Məhkəmə qərarları › İş №2(3-8)-661/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-661/2026

04.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-661/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək c cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” ##.##.2024-cü il tarixli, ******* №-li akta əsasən itirilmiş qazın dəyəri olaraq abonent saldosunda qeyd edilən 2073,60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Gecə qondu, “Metallurq” küçəsi ünvanında yerləşən, ev 560 iddiaçının istifadəsindədir. Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin əməkdaşları iddiaçının fərdi evinə xidmət edən smartkart tipli təbii qaz sayğacını çıxararaq əvəzinə yeni mexaniki tipli qaz sayğacı quraşdırmışlar. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” ##.##.2025-ci il tarixli, ******* №-li akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” ##.##.2024-cü il tarixli, ******* №-li akt tərtib edilmiş və həmin akta əsasən əsasən itirilmiş 17280 m3 qazın dəyəri olaraq 2073,60 manat cərimə göstərilmişdir. İddiaçı istehlakçı kimi qaz sayğacına heç bir müdaxilə edilməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Qaz sayğacı fərdi evin bayır divarında yerləşir və bu səbəbdən də tələb olunan məbləğ əsassızdır. Cavabdeh aktda qeyd etmişdir ki, sayğaca kənar müdaxilə edilməmişdir. Cavabdehin göstərdiyi qeyri-qanuni qaz xətti və qaz sayğacı iddiaçının fərdi evinə xidmət edən qaz sayğacına və qaz xəttinə aid deyil. Bu səbəbdən də iddiaçı aktı əsassız hesab edir. “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” ##.##.2024-cü il tarixli, ******* nömrəli akt bu ilin avqust ayında iddiaçıya təqdim olunmuşdur.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı məxsus olan ünvan 1 ünvanına (abonent kodu 01774**********) akt üzrə hesablanmış 2073,60 manat borc silinməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh İstehsalat Birliyi Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı məhkəməyə heç bir sübut və sənəd təqdim etməsə də iddia təmin olunmuşdur. Lakin Cavabdeh İB tərəfindən kifayət qədər sənəd təqdim olunsa da məhkəmə sübutlara heç bir hüquqi qiymət vermədən səthi və formal xarakterli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə təqdim olunmuş sənədləşməni nəzərə almadan səhv nəticəyə gəlmiş və düzgün olmayan qətnamə qət etmişdir. İş materiallarından da göründüyü kimi qaz xəttinə özbaşına qanunsuz müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Qeyd edilənlərdən aydın görünür ki, aktlar və foto faktlarla ilə təsdiq edilmiş iddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkərək qazdan qanunsuz istifadə faktı işin mübahisəsiz halıdır və bu səbəbdən də CavabdehİB tərəfindən tərtib olunan ##.##.2024-cü il tarixli ******* saylı akt əsasında 2073.60 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Buna baxmayaraq məhkəmə hesablanmış məbləğin silinməsini qət etmişdir. İddia tələbində qeyd edilən borc məbləği sayğacdan kənar qeyri-qanuni qaz xətti istifadə etməsi nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh İstehsalat Birliyinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

11. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə bütünlükdə baxılaraq hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməməsi ilə əsaslandırmışdır.

15. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. ünvan 1 ünvanı üzrə 01774********** saylı abonentə 2073,60 manat borc hesablanması işin mübahisəsiz halıdır.

18. Mövcud iş üzrə iddia tələbi əsassız hesablanmış borcun silinməsi barədədir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir.

20. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

21. Həmin Qaydaların 5.2. bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

22. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

23. “Qaz təchizatı” haqqında Qanunun 13.8-1. maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

24. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.

25. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (iddiaçının inzibati məsuliyyəti) cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçıdan zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmamışdır.

27. İşdən görünür ki, abonentin saldosuna əsasən ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus 01774********** saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üçün 2073,60 manat məbləğində borc hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının qazdan qeyri-qanuni şəkildə qoşulmaqla istifadə etməsi faktının aşkar edilməsi ilə müvafiq görüntülərin mövcudluğu məsələsi araşdırıldığı zaman hər hansı bir görüntünün olmadığı müəyyən edilmişdir. Həmçinin cavabdeh tərəfindən istehlakçının qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən, inzibati xəta üzrə və ya cinayət təqibi üzrə təqsirli olması barədə qərar təqdim edilməmişdir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

30. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar