etdi. 21.Cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi. 22.Tətbiq edilən hüquq 23.Azərbaycan Respublikasının Mülki Məcəlləsi 24.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 26.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il # ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə qaydaları”nın 27.Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 28.Bənd 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 29.Bənd 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 31.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 32.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 33.Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 34.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 35.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 36.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 37.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 38.Apellyasiya baxışının hədləri 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 40.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 41.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Qubadlı Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini xahiş etdiyindən, kollegiya Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir. 42.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 44.Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır. Odur ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəsi düzgün olmuşdur. 45.Belə ki, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya icraatı zamanı iddiaçı tərəfindən silinməsi tələb olunan borcun real, həqiqətən sərf olunmuş elektrik enerjisinə görə hesablanmış borc olması öz təsdiqini tapmışdır. Apellyator isə həmin borcun ona əsassız hesablanmasını sübuta yetirə bilməmişdir. 46.Qeyd olunmalıdır ki, iddiaçının məhkəmə iclasında bildirdiyinə görə 2009-2023-cü illər ərzində yaşadıqları mənzil qaz xətti ilə təmin edilməmiş, nəticədə bu müddət ərzində mənzilin qızdırılması və məişətdə yalnız elektrik enerjisindən istifadə edilmişdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, hesab edir ki, 2009-cu ildən 2023-cü ilədək 14 ildən artıq müddət keçdiyindən, bu müddət ərzində elektrik enerjisindən istifadəyə görə hesablanmış borc məbləği ağlabatan hesab edilməlidir. 47.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 48.Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 49.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada təmin edilməsi üçün əsas ola bilməz. 50.Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar