Məhkəmə qərarları › İş №2(3-8)-57/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-57/2026

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-57/2026 03.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdeh Məmmədov İlham Adışirin oğluna qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Xəlilov Ramin Adilxan oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, iddiaçının nümayəndəsi Qəhrəmənov Hafiz Şakir oğlunun, cavabdeh Məmmədov İlham Adışirin oğlunun iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdeh Məmmədov İlham Adışirin oğluna qarşı “29 yanvar 2020-ci il tarixli “8/64” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2025-ci il tarixli, 2(060)-3880/2025 nömrəli qətnaməsindən cavabdeh Məmmədov İlham Adışirin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARI:

1. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Əhmədov Səbuhi Fəzulla oğlu ilə kirayəçi Məmmədov Adışirin Məmməd oğlu arasında bağlanmış 29.01.2020-ci il tarixli 8/64 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni yaşayış kompleksində 8 saylı binanın 64 nömrəli mənzili kirayəçi Məmmədov İlham Adışirin oğlunun sahibliyinə və istifadəsinə verilmişdir.

2. Həmin Müqavilənin: Bənd 4.1. Kirayəyə verən və Kirayəçi bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; Bənd 4.3. Kirayəçinin mülki-hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri bu Müqavilədən irəli gələn öhdəliklər üzrə Kirayəçi ilə birgə məsuliyyət daşıyırlar; Bənd 5.1. Tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər; Bənd 5.3. Kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu Müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur; Bənd 5.4. Aşağıdakı hallarda bu Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə; kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; kommunal mənzildə birgə yaşayışı qeyrimümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə; Bənd 5.7. Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, aşağıdakı hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər: 5.7.1. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; 5.7.2. Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; 5.7.3. Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə.

3. Az-II 317325 nömrəli Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Adışirin Məmməd oğlu 12 noyabr 2022-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.11.2022-ci il tarixində 1609 № ilə qeyd edilmişdir.

4. Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Sumqayıt şəhər və Şabran rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi Qəhrəmanov Hafiz Şakir oğlu və Şuşa şəhər sakini Məmmədov İlham Adışirin oğlu arasında bağlanmış 03.11.2025-ci il tarixli Təhvil-təslim aktına əsasən Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni yaşayış kompleksində 8 saylı binanın 64 nömrəli mənzili kirayəçi Məmmədov İlham Adışirin oğlunun sahibliyinə və istifadəsinə verilmişdir.

5. İş materiallarında olan abonent kartından görünür ki, Məmmədov İlham Adışirin oğlu ilə MİS MTK arasında bağlanmış müqaviləyə əsasən Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev742,mənzil 64 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə 125 manat məbləğində borc hesablanmışdır.

6. İş materiallarında olan 17.01.2025, 17.02.2025, 17.03.2025, 17.04.2025 və 30.04.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, iddiaçı tərəfindən Məmmədov İlham Adışirin oğluna mənzildə yaşamadığı üçün onunla bağlanmış kirayə müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq edilmişdir.

7. İş materiallarında olan abunə haqqında saldodan müəyyən edilir ki, Qasımov Yaşar Allahverdi oğluna məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 0531, məzil 0609-a enerji sərfiyyatına görə 28.02.2019-cu il tarixdə sayğac quraşdırılmışdır.

8. İş materiallarında olan 17.01.2025, 17.02.2025, 17.03.2025, 17.04.2025 və 30.04.2025-ci il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Sumqayıt şəhər və Şabran rayon Mənzil-Kommunal İstismar sahəsinin rəisi Qəhrəmanov Hafiz Şakir oğlu, MKİSnin mühəndisi Behbudov İlqar Zakir oğlu, MKİS-nin sahə nəzarətçisi Orucov Asif mürvət oğlu, MKİS-nin sahə nəzarətçisi Həsənov İlqar Hüseyn oğlu, MKİS-nn bağbanı Quliyev Fehruz Atakişi oğlu, MKİS-nin elektriki Əhmədov Rəşad Fikrət oğlu və MKİS-nin lift bələdçisi Əzizov Nizami Əsgər oğlunun iştirakı ilə akt tərtib edilmiş, ondan ötrü ki, Sumqayıt şəhəri.12-ci mikrorayon, 1005 ailəlik yeni yaşayış kompleksi bina 8(742) mənzil 64-də qeydiyyatda olan Şuşa şəhər sakini Məmmədov İlham Adışirin oğlu fasiləsiz olaraq 3 aydan artıq müddətdir ki, üzürlü səbəb olmadan dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, mənzilindən əsas yaşayış yeri kimi istifadə etməmiş və 6 aydan artıq müddətdir ki, yaşayış sahəsinə kommunal xidmətlərə görə haqq ödəməmişdir. İ.Məmmədov mənzilindən təyinatı üzrə istifadə etməmiş, mənzili korlamış, kombi və radiatorları söküldüyü və yerində olmadığı aşak edilmişdir. Mənzilin ümumi əmlakını qorumamaqla, yaşayış sahəsini yararlı vəziyyətdə saxlanımasını təmin etməməklə AR Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qanunları, həmçinin AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin tələbləni pozmuşdur.

9. “Geno Group” MMC tərəfindən 30.08.2025-ci il tarixdə verilmiş 99 nömrəli arayışda qeyd olunur ki, Məmmədov İlham Adışirin oğlu 03.05.2025-ci il tarixdən MMC-də döşəməçi vəzifəsində işlər.

Birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdeh Məmmədov İlham Adışirin oğluna qarşı “29 yanvar 2020-ci il tarixli «8/64» nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov İlham Adışirin oğlunun müvəqqəti istifadəsinə verilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni yaşayış kompleksində 8 syalı binanın 64 nömrəli mənzilinə dair 29 yanvar 2020-ci il tarixli 8/64 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdeh Məmmədov İlham Adışirin oğlu 8/64 nömrəli mənzildən çıxarılmaqla, 8/64 mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiаçı tələbini оnunlа əsаslаndırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (bundan sonra Komitə) qərarı ilə həyata keçirilir. Komitə Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara əsaslanaraq buna daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə yaşayış sahələrinin müvəqqəti verilməsini həyata keçirir. Əlavə olaraq bildirilir ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Son dövrlərdə aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, bəzi məcburi köçkünlər onlara verilmiş yaşayış sahələrindən təyinatı üzrə istifadə etmirlər, mənzilləri kirayə verirlər, yaxud ümumiyyətlə həmin mənzillərdən istifadə etmirlər. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 29 yanvar 2020-ci il tarixli "8/64" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən, məcburi köçkün Məmmədov İlham Adışirin oğlu Qaydanın tələbinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində Sumqayıt şəhəri, 12-ci mikrorayon, məcburi köçkünlər üçün inşa edilmiş 1005 mənzilli Yeni yaşayış kompleksində 8 saylı binada 64 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Daha sonra Departamentinin Sumqayıt şəhər Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları ilə birlikdə aparılan araşdırma zamanı Məmmədov İlham Adışirin oğlunun 64 nömrəli mənzildə yaşamadığı və mənzilin istifadəsiz qaldığı müəyyən edilmişdir. Müqavilədə adı qeyd edilmiş Məmmədov Adışirin Məmməd oğlu 12.11.2022-ci il tarixində vəfat etmişdir. Sahə rəisi tərəfindən Məmmədov İlham Adışirin oğluna 64 nömrəli mənzildə yaşamadığı mənzildə yaşayışı bərpa edib yaşamayacağı təqdirdə onunla bağlanılmış müqavilənin ləğvi barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Cavabdeh Məmmədov İlham Adışirin oğlu tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin şərtləri pozulduğundan Komitənin Mənzil İstismar Departamenti ilə onun arasında bağlanılmış 29 yanvar 2020-ci il tarixli "8/64" nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir.

12. Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2025-ci il tarixli, 2(060)-3880/2025 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Məmmədov İlham Adışirin oğlunun müvəqqəti istifadəsinə verilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni yaşayış kompleksində 8 saylı binanın 64 nömrəli mənzilinə dair 29 yanvar 2020-ci il tarixli 8/64 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilmiş və cavabdeh Məmmədov İlham Adışirin oğlu 8/64 nömrəli mənzildən çıxarılmaqla, 8/64 mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir (hakim Aynur Behbudova)

13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanılmış kirayə müqaviləsinin 5.7.1-ci bəndinə əsasən kirayəçi və onun ailə üzvləri hesab edilən şəxslər yaşayış sahəsində fasiləsiz olaraq üç aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadığı qeyd edilmiş və iddiaçı tələbinin dəlillərində müqavilənin həmin bəndinə istinad etmişdir. Məhkəmə araşdırması zamanı üzrlü səbəbdən cavabdehin müvəqqəti olaraq digər yerdə yaşaması müəyyən edilmişdir.

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Geno Group” MMC-də rəsmi qaydada döşəməçi vəzifəsində çalışır. İş yeri tərəfindən verilmiş 01 dekabr 2023-cü il tarixli arayış və digər sübutlar təsdiq edir ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı tikinti, bərpa və quruculuq işlərinə cəlb olunmuşdur. Peşəkar fəaliyyəti birbaşa olaraq həmin ərazilərin yenidən qurulması ilə bağlıdır. Belə ki, xidməti vəzifələri ilə əlaqədar olaraq mütəmadi şəkildə Zəngilan rayonunun Cahangirbəyli kəndinə, Ağdam rayonunun Xıdırlı kəndinə və Laçın rayonuna uzunmüddətli göndərilmişdirm. Xüsusilə vurğulamaq istəyir ki, 2025-ci ilin may ayı ərzində Xocalı rayonunda aparılan tikinti-quruculuq işlərində bilavasitə iştirak etmişdir. Təqdim etdiyi fotoşəkillərdən və iş yerindən verilən sənədlərdən də aydın görünür ki, Xocalıda yaşayış binalarının və digər obyektlərin inşası zamanı döşəməçilik (pol vurulması) və digər mürəkkəb usta işlərini icra etmişdir. Dövlətimiz üçün bu qədər strateji və müqəddəs bir işdə – doğma torpaqlarımızın bərpasında iştirak etdiyi bir dövrdə onun Sumqayıt şəhərində evində fiziki olaraq olmamağını "mənzildən istifadə etməmək" kimi qiymətləndirmək ən azından ədalətsizlikdir. Xocalıda, Ağdamda, Zəngilanda usta kimi çalışarkən hər gün Sumqayıta qayıdıb evdə gecələməyi fiziki və coğrafi baxımdan qeyri-mümkündür. Bu, onun iş qrafiki ilə və əmək müqaviləsindən irəli gələn öhdəlikləri ilə ziddiyyət təşkil edir. Birinci instansiya məhkəməsi işə baxarkən onun bu fədakar əmək fəaliyyətini nəzərə almamışdır. Məhkəmə qətnaməsində qeyd olunur ki, Departamentin əməkdaşları mənzilə baxış keçirərkən onu orada tapmamışlar. Lakin o, həmin vaxtlarda dövlət sifarişi əsasında işğaldan azad olunmuş ərazilərdə çalışmışdır. Onun “Geno Group” MMC-dəki işi, aldığı 400 manat məbləğində əmək haqqı və ezam olunduğu məkanlar barədə bütün sübutlar məhkəməyə təqdim etmişdir. onun mənzildə olmamağı mənzildən imtina etməyi və ya müqaviləni pozmağı demək deyil; bu, onun dövlət qarşısında öz əmək borcunu yerinə yetirməyi ilə bağlı olan müvəqqəti və üzürlü bir haldır. Bundan başqa, məhkəmə tərəfindən araşdırılmamışdır ki, mənzili heç bir kənar şəxsə verməmiş, mənzilin daxilində onun şəxsi əşyaları, mebelləri və həyatı üçün zəruri olan bütün ləvazimatlar mövcuddur. Hər dəfə ezamiyyətdən qayıtdıqda həmin mənzildə yaşayışını davam etdirmişdir. Bir tərəfdən dövləti üçün Qarabağın bərpası üçün çalışır, digər tərəfdən isə dövlət qurumu olan Departament onu işdə olduğu müddətdə "evdə yoxdur" deyərək evindən çıxarır. Bu, hüquqi məntiqlə və sosial ədalət prinsipləri ilə tamamilə ziddir. Məhkəmənin gəldiyi nəticə həm də ona görə qanunsuzdur ki, iddiaçı tərəf onu mənzildən istifadə etmədiyini sübut edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. İşi səyyar xarakterlidir, usta kimi ölkənin hər yerində, xüsusilə də azad edilmiş ərazilərdə çalışır. İşin halları üzrə müəyyən edilmiş bu ziddiyyətlər qətnamənin ləğv edilməsi üçün mütləq əsasdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Məmmədov İlham Adışirin oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Qəhrəmənov Hafiz Şakir oğlu izahatında bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetnin 2017-ci il 24 fevral tarixli, 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası" təsdiq edilmişdir. Bu qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Mənzillər vətəndaşlara orada yaşaması üçün və müəyyən şərtlərlə verilir. Vətəndaşların öz istəklərinə uyğun olaraq orada yaşayaması və ya yaşamamasına icazə verilmir. Əgər bu mənzilə vətəndaşın ehtiyacı yoxdursa, növbədə gözləyən şəhid ailəsi, qazi və veteranlar vardır. Ardıcıl şəkildə mənzillər ehtiyac və digər meyarlar üzrə vətəndaşlara verilir. İdarə və departament tərəfindən mütəmadi olaraq yoxlamalar keçirilir və mənzillərdə yaşayış olub-olmaması, mənzildə mənzilin təhvil verildiyi vətəndaşların yaşaması və ya mənzilin kirayəyə verilməsi və digər hallar müntəzəm olaraq yoxlanılır. Cavabdehin də yaşadığı mənzildə aparılan yoxlamalar göstərir ki, cavabdeh kommunal xidmətlər üzrə sonuncu dəfə su üçün 2021-ci ildə, işıq üçün 2023-cü ildə ödəniş etmişdir. qeyd edilənlərin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə 29. Mülkiyyət hüququ I. Hər kəsin mülkiyyət hüququ vardır; II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir;

Maddə 43. Mənzil hüququ I. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz;

Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı I. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

20. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol:

21. Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

23. Maddə 8.0. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: 8.0.1. qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; Maddə 9.1. Mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir; Maddə 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir; Maddə 82.4. Kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə; Maddə 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; Maddə 98.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir; Maddə 98.2. Xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir; Maddə 99.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir; Maddə 100.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Maddə 100.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər; Maddə 100.3. Kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər; Maddə 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır.

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

24. Maddə 4. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (bundan sonra - “məcburi köçkünlər” adlandırılacaq) barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; Maddə 5. Məcburi köçkünlərin yaşayış sahəsi ilə təminatı Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”:

25. Bənd 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur; Bənd 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, ipoteka qoymaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur; Bənd 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz; Bənd 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...) Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.01.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

29. İlk olaraq, hazırkı iddianın qanuni əsasını Mənzil Məcəlləsinin 100.3-cü maddəsi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə ... xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) təşkil edir.

30. Həmin normanın dispozosiya şərtlərinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilməsi üçün kirayə müqaviləsi üzrə vəzifələr kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən yerinə yetirilməməlidir.

31. İddiaçı xüsusi təyinatlı yaşayış sahəsinin 29.01.2020-ci il tarixli kirayə müqaviləsinin 5.4-cü bəndi ilə nəzərdə tutulan belə vəzifələr kimi (kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən bu Müqavilə üzrə vəzifələr yerinə yetirilmədikdə Müqavilə kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) Müqavilənin 5.7.1 və 5.7.2-ci bəndlərinə (kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər) istinad edir.

32. Birinci instansiya məhkəməsi iddiaçının qeyd olunan arqumentlərini qəbul edərək, qətnaməsində göstərmişdir ki, “... məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Qarabağ bölgəsində işləyir, bu hal onun başqa yaşayış sahəsi ilə təmin edildiyini göstərir və bu işin mübahisəsiz halıdır.”

33. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.

34. Belə ki, iş materiallarında olan və birinci instansiya məhkəməsinə təqdim edilmiş “Geno Group” MMC tərəfindən 30.08.2025-ci il tarixdə verilmiş 99 nömrəli arayışda qeyd olunur ki, Məmmədov İlham Adışirin oğlu 03.05.2025-ci il tarixdən MMC-də döşəməçi vəzifəsində işlər. Birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclaslarında cavabdeh bildirdi ki, onun əmək fəaliyyəti hazırda işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri ilə əlaqədardır və işi olduqda həmin ərazidə usta kimi işləyir və daimi yaşayış yeri olmamaqla vaqonda yaşayır. İşdən azad olunduğu təqdirdə isə yenidən həmin mənzilə ehtiyacı yaranacaqdır.

35. Bu hal cavabdehin (onun ailə üzvlərinin) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə və həm də üzrlü səbəb olmadan yaşamamaları, habelə, onların yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etməmələri, yəni başqa yaşayış sahəsinə malik olmaları halı kimi qəbul edilə bilməz.

36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən cavabdehin yaşayış sahəsindən istifadə etməməsi ilə bağlı irəli sürülmüş iddialar formal xarakter daşıyır və bu iddialar iş üzrə mövcud olan sübutlarla hüquqi cəhətdən kifayət qədər təsdiqini tapmır. Belə ki, mübahisənin düzgün həlli üçün əsas məsələ cavabdehin mübahisəli mənzildən faktiki olaraq imtina edib-etməməsi, həmin mənzili əsas yaşayış yeri kimi istifadə edib-etməməsi və ya başqa yaşayış sahəsinə malik olub-olmamasının müəyyən edilməsidir. Lakin iş materialları göstərir ki, bu hallar iddiaçı tərəfindən lazımi qaydada sübuta yetirilməmişdir. 37 İddiaçı tərəf öz mövqeyini əsaslandırmaq üçün əsasən cavabdehin mənzildə uzun müddət yaşamaması, kommunal ödənişləri etməməsi və müvafiq komissiya tərəfindən tərtib edilmiş aktlara istinad etmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, bu cür aktlar birtərəfli qaydada tərtib olunmuş sənədlərdir və onlar yalnız müəyyən müşahidələri əks etdirir, lakin həmin müşahidələrin hüquqi nəticə doğurması üçün digər mötəbər sübutlarla təsdiqlənməsi zəruridir. Xüsusilə də, həmin aktlarda cavabdehin mənzildən könüllü imtina etməsi, başqa yaşayış yerinə köçməsi və ya mənzili əsas yaşayış yeri kimi istifadə etməməsi barədə qəti nəticəyə gəlmək mümkün deyildir.

38. Cavabdeh isə məhkəmə araşdırması zamanı verdiyi izahatlarında bildirmişdir ki, onun mənzildə fasiləsiz yaşamaması əmək fəaliyyəti ilə bağlı olmuşdur. O, müxtəlif rayonlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərdə usta kimi fəaliyyət göstərdiyini və işinin xarakterinə görə müəyyən müddətlər ərzində həmin ərazilərdə qalmalı olduğunu qeyd etmişdir. Bu hal məhkəmə kollegiyası tərəfindən obyektiv və üzrlü səbəb kimi qiymətləndirilməlidir. Çünki əmək fəaliyyəti ilə əlaqədar müvəqqəti olaraq yaşayış yerindən kənarda olması geniş yayılmış haldır və bu, avtomatik olaraq həmin şəxsin yaşayış sahəsindən imtina etməsi kimi qiymətləndirilə bilməz.

39. Bundan əlavə, iş materiallarında cavabdehin başqa yaşayış sahəsinə malik olması və ya daimi olaraq başqa ünvanda qeydiyyatda olması ilə bağlı iddiaçı tərfindən hər hansı rəsmi sənəd, çıxarış, qeydiyyat arayışı və ya digər hüquqi əhəmiyyətli sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 84-cü maddəsinə əsasən kirayə müqaviləsinin ləğvi üçün belə hallar mühüm əhəmiyyət kəsb edir və onların mövcudluğu mütləq şəkildə sübuta yetirilməlidir.

40. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, sübutetmə yükü mülki prosessual hüququn əsas prinsiplərindən biri olmaqla, iddia irəli sürən tərəfin üzərinə düşür. Yəni, iddiaçı yalnız ümumi mülahizələrə və ehtimallara deyil, konkret, dəqiq və mötəbər sübutlara əsaslanmalıdır. Bu iş üzrə isə iddiaçı tərəfindən təqdim olunmuş sübutlar cavabdehin müqavilə öhdəliklərini kobud və davamlı şəkildə pozduğunu, yaşayış sahəsindən təyinatı üzrə istifadə etmədiyini və ya həmin mənzildən imtina etdiyini birmənalı şəkildə təsdiq etmir.

41. Həmçinin, məhkəmə kollegiyası nəzərə alır ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aiddir və bu kateqoriyadan olan mənzillərlə bağlı hüquq münasibətləri sosial xarakter daşıyır. Bu səbəbdən də belə mübahisələrə baxılarkən yalnız formal pozuntular deyil, həm də şəxsin sosial vəziyyəti, yaşayış ehtiyacı və digər mühüm hallar nəzərə alınmalıdır. Cavabdehin məcburi köçkün statusu, onun əmək fəaliyyəti və faktiki yaşayış ehtiyacları da bu kontekstdə qiymətləndirilməlidir.

42. Nəticə olaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehin yaşayış sahəsindən istifadə etməməsi, həmin mənzili əsas yaşayış yeri kimi istifadə etməməsi və ya başqa yaşayış sahəsinə malik olması halları lazımi qaydada sübuta yetirilməmişdir.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

44. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19.04.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

45. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23.02.2016-cı il tarixli Qərar).

46. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilmədiyini müəyyənləşdirə bilsin.

47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

50. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

51. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13.11.2025-ci il tarixli, 2(060)-3880/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin cavabdeh Məmmədov İlham Adışirin oğlunun müvəqqəti istifadəsinə verilmiş Sumqayıt şəhəri, 12-ci mikrorayon, 1005 mənzilli Yeni yaşayış kompleksində 8 saylı binanın 64 nömrəli mənzilinə dair 29 yanvar 2020-ci il tarixli 8/64 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi və cavabdeh Məmmədov İlham Adışirin oğlunun 8/64 nömrəli mənzildən çıxarılmaqla, 8/64 mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar